Lənkəran: sosial layihələr adamların rifahının yaxşılaşdırılmasına xidmət edir

 

Ötən il Lənkəranın sosial-iqtisadi həyatında baş verən nəzərəçarpacaq irəliləyişlərlə yadda qalmışdır. Sənaye, kənd təsərrüfatı, tikinti-quruculuq sahələrində əhəmiyyətli işlər görülmüşdür. İllik hesabat yığıncağı həmin uğurlara və qarşıda duran vəzifələrə həsr olunmuşdur.

 

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzindəki möhtəşəm abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər. Sonra istehsal və emal sahələrinin məhsullarından ibarət sərgi nümayiş etdirildi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ilin yekunlarına dair məruzə ilə çıxış etdi. O bildirdi ki, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli mühit yeni təsərrüfatçılıq formalarının təşəkkülünə imkan yaratmışdır. Bunun nəticəsində özəl sahə genişlənmişdir. İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına, ayrı-ayrı vətəndaşlara 1 milyon manatadək kreditlər verilmişdir.

Hesabat ilində sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 22 milyon 981 min manatlıq məhsul istehsal olunmuşdur. Bu rəqəm 1998-ci ilin göstəricisindən 10,2 dəfə, ötən ilin göstəricisindən isə 2,1 dəfə çoxdur. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 2,5 dəfə artmış və ümumi istehsal həcmində onun xüsusi çəkisi 79,7 faiz təşkil etmişdir. Sənayedə işləyənlərin orta aylıq əmək haqqı 192 manata çatmışdır.

Aqrar sahə də inkişafdadır. 8956 hektar sahədə payızlıq və yazlıq əkinlər keçirilmiş, 125154 ton tərəvəz, 3162 ton taxıl, 7112 ton kartof, 2166 ton bostan bitkiləri, 15325 ton meyvə, 135 ton yaşıl çay yarpağı, ümumilikdə 99,3 milyon manatlıq məhsul istehsal edilmişdir. Heyvandarlıq məhsullarının istehsalı da artmışdır. Diri çəkidə 5461 ton ət, 28923 ton süd, 15 milyon 90 min ədəd yumurta və 37,6 ton yun istehsal edilmişdir.

Əhaliyə 308,1 milyon manatlıq ticarət və digər pullu xidmətlər göstərilmişdir. Rayonda orta aylıq əmək haqqı 7,8 faiz artaraq 220 manat olmuşdur.

Elektrik və qaz təchizatı üzrə müəyyən işlər görülüb. Şəhər ərazisində 14 min ədəd "Smart" kart tipli sayğac quraşdırılıb. Lakin rayonun bir çox yaşayış məntəqələrində qəza vəziyyətində olan yüzlərlə elektrik dirəyinin, istismar müddətini başa vurmuş naqillərin dəyişdirilməsi, iki dolaqla işləyən bəzi transformatorların təmiri işi bu günə kimi həllini tapmayıb. Bunun nəticəsində yağışlı-küləkli havalarda işıqlar tez-tez sönür. Elə təbii qaz verilişində də çatışmazlıqlar mövcuddur. Bərpa işləri ləng gedir. Qaz İstismar Sahəsi yalnız Lənkəran və Liman şəhərləri, eləcə də rayonun daha yeddi kəndi üzrə cəmi 13 min abonenti təbii qazla təchiz edir. Bu isə potensial abonentlərin heç 30 faizi qədər də deyil.

Ölkə rəhbərliyinin göstərişi ilə Lənkəran şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması Dövlət Proqramına daxil edilmişdir. Ötən ilin avqust ayından başlayaraq Bürcəli kəndində içməli su, Göyşabanda isə çirkab su təmizləyici qurğularının tikintisinə başlanılmışdır. 170 milyon dollar dəyərində olan bu layihənin icrası nəticəsində şəhərin və rayonun su-kanalizasiya sisteminin fəaliyyəti tamamilə yaxşılaşacaq. İnşa ediləcək sistem dünya standartları səviyyəsində olacaq. Bu işlərin 2013-cü ilin sonunadək başa çatması nəzərdə tutulmuşdur.

Şəhərin təmizliyi və yaşıllaşdırılması sahəsində ardıcıl işlər görülür. Ötən il 610 vətəndaşa fərdi ev tikintisi üçün icazə verilmişdir. Əhali 53174 kvadratmetrlik yaşayış evləri inşa etmişdir.

Məruzəçi digər tikinti işləri barədə də məlumat verdi. İl ərzində 220 şagird yerlik Şovu və Osakücə kənd orta məktəbləri, şəhər 4 saylı orta məktəbi üçün 560 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilmiş, şəhər 3 saylı orta məktəbi və 17 saylı uşaq bağçası əsaslı təmir olunmuş, 480 şagird yerlik Hirkan, 360 şagird yerlik Xarxatan və 220 şagird yerlik Şilavar kənd orta məktəblərinin tikintisinə başlanmışdır. Bunlardan başqa, Lənkəran şəhərində FHN-nin Mülki Müdafiə qərargahının, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin, Ağır Cinayətlər Məhkəməsinin inzibatı binaları, "Palmalayf" turizm mərkəzi, "Starlayf" xidmət kompleksi, "Alov" şirniyyat sexi, "Sevimli" ticarət mərkəzi, "Şah" istirahət və xidmət kompleksi tikilmişdir. Şəhərdə Heydər Əliyev Mərkəzinin, çoxmərtəbəli yaşayış evlərinin, polis şöbəsi, pasport qeydiyyat və miqrasiya idarəsinin regional şöbəsi, "Xalq Bank" və "Beynəlxalq bank" üçün binaların, "Palıdlı sahil" istirahət mərkəzində yeni otelin və s. tikintiləri davam etdirilmişdir.

