Azərbaycanın gücü, mövqeyiistinad etdiyi dünyəvi dəyərlər dünyanın diqqətindədir

 

Müsahibimiz Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadədir

 

- Asim müəllim, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqinin yüksəlməsində böyük rol oynadı. Siyasi məsələlərlə uzun müddət məşğul olan şəxs kimi ölkəmizin bu uğurunu necə qiymətləndirirsiniz?

- BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın həyatında çox mühüm hadisədir. Bu hadisəni Azərbaycan diplomatiyasının uğuru hesab etmək olar. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə güclənir. Azərbaycan gənc dövlətdir və 20 il dünyada tanınmaq, özünü qəbul etdirmək üçün o qədər də böyük müddət deyil. Amma bu uğur göstərdi ki, artıq Azərbaycanın gücü, bu coğrafiyada tutduğu mövqeyi, istinad etdiyi dünyəvi dəyərlər, regionda enerji təhlükəsizliyi və anti-terror sahəsində gördüyü işlər dünyanın diqqətindən kənarda deyil. Bizim dünyadakı dostlarımızın sayı durmadan artmaqdadır. Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur və bu qurumlarda görülən işlərin nəticəsi olaraq ölkəmizlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir sıra mühüm qərarların qəbulu mümkün olub. Dünya miqyasında 155 ölkənin Azərbaycanı dəstəkləməsi onun sübutudur ki, bizi artıq güc kimi qəbul edirlər və ölkəmizə rəğbətlə yanaşırlar. Azərbaycan bu imkandan geniş istifadə etməlidir. Biz dünyaya öz mədəniyyətimizlə, musiqimizlə, dini, etnik tolerantlığımızla gözəl nümunəyik. Azərbaycan müxtəlif sivilizasiyaların görüş yeri, əməkdaşlıq məkanı kimi qəbul olunmaqdadır. Bunu sivilizasiyaların dialoqunun məhz Azərbaycanda baş tutması bir daha sübut etdi. BMT Azərbaycanla bağlı ədalətli mövqeyi ilə tanınan bir qurumdur. Mən bu təşkilatın Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni yada salmaq istəyirəm. Düşünürəm ki, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük bizə imkan verəcək ki, münaqişənin həlli ilə bağlı öz haqlı mövqeyimizi dünyaya sübut edə bilək. İşğalçı dövlətin hazırkı mövqeyindən geri çəkilməsi üçün istər BMT TŞ-nin, istərsə də, digər nüfuzlu beynəlxalq qurumların dəstəyindən istifadə etməyə ehtiyac var. Və bu istiqamətdə işlər davam etməlidir.

- Dünyada baş verən mürəkkəb siyasi proseslər zamanında özünü demokratiyanın beşiyi adlandıran Fransada qəbul edilən ədalətsiz bir qanun bu ölkənin demokratik imicini heçə endirdi. Söhbət qondarma "erməni soyqırımı"nı tanımayanların cəzalandırılması ilə əlaqədar Fransa Milli Assambleyası və Senat tərəfindən qəbul olunmuş qanun layihəsindən gedir. Fransada qəbul olunmuş qanun layihəsi Azərbaycanda ciddi narazılıqla qarşılandı. Ölkə ictimaiyyəti, hətta dövlət rəsmiləri tərəfindən ən yüksək səviyyədə ciddi narazılıqlar bildirildi. Sizin də fikrinizi bilmək maraqlı olardı.

- Fransa Senatının qəbul etdiyi "Fransanın qanunla tanıdığı soyqırımların inkarının suç sayılması" haqqında qanun Avropanın demokratik prinsiplərinə, söz, fikir və ifadə azadlıqları ilə bağlı dəyərlərinə zidd idi. Biz bu qərarı ədalətsiz hesab edirdik. Bu qərar fransız xalqının iradəsini ifadə etmirdi. Bu, sadəcə Fransa xalqının dəstəyindən məhrum olan Sarkozinin ümidini erməni lobbisinə bağlamasından doğan bir qərar idi. Və bəzi senatorlar da, siyasi divident əldə etmək xatirinə ermənilərin əlində alət olublar. Bütün sosioloji sorğular göstərir ki, yaxınlaşan prezident seçkiləri ərəfəsində Sarkozinin və onu dəstəkləyən partiyanın mövqeləri zəifləyib. Təsadüfi deyil ki, söz azadlığının keşiyində duran bütün beynəlxalq təşkilatlar, o cümlədən, Avropa qurumları özləri Fransaya etirazlarını bildiriblər. Tarixi bugünkü siyasi oyunlarda istifadə etmək demokratik dəyərləri və fikir azadlığını məhdudlaşdıran yeni sistemin formalaşmasına səbəb ola bilər. Bu, həm Fransanın özü, həm də Avropa dəyərləri üçün böyük bir təhlükədir. Azərbaycan bu qanunun həyata keçirilməsini əngəlləmək üçün Türkiyə ilə birlikdə sona qədər adekvat addımlar atmaqda davam etdi. Nəticə artıq göz qabağındadır. Məlum olduğu kimi, Fransanın Konstitusiya Şurası Senatın qəbul etdiyi ədalətsiz qərarı ləğv etdi.

