Bəşəriyyəti məhvə sürükləyən müharibə

 

Onunla tez - tez Akademik Mili Dram Teatrının qarşısındakı Füzuli parkında qarşılaşıram. Parkda istirahət edənlərin əksəriyyəti onu tanıyır. Hamı da "müəllim" deyə müraciət edir. Bu da təsadüfi deyil. Çünki Mirzəxan Hüseynov ömrünün 54 ilini pedaqoji sahəyə həsr edib. Ömrünun 86-cı ilini yaşayan Mirzəxan müəllim yenə də şirin söhbətləri, maraqlı xatirələri və səmimiyyəti ilə hər kəsin diqqətini cəlb edir.

 

Bayram günlərində sinəsini orden və medallar bəzəyən kostyumunu geyinir. Özü də deyir ki, bu kostyumu yalnız bayram günlərində geyinir. Ancaq buna baxmayaraq, bu kostyum onun üçün çox əzizdir. Ona görə ki, kostyumun uzərindəki orden və medallar gənclik illərinin, cəbhədə göstərdiyi igidliyin ən əziz xatirələridir, yadigarlarıdır. O illəri unutmaq çox çətindir. Müharibə bəşəriyyəti məhvə sürükləyir. Onun vurduğu ağır zərbələri indi də unutmaq olmur. Böyük Vətən müharibəsinin başlanmasından 71 il keçsə də, o dəhşətli səhnələri unutmaq olmur. Mirzəxan müəllimlə də söhbətimiz bu mövzuda oldu. Müharibədən söhbət düşəndə gözlərini bir nöqtəyə dikib xeyli fikrə gedir. Sonra aram-aram o illəri gözləri önünə gətirir. Hərdən söhbətinə ara verir. Ona elə gəlir ki, sanki yenidən cəbhədədir. Top - tüfəng səsi, yağış kimi yağan güllələrin vıyıltısı, ağır hərbi maşınların səsi qulaqlarını deşir. Bir müddət sonra özünə gəlir və rahat, sakit dövrdə yaşadığına görə arxayıncasına yenidən söhbətinə davam edir. Böyük Vətən müharibəsi başlayanda onun 17 yaşı var idi. Orta məktəbi yenicə qurtarmışdı. Ancaq təhsilini davam etdirə bilmədi. Şamaxı Rayon Hərbi Komissarlığına gedib könüllü olaraq cəbhəyə getmək istədiyini bildirir. Lakin onun yaşı çatmadığından müharibəyə getməyə icazə vermirlər və geri də qaytarmırlar. Onu 17 nəfərlə birlikdə topçu hazırlayan məktəbə göndərirlər. M.Hüseynov o illərdən söhbət açarkən deyir: "Gelencik" adlanan yerdə bir neçə həftə qaldıq. Sonra bizi Semes buxtasına göndərdilər. Burada qızğın döyüşlər gedirdi. Bizə əmr verilmişdi ki, nəyin bahasına olursa-olsun Kiçik torpaq düşməndən azad olunmalıdır. Yaralanmağıma baxmayaraq, əmrin yerinə yetirilməsi üçün bütün qüvvəmi toplamışdım. Mən topçu idim və əsas hədəfləri vurmaq əmri mənə verilmişdi. Uzun və qızğın döyüşlərdən sonra faşistləri məhv edib susdurduq. Çoxlu itki versək də, düşməni darmadağın etdik. Mən yeddi yerdən yaralanmışdım. Buna qədər bir dəfə yaralanıb sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmışdım. Bu dəfə birbaşa Soçi hərbi xəstəxanasına göndərildim. Uzun çəkən müalicədən sonra yenidən döyüş bölgəsinə getmək üçün müraciət etdim. Lakin bu dəfə icazə vermədilər. Arxa cəbhəyə göndərildim. Mən əfsanəvi 18-ci ordunun iştirakçısı kimi doğma Vətənə qayıtdım".

1943-cü ilin dekabrında ordudan tərxis olunan M.Hüseynov doğma rayona qayıdanda sinəsini orden və medallar bəzəyirdi. Onların arasında I və II dərəcəli Vətən müharibəsi ordeni və 12 döyüş medalı var idi.

