Azərbaycan regionun və Avropanın mühüm enerji təminatçısıdır

 

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə neft strategiyasının uğurla reallaşdırılması nəticəsində respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir.

 

Böyük neft-qaz ehtiyatlarına malik ölkələr qarşısında duran əsas vəzifə bu resurslardan səmərəli faydalanmaq, onun əsasında inkişafın möhkəm təməlini yaratmaqdır. Mövcud dünya xəritəsinə diqqət yetirdikdə aydın olur ki, zəngin enerji ehtiyatları olan ölkələrin heç də hamısı bundan inkişaf naminə yararlana bilmir. Lakin neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran dövlətlər də mövcuddur. Onların sırasında Azərbaycan xüsusilə seçilir. Yeri gəlmişkən, ölkəmiz neft-qaz ehtiyatlarından sürətli tərəqqiyə hesablanmış inkişaf məqsədilə səmərəli istifadə olunmasında uğurlu bir nümunənin əsasını qoymuşdur.

Hazırda Azərbaycan nefti dünya bazarlarına üç ixrac kəməri vasitəsilə çatdırılır. Nəql sisteminin başlıca arteriyası isə təbii ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər Avrasiya regionunda ən unikal mühəndis qurğularından biri olaraq dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2005-ci ilin may ayında Səngəçal terminalındakı baş nasos stansiyasından neftlə doldurulmağa başlayan və 2006-cı ilin iyulunda tam bir sistem kimi istifadəyə verilən bu boru xəttinə indiyədək 185 milyon tondan çox neft vurulmuşdur.

Əlbəttə, burada müstəqillik illərində Azərbaycanda reallaşdırılan ən böyük layihələrdən biri olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin regional əməkdaşlığa mühüm töhfə verməsi faktı da danılmazdır. Qeyd edək ki, adıçəkilən kəmər vasitəsilə 2006-cı ilin sonlarından indiyədək 30 milyard kubmetr qaz və 8 milyon tondan çox kondensat daşınmışdır.

Bu, həm də onu göstərir ki, Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. Xatırladaq ki, indiyə qədər neft sahəsində bütün iri layihələr reallaşdırıldığı üçün hazırda ölkəmiz özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. Bunun nəticəsi olaraq son bir neçə ildə respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artmışdır. "Şahdəniz" qaz yatağının kəşfi və həmin yataqdan hasilatın başlaması isə Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında mühüm hadisə olmuşdur.

Hazırda 1-ci mərhələsi çərçivəsində qazkondensat çıxarılan, ikinci mərhələsi isə işlənməkdə olan "Şahdəniz" layihəsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan vermişdir. 2017-ci ildə "Şahdəniz"in növbəti mərhələsi çərçivəsində ilk qazın hasil olunacağı gözlənilir. Nəticədə ölkəmiz qaz ixracını xeyli şaxələndirmək imkanı qazanacaqdır.

"Ümid" yatağı da Xəzərin Azərbaycan bölməsində qaz ehtiyatlarının güclü olduğuna inamı artırmışdır. Bu perspektivli strukturda ARDNŞ-in daxili resurslar hesabına apardığı kəşfiyyat işləri uğurla nəticələnmiş, burada yeni bir qaz-kondensat yatağı kəşf olunmuşdur.

"Abşeron" qaz-kondensat yatağı ilə bağlı uğurlar da diqqətçəkəndir. Belə ki, bu il yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev sözügedən sahədə əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə "Ümid" yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır..."

Mütəxəssislər bildirirlər ki, "Abşeron" yatağında üzə çıxarılan ehtiyatlar Azərbaycanın təsdiq olunmuş qaz resurslarının miqdarının əhəmiyyətli dərəcədə artmasına müsbət təsir göstərəcəkdir. Fransanın "Total" şirkəti tərəfindən adıçəkilən yataqda aparılan kəşfiyyat işlərini və əldə olunan nəticələri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirmişdir: "Bu, bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır".

Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmiş "Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. Lakin həmin vaxt görülən işlərdən nəticə alınmaması səbəbindən 2005-ci ildə kontrakta xitam verilmişdi. Ancaq 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə imzalanan ikinci kontrakt çərçivəsində reallaşdırılan kəşfiyyat işləri burada böyük qaz ehtiyatlarının olduğunu üzə çıxardı.

"Abşeron" yatağında yeni qaz ehtiyatlarının kəşfi Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etməklə yanaşı, Avropada da mühüm hadisə kimi qarşılanmışdır. ABŞ-ın "Heritage" Fondunun mütəxəssisi Ariel Koen bildirmişdir ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" blokunda yeni iri qaz ehtiyatlarının kəşfi Azərbaycan xalqı və Avropa üçün potensial enerji mənbələrinin gələcəyinə böyük nailiyyətdir. A.Koenin sözlərinə görə, həmin yatağın kəşfi bu resursların Avropa bazarlarına "Nabukko" və Xəzər dənizi zonasının digər boru kəmərlərinin inkişaf müddətini sürətləndirə bilər. Mütəxəssisin fikrincə, bu kəşf Avropa İttifaqının enerji şirkətlərinin Avropanın enerji təhlükəsizliyini təminetmə sahəsindəki liderliklərinin qorunmasında çox vacibdir.

