XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı

 

Son zamanlar daxili və xarici siyasətdə möhtəşəm uğurlara imza atan Azərbaycan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bu faciə barədə dünya ölkələrinə həqiqətlərin çatdırılması istiqamətində də güclü təbliğat kampaniyası apardı. Azərbaycanda başda Prezident İlham Əliyev olmaqla 70 mindən çox insanın iştirakı ilə baş tutan izdihamlı ümumxalq yürüşü, İstanbulun "Taksim" meydanında keçirilən yürüş-mitinq beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Ermənilər və onların havadarları bir daha anladılar ki, həqiqətləri sonsuzadək ört-basdır edə bilməyəcəklər.

 

Xocalı faciəsinin dünyaya çatdırılması istiqamətində aparılan təbliğat kampaniyasına "Xalq qəzeti" də öz kiçik töhfəsini verdi. Faciənin ildönümünün qeyd olunduğu gündən başlayaraq Türkiyənin nüfuzlu "Zaman" və "Önce Vatan" qəzetlərində, eyni zamanda qardaş ölkənin müxtəlif nüfuzlu qəzetlərinin internet saytlarında və digər elektron informasiya vasitələrində (http://www.zaman.com.tr/haber.do?haberno=1251287&title=yorum-hocali-soykirimi, http://turkbirligi.net, http://blog.milliyet.com.tr/Hocali_soykirimi/Blog/?BlogNo=350814&ref=milliyet_anasayfa, http://www.oncevatan.com.tr/hocali-soykirimi-makale,27845.html, http://www.abhaber.com/ozelhaber.php?id=13041, http://www.byegm.gov.tr/ic-basinda-dis-politika.aspx?ahid=48101, http://www.beyazrenkler.com/forum/index.php/topic,19085.new.html#new, http://www.yenikanal.com/ozel-haber/hocali-soykirimi-h11139.html, http://www.omerfarukdemirozu.com/2012/02/hocali-soykirimi və digər saytlar) "XX əsrin ən dəhşətli faciəsi: Xocalı soyqırımı" adlı məqalə dərc olunmuş, yayınlanmışdır. Məqalə mərkəzi ofisi Brüsseldə yerləşən türk radiosu tərəfindən bütünlüklə efirə verilmişdir. İndi həmin məqaləni tərcümə ilə oxucularımıza təqdim edirik:

Tarixdə kütləvi insan tələfatı ilə nəticələnən dəhşətli hadisələr çox olub. Lakin II Dünya müharibəsindən sonra beynəlxalq aləmdə müharibə əleyhinə formalaşan ümumi fikir sülh arzulayanların ümidlərini artırdı. Ondan sonrakı dövrdə vaxtilə biri-birinə düşmən kəsilən dövlətlərin birləşərək Avropa İttifaqını yaratması, bu ümidləri daha da artırdı. Hazırda Yer kürəsinin müxtəlif bölgələrində qarşıdurmaların davam etməsinə baxmayaraq, müasir dünya insan hüquq və azadlıqlarının qorunması məsələsinə xüsusi diqqət yetirirbu yolda müəyyən təqdirəlayiq addımlar atılır. Azərbaycanın dilbər guşəsi, ayrılmaz hissəsi olan Dağlıq Qarabağda yerləşən Xocalı şəhərinin türk sakinləri də həmin humanist ideyalara rəğbət bəsləyir, müasir dünyanın möhtəşəm prinsiplərini alqışlayırdılar. Amma...

1992-ci il fevralın 26-da insan hüquq və azadlıqlarından ağızdolusu danışan müasir dünyanın gözü qarşısında Xocalıda dəhşətli faciə baş verdi. Erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin böyük hissəsi əsasən ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə əli silahsız, müdafiəsiz Xocalı türklərini amansızcasına qətlə yetirdilər, sağ ələ keçirdikləri insanlara olmazın işgəncələr verdilər, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürdülər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təcavüzə məruz qalan qadınların naləsini, amansızcasına qarnı yırtılan körpələrin çığlıqlarını, döyülən qocaların ah-naləsini müasir dünya eşitmədi və ya eşitmək istəmədi. Qətliamdan xilas olan Xocalı sakinləri danışırdı ki, erməni qəbirinin yanına gətirilən 4 mesxeti və 3 Azərbaycan türkünün başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar. Diri adamların dərisi soyulmuşdu, gözləri çıxarılmış, əsir götürülənlərə isə misli görülməmiş işgəncələr verilmişdi. Soyqırıma, işgəncələrə məruz qalan, qətlə yetirilən insanların "günahı" yalnız türk olmaqdı. Bəli, ermənilər məhz bu səbəbdən insanları öldürür, onlara dəhşətli işgəncələr verirdilər. Bəs bu misli görülməmiş soyqırımı baş verərkən dünya niyə susurdu, onu anlamaq çox çətindir.

Erməni hərbi birləşmələri Xocalı şəhərini bir gecədə yer üzündən sildilər. Kütləvi qırğın nəticəsində 613 nəfər dinc sakin öldürüldü. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 1275 dinc sakin əsir götürüldü, hansı ki onların 150-sindən hələ də heç bir xəbər yoxdur. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi.

Xocalı soyqırımının dəhşətli bir faciə olduğunu təkcə biz demirik. Hadisənin şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri də Xocalı soyqırımını bəşəriyyətin böyük faciəsi adlandırırlar. 1992-ci ildə Xocalıda baş verən dəhşətli qırğınlar barədə yazdıqları məqalələrdə də eyni fikirləri oxucularla bölüşürlər. Məsələn, erməniləri bu gün də himayəsindən məhrum etməyən Fransadan olan jurnalist Jan-İv Yunet yazır:"..Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə hamısını çəkirdik. Bu dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çoxlu yaralı gördük".

Digər nüfuzlu Avropa ölkəsinin - İngiltərənin "Frant layn nyus" telekompaniyasının jurnalisti Rori Patriks deyir: "Xocalıdakı faciənin miqyasını dünya ictimaiyyətinə anlatmaq çox çətindir. Biz jurnalistlər helikopterlə çətinliklə də olsa ermənilərin məskunlaşdığı Naxçıvanik kəndinin yaxınlığına gələ bildik. Burada onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalının müdafiə edən döyüşçülər deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi - qatillərin güllələdikləri uşaqlar, qadınlar, qocalar idi. Biz belə başa düşdük ki, bu insanlar erməni silahlı hissələrinin şiddətli atəşindən qaçaraq digər Azərbaycan şəhəri olan Ağdama getmək istəmişlər və yolda qətlə yetirilmişlər".

Rusiyanın nüfuzlu "İzvestiya" qəzetinin müxbiri V.Belıx isə yazırdı: "Hadisədən bir müddət sonra Ağdama həlak olanların meyitlərini gətirdilər. Dəhşətli yuxuda da belə şeylər görmək olmaz: oyulub çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş kəllələr, kəsilmiş başlar... Təhqirlərin həddi yoxdur".

Rusiyalı hərbçi mayor Leonid Kravetsin dediyi faktlar da insanı dəhşətə düşürür: "...Fevralın 26-da mən Stepanakertdən yaralıları aparırdım və geriyə Əsgəranın üstündən uçdum. Gözümə aşağıda nəsə birtəhər parlaq ləkələr dəydi. Bir az aşağıya endimburada mənim bortmexanikim qışqırdı: "Baxın, orada qadınlar və uşaqlar var". Bəli, artıq elə mən özümgörürdüm, təpənin döşündə səpələnmiş iki yüzə qədər meyit, onların arasında şübhəli adamlar gəzişirdi... Sonra biz uçduq, istədik meyitlərdən götürək. Bizimlə yerli milis kapitanı var idi, adını unutmuşam. O, orada başı parçalanmış dördyaşlı oğlunu tapdı və yazıq həmin anda huşunu itirdi. Bizə atəş açılana qədər götürməyə macal tapdığımız digər uşağın isə başı kəsilmişdi. Mən hər tərəfdə eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm...".

Xocalıda törədilən faciəni ermənilərin özləri də etiraf edirlər. Həmin şəxslərdən biri də erməni vəhşiliyini görən və sonra Beyruta qaçan erməni jurnalist Davud Xeyriyan "The Sake of Cross" adlı kitabında bu sətirləri yazır: " ...Erməni qatillərdən ibarət "Gaflan" deyilən və ölülərin yandırılmasıyla vəzifəli erməni qrup, Xocalının bir kilometr qərbində bir yerə martın 2-də 100 Azərbaycan türkünün ölüsünü gətirib yığdı. Son yük maşınında 10 yaşında bir qız uşağı gördüm. Başından və əlindən yaralı idi. Üzü göyərmişdi. Soyuğa, aclığa və yaralarına baxmayaraq hələ də yaşayırdı. Çox zəif nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu bürümüşdü. O sırada Tiqranyan adlı bir əsgər onu tutduğu kimi o biri cəsədlərin üstünə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mən yanmaqda olan ölü bədənlər arasından bir qışqırıq eşitdim. Edə biləcəyim bir şey yox idi. Mən Şuşaya döndüm. Onlar isə türklərə qarşı görülməmiş dəhşətli qətliamları hələ də davam etdirirdilər".

