Prezident İlham ƏLİYEV: Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir

 

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.

 

İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.

Regionlarda aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.

Bu il fevralın 28-də "Baku Expo" Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda da bu barədə ətraflı danışılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahədə həyata keçirilmiş tədbirlərlə bağlı demişdir:" Taxıl istehsalı hazırda tələbatımızın 65 faizini təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaqdır. 84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət-özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti-hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verildi. Ona görə də istehsal artdı və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaqdır. Meyvə-117 faiz, yəni ki, ixrac potensialı vardır. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları vardır. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Südsüd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaqdır. Bitki yağı-65 faiz, kərə yağı 50 faizdir. Bu da artmalıdır. Yəni bu, əsas ərzaq məhsullarıdır və bu rəqəmlər nəyi göstərir. Birinci növbədə onu göstərir ki, doğrudan da, çox ciddi dönüş yaradılıbdır. İkinci nəticə ondan ibarətdir ki, gələn ilin sonuna aid gətirdiyim rəqəmlər, artıq reallığa əsaslanır. Bu, bizim niyyətimiz deyil. Veriləcək kreditlər hesabına və işə salınacaq yeni müəssisələrin fəaliyyəti nəticəsində bu, belə olacaqdır. Ancaq, eyni zamanda, rəqəmlər onu göstərir ki, biz bəzi pozisiyalar üzrə hələ ki daxili tələbatı ödəyə bilmirik. Ola bilər ki, buna 4-5 il vaxt lazım olacaqdır. Ancaq biz bunu təmin etməliyik. Həm kərə yağı, həm bitki yağı, həm taxıl-biz bunu təmin etməliyik. Əlbəttə ki, biz investisiya planlarımızı müzakirə edərkən, ilk növbədə, bax, bu cədvəli qabağımıza qoymalıyıq və kənd təsərrüfatının inkişafını bunun əsasında təmin etməliyik".

Dövlət başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin 101-i kənd təsərrüfatının müxtəlif istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil. Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını yaxşılaşdırmağa, kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə və heyvandarlıqda etibarlı yem bazasının yaradılmasına xidmət edir.

Konfransda vurğulanmışdır ki, ötən il ərzində kənd təsərrüfatı torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir. Respublika üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.

Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir. Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.

Konfransda həmçinin qeyd edilmişdir ki, üzümçülüyün inkişafına dair Dövlət Proqramı hazırlanmış və öıkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilərək icrasına başlanılmışdır. Bu Proqramın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqində kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəyi, kifayət qədər ciddi proqramlar qəbul ediləcəyi barədə fikirlərini də bildirmişdir. Dövlət başçısı demişdir: "Taxılçılıqla bağlı yeni təşəbbüslər icra edilir. Bir il bundan əvvəlki müşavirədə demişdim ki, biz tezliklə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Ancaq bir il keçdi, hələ ki nəticə yoxdur. Mən bilirəm ki, bu, böyük, ciddi məsələdir. Burada həm yeni torpaq sahələri müəyyən edilməli, infrastruktur layihələri icra olunmalı, suvarma məsələləri öz həllini tapmalıdır. Ancaq mən hesab edirəm ki, bu işlərə daha da böyük diqqət göstərilməlidir. Hesab edirəm ki, gələnilki müşavirədə artıq biz birinci uğurlardan danışmalıyıq, əks-təqdirdə mənim göstərişlərimə laqeyd yanaşanlar cəzalandırılacaqlar. Bunu bilin. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Bu, çox gözəl, vaxtında irəli sürülmüş təşəbbüsdür. Yubanmadan icra edilməlidir və mən bu barədə bütün müvafiq qurumlara göstəriş vermişəm. Çünki bu müvafiq qurumlar tərəfindən əlaqələndirilmiş şəkildə aparılmalıdır. Bütün müvafiq qurumlar bu işlərlə məşğul olmalıdır. Ümumi nəzarət Nazirlər Kabinetinə tapşırılır.

Heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atılır. Bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılmışdır ki, yenidən o cins mal-qaranın gətirilməsinə nail olsun. Artıq bir neçə ildir ki, bu proses başlamışdır. Beləliklə, biz böyük dərəcədə mal-qaranın cinsini yaxşılaşdıracağıq. Xaricdən gətirilən mal-qara çox məhsuldardır və biz çalışmalıyıq ki, tədricən böyük heyvandarlıq və südçülük fermer təsərrüfatları yaradılsın, artıq burada Ağcabədidən olan adamı bu barədə danışdı. O, doğrudan da, Azərbaycanın ən böyük südçülük müəssisəsidir. Çox şadam ki, artıq orada heyvandarlıq da, maldarlıq məsələləri də öz həllini tapır. Belə müəssisələr bizə lazımdır. Mən bir azdan sonra deyəcəyəm, ümumiyyətlə, daxili istehsal tələbatımızı nə qədər təmin edir. Südçülük, heyvandarlıq, taxılçılıq sahələrinə xüsusi diqqət göstərilməlidir".

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçikorta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlarbir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Konfransda bildirilmişdir ki, Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir. Ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəbin tikintisiya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaqdır. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmişya əsaslı təmir olunmuşdur. Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur.

Prezident İlham Əliyev konfransda yekun nitqində demişdir: "Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir.

Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır".

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 6 mart.- S. 3.