Şirinli-acılı xatirələr sorağında

 

İllər izsiz ötmür, ömürdən nəyisə aparır. Ötən 88 il müharibə və əmək veteranı, əməkdar jurnalist Kazım Ələkbərovun da gözlərinin nurunu aparsa da, hərəkətlərində problemlər yaratsa da zehni, şüuru, nitqi, yaddaşı gənclik dövründəki sayaq yerindədir. Yəni tər-təmiz güzgü kimi apaydındır. İndi əli qələm tutmasa da dili söz deməyə, lap uzaq məktəb illərindən bəri yaddaşında həkk olunmuş xatirələrini yerli-yataqlı söyləməyə qadirdir.

 

10-15 il öncə fiziki sağlamlığı imkan verirdi ki, bilavasitə özü yazıb-yaratsın. Məhz həmin vaxtlarda, yəni 2000-ci ildən başlayaraq ildə bir əsər - beş kitab yazıb ərsəyə gətirib. Bunlar Kazım müəllimin Böyük Vətən müharibəsindən əvvəlki, eləcə də 1941-45-ci illərin qanlı-qadalı dövründəki, həmçinin sonrakı onilliklərdə şəxsən şahidi və iştirakçısı olduğu acılı-şirinli xatirələrdən ibarət toplulardır. Lakin onun qələmə alınası xatirələri hələ tükənməyib. K.Ələkbərov bildirir: "2000-ci ildə işıq üzü görən "Mən necə jurnalist oldum" ilk xatirələr kitabım oxucuların və mətbuatın marağına səbəb olduğundan məni digər xatirələrimi də qələmə almağa həvəsləndirdi və 4 il ərzində daha dörd kitab yazıb nəşr etdirdim. Lakin gözlərimin tam tutulması səbəbindən xatirələrimin bir çoxunu yazıya köçürə bilmədim".

Kazım müəllim mərd və xeyirxah insandır, neçə-neçə adama əl tutub, pasiban olub, dar gündə dadına çatıb, köməyini təmənnasız edib. Görünür, elə bu səbəbdəndir ki, indi, fikrini-duyğularını öz əliylə kağıza köçürmək imkanından məhrum olduğu bir vaxtda xeyirxah insanlar ondan öz köməyini əsirgəmirlər. Kazım müəllim deyir: "İlk kitabımın təşəbbüskarı olmuş Bakı Şəhər İcra Hakimiyyətinin idarə rəisi Hacı Şəfəq xanımla bir dəfə telefon danışığı zamanı yazılmamış xatirələrimdən söhbət düşdü. O, tərəddüd etmədən, asudə vaxtlarında xatirələrimi kağıza köçürməyi boynuna aldı. Beləliklə, bir il ərzində 10-dan çox xatirəmi ona yazdırdım. Vəzifəsinin əhatə dairəsinin xeyli genişlənməsi, asudə vaxtının məhdudlaşmasından xəbər tutandan sonra telefonla xatirə yazdırmağı dayandırdım. Bu vaxt 40 il əvvəl sədaqətli işçim olmuş Zenfira xanım köməyimə gəldi və ürəyimdə qalan ən vacib xatirələri telefon vasitəsilə kağıza köçürdü. Yığcam kitabça şəklində topladığım xatirələri naşir dostum Hacı Mehmanın ixtiyarına verdim".

Budur, Kazım Ələkbərovun həmin alicənab insanların fəal köməyi ilə hasilə gəlmiş yeni kitabını-"Şirin, acı xatirələr" kitabçasını vərəqləyirik. Əsər müəllifin ön söz əvəzi girişiylə açılır və ta məktəb illərindən başlanan xatirələr dilə gəlir. Onlar bir-birindən maraqlı, yığcam və oxunaqlıdır.

