Mart hadisələri Azərbaycan dövlətinin qüdrətini, milli maraqlarımızı qorumaq əzmini növbəti dəfə sübut etdi

 

Müdriklər doğru deyiblər ki, istənilən hadisənin əsas səbəblərinin öyrənilməsi üçün zamana ehtiyac var. Tarix boyu bu həqiqət dəfələrlə öz təsdiqini tapıb. Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyimiz problemlərin əsas səbəbləri və ssenari müəllifləri də zaman keçdikcə bütün detallarına qədər hamıya məlum olur. Doğrudur, siyasət dahisi olan ulu öndər Heydər Əliyev həmin proseslərin hər birini ən incə detalına qədər dəqiq bilirdi və bilməsəydi həmin maneələrin hamısını belə asanlıqla geridə qoya bilməzdi. Ancaq geniş ictimaiyyət, xüsusən, dünya siyasətçiləri Azərbaycanın ətrafında gedən prosesləri xeyli vaxt ötdükdən sonra dəqiq qiymətləndirə bildilər.

 

1994 - 95-ci illərdə baş vermiş dövlət çevrilişi cəhdləri də istisna təşkil etmədi. Əcnəbi siyasətçilər həmin illərdə adı çəkilən hadisələri adi iqtidar-müxalifət qarşıdurması kimi, hərbi müxalifətin dəstəyindən şirniklənən siyasi müxalifətin hakimiyyətə gəlmək arzusunu reallaşdırmaq cəhdi kimi qiymətləndirmişdilər. Ancaq sonralar - ulu öndər Heydər Əliyevin özünəməxsus əsaslandırılmış arqument və fikirləri dünya ictimaiyyətinə çatdıqca sular durulmağa başladı. Hamıya aydın oldu ki, həmin hadisələr zamanı söhbət kiminsə hakimiyyətə gəlmək istəyindən deyil, gənc müstəqil Azərbaycan dövlətini çökdürməkdən, bizim milli müstəqilliyimizin ikinci dəfə əldən getməsinə şərait yaradılmasından gedirdi.

Bir-biri ilə möhkəm tellərlə bağlı olan həmin hadisələrin (bu bağlılığın əsas səbəbi ssenarilərin eyni mərkəzdə hazırlanması idi) bəzi məqamlarına diqqət yetirək. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının müştərək işlənməsi üçün dünyanın aparıcı dövlətlərini təmsil edən neft şirkətlərinin yaratdığı konsorsiumla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında Saziş ("Əsrin müqaviləsi") imzalandı. Geosiyasətdən və dünya siyasətindəki iqtisadi maraqlar prinsipindən azca da olsa başı çıxan istənilən adam dərk edirdi ki, həmin saziş böhranlar girdabında çabalayan Azərbaycan üçün nicat yoludur. Hamı başa düşürdü və buna sevinənlər qədər gözü götürməyənlər də var idi. Ona görə də Azərbaycanın bir addım belə irəliləməsini istəməyənlər həmin sazişin imzalanmasının ertəsi günü - sentyabrın 21-dən 22-nə keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından dövlətə qarşı cinayətdə ittiham olunan bir neçə cinayətkarın qaçırılmasına nail oldular. Məqsəd dövlətə hədə-qorxu gəlmək, insanlar arasında vahimə yaratmaq idi. Sadə vətəndaşı inandırmaq istəyirdilər ki, bu saziş Azərbaycana problemlər gətirəcək. Cəmi bir həftə sonra - sentyabrın 29-da isə iki nəfər dövlət xadimi - Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildi.

