Dünya alimləri böyük dərinliklərin karbohidrogen potensialını araşdırırlar

 

Bakıda "Böyük dərinliklərin karbohidrogen potensialı: gələcəyin enerji resursları - reallıq və proqnoz" adlı I beynəlxalq konfrans işə başlayıb.

 

Dünyada bu mövzuda ilk dəfə təşkil olunan tədbirdə ABŞ, İngiltərə, Rusiya, Fransa, Almaniya və digər ölkələrdən olan mütəxəssislər də iştirak edirdilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "bp" tərəfindən maliyyələşdirilən konfransın keçirilməsində məqsəd dünyadakı hövzələrin, o cümlədən Cənubi Xəzərin daha dərin qatlarında neft yataqlarının axtarışı sahəsində imkanları müzakirə etmək və elmi təcrübəni bölüşməkdir.

Tədbiri giriş sözü ilə açan Geologiya İnstitutunun direktoru professor Akif Əlizadə belə bir beynəlxalq konfransın ilk dəfə Bakıda keçirilməsi və onun əhəmiyyətindən danışdı.

O bildirdi ki, bu cür mötəbər konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Çünki dünyada ilk neft quyusu 1846-cı ildə Bakıda-Bibiheybətdə qazılıb.

Professor ölkəmizdə və dünyada karbohidrogen ehtiyatlarının durumu, müstəqillik illərində Xəzərin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının aşkarlanması və istismarı barədə geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, neft çıxararkən ekologiyanın qorunmasına diqqət etmək vacib amillərdən biridir.

Sonra Azərbaycan Dövlət Neft Akademiyasının rektoru akademik Səyavuş Qarayev çıxış edərək bildirdi ki, son illər kəşf edilən nef yataqlarının ölkəmizin neft sənayesində mühüm irəliləyişə səbəb olmuşdur. Enerji ehtiyatlarının aşkar edilməsi və bu sahədə mütərəqqi metodların tətbiq edilməsi üçün müxtəlif ölkələrin mütəxəssislərinin birgə fikir mübadiləsi aparması və əməkdaşlığı təqdirəlayiqdir.

Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Karbohidrogen resurslarının qiymətləndirilməsi və Cənubi Xəzərin neft-qazlılığının perspektivliyi" adlı geniş məruzə ilə çıxış etdi. O, sovet dövründən bu günə kimi zəngin neftqaz yataqlarına malik ölkəmizin neft-qaz hasilatı ilə bağlı inkişaf yolundan danışdı. Qeyd etdi ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,55 trilyon kubmetr, neft ehtiyatları isə 2 milyard ton təşkil edir. Onun sözlərinə görə, Azərbaycanın proqnoz ehtiyatları 3,45 trilyon kubmetr qaz və 2 milyard ton neft təşkil edir. Ölkənin ümumi qazneft ehtiyatları isə 10 milyard ton şərti yanacaq vahidi həcmində qiymətləndirilir.

Natiq qeyd etdi ki, 1996-2011-ci illərdə Azərbaycanda xarici şirkətlərlə birlikdə 34 quyu qazılıb, 159 min metr qazma işi yerinə yetirilib.

Konfrans daha sonra müxtəlif bölmələr üzrə fəaliyyətini davam etdirdi. "Hövzənin təkamülü-tektonika, stratiqrafiya, çöküntütoplama", " Böyük dərinliklərin neft sistemləri", "Hövzə modelləşdirilməsi " bölmələrində karbohidrogen ehtiyatlarına aid müxtəlif səpgili məruzələr dinlənildi və mütəxəssislər arasında fikir mübadiləsi aparıldı.

