İsmayıllı: Cavanşir yurdunun yeni növrağı

 

Əziz oxucu, bilmirəm İsmayıllıya yolun son dəfə nə vaxt düşüb. Amma bir onu bilirəm ki, dağlar qoynunda yerləşən bu gözəl diyar o qədər dəyişib ki, heyrətini gizlədə bilməyəcəksən.

Təəccüblənmə, son illər burada görülən işlərə baxanda adamın ürəyi açılır, bu gözəlliyi görəndə qürur hissi keçirirsən.

İcra hakimiyyətinin başçısı Nizami Ələkbərovla söhbət zamanı o, rayonda görülən işlərdən həvəslə danışdı, əldə olunan uğurları sadaladı. Bildirdi ki, 2011-ci il rayonun həyatında dönüş ili olub.

Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə İvanovka zonasına içməli su çəkmək üçün ayrılan 3,5 milyon manat vəsaitə uyğun layihə hazırlanıb, keçən il istifadəyə verilib. Yeni su kəmərinin Ruşan, İvanovka, Soltankənd, Hacıhətəmli və Mollaisaqlı kəndlərində təntənəli açılışı olub. Layihənin başa çatması ilə bu gün 10 min nəfərdən çox əhalisi olan 9 kəndin sakini Prezident qayğısının bəhrəsi olaraq içməli sudan istifadə edir.

Nizami müəllim danışdıqca istər-istəməz həmin kəndlərdə olan ayrı-ayrı adamlarla görüşümü xatırladım. Aradan xeyli vaxt keçib. Lakin onların minnətdarlıqla dolu sözləri bu gün də yaxşı yadımdadır. Onların səmimi minnətdarlıqları, əlbəttə, təsadüfi deyil. Uzun illər su sarıdan korluq çəkən adamlara göstərilən bu qayğının, diqqətin qarşısında nə deməliydilər axı...

Geri qayıdanda yol yoldaşım olan rayon icra hakimiyyəti başçısının müavini Rövşən Ağayev rayon əhalisinin digər problemlərinin həllindən danışdı. Bildirdi ki, hamı yaxşı bilir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətində Qarabağ Müharibəsi əlilləri, şəhid ailələri və digər imtiyazlı insanlara qayğı əsas yer tutur. 2011-ci ildə bu kateqoriyadan olanlar üçün 36 mənzilli yaşayış binası, 2 fərdi ev tikilib istifadəyə verilib. Lahıc qəsəbəsində daha 2 fərdi evin inşası davam etdirilir.

Hələ bu harasıdır. Keçən il Soltankənd kəndində 180 şagird yerlik, təlimin və pedaqoji əməyin təşkili üçün hər cür şəraiti olan məktəb tikilib istifadəyə verilib, Aşıqbayramlı tam orta məktəbinin binası əsaslı təmir olunub, Kürdeldarbəyli, Sərdahar və Talış kəndlərinin hər birində 80 yerlik məktəb binalarında inşaat işləri davam etdirilib. Şəhər 1 saylı tam orta məktəbin həyətində rayon icra hakimiyyətinin sifarişi ilə mini futbol meydançası quraşdırılıb. Lahıc qəsəbəsi və İvanovka kəndində 15 çarpayılıq sahə xəstəxanalarının, TopçuTircan kəndlərində isə həkim məntəqələrinin inşasına başlanılıb.

Görürsünüzmü, danışmalı işlər çoxdur. "Turizm ili"ndə rayonda genişmiqyaslı işlər görülüb, ardıcıl və sistemli tədbirlər həyata keçirilib.

"Çıraq otel" tikilib istifadəyə verilib. Rayon ərazisində turizm istirahət mərkəzlərinin sayı 22-yə çatıb. 2011-ci ildə rayona 60 min nəfərə yaxın turist gəlib. Məlumat üçün deyim ki, bu rəqəm 2009-cu ildə 15 minə yaxın idi.

Bu il isə "İdman ili" elan olunub. İdman ilinin xarakterindən, tələblərindən irəli gələn tədbirlər daha səmərəli, daha genişmiqyaslı olacaq. Gənclər İdman idarəsi, Olimpiya İdman Kompleksi, rayon Təhsil şöbəsi ilin proqramını birgə hazırlamağı həyata keçirilməsini təmin etməyi nəzərdə tutub.

Turizmlə bərabər iqtisadi inkişafın tələblərinə uyğun sahələr - çörəkbişirmə, üzümçülük, şərabçılıq, arıçılıq, meyvəçilik, taxılçılıq yönümlü sahibkarlıq fəaliyyəti daha sürətlə inkişaf edir.

İsmayıllı kənd təsərrüfatı rayonudur. Qazanılan nailiyyətləri sadalayım, siz tanış olun.

Elə buradaca qeyd edim ki, kənd təsərrüfatı istehsalının ümumi həcmi 58 milyon 692 min manat təşkil edib ki, bu da 2010-cu ildəkindən 9 milyon 298 min manat çoxdur. Ötən il 5 min 51 ton diri çəkidə ət, 385 ton yun, 33 min 709 ton süd, 7 min 711 ton meyvə, 6 min 242 ton kartof istehsal olunub. Sahələrdən 47 min 517 ton buğda, 9 min 639 ton arpa götürülüb.

Nəticə göz qabağındadır. Başqa deyə bilərik ki... Bu gün İsmayıllıda hər görüləsi əhalinin xoş güzəranına hesablanıb. Rayonun elektrik şəbəkəsi yenidən qurulub desək səhv etmərik.