- Azərbaycanla Türkiyə dost və qardaş ölkələrdir. Doğrudanmı, bəzi düşmən qüvvələr hər hansı bir vasitələrlə iki ölkə arasında nifaq salmağa nail ola bilər?

- Fransa parlamentinin qərarına Azərbaycanda çox qəzəbli etiraz müşahidə olundu. İstər hakimiyyət, Xarici İşlər Nazirliyi, Milli Məclis, istərsə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar bu qərarla bağlı narazılıqlarını bəyan etdilər. Müxtəlif təşkilatlar Fransa səfirliyinin qarşısında bu və ya digər formada öz etirazlarını ifadə etdilər. Eləcə də Fransa Senatının qarşısında olan etiraz aksiyalarında da Azərbaycan bayraqlarının sayı heç də Türkiyə bayraqlarının sayından az deyildi. Bu onu göstərir ki, hər zaman olduğu kimi, Azərbaycan Türkiyə ilə bir yerdədir. Azərbaycan-Türkiyə birliyi dövlətimizin inkişafı, bizim gələcək planlarımız, milli dəyərlərimizi reallaşdırmağımız üçün olduqca vacib bir amildir. Ölkəmizdə bunu gözəl başa düşürlər. Dəfələrlə demişəm ki, Fransa və Amerikada olduğu kimi, Türkiyənin daxilində də erməni lobbisi türk lobbisindən daha güclü işləyir. "Hepimiz Dinkiz, hepimiz ermeniyiz" bağıranlar bu gün Azərbaycan-Türkiyə birliyindən çox narahatdırlar. Çünki bu vəhdət onlar üçün böyük bir təhlükə yarada bilər. Onlar qısqanclıq yaratmaq, iki ölkə, iki millət arasında müəyyən problemləri qabartmaq üçün fəaliyyətə keçiblər. İstərdim ki, Amerikada və Fransada olduğu kimi, Türkiyənin daxilində də türklər və türk birliyini alqışlayan qüvvələr bu lobbinin fəaliyyətindən məlumatlı olsunlar, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən hər bir amilin qarşısında onlar türk marağını görsünlər və bizim birgə dəyərlərimiz uğrunda mübarizəni davam etdirsinlər. Belə bir zarafatyana fikir mövcuddur ki, türklər tarixi yaradır, amma yaza bilmirlər. Son hadisələr də bu fikri təsdiq edir. Biz Qərbdə qəbul olunmuş oyun qaydalarından, texnologiyalardan istifadə etmirik. Fransada da, Amerikada da ermənilər qədər türk yaşayır və Fransanın özündə xeyli müsəlman var. Amma təşkilatlana, birgə fəaliyyət göstərə bilmirlər, siyasi cəhətdən fəal deyillər. Bu səbəbdən də yaxşı təşkilatlanmış ermənilər işlərini bizdən daha yaxşı qururlar. Mən çox istərdim ki, Türkiyənin, İstanbulun, Ankaranın küçələrində "hepimiz ermeniyiz" əvəzinə, "hepimiz azərbaycanlıyız, hepimiz Xocalıdanız" bağırsınlar. Ermənilərin Xocalıda törətdikləri dəhşətli soyqırımının 20 illik ildönümündə Türkiyədə keçirilən etiraz aksiyaları artıq mənim istəklərimin reallaşmasından xəbər verir. Bu, türk lobbisinin, ən azı, türk dövlətinin daxilində ermənilərə tutarlı cavabı oldu. Fikrimcə, Azərbaycanın bu istiqamətdə öz işini Türkiyə ilə birgə aparması uğurlu oldu..

- Son vaxtlar daha çox səsləndirilən fikirlərdən biri də Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılmasıdır. Bu da haqlı narazılıqdır. Çünki Fransa artıq bu qurumda həmsədr dövlət kimi öz mənəvi haqqını itirib. Ümumiyyətlə, Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən kənarlaşdırılması mümkündürmü?

