Müasir Azərbaycan reallıqları dünyanın bütün guşələrində yüksək qiymətləndirilir

 

Prezident İlham ƏLİYEV: Bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də

 

Təkcə ölkəmizdə deyil, dünyanın hər yerində yaşayan soydaşlarımızla bərabər dostlarımız, tərəfdaşlarımızla yanaşı, bədxahlarımız və bizim tərəqqimizi istəyəmənlər də növbəti dəfə gənc müstəqil Azərbaycanın həqiqətlərini etibarlı mənbədən - dövlət başçımızın dilindən eşitdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də "Bakı Expo" Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı giriş və yekun nitqləri ilə müasir Azərbaycan reallaqlırının möhtəşəm bir tərəqqidən xəbər verdiyini söylədi. Tədbirin spesifikası sosial-iqtisadi yönümlü olduğuna görə daha çox bu iki istiqamətdə əldə olunan uğurlar və həyata keçiriləcək layihələrdən danışıldı. Ancaq cənab dövlət başçımızın hər iki nitqində ölkənin sosial-iqtisadi inkişafı nəinki ictimai-siyasi həyatımızla, bugünkü Azərbaycanın mənəvi-psixoloji durumu ilə əlaqələndirilirdi.

 

Fikrimizi bəzi konkret məqamlarla əsaslandıraq. Dövlət başçımız geridə qalan illərdə - xüsusən, 2011-ci ildə - həyata keçirilmiş çoxsaylı tədbirlər nəticəsində əldə olunan göstəricilərin böyük əksəriyyətini yada salır və növbəti hədəflərimizi müəyyən edir: "Müvafiq göstərişlər verilmişdir. İndi mən artıq detallara toxunmaq istəmirəm, bir daha hədəfi müəyyən etmək istəyirəm. Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2012-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu, çox böyük, çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq... 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə qədəm qoyacaqdır. Yəni, dövlət və özəl qurumların birgə fəaliyyət planı işlənməlidir". Sosial-iqtisadi sahədə görüləcək işlərin bundan aydın və bundan dəqiq ifadə edilməsi qətiyyən mümkün deyil. İndi isə yuxarıda qeyd etdiyimiz kimi məsələnin ictimai-siyasi məzmununu ifadə edən məqama diqqət yetirək.

Dövlət başçımız konfransdakı yekun nitqində qeyd edir ki, bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də. Bizim uğurlarımıza sevinənlərin sayı kifayət qədər çoxdur. Amma, istəməyən qüvvələr də, bədxahlar da vardır. Prezident Azərbaycanın inkişafını gözü götürməyənlərin, yəni bədxahlarımızı üç qrupa bölür: "Birinci növbədə bizim əsas düşmənlərimiz dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir. O siyasətçilər ki, həqiqəti görmək istəmir və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan üzvləri, bəzi siyasi xadimlər və sairə. Onların hamısının adını biz yaxşı bilirik. Onların heç adlarını çəkmək lazım deyil". Qeyd edək ki, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun ardıcıllıqla həyata keçirilməsi və Prezident İlham Əliyevin beynəlxalq aləmdəki türk və Azərbaycan diasporlarının imkanlarını birləşdirmək istiqamətində atdığı addımlar nəticəsində dünya erməniliyi və onların təsiri altında olan ikiüzlü siyasətçilər məhz dünya ictimaiyyəti tərəfindən ağır zərbələrə məruz qalırlar.

Dövlət başçımız ölkəmizin bədxahlarını sadalayarkən ayırdığı ikinci qrup insanlar ermənilər qədər açıq düşmənçilik etməsələr də məkrli siyasətdən əl çəkə bilməyən qüvvələrdir: "Digər qrup, ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil siyasət apara bilsin. Biz müstəqil siyasət aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Başqa heç kimin maraqlarına xidmət etmir və etməyəcəkdir. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və aparacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta, təkbaşına mübarizədə qalib gələ bilirik.