Yaşlı nəsil, xüsusilə mətbuat işçiləri bilirlər ki, ötən əsrin 40-cı illərində Azərbaycan Teleqraf Agentliyi (indiki AzərTAc) o vaxtlar rəsmən "Azərbaycan SSR Nazirlər Soveti yanında" adlandırılsa da, daha çox SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyinin) respublikamızda bölməsi kimi fəaliyyət göstərirdi və orada, demək olar ki, bütün yazı-pozu rus dilində aparılırdı. Bubaşqa səbəblər üzündən agentlikdə əsasən qeyri-millətlərin nümayəndələri çalışırdılar. Bütün dövlət tədbirlərindən, görüşlərdən, yığıncaqlardan mətbuat vasitələrinə yayımlanmaq məqsədilə hazırlanan rəsmi materiallar da elə yerli millətdən olmayan jurnalistlər tərəfindən yazılırdı. 1948-ci ildə isə...

Həmin il Azərbaycan, əslində isə dünya musiqisinə əvəzolunmaz itki baş verdi - dahi bəstəkar Üzeyir Hacıbəyli həyatdan köçdü. Onun dəfn mərasimini əvvəldən axıra kimi işıqlandırmaq, yəni respublika, SSRİ, hətta xarici ölkə kütləvi informasiya vasitələri üçün əhatəli reportaj yazıb ərsəyə gətirmək kimi çox məsuliyyətli agentlikdə fəaliyyətə təzə başlayan Kazım Ələkbərova tapşırıldı. Bu, amansız müharibənin ölüm-dirim həyatını sona vurduqdan sonra agentlikdə əmək fəaliyyətinə başlamış 24 yaşlı, hələ də sərt cəbhə qayda-qanunları ilə oturub-duran Kazım Ələkbərovun istedadına, vəzifə borcuna ciddi məsuliyyətlə yanaşmasına, tapşırığın layiqincə yerinə yetirəcəyinə inamdan irəli gəlirdi.

Bu məsul işin ciddiliyini incəliklərinə qədər bilən gənc reportyor gecəni-gündüzə qataraq gərgin əmək sərf eləyir. Dahi bəstəkarın matəm mərasiminə neçə-neçə diyardan təşrif buyurmuş tanınmış şəxslərlə, dövlət və hökumət rəhbərləri, ictimai xadimlərlə görüşür. Ü. Hacıbəylinin təkrarsız sənətkar, əbədiyaşar əsərlər müəllifi, unudulmaz şəxsiyyət olduğu barədə müsahibələr alır. Böyük itki ilə əlaqədar keçirilən matəm tədbirlərini diqqətlə izləyəndən sonra qələmə sarılır. Üzeyir bəylə vida mərasimindən 22 səhifəlik reportajı yazıb elə həmin gün təhvil verir.

K.Ələkbərov yazır: "Ertəsi günü yazım bütün qəzetlərdə dərc olundu. Agentliyin direktoru Yefim Qurviç əlimi sıxıb, rəhbərliyin (respublika rəhbərliyi nəzərdə tutur - R.H.) yazımdan razı qaldığını bildirdi."

Haqqında bəhs olunacaq başqa bir xatirə "Stalinə məktub" adlanır. SSRİ kimi nəhəng ölkənin rəhbərinə Azərbaycan xalqı adından məktub yazmaq elə onun özü ilə üz-üzə gəlmək qədər heçasan olmayan bir idi. Amma bu tapşırıq 1951-ci ildə tanınmış şairə, yazıçıya, alimə, təcrübəli jurnalistə yox, məhz hələ 27 yaşı tamam olmamış Kazım Ələkbərova həvalə edilir.

Müəllifin "Şirin, acı xatirələr" əsərində cəmlənən yazıları məşhur jurnalist, professor Nəsir İmanquliyev, görkəmli pedaqoq, akademik Mehdi Mehdizadə, kənd tikinti naziri işləmiş, əməkdar inşaatçı Əlimuxtar Hüseynzadə haqqında və digər xatirələr də maraqla oxunur. İnanırıq ki, zəngin həyat təcrübəsinə malik, çoxlu unudulmaz, əlamətdar hadisə və görüşlərin şahidi olmuş ağsaqqal jurnalist Kazım Ələkbərovun bu xatirələri də geniş oxucu rəğbəti qazanacaqdır.

 

 

Rafiq HƏSƏNOV,

Siyasi İnnovasiya və

Texnologiya Mərkəzinin

baş redaktoru

 

Xalq qəzeti.- 2012.- 11 mart.- S. 8.