Hiss olunurdu ki, bu cinayətkar əməllər xalqın dövlətə və dövlətçiliyə inamını qıra bilmir. Xalq Heydər Əliyevin siyasi dühasına inanır və onun tutduğu yolu daha qətiyyətlə dəstəkləyirdi. Ona görə də "ssenari müəllifləri" ələ aldıqları yerli "oyunçuları" daha iyrənc bir addım atmağa məcbur etdilər. Xüsusi Təyinatlı Polis Dəstəsinin cinayət yoluna düşmüş 30-a qədər "döyüşçüsü" oktyabrın 2-də Respublika Prokurorluğunun binasına soxulduqanunazidd əməllər törətməyə başladı. Qaragüruh dəstəsinin ideoloqları bir neçə məqamı nəzərə almışdılar - qanunsuz əməllərə və sonralar qanlı cinayətlərə sövq etdikləri adamları vətənə və dövlətçiliyə xidmətləri olmuş "omonçular" arasından seçirdilər ki, xalqda xüsusi bir çaşqınlıq yaransın. Beləliklə, "omonçular" cinayət yoluna sövq edildiçevriliş cəhdlərinə məhz onların əli ilə başlanıldı.

Heydər Əliyevin cəbhədə düşmənlə atəşkəsə nail olması bizim görünməyən düşmənlərimizə çox ağır zərbə idi. Çünki bu atəşkəs ordunun formalaşdırılmasına, beynəlxalq ictimaiyyətə münaqişənin kökləri və səbəbləri barədə daha müfəssəl məlumatlar verilməsinə zəmin yaradırdı. Bir tərəfdən də bu atəşkəs itkilərin qarşısının alınması üçün lazım idi. Çünki düşmən öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, həmin ərazilərdə "torpağı viran qoymaq" taktikasını reallaşdırmış, müharibədə 20 min soydaşımız şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlilə çevrilmişdi. Qaçqın və köçkünlərin sayı milyon nəfəri ötmüşdü. Belə bir zamanda Heydər Əliyev atəşkəsə nail oldu və nəticə göz qabağındadır. Azərbaycan ordusu nəinki Cənubi Qafqazın, hətta regionun ən güclü silahlı qüvvələrinə çevrildi.

Ulu öndərin atəşkəs siyasətini xalqımız və regionda marağı olan qüvvələr dəstəkləsə də, Azərbaycanda öz çirkin maraqlarını reallaşdırmaq istəyənlər müharibənin davam etməsinə, xaos və anarxiyanın daha geniş miqyas almasına çalışırdılar. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin kökündə məhz bu məqsədlər dururdu: - ölkədə siyasi cəhətdən səbatsız və idarəetmədə diletant olan adamlar hakimiyyətə gəlsin ki, məhz onların fərasətsizliyi və xəyanəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirsin. Surət HüseynovCavadov qardaşları o qədər savadlı və ya uzaqgörən deyildilər ki, bu məsələlərin mahiyyətinə vara bilsinlər. Onlar düşünmək üçün yox, güc tətbiq etmək üçün seçilmiş fiqurlar idi.

Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və xalqın ona olan inamı, etimadı nəticəsində 1994-cü ilin oktyabr hadisələri itkisiz, qadasız olaraq aradan qaldırıldı. Ancaq düşmən susmaq istəmirdi. Ona görə də 1995-ci il martın 12-dən 13-nə keçən gecə çevriliş cəhdinin xəyanət və satqınlıqla hazırlanmış ikinci mərhələsinə start verildi. Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları AğstafaQazaxda dövlət idarələrini zəbt etdilər. Martın 15-də isə onların Bakıdakı "əqidə qardaşları" Nizami Rayon Polis İdarəsinə silahlı basqın etdilər və dəf olundular. Dövlət başçısının 16 mart tarixli fərmanı ilə XTPD ləğv edildi. Prezident Heydər Əliyev "omonçular"ın silahı təhvil verib yerləşdikləri bazanı tərk etmələri üçün şərait yaradılmasına göstəriş verdi. Cavadov qardaşları dövlət başçısının bu humanist addımını zəiflik kimi qəbul edib ona məhəl qoymadılar. Onlar əvvəlcədən bazada topladıqları silahları şərti olaraq formalaşdırdıqları dörd hücum qrupuna bölərək martın 16-dan 17-nə keçən gecə Prezident Sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq üçün həmlə ilə mühasirəni yarmağa, şəhərə çıxmağa çalışdılar.

Heydər Əliyevin siyasi müdrikliyi, xalqın dövlətə inamı, silahlı qüvvələrin vahid komandanlıq tərəfindən idarə edilməsi və ən başlıcası, cinayətkar qruplaşmanın görünməmiş dərəcədə ədalətsizlