Neft Akademiyasında Çingiz Abdullayevlə görüş keçirildi

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik Siyavuş Qarayev dünyada kifayət qədər tanınan yazıçının tərcümeyi-halı haqqında məlumat verərək bildirdi ki, Çingiz Abdullayev hüquq elmləri doktoru, Rusiya Milli Hüquq Akademiyasının fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir.

 

Rektor qeyd etdi ki, yazıçı 1959-cu ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitieti) hüquq fakültəsini bitirib. Bir müddət hüquqşünas kimi fəaliyyət göstərib. 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra partiya və sovet işlərində çalışıb, Əzizbəyov (Xəzər) Rayon İcraiyyə Komitəsində şöbə müdiri, Azərbaycan KP Qaradağ Rayon Komitəsində müxtəlif vəzifələrdə işləyib. 1988-ci ildə beynəlxalq təcavüz problemləri ilə bağlı namizədlik, 1991-ci ildə beynəlxalq cinayət problemi haqqında doktorluq dissertasiyası müdafiə edib. 1989-cu ildə Polşanın Krakov Universitetinin fəxri professoru, 1990-cı ildə Hacı Zeynalabdin Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Akademik Siyavuş Qarayevin sözlərinə görə, Çingiz Abdullayev ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb, 1983-cü ildən etibarən dövri mətbuatda oçerk, məqalə və detektiv janrında yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazır, ingilis və italyan dillərində sərbəst danışır. Kitabları 28 dilə tərcümə edilib və ümumilikdə 26 milyon nüsxə ilə MDB, Baltikyanı ölkələr, eləcə də Amerika, Fransa, İsveç, Norveç, Bolqarıstan, İsrail, İspaniya, Türkiyə, İtaliya, Çin və Rumıniyada çap olunub. Amerikanın nüfuzlu jurnallarından biri onu müasir dövrün siyasi detektiv janrının ən yaxşı nümayəndələrindən biri adlandırıb. Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərinə görə Çingiz Abdullayev "Qırmızı Bayraq" ordeni və medallarla, 2009-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Rektor Siyavuş Qarayev yazıçıya gələcəkdə daha böyük uğurlar arzuladı.

Sonra Neft Akademiyasının tələbə və müəllim kollektivi qarşısında çıxış edən xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanın ədəbi mühitinin hazırkı durumu, indiyədək çap olunmuş əsərləri və gələcək planları haqqında məlumat verdi. Onun sözlərinə görə, birinci kitabı "Mavi mələklər" əvvəlcə 30 min, sonra isə 100 min tirajla çap olunub. İndiyədək ümumilikdə 160 roman yazıb və onlar bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək müəllifinə şöhrət qazandırıb. Bu günlərdə Bolqarıstanda çox nəfis şəkildə yeni kitabı çapdan çıxıb. Fransada da yeni kitabı işıq üzü görüb. Hazırda "Qanun" nəşriyyatı yazıçının bütün külliyyatını Azərbaycan dilinə tərcümə edərək nəşrə hazırlayır.

Yazıçı əsərlərinin mövzusunu əsasən real həyatdan götürdüyünü bildirdi. Onun sözlərinə görə, Ukraynanın hazırkı Prezidenti Viktor Yanukoviçin (kitab yazılarkən baş nazir olub), Litvanın sabiq prezidenti Vitaltas Lansberqisin həyatı haqqında, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Gürcüstanın sabiq dövlət başçısı Eduard Şevardnadzenin həyatına sui-qəsd cəhdləri ilə bağlı kitablar yazıb və bu əsərlər geniş oxucu kütlələri tərəfindən maraqla qarşılanıb.

Sonra yazıçı tələbələri maraqlandıran suallara cavab verdi və onları çoxlu kitab oxumağa çağırdı.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2012.- 14 mart.- S. 11.