Zəngin tarixi-mədəni irsimizin təbliğində Azərbaycan diasporu mühüm rol oynayır

 

Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ulu öndərimiz Heydər Əliyevin dövlət başçısı kimi əsas məqsədlərindən biri dünyanın ayrı-ayrı ölkələrinə səpələnən soydaşlarımızı milli mənlik şüuru, milli-mənəvi dəyərlər əsasında sıx birləşdirmək olmuşdur. Buna görə də dünya azərbaycanlıları ilə əlaqələri inkişaf etdirməyə, xarici ölkələrdə diaspor təşkilatlarını formalaşdırmağa, soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirməyə, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkilinə başlıca məsələ kimi ciddi diqqət yetirirdi. Əqidə, əməl birliyimizin yaradılmasını gerçəkləşdirmək dahi şəxsiyyətin amal prinsipinə çevrilmişdi. Eyni zamanda, xarici ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə başlıca məsələ kimi yanaşırdı.

 

Azərbaycan Prezidenti İlham Əliyev də müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü dəfələrlə vurğulamışdır. 2006-cı il martın 16-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında, 2011-ci il iyunun 4-də isə III Qurultayında diaspor və lobbi quruculuğunun inkişafına xüsusi önəm verilmişdir. Həmin qurultaylar göstərmişdir ki, iqtisadi artım tempinə görə Azərbaycanın dünyanın lider ölkələrindən birinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi xaricdəki həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil respublikamızın, dövlətimizin xoşbəxt sabahına inamını artırmışdır. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birlik və vətəndaş sülhünün möhkəm əsaslar üzərində inkişaf etməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin təmin olunmasına, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur.

Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərimizin qorunmasında, tarixi-mədəni irsimizin təbliğində rolu da güclənmiş, bu istiqamətdə ciddi işlər görülmüş, əsaslı dönüş yaradılmışdır. Bununla yanaşı, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı üçün Azərbaycan dövləti tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən dəfələrlə diaspor təşkilatlarının xalqımızın mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin siyasi qurumları ilə sıx əməkdaşlığın yaradılması və lobbi quruculuğu istiqamətində fəaliyyəti müsbət dəyərləndirilmişdir.

Azərbaycan Prezidenti həmişə xaricdə yaşayan soydaşlarımıza ana dilimizin, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq prinsiplərinin qorunması və daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan səmərəli istifadə etmək barədə tövsiyələr vermişdir.

Diaspor təşkilatlarımız tərəfindən Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət və dövlət xadimlərinin yubileylərinin keçirilməsi, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif tədbirlərin təşkil edilməsi həmvətənlərimizin yaşadıqları ölkələrdə ictimai-siyasi fəallığının artmasına öz müsbət təsirini göstərmişdir. Bununla bağlı indiyə qədər görülən işlərə nəzər saldıqda aydın olur ki, qloballaşan dünyada ümumbəşəri dəyərlərə yiyələnməklə yanaşı, milli varlığı qoruyub saxlamaq, mədəniyyəti, dili və adət-ənənələri xarici ölkələrdə təbliğ etmək çox böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşmələrinə, güclü diaspor hərəkatı formalaşdırılmasına ciddi diqqqət yetirməsi də məhz bununla bağlıdır. Ona görə də xarici ölkələrdə mədəni irsimizin təbliği məqsədilə yaradılmış "Azərbaycan evi"nin açılması, ictimai və mədəniyyət xadimlərinin yubileylərinin təşkili, Azərbaycan adını daşıyan park və xiyabanların salınması, mədəniyyət ustalarımızın geniş konsert proqramlarının, foto və rəsm əsərləri sərgilərinin təşkili artıq ənənəyə çevrilmişdir. Bu sırada xaricdə yaşayan soydaşlarımızın övladlarına dilimizi, mədəniyyətimizi, tariximizi və ənənələrimizi tədris edən "Bazar günü" məktəblərinin fəaliyyətini də xüsusi qeyd etmək lazımdır.