Sağ qalmış Xocalı sakini Qənaət Məmmədəli oğlu həmin dəhşətli anları gözləri önünə gətirərək bunları deyir: "Fevralın 26-da şaxtalı qış gecəsində saat 24 radələrindən başlayaraq Xocalını güclü artilleriya atəşinə tutdular, sonra zirehli texnika ilə hücuma keçdilər. Qətllər başlayanda biz silahsız adamlar Qarqar çayının məcrası ilə Əsgəran tərəfə qaçmağa başladıq. Ermənilər yolumuzu kəsərək avtomat silahlardan, minomyotlardan atəş açdılar. İnsanlar pərən-pərən oldular. Bəziləri dağa, bəziləri meşəyə qaçıb canlarını qurtarmağa çalışırdılar. Onlardan 12 nəfəri qarın içində qalaraq donub öldü. Bir dəstə adamla biz ermənilər yaşayan Aranzanit kəndinin yaxınlığında pusquya düşürüldük. 17 nəfəri elə oradaca güllələyib öldürdülər. Sağ qalanlarımızı iki gün ac saxladıqdan sonra 20 nəfəri ayırıb qətlə yetirməyə apardılar. Məni və xeyli adamı - qolumuzu bağlayıb yük maşının kuzovuna atıb apardılar. Bizi avtobazanın həyətinə gətirdilər. Orada xeyli kişinin cəsədləri vardı. Bizi zirzəmiyə saldılar. Divara mıxlar və şüşə qırıntıları vurmuşdular ki, nə söykənə bilək, nə də otura bilək. Az sonra zirzəmiyə 15 və 30 yaşlı iki kişi gətirdilər. Ermənilərdən biri 15 yaşlı uşağa baxıb dedi: "Yaxşı qoyundur, indi kəsərik". İşgəncələrdən ayaq üstə dayana bilməyən oğlanın qollarını yana açaraq əvvəl birini, sonra da o birini balta ilə kəsdilər. Sonra onun sinəsini yararaq ürəyini çıxardılar. Mənə dedilər ki, indi növbə sizlərin olacaq. Bu qəddar qətliam davam etdiyi zaman əlim-qolum bağlı olduğundan müqavimət imkanım yox idi. Soydaşlarımın vəhşicəsinə qətlə yetirildiklərini gördükcə dəhşətə gəlirdim. Axırda fəryad edərək huşumu itirdim". Bəli, qətliamdan möcüzə nəticəsində xilas olan soydaşımızın acı və dəhşətli xatirələrini dinlədikcə insanın ürəyi parça-parça olur.

Əslində, deyilənlər faciənin ancaq bizə məlum olan tərəfləridir. Bizə məlum olmayan daha dəhşətli hadisələr də yaşanıb Xocalıda. İşgəncələrə məruz qalan türk qadınlar, kişilər, uşaqlar, qocalar sağ qalsaydılar yəqin ki, elə dəhşətli şeylərdən danışardılar ki, ürəyimiz parça-parça olardı. Məhz buna görə də Xocalı soyqırımı tarixdə baş verən Xatın, Liditsa, Oradur soyqırımları ilə müqayisə oluna bilər. Bəşəriyyətin bir daha belə bir faciə yaşamaması üçün dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Bunu beynəlxalq hüquq da tələb edir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırım cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırım cinayətinin hüquqi əsası təsbit olunmuşdur. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırım cinayətini təşkil edən bütün əməllər qeydə alınmışdır. Xocalı faciəsində isə Ermənistan tərəfindən həyata keçirilən soyqırımı siyasəti daha dəhşətli bir formada özünü göstərmişdir. Ermənilərin törətdiyi cinayətlər, qətliamlar təkcə Azərbaycan türklərinə qarşı deyil, həm də bizim timsalımızda insanlığa qarşı törədilmişdir. Ona görə də insan hüquq və azadlıqlarından danışan, bu dəyərləri üstün tutan, həmin prinsiplərlə yaşadığını iddia edən dövlətlər və onların parlamentləri Xocalı soqırımını tanımalıdırlar. Tanımalıdırlar ki, həmin faciə zamanı dəhşətli işgəncələr nəticəsində qətlə yetirilən yüzlərlə insanın ruhu şad olsun. Tanımalıdırlar ki, həmin soyqırımı törətmiş Ermənistanın rəhbərliyində təmsil olunan başda prezident Serj Sarkisyan, keçmiş prezident Robert Koçaryan, müdafiə naziri Seyran Ohanyan olmaqla bir qrup Xocalı qatili törətdikləri cinayətlər müqabilində dünya ictimaiyyətinin qınağıyla qarşılaşsınlar. Tanımalıdırlar ki, bir daha belə hadisə təkrarlanmasın.

Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə 2012-ci ilin fevralında Bakıda keçirilən "İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı" mövzusunda beynəlxalq konfransda çıxış edən Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman demişdir ki, Xocalı hadisələri ilə bağlı beynəlxalq cinayət məhkəməsi yaradılmalıdır. Eyni formalı məhkəmələr Kosovo, Livan, İraq və digər ölkələrdə törədilmiş cinayətlərlə bağlı yaradılmışdır: "Beynəlxalq səviyyədə belə təcrübə mövcuddur. Bunlar yerli təyinatlı məhkəmə deyil. Buraya beynəlxalq ekspertlər cəlb olunmalı, araşdırmalar aparılmalı, müvafiq qərarlar qəbul edilməlidir. Bəşəriyyətə qarşı belə cinayətləri törədənlər tapılmalı və cəzalandırılmalıdır... Bu vəhşilikləri törədənlər artıq müəyyən edilib, lakin 20 ildir bununla bağlı qərar qəbul olunmur". Murmanın da qeyd etdiyi kimi, dünya dövlətləri, beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkməli, haqqın, ədalətin təntənəsinə dəstək verməlidirlər!

Fransa kimi demokratiya, insan hüquq və azadlıqları sahəsində uğurlar qazandığını iddia edən ölkələr sözfikir azadlığını pozan qondarma qanunlar qəbul etmək yerinə, insanlıq faciəsi olan Xocalı soyqırımını tanısaydı, dünyada böyük rəğbət qazanar, demokratikhumanist ölkə imicini qazanardı. Belə ki, Xocalı faciəsi cəmisi 20 il əvvəl bütün dünyanın gözü qarşısında baş versə də, bu dəhşətli qırğınları görməməzlikdən gələrək yüz il öncə uydurma "erməni soyqırımı" barədə heç bir hüquqi əsası olmayan qanun qəbul etmək heç bir ölkəyə baş ucalığı gətirməz. Bizləri uydurma soyqırımı iddiası ilə günahlandırmağa çalışanların bütün cəhdləri iflasa məhkumdur. Belələri heç bir halda haqq-ədalət qarşısında duruş gətirə bilməyəcəklər.

Bu məsələdə Azərbaycan özünü heç vaxt tək hiss etməyib. Bizim yanımızda Türkiyə kimi qüdrətli, güclü bir dövlət vardır. Əminik ki, Azərbaycan və Türkiyə birliyi, həmrəyliyi Xocalı soyqırımının dünyada tanıdılmasında öz sözünü deyəcəkdir. Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının müzakirəyə çıxarılması bizə böyük dəstək, qardaşlıq təsəlisidir. Biz birlikdə dünyaya bir daha bəyan etməliyik ki, Türkiyədə tarixin qaranlıq dövründə - 1915-ci ildə soyqırımı törədildiyini iddia edənlər heç bir tarixi fakta əsaslanmadıqları halda, yaxın tarixdə - 1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımının hətta onlarla canlı şahidi bu günyaşamaqda, əsaslı faktlar bu soyqırımı tam təsdiq etməkdədir. Bunun üçün Türkiyə Böyük Millət Məclisinin Xocalı soyqırımını tanıması böyük əhəmiyyətə malikdir.

 

 

Həsən HƏSƏNOV,

 

Rauf ƏLİYEV

 

Xalq qəzeti.- 2012.- 10 mart.- S. 4.