Müharibə qurtardıqdan sonra təhsilini davam etdirən Mirzəxan Hüseynov ali təhsilli müəllim kimi ömrünü pedaqoji sahəyə həsr edib. 54 illik pedaqoji fəaliyyətinin 50 ilini məktəb direktoru kimi başa vurub. Direktoru olduğu məktəbdə ilk növbədə "Döyüş şöhrəti" muzeyi yaradıb və bu muzeydə azərbaycanlıların Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları əks etdirən stendlər, fotolar, əyani vəsaitlər tərtib etdirərək, şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi ruhunda böyümələri üçün bütün imkanlardan istifadə etdi. Direktoru olduğu orta məktəbdə təşkil etdiyi "Tarix muzeyi", "Əmək şöhrəti" muzeyi, "Ana abidəsi" təkcə rayonda deyil, respublika miqyasında tanındı. Məhz bu yeniliklərə görə Mirzəxan Hüseynovun rəhbərlik etdiyi Saatlı rayonunun Nərimankənd orta məktəbi iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı oldu və məktəbin 10 şagirdi sərginin diplomu ilə təltif edildi. Ümumiyyətlə, M.Hüseynov pedaqoji fəaliyyəti dövründə təhsil sahəsində ən yüksək mükafatlarla təltif olunub. Müharibədə göstərdiyi şücaətə görə aldığı orden və medallarla yanaşı, təhsil sahəsində qazandığı SSRİ Maarif Nazirliyinin "Maarif əlaçısı", "Qabaqcıl maarif xadimi" və digər mükafatlar da diqqəti cəlb edir.

O illər arxada qalıb. Mirzəxan Hüseynov hazırda təqaüddədir. Ağsaqqalıq zirvəsinə yüksəlib. Yenə də şirin söhbətləri, faydalı, dəyərli məsləhətləri ilə hamının rəğbətini qazanıb. Azərbaycanın dünya miqyasında nüfuzunun artmasından, getdikcə əlaqələrinin genişlənməsindən, sürətli inkişafından qürurla danışır. Deyir ki, Azərbaycanın bu zirvəyə ucalmasında dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəhməti hədsizdir. O olmasaydı, indi biz bugünkü firavanlığı da görməzdik. Mirzəxan müəllim müharibə veteranlarına, əlillərə göstərilən qayğıdan da razılıqla danışdı: "Xalq Cəbhəsi hakimiyyətə gələndə Qələbə bayramını ləğv etdi. Bu qərar Böyük Vətən müharibəsi iştirakçıları, ümumilikdə mühribə veteranları üçün təhqir idi. Biz torpaqlarımızın azad olunması uğrunda sağlamlığımızı, canımızı qurban vermişik. Bu idimi bizə olan hörmət? Mən bu qərarı çox səhv və düşünülməmiş addım kimi dəyərləndirdim və o vaxt ciddi etirazımı bildirdim. Bu qərar həm də insanları Vətənin, torpaqlarımızın müdafiəsindən çəkindirmək, hərbi vətənpərvərliyə qarşı atılmış bir addım idi. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev müharibə iştirakçılarının haqqını qaytardı. 9 May Qələbə Gününün dövlət bayramı kimi qeyd edilməsi barədə qərar qəbul olundu. Bundan sonra müharibə veteranlarına, Vətən uğrunda döyüşlərdə əlil olanlara yüksək səviyyədə qayğı göstərildi. Heç yadımdan çıxmaz. Bir gün məni rayon icra hakimiyyətinə çağırıb dedilər ki, sabah mütləq Bakıda olmalısan. Səbəbini demədilər. Ertəsi gün deyilən ünvana gedəndə burada müxtəlif rayonlardan 50-yə yaxın Böyük Vətən müharibəsi əlili gördüm. Bizə dedilər ki, Heydər Əliyev sizin hər birinizə minik avtomobili bağışlayıb. Bir qədər sonra isə tətənəli şəkildə maşınların açarları təqdim olundu. Bu, qüdrətli şəxsiyyət Heydər Əliyevin müharibə əlillərinə verdiyi yüksək qiymət, yetişən gənc nəslə hərbi-vətənpərvərlik nümunəsi idi".

M.Hüseynov deyir ki, müharibə veteranlarına, əlillərə, onların ailələrinə bu gün də yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ulu öndərin yarımçıq qalmış işlərini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müharibə veteranlarına, əlillərə, Qarabağ uğrunda gedən döyüşlərin iştirakçılarına, şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərməsi hamının ürəyincədir. Hər il Qələbə bayramı ərəfəsində Prezidentin fərmanı ilə müharibə iştirakçılarına pul mükafatlarının verilməsi, pensiyaların artırılması və digər imtiyazlar yetişən gənc nəslin hərbi-vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir edir. Onlar Vətən uğrunda canından keçənlərin heç bir zaman unudulmadığının şahidi olurlar.

Prezident təqaüdçüsü Mirzəxan Hüseynovun ən böyük arzusu bir daha müharibənin olmamasıdır. O deyir ki, müharibə dəhşətli fəlakətlər törədir, insanlar tələf olur, anaların, bacıların sinəsinə sağalmaz yara vurur. Deyir ki, inşallah, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə həll olunacaq. Azərbaycan dünyada sülh tərəfdarı kimi tanınan müstəqil dövlətdir. Qoy həmişə sülh olsun!

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 22 iyun.- S. 5.