Dahi şairin musiqi dünyası öyrənilir

 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinin ölkəmizdə geniş qeyd edilməsi barədə Prezident İlham Əliyevin sərəncamı şairin vətəni, Gəncədə də böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır. Şəhərdə bu münasibətlə geniş hazırlıq işləri aparılır.

 

Nizami məqbərəsi əsaslı surətdə təmir olunmuşdur, 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmişdir. Beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunmuşdur. Məqbərənin ətrafında yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Bir sözlə, son dövrdə Gəncənin simasıdaha da gözəlləşmiş və bu fonda Nizami Gəncəvinin məqbərə kompleksi də ümumi mənzərəni tamamlamışdır.

Bu məqamda ulu öndər, Heydər Əliyevin 20 il bundan öncə dediyi sözləri xatırlamaq yerinə düşər: "Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi ona görə ki, Nizami gəncəlidir. Gəncənin adını dünyaya da məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur."

Prezidentin sərəncamına əsasən, Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə əlaqədar olaraq onun yaradıcılığı ilə bağlı yeni tədqiqatlar aparırlar. Əvvəlki araşdırmalar, Nizami poeziyasının musiqidə əksinə həsr olunmuş elmi-tədqiqat əsərləri, monoqrafiyalar da yenidən nəşr edilir. Nizami Gəncəvi irsinə, yaradıcılığına göstərilən belə sayğılı münasibət ilk növbədə xalqımızın Şeyx Nizaminin ölməz ruhuna olan mənəvi borcunun və sədaqətinin parlaq təzahürüdür.

Gəncə Şəhər İcra Hakimiyyəti rəhbərliyinin tövsiyəsi ilə şairin sözlərinə Azərbaycan bəstəkarlarının yazdıqları bir sıra sənət inciləri - F.Əmirovun "Gülüm", Q. Hüseynlinin "Ey gözüm, de, görmədinmi", A. Rzayevanın "Könlüm", Ş.Axundovanın "Nizami necə səbr etsin, əzizim", Zakir Bağırovun "Gələcək nəslə xitab", C.Cahangirovun "Gül camalın", S.Ələsgərovun "Sərvi-xuramanım mənim" və bir çox digər sənət nümunələri Gəncə Dövlət Universtitetinin musiqi fənləri kafedrasının müdiri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyevanın "Nizami Gəncəvinin lirikası vokal miniatürlərdə" adlı məcmuəyə daxil edilərək nəşr edilmşidir.

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə regional elmi mərkəzi Nizaminin sözlərinə dahi Üzeyir Hacıbəylinin yaratdığı "Sənsiz" və "Sevgili canan" romanslarını, eləcə də Cahangir Cahangirovun şairin sözlərinə bəstələdiyi "Gül camalın" romansını və xor üçün "Qəzəl" əsərini nəfis şəkildə yenidən nəşr etdirmişdir.

Romans-qəzəl janrının yaranmasının Nizami Gənəcəvi və Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu açıqlayan bu nəşrlərin tərtibçi redaktoru və ön söz Sevda Qurbanəliyeva 1941-ci ildə Üzeyir Hacıbəylinin şairin sözlərinə "Sənsiz", 1943-cü ildə isə "Sevgili canan" romanslarını yazmaqla musiqi tariximizdə yeni romans-qəzəl janrının əsasını qoyduğunu qeyd edir. Səs və fortepiano üçün yazılmış bu əsərlərdə romansın əsas xüsusiyyətləri, qəzəlin lirik məzımunu, muğamın lirikası və inkişaf məntiqin bir vəhdət təşkil etdiyini qeyd edir.

Üzeyir Hacıbəylinin ənənələrini davam etdirərək, bir çox bəstəkarlarımız Nizami lirikasından bəhrələnmiş bir sıra romans və mahnılar, müxtəlif janrlarda əbədiyaşar əsərlər bəstələmişlər. Mədəni irsimizin qorunub saxlanmasında, onun tədqiqi və təbliğində, dünya miqyasında tanınmasında Azərbaycan alimlərinin elmi-tədqiqat əsərlərinin xarici ölkələrdə nəşri gündəmdə qalır. Bu baxımdan tədqiqatçı alim, Sevda Qurbanəliyevanın da əməyi təqdirəlayiqdir.