Fürsətdən istifadə edib iştirakçılardan bu konfransın əhəmiyyəti və müzakirə edilən məsələlər barədə fikirlərini öyrəndik. Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru, geologiya-mineralogiya elmləri doktoru Vaqif Qurbanov qəzetimizə fikirlərini bölüşdü:

-Son zamanlar dəniz dərinliyində olan yataqların istismarı və kəşfiyyatı məsələləri bütün dünyada, eləcə də ölkəmizdə aktual sahələrdəndir. Azərbaycan tarixən neftlə zəngin olan bir diyar kimi tanınır. Bu gün Bakıda keçirilən və dünyanın nüfuzlu alimlərinin bir araya toplandığı bu tədbiri yüksək qiymətləndirirəm. Çünki bu cür konfranslar, simpoziumlar bu sahənin mütəxəssislərinin birgə əməkdaşlığı və fikir mübadiləsinə şərait yaradır. Konfransda müzakirə edilən aktual mövzular və səslənən fikirlər ölkəmizin karbohidrogen ehtiyatlarının aşkarlanmasına və mənimsənilməsinə təkan verəcək. Azərbaycanın gələcək enerji potensialı perspektivlidir. Son zamanlar alimlərin apardığı elmi araşdırmalar göstərir ki, Azərbaycan ərazisinin dərin qatlarında mövcud olan neft potensialı milyard kubmetrlərlə, trilyon kubmetrlərlə ölçülür. İnanıram ki, bu konfransda səslənən dəyərli fikirlər və faktlar bundan sonra ölkəmizdə yeni neft-qaz yataqlarının kəşfinə və istismarına öz töhfəsini verəcək.

Geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev uzun illər Azərbaycanda neft çıxarıldığını və ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu qeyd edərək bildirdi ki, bu səviyyədə beynəlxalq elmi konfransın ölkəmizdə gerçəkləşməsi ilk növbədə Azərbaycanın neft-qaz sahəsində nüfuzundan xəbər verir. Xəzərin yuxarı qatlarında mövcud olan neft hasil edilməkdədir. İndi isə dərin qatlarda olan karbohidrogen ehtiyatlarının aşkar edilməsi gündəmə gətirilmişdir. Onlar barəsində hələ ki, tam məlumatımız yoxdurindiki qazma işləri də həmin ehtiyatları mənimsəməyə imkan vermir. Bu məsələdə palçıq vulkanları da az rol oynamır. Xəzər dənizində 300-dən çox palçıq vulkanı var. Onların müalicəvi əhəmiyyətilə yanaşı, digər bir müsbət cəhəti də neft-qaz yataqları barədə informasiya daşımaq xüsusiyyətinə malik olmasıdır. Çünki Xəzərin palçıq vulkanizmineft-qaz yataqları bir-birilə əlaqəlidir. Belə ki, onlar püskürərkən yerin dərinliyindən müxtəlif yaşlı süxurları yer səthinə çıxarır. Biz həmin süxurları öyrənərək yerin hansı dərinliyində geoloji qatlarda neft-qaz yığımlarının olub-olmaması barədə fikir yürüdə bilirik. Digər tərəfdən, palçıq vulkanlarının püskürməsi nəticəsində quyu qazılmadan yerin dərinliyindən qazneft suyun səthinə çıxır. Bu günə qədər aparılan işlər bizə imkan verir ki, 7-8, hətta 9 kilometr dərinlikdə geoloji çöküntülər barədə məlumat verə bilək."

Akademik Arif İsmayılzadə də konfransın böyük elmi əhəmiyyətindən danışaraq bildirdi ki, burada səslənilən fikirlər gələcək üçün düzgün proqnozlar verməyə imkan yaradır. Yeni yataqların kəşfiyyatının vacibliyinə toxunan akademik onu da əlavə etdi ki, "əsas neft və qazdır. Gələcəkdə bu elmi araşdırmalar əsasında görülən işlər imkan verəcək ki, yeni yataqlar aşkar edilsin. Çünki bizim ehtimalımıza görə dərin qatlarda da neft əmələ gələ bilər."

Konfransda iştirak edən tələbələr də müzakirə edilən mövzuları maraqla dinləyirdi. Onlardan biri, Azərbaycan Dövlət Neft Akademiyasının üçüncü kurs tələbəsi İslam Əlizadə bu cür beynəlxalq konfransların gənclər üçün böyük imkanlar açdığını söylədi və qeyd etdi ki, məhz belə yüksək səviyyəli elmi konfranslar və tədbirlər neft-qaz sənayesi, hasilatı və kəşfiyyatı ilə bağlı dünyada baş verən prosesləri və bu sahədəki yenilikləri öyrənməyə imkan verir.

Konfrans iyunun 14-ə kimi davam edəcək.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 13 iyun.- S. 5.