Son illərdə azərbaycanlılar yaşayan xarici ölkələrdə xalqımızın milli varlığını qoruyub saxlamaq, zəngin mədəniyyətini, dilini və adət-ənənələrini təbliğ etmək məqsədilə reallaşdırılan tədbirlərin bir qisminə diqqət yetirək. Almaniyanın Frankfurt şəhərində yaradılan "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından yararlanaraq ana dilini öyrənmək, doğma Vətənin tarixi, coğrafiyası, ədəbiyyatı və mədəniyyətini mənimsəmək imkanı yaratmışdır. Finlandiya-Azərbaycan "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə Helsinki şəhərində azərbaycanlı uşaqlar üçün təsis edilmiş "Həftə sonu" məktəbi uşaqların Azərbaycan dili və ədəbiyyatını öyrənmələrində, ölkəmizin tarixi, coğrafiyası, mədəniyyəti və müasir həyatı ilə bağlı bilgilərə yiyələnmələrində müstəsna rol oynamışdır. Burada onu da demək yerinə düşər ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrdəki "Həftə sonu" məktəblərinə ibtidai sinif dərslikləri, tədris vəsaitləri çatdırılmışdır və bu proses mütəmadi olaraq davam etdirilir. Bu cür məktəb Azərbaycan diasporunun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində də fəaliyyət göstərir. Burada "Ana dili", "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası", "Azərbaycan mədəniyyəti" və musiqi fənləri tədris olunur. Bundan başqa, hazırda Ukraynada Xarkov Beynəlxalq Slavyan Universitetində Azərbaycan dili, tarixi və mədəniyyətini tədris edən sinif fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həmin universitetə Azərbaycan dili dərsliyi, lüğət və danışıq kitabçaları, Azərbaycan ədəbiyyatına dair sorğu kitabı, ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən nəşrlər, tanınmış rəssamların əsərləri, milli geyim nümunələri və milli musiqi alətləri göndərilmişdir.

Zəngin tarixi-mədəni irsimizin təbliğində xarici ölkələrdə işıq üzü görən nəşrlərin əhəmiyyətini də vurğulamaq istərdik. Məsələn, son illərdə macar dilində "Qarabağ haqqında həqiqətlər", "Azərbaycan Respublikası: tarixi arayış" kitabları, "Koroğlu", "Dədə Qorqud", "Oğuz xan" eposları çapdan çıxmışdır. Bunlardan əlavə, macar musiqişünas alimi Yanoş Şipoşun "Azərbaycan el havaları", "Azərbaycan musiqi alətləri", "Macar jurnalistləri Azərbaycan haqqında", o cümlədən Çex Jozefin "Azərbaycan mənim taleyimdə" kitabı rus dilində, akademik Yaqub Mahmudovun "Azərbaycan-Avropa diplomatik əlaqələri" əsəri ingilis dilində nəşr edilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rusiyada işıq üzü görən tanınmış rus jurnalisti Oksana Bulanovanın "Mozaika Azerbaydjana" kitabında Azərbaycan regionlarının özünəməxsus gözəllikləri, tarixi, mədəniyyəti haqqında oxuculara geniş məlumatlar çatdırılmışdır. Nəşrdə həmçinin Azərbaycanın füsunkar guşəsi və tarixi ərazisi olan Dağlıq Qarabağ, ermənilərin buraya köçürülməsi və münaqişənin obyektiv səbəblərindən geniş bəhs olunmuşdur.

Diaspor təşkilatlarının incəsənətimizin təbliği sahəsində fəaliyyətini də uğurlu saymaq olar. Bununla əlaqədar fikrimizin təsdiqi kimi, təkcə iki faktı-Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə yeni quruluşda səhnələşdirilmiş "Leyli və Məcnun" operasının Almaniyanın Reyn-Rur bölgəsində yeddi dəfə nümayiş etdirilməsini, Londonda "Azərbaycan evi", Berlində "Azərbaycan Kultur Ocağı" tərəfindən dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyinin keçirilməsini misal göstərməklə deyilənlə bağlı aydın təsəvvür yarada bilərik.