Bu gün respublikamızda və xarici ölkələrdə "Nizami və musiqi" mövzusunda nəşr olunan bir sıra elmi kitabların, o cümlədən fundamental elmi-tədqiqat əsərlərinin müəllifi kimi tanınan musiqişünas alimin klassik musiqişünaslıq ənənələrinə uyğun qələmə aldığı "Nizami Gəncəvinin musiqi dünyası" monoqrafiyasının Kiyev şəhərində nəşr edilərək bir çox xarici ölkələrdə yayımlanması ilk növbədə Avropa mütəxəssislərinə Azərbaycan xalqının çoxəsrlik zəngin musiqi mədəniyyəti və mənəvi irsimizlə yaxından tanış olmaq imkanı yaratmışdır. Bu monoqrafiya Azərbaycan musiqişünaslıq elmində "Şair və musiqi" mövzusunda yazılmış ilk fundamental elmi-tədqiqat əsəridir. Kitaba Nizami Gəncəvi yaradıcılığı, Azərbaycan muğamı, Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri milli mədəniyyətimizin vahid inkişaf xəttinin aparıcı məqamları kimi ilk dəfə olaraq qarşılıqlı əlaqələr zəminində işıqlandırılır.

Nizami irsi XII əsr Azərbaycan musiqi mədəniyyətinin öyrənilməsi və Azərbaycan bəstəkarlarının ilham mənbəyi kimi tədqiq olunur. "Nizami Gəncəvi Azərbaycan bəstəkarlarının yaradıcılığında" adlı ikinci fəslində müəllif musiqimizin ən lirik səhifələrinin məhz Nizami Gəncəvinin poeziyası ilə bağlılığını qeyd edir. Bu fəslə Əfrasiyab Bədəlbəylinin "Nizami", Niyazinin "Xosrov və Şirin" operaları, Soltan Hacıbəyovun "İskəndər və çoban" uşaq operası, Fikrət Əmirovun "Gülüm" romans qəzəli, "Nizami" simfoniyası, Nizami baleti, Qara Qarayevin"Payız" lirik xoru, "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" baleti, eləcə də digər əsərlər daxil edilmişdir. Tanınmış alim Bakı Musiqi Akademiyasının nəzdnində fəaliyyət göstərən dissertasiya şurasının üzvü Sevda Qurbanəliyevanın elmi-pedaqoji fəaliyyəti də rəngərəng və çox şaxəlidir. Onun "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti", "Musiqi tərbiyəsinin müasir problemləri", "Milli musiqimiz milli sərvətimizdir" , "Nizami Gəncəvi və Azərbaycan musiqi mədəniyyəti", Milli mədəniyyət və qloballaşma" və bir çox digər mövzulardamusiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Təsadüfi deyil ki, çoxsaylı elmi əsər, dərslik, metodiki tövsiyə və tədris proqramlarının müəllifi olan Sevda Qurbanəliyevanın "Şəxsiyyət və musiqi", "Nizami Gəncəvi və Fikrət Əmirovun musiqi dünyası", "Musiqi savadına dair metodiki vəsait" və bir sıra digər kitabları bu gün tədris prosesində geniş istifadə olunur.

Azərbaycanın görkəmli bəstəkarı Qəmbər Hüseynli haqqında ilk monoqrafik elmi-tədqiqat əsərinin hazırlanaması da Sevda Qurbanəliyeva, Lalə Rəfibəyli və Nüşabə Seyfullayevanın adı ilə bağlıdır. Kəpəz bələdiyyəsinin dəstəyi ilə işıq üzü görmüş "Qəmbər Hüseynli yaradıcılığı milli ənənələr kontekstində", kitabı milli mədəniyyətimizin təbliği sahəsində əhəmiyyətlidir. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmiş Sevda Qurbanəliyevanın elmi-pedaqoji fəaliyyəti doğma Gəncə ilə bağlıdır. Onun elmi yaradıcılığı əsasən dahi Nizaminin bədii-fəlsəfi irsində musiqi məsələlərinə həsr olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Nizami sənətini yüksək qiymətləndirərək demişdir: "Nizami təkcə şair, müdrik söz ustası deyildi, həm də gözəl filosof idi. Onun əsərləri dünyanın azad fikir xəzinəsini layiqincə zənginləşdirmiş və bütün Şərq xalqlarını bəşəriyyətin firavanlığı naminə yaxşı, xeyirxah işlərə ruhlandırmışdır".

Nizami irsində insanları xeyirxahlığa səsləyən əsas motivlərdən biri də məhz musiqi ilə bağlıdır. Bu cəhət professor Sevda Qurbanəliyevanın dahi şairlə bağlı tədqiqatlarının dəyərini anlamaq üçün vacib amildir.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2012.- 14 mart.- S. 7.