Rayonun yol infrastrukturunda da ötən illərlə müqayisədə daha iri həcmli işlər görülmüşdür. Ələt-Astara yolunun Lənkəran hissəsində, Lənkəran-Lerik, Lənkəran-Zövlə və sair avtomobil yollarında cari təmirlər aparılmış, yaranmış çalalara asfalt-beton örtüyü çəkilmişdir. "Azəryolservis" ASC tərəfindən Vilvan-Osakücə-Türkəncil yolunda 2 ədəd dəmir-beton konstruksiyalı körpü inşa edilmişdir. Dağlıq ərazidə leysan yağışları nəticəsində Osakücə-Günəhir yolunda sel sularının dağıtdığı və ya zədələdiyi körpülər əsaslı təmir olunmuşdur. Eyni zamanda, şəhərin 45-dən çox irili-xırdalı küçəsində əsaslı təmir işləri aparılaraq asfalt örtüyü döşənmişdir. Nəticədə məktəblərə gediş-gəliş, nəqliyyatın və əhalinin rahat hərəkəti təmin edilmişdir. Ümumən şəhər küçələrinin 85 faizi artıq əsaslı təmir olunmuşdur.

Rayonun dörd qəsəbə və səkkiz kənd yolu asfaltlaşdırılmış, bəzi şəhərdaxili küçələrdə, eləcə də kənd və qəsəbələrdə yolların sıradan çıxmış yerlərində bərpa işləri görülmüşdür. İyirmidən artıq körpü bərpa edilmişdir. Bundan başqa, Vilvan-Osakücə və Xanbulan-Daşdatük yolları ağır texnika ilə hamarlanaraq genişləndirilmiş, hər iki tərəfdə suötürücü kanallar qazılmış, əraziyə çınqıl səpilmiş, asfalt döşəmək üçün tam hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda, Diryan-Köhnəgəgir-Tüədo, Daşdatük-Biləsər, Bəliton və Türkəncil kəndarası yollarında təmir işləri aparılmışdır. Şəhərdaxili və kəndarası yollara ümumilikdə 96 min kvadratmetr asfalt örtüyü döşənmişdir.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən məcra və kanallar lildən təmizlənmiş, mühafizə bəndləri tikilmiş, bağlı suvarma şəbəkələri təmir olunmuşdur.

Məruzəçi sonra dedi ki, Lənkəran şəhəri 2011-ci ildə "Azərbaycanın folklor paytaxtı" elan edilmişdi. Bununla əlaqədar müxtəlif mərasimlər, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfranslar, dəyirmi masa, konsert, müsabiqə, festival, sərgi və sair tədbirlər keçirilmişdir. Yekunda Heydər Əliyev xatirə parkında bayram olmuş, sənətkarların əl işlərindən, suvenirlərdən ibarət müxtəlif sərgilər, milli idman növlərinə aid çıxışlar təşkil edilmiş, milli mətbəximizin nümunələri nümayiş etdirilmişdir.

"Turizm ili" ilə əlaqədar rayonun turizm obyektlərində monitorinq keçirilmiş, bu müəssisələrdə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat ili ərzində Lənkəranda 1450 yeni iş yeri açılmışdır ki, bunun da 1015-i daimidir.

Lənkəranın ictimai-siyasi həyatında əlamətdar hadisələrdən biri də ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri ilə qardaşlaşması olmuşdur. Hər iki şəhər arasında əməkdaşlığın qurulmasından ötrü nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil edilmiş, qardaşlaşma barədə razılıq memorandumu imzalanmış və əlaqələr üçün perspektivlər müəyyən edilmişdir. Hazırda Gürcüstanın Batumi şəhəri ilə qardaşlıq əlaqələrinin qurulmasından ötrü təşkilati məsələlərə baxılır.

Sonda icra hakimiyyətinin başçısı Tofiq İbrahimov diqqəti qarşıdakı vəzifələrə yönəltdi: -2009-2013-cü illərə dair Dövlət Proqramının icrası ilə əlaqədar şəhərin, kənd və qəsəbələrin inkişafından ötrü yeni infrastruktur layihələr həyata keçiriləcək. Su-kanalizasiya sisteminin yenidən qurulması, elektrik təsərrüfatının yaxşılaşdırılması, qazlaşdırma işləri davam etdiriləcək. Aqrar bölmədə işlər sürətləndiriləcək. Çayçılığın inkişafına diqqət artırılacaq. Sahibkarlığın inkişafına dəstək veriləcək, yeni istehsal obyektləri qurulacaq, iş yerləri açılacaq. Məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikiləcək, əsaslı təmir olunacaq, yollar əsaslı şəkildə yenidən qurulacaq. Xüsusilə kənd yollarının əsaslı təmirinə diqqət artırılacaq.

Bütün bunlara nail olunması üçün hər kəs çalışdığı yerdə yüksək səmərəli əmək sərf etməli, tapşırılan işlərə maksimum məsuliyyətlə yanaşmalı, təşəbbüskarlıq göstərməlidir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 7 mart.- S. 9.