Onu da xatırladaq ki, 2009-cu ilin may ayında Avropa İttifaqının Çexiyanın paytaxtı Praqada elan etdiyi "Cənub enerji dəhlizi" layihəsində Xəzər regionundan Avropaya qaz nəql edəcək bir neçə kəmər nəzərdə tutulur. Onlardan ən mühümü qarşıdakı 5 il ərzində istismara verilməsi planlaşdırılan "Nabukko" layihəsidir. Bu kəmər vasitəsilə ildə 31 milyard kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. "Cənub enerji dəhlizi"ndə digər mühüm layihə Türkiyə-Yunanıstan-İtaliya qaz kəməridir. Sözügedən layihə ilə ildə 8 milyard kubmetr qaz ixrac etmək olar. Transadriatik, "Bəyaz axın" layihələri də "Cənub enerji dəhlizi"ndə yer alan və perspektivdə reallaşma ehtimalı yüksək olan mühüm kəmərlər sayılır. Bütünlükdə isə "Cənub enerji dəhlizi"ndə əsas ölkələrdən biri kimi məhz Azərbaycan çıxış edir. Bunu bu il yanvarın 13-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" də təsdiq edir.

Prezident İlham Əliyevin bu ilin əvvəlində Almaniyaya işgüzar səfəri çərçivəsində 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak etməsi də mühüm məqamları ilə diqqəti cəlb etmişdir. Ölkə rəhbəri İlham Əliyev həmin konfransdakı çıxışında bildirmişdir: "Xəzər dənizindən Aralıq dənizinə neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan xalqı və tərəfdaşlarımız üçün faydalı olmaqla yanaşı, gələcək layihələrimiz üçün də çox səmərəlidir. Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınır. Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaqdır".

Prezident İlham Əliyev yuxarıda adıçəkilən konfransın əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə maraqlı bir məqama da toxunmuşdur: "Bu gün - 2012-ci ilin əvvəlində bu konfransda çıxış edərək mən "Cənub qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha nikbinəm. Nikbinliyi artıran bir neçə səbəb vardır. Hər şeydən öncə, əvvəl dediyim kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə də çox deyildir. İkincisi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbat, o cümlədən Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar əməkdaşlıq son bir neçə ildə əsl tərəfdaşlıq münasibətlərinə çevrilib. Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və "Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin imzalanması və hörmətli Ottingerin həmsədrlik etdiyi işçi qrupunun yaradılması. Bütün bu amillər gələcək planlarımızla bağlı çox müsbət mənzərə yaradır.

Keçən il baş verən əhəmiyyətli hadisələrdən birifaktiki olaraq Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxması üçün böyük qapı olacaq Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanması idi. Biz indi çox nadir bir vəziyyətdəyik. Belə ki, bizim Avropa bazarına ehtiyacımız vardır. Çünki birincisi, bu, böyük bazardır. İkincisi, bu bazar qanunvericilikqanun normaları ilə tənzimlənir. Əlbəttə ki, bu, artan bazardır və bizim tərəfdaşlarımızın bazarıdır. Avropa bazarının da təchizatla bağlı alternativ mənbələrə ehtiyacı vardır".

Türkiyənin Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren Azərbaycanın regionun və Avropanın mühüm enerji təminatçısı kimi rolunu yüksək qiymətləndirərək demişdir ki, bu ölkənin zəngin qaz ehtiyatları Azərbaycanın bölgədə və Avropada enerji mövqelərinin güclənməsinə təsir edəcəkdir: "Azərbaycanın enerji potensialı böyükdür və xüsusilə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın qaz ehtiyatı 100 illikdir. Bu, amil Azərbaycanın mövqelərinin güclənməsinə təsir göstərir və bundan sonra da rəsmi Bakının enerji siyasətində mövqelərinin güclənməsini dinamik şəkildə müşahidə edəcəyik".

Enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindəndir. Ölkə Prezidenti bununla bağlı demişdir: "Azərbaycan öz enerji strategiyasının həyata keçirilməsinə enerji təhlükəsizliyi məsələlərinin Avropa bazarı üçün bu dərəcədə vacib olmasından bir çox illər əvvəl başlamışdır. 1994-cü ildə biz əsas neft şirkətlərini Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq üçün açdıq və bütün vəzifələrimizi yerinə yetirdik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bununla bağlı demişdir: "Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə, ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyatgüclü siyasət əsasında güclü dövlət yaradırıq".

Bütün bunlar bir daha qlobal enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunun getdikcə artdığını, Azərbaycanın böyük karbohidrogen resurslarına malik olmasına dair verilən proqnozların reallığını aydın surətdə göstərir.

 

 

Vaqif BAYRAMOV

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

 

Xalq qəzeti.- 2012.- 3 mart.- S. 6