Keçən il elektrik verilişi xətlərində 130 ədəd dayaq dəyişdirilib, müxtəlif güclü 18 ədəd zədələnmiş transformator təmir etdirərək yenidən quraşdırılıb, 65 ədəd transformator yarımstansiyasında cari təmir işləri aparılıb. İl ərzində 280 ədəd elektron 180 ədəd "Smart-kart" tipli sayğac quraşdırılıb. Elə bunun nəticəsidir ki, istifadə olunan elektrik enerjisi haqqının yığımı 96,2 faiz olub.

Şəhərin Cavanşir, Əlağa Vahid, İsrayıl Həsənov, Nizami, Natiq Səmədov, Mir Cəlal Paşayev, Zeynalabdin Tağıyev, Babadağ Sabir küçələrinə qaz kəmərləri yenidən çəkilib. Bu gün Yeniyol Hapıtlı kəndlərinə, Aşıqbayramlı Kürdmaşı kəndlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin evləri diqqətdən kənarda qalmayıb. Onların da mənzilləri qazlaşdırılıb.

İsmayıllıdan danışıb, onun təhsildəki uğurlarından söhbət açmamaq, üstündən sükutla keçmək olmaz. Təsadüfi deyildir ki, zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı təhsili aparılan islahatlar nəticəsində beynəlxalq standartlara cavab verən bir səviyyəyə çatıb.

Mərkəzləşdirilmiş şəkildə Təhsil Nazirliyi tərəfindən aparılan buraxılış imtahanlarında XI sinif şagirdlərinin 85 faizi bütün fənlərdən müsbət qiymətlə orta məktəbi bitirmək haqqında attestat alıb. IX siniflərin buraxılış imtahanları daha müvəffəqiyyətli olub, 96 faiz şagird ümumi orta təhsili müvəffəqiyyətlə başa vurub.

Ötən il məzunların ali məktəblərə qəbulu daha yaxşı olub, 270 nəfər məzun tələbə adını qazanıb. Bunlardan 18 nəfəri 600-dən yuxarı, 50 nəfər isə 500-600 arasında bal toplayıb.

Sumağallı, Buynuz Qoşakənd kənd tam orta məktəbləri, İsmayıllı kənd tam orta məktəbinin müəllimi Əsgər Manafov "Ən yaxşı ümumtəhsil məktəbi" "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olublar. Rayonda gənclərin peşə təhsilinə xüsusi əhəmiyyət verilib. Otelçilik turizm istiqamətli 480 yerlik Peşə Tədris Mərkəzi istifadəyə verilib.

Səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Sevindirici haldır ki, bir neçə səhiyyə obyektinin tikintisinə keçən il başlanılıb. Mərkəzi xəstəxananın bir neçə şöbəsində təmir işləri aparılıb, isitmə sistemi quraşdırılıb, yeni tibbi avadanlıqlar alınıb.

Bu gün hər yerdə olduğu kimi, İsmayıllıda da əhalinin ən çox müraciət etdiyi, ən çox qayğı gözlədiyi təşkilatlardan olan rayon əhalinin sosial müdafiə Mərkəzi Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi fəaliyyətlərini vətəndaşların qanuni maraqları üzərində qurub. İnsanları daha çox maraqlandıran ünvanlı sosial yardıma aid bəzi rəqəmləri diqqətinizə çatdırım. Keçən il 1629 ünvanlı sosial yardım işi dövriyyədə olub. Bu ailələrin 7351 üzvünə yardım verilib. Konkret desək bu məqsədlə 2 milyon 468 min 794 manat vəsait ödənilib. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi isə ardıcıl aparılan pensiya islahatlarının nəticələrini pensiyaçılara vaxtında çatdırıb. Şöbənin uçotunda duran 13 min 698 nəfər pensiyaçı pensiyasını plastik kartlarla alır. Bu günə bir manat da olsun ödənməmiş pensiya vəsaiti qalmayıb. İstəyirsiniz keçən il ödənmiş əmək pensiyalarının həcmini deyim: 19 milyon 419 min 530 manat.

Əhalinin işlə təminatına gəlincə isə deməliyik ki, Rayon Məşğulluq Mərkəzinə 594 nəfər işsiz vətəndaş müraciət edib, 347 nəfəri işlə təmin olunub. Keçən ilin sentyabrında keçirilən Əmək yarmarkasına 178 boş yeri təqdim edilib. 97 nəfər vətəndaş işə göndərilib, 8 nəfər ictimai işə, 14 nəfər peşə hazırlığı kursuna cəlb olunub.

Hansı sahədən söhbət açsaq, bax, belə uğurların şahidi olacağıq. İstəyirsən rayon gənclərinin asudə vaxtlarının necə təşkil olunmasından, mədəni abidələrin qorunub saxlanmasından danışaq, istəyirsən rayon idmançılarının qazandığı uğurlardan söhbət açaq, ancaq xoş sözlər söyləmək olar.

Çünki İsmayıllıda hər şey nəzarətdədir, hər sahəyə xüsusi diqqət göstərilir.

Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun kəndlərdə keçirdiyi səyyar qəbullarda söylənilən hər hansı təklif, irad diqqətdən kənarda qalmır, dərhal reaksiya verilir, məsələ özünün operativ həllini tapır.

Məhz belə olan halda insanların bu dövlətə inamı artır, onun yerli strukturlarına ürəklə, çəkinmədən söz deyə bilirlər.

Biz də İsmayıllıdan bax belə bir inamla ayrıldıq. Gələcəkdə daha xoş günlər görmək inamı ilə...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 1 mart.- S. 6.