- Fransa Minsk qrupunun həmsədri kimi Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ciddi təsir imkanlarına malikdir. Fransanın erməni xalqına və Ermənistanın antitürk, antiazərbaycan mövqeyinə dəstək verməsinə əsaslanaraq, bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf mövqe nümayiş etdirməyəcəyini əsas gətirərək, onun missiyasının Avropa Birliyinin missiyası ilə əvəz olunması istiqamətində addımlar atılmalıdır. Əslində, Minsk qrupuna ABŞ və Rusiyanın daxil edilməsi düzgündür, çünki ABŞ dünyada, Rusiya isə regionda nüfuza malik ən böyük dövlətlərdəndir. Biz çox istərdik ki, prosesdə Avropa Birliyi də iştirak etsin. Həmsədrin əvəzlənməsi məsələsi Minsk qrupu və ATƏT-də müzakirəyə çıxarılmalıdır. Biz çox istərdik ki, ATƏT-in Parlament Assambleyasında da bu məsələyə diqqət yetirilsin. Türkiyə də Minsk qrupunun üzvüdür və istərdik ki, Minsk qrupundakı digər ölkələr də, Avropa Birliyi də bu məsələlərdə fəallıq göstərsin. Avropa Birliyində bilavasitə xarici siyasətlə məşğul olan qurum var. Avropa Birliyi artıq vahid mövqeyə malikdir və bu birlik hamının etimadını doğrultmuş qurum kimi Fransanı əvəz etməklə, demək olar ki, prosesə öz müsbət töhfələrini verə bilər.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüş və qəbul olunan Birgə Bəyannamə bu sahədə hər hansı bir irəliləyişdən xəbər verirmi?

- Münaqişənin sülh yolu ilə həlli istiqamətində edilən bütün cəhdlər təqdirəlayiqdir. Həmişə o fikirdəyəm ki, dağılan evi yenidən tikmək olar, amma itirilən insanı heç nə ilə geri qaytarmaq olmur. Təəssüf ki, hələlik danışıqlar prosesində ciddi irəliləyişlərdən danışa bilmirik. Rusiyanın bu prosesə təsir imkanları genişdir. Bu ölkənin Ermənistanı sülhə məcbur etmək imkanları var. Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, Ermənistan üzərində mənəvi üstünlük əldə etməyə başlayır. Ermənistanın hazırkı mövqeyi regionda gedən inkişaf prosesindən, irəliləyişlərdən özünütəcrid xarakteri daşıyır. Nəhayət, hamı bilməlidir ki, münaqişənin həllinin uzadılması regionun inkişafına mənfi təsir göstərir. Beynəlxalq aləmdə Ermənistan işğalçı ölkə kimi tanınmalıdır və o, birmənalı şəkildə sülhə məcbur edilməlidir.

Onu da qeyd edim ki, Xocalı qətliamının 20-ci ildönümü dünyanın diqqətini bu münaqişəyə cəlb etmək üçün bir fürsət idi. Düşünürəm ki, biz bu fürsətdən yetərincə faydalandıq. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu məsələyə ədalətli münasibətinin formalaşdırılması, xarici ölkələrin parlamentlərində bu qətliamın pislənilməsi, mümkün olan yerlərdə soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu məsələ Azərbaycanın xarici və daxili siyasətinin əsas prioriteti olmalıdır və Azərbaycanla Türkiyənin səylərinin birləşdirilməsi zəruridir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər iki qardaş dövlətin bundan sonra da birgə tədbirlər keçirməsi, xaricdəki Azərbaycan və Türk diasporlarının bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi vacibdir. Türkiyənin beynəlxalq aləmdəki nüfuzu imkan verir ki, o, Meksika və Pakistan parlamentlərinin təcrübələrini təkrarlayaraq Xocalı qətliamını soyqırımı kimi tanısın. Bununla da dünya ictimaiyyətinin diqqətini Ermənistanın tarixin ən yaxın dövründə dinc insanlara qarşı törətdiyi qətliama cəlb etsin. Qondarma "erməni soyqırımı"nı tanımış dövlətlərin parlamentlərinə 20-ci əsrin əvvəllərində baş verdiyi iddia olunan hansısa müəmmalı erməni qətliamı ilə bağlı qərar verməkdənsə, 20-ci əsrin sonlarında Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş və bütün rəsmi sənədlərlə sübuta yetirilmiş Xocalı soyqırımının tanınması ilə bağlı müraciətlər qəbul edilməlidir. Dünya ictimaiyyətinə təlqin edilməlidir ki, erməni diasporu soyqırımı ilə bağlı məsələləri fəal şəkildə gündəmə gətirməklə, əsas diqqəti Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımını törətməsi faktından yayındırmaq istəyirlər.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2012.- 4 mart.- S. 2.