Son illərdə Riqada fəaliyyət göstərən "Azəri" Azərbaycanlı Gənclər Mərkəzi, Yaponiyada Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti, Rusiya Federasiyasının "Araz" Azərbaycan icması, Berlində Almaniya Azərbaycan Evi, Amerika Azərbaycan Tədqiqatçılar İnstitutu tərəfindən keçirilən tədbirlər yerli sakinlərdə xalqımızın qədim və zəngin mədəniyyəti, dili, adət-ənənələri ilə bağlı ətraflı təsəvvür yaratmışdır. Belçikadakı "Azərbaycan Evi"nin, "Belçika - Azərbaycan Dostluq" Cəmiyyətinin, Avropa Cəfərilər Cəmiyyətinin, Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin, Niderland Krallığındakı "Dostluq" Azərbaycan Cəmiyyətinin üzvləri yaşadıqları şəhərlərdə Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğində fəal iştirak etməklə yanaşı, ayrı-ayrı əlamətdar günlərdə respublikamıza gəlmiş, Azərbaycanın rayonlarında məskunlaşmış məcburi köçkünlərə bayram sovqatı paylamış, uşaq evlərinə yardım etmişlər.

Xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycanın milli bayramları həmişə xüsusi təntənə ilə qeyd edilir. Dünyanın müxtəlif ölkələrində Novruz bayramının keçirilməsi, bu münasibətlə konsert proqramlarının təşkili buna misaldır. Ümumiyyətlə, Novruz bayramı dünyanın bir çox ölkələrində-Rusiyada, Fransada, Yaponiyada, Türkiyədə, ABŞ-da, Ukraynada və digər ölkələrdə hər il böyük təntənə ilə yaşanır. Həmin təntənələrdə Novruzun xüsusiyyətlərindən danışılır, eyni zamanda, Azərbaycan xalqının milli adət-ənənələri barədə ətraflı məlumat verilir və qonaqlara bayram sovqatı paylanılır.

Xarici ölkələrdə "Azərbaycan günü" adı ilə tədbirlər keçirilməsi də artıq ənənə halını almışdır. Azərbaycan icmalarının və azərbaycanlı tələbələrin birgə təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan "Azərbaycan günü" mərasimlərində xalçalar, milli geyimlər, musiqi alətləri, ölkəmizlə bağlı kitablar və videofilmlər nümayiş etdirilir. Qonaqlar azərbaycanlı tələbələrin ifasında milli rəqslərimizə baxır, milli musiqimizi dinləyirlər.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdəki diaspor təşkilatlarımızın təbliğat sahəsində fəaliyyətlərinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması da diqqət yetirilən əsas məsələlər sırasındadır. 20 Yanvar faciəsi ilə bağlı reallaşdırılan anım mərasimləri, elmi-praktik konfranslar və digər tədbirlər də xalqımızın yaxın tarixində baş vermiş terror və soyqırım aktları barəsində obyektiv rəy formalaşdırılması istiqamətində mühüm rol oynamışdır. "Dünya azərbaycanlıları terrora və soyqırıma "Yox" deyir", "Dünya azərbaycanlıları terrora qarşı" devizi altında müxtəlif ölkələrdə keçirilən silsilə tədbirlərdə-etiraz aksiyalarında, elmi-praktik konfranslarda, foto və rəsm sərgilərində 1918-ci ilin 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Azərbaycan xalqının tarixində dəhşətli izlər buraxmış 1992-ci il Xocalı soyqırımı və ölkəmizdə bir milyon insanın erməni təcavüzü nəticəsində öz yurdlarından didərgin düşməsi ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılmışdır.

Ölkəmizlə bağlı hər bir uğur dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizdə böyük qürur və iftixar hissi doğurur. Çünki ulu öndərimiz Heydər Əliyevin işıqlı ideyalarını ləyaqətlə yaşadan və reallaşdıran ölkə Prezidenti İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın qayğı və problemlərinə diqqətlə yanaşır, onlara öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün lazımi imkanların yaradılmasına səy göstərir. Ona görə də müxtəlif ölkələrdə məskunlaşan azərbaycanlıların ilk növbədə öz milli kimliklərini dərk etməsinə, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini, tarixini yaşatmasına, inkişaf etdirməsinə həssaslıqla yanaşılır.

Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq ideyasının nə qədər önəmli, əhəmiyyətli olduğunu vurğulamışdır: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

 

 

Ayaz HƏMİDOĞLU

 

Məqalə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin elan etdiyi müsabiqəyə təqdim edilir.

 

Xalq qəzeti.- 2012.- 10 iyun.- S. 6.