Qeyd edək ki, həm 2009-cu ildə, həm də 2011-ci ildə dünyanın aparıcı beynəlxalq təşkilatlarının keçirdiyi rəy sorğusunun nəticələrinə görə postsovet məkanında müstəqil siyasət yeridən ölkələrin siyahısında birinci yerdə Azərbaycan dayanırdı. 2010-cu ildə isə region ölkələri arasında müstəqil siyasət yeridən ölkələr arasında Türkiyənin və Azərbaycanın adı öndə çəkilirdi. Bu, əslində ümummilli lider Heydər Əliyevin balanslaşdırdığı xarici siyasət kursunun uğurlarından biri kimi qiymətləndirilir. Həmin kursu uğurla davam etdirən Prezident İlham Əliyev tutaq ki, hansısa siyasi qütbün maraqlarının təmin edilməsi üçün başqa qütbün maraqlarının ayaq altına atılmasını hüquqlarının pozulmasını qətiyyən yolverilməz sayır. Biz fəxr edirik ki, cəmi 20 il müstəqillik tarixi olan Azərbaycan dövlətinin bu mövqeyi beynəlxalq aləmdə siyasi əxlaqın ən ali nümunələrindən biri kimi qiymətləndirilir. Dövlət başçımız fevralın 28-dəki konfransda bədxahlarımızın ikinci qrupuna aid olan qüvvələrə növbəti dəfə başa saldı: "Biz müstəqil siyasət aparırıq və aparacağıq".

Dövlət başçımızın təsnifat verdiyi qüvvələrin üçüncü qrupuna isə heç bir sosial-iqtisadi və ya ictimai-siyasi məzmunlu tərəqqiyə əli çatmayanlar daxildir: "Üçüncü qrup isə sadəcə olaraq bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın reallıqları belədir ki, doğrudan da, bizim tariximiz inkişaf edir və uğurlar tarixindir. Baxın, biz son müddət ərzində həm siyasi, həm də iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda "Standard & PoorTs" Azərbaycanın kredit reytinqini artırır".

İndi bir məqama diqqət yetirək. Bu gün beynəlxalq təşkilatlardan kredit almaq istəyən ona nail ola bilməyən ölkələr var onların sayı kifayət qədərdir. Çünki həmin ölkələrdə iqtisadiyyat düzgün idarə edilmir. Eyni zamanda, bu gün kifayət qədər potensialı olduğu halda heç bir sosial-iqtisadi inkişafa əli çatmayan ölkələr istənilən qədərdir. Onların problemi isə müstəqil siyasətin yeridilməsi ya yeridilə bilməməsidir. Azərbaycanda isə həm potensial imkanlar mövcuddur, həm müstəqil siyasət yeridilir, həm iqtisadiyyat bilavasitə xalqın istədiyi şəkildə idarə olunur. Belə olduğu halda isə ölkəmizin sosial-iqtisadi inkişafına paxıllıq edənlərin olması tamamilə təbiidir.

Yuxarıda qeyd etmişdik ki, əslində sosial-iqtisadi məzmunlu konfransda Prezident İlham Əliyevin söylədiyi fikirlər arasında ölkə əhalisinin mənəvi, psixoloji durumunu özündə əks etdirən məqamlar da var idi. Məsələn: "Azərbaycan gənc müstəqil ölkədir. Müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq biz artıq dünyanın ən birinci qurumunun üzvüyük. BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz bu haqqı çətin mübarizədə qazanmışıq. Çünki yolumuzdan dönməmişik, ədalətli olmuşuq dünya ictimaiyyətinin böyük rəğbətini qazanmışıq. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. İctimai rəy beynəlxalq ictimaiyyət deyəndə bu hadisəni yada salmaq lazımdır".

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların ictimai-siyasi yeniləşmələrin nəticəsi olan bu məqam - 155 ölkənin dəstəyini qazanmağımız hər bir azərbaycanlının mənəvi-psixoloji aləminə çox müsbət təsir etmişdir. Hər bir soydaşımız bu faktla fəxr edir. Ona görə adı çəkilən konfransda dövlət başçımızın bu məqama xüsusi önəm verməsi tamamilə təbii idi.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 2 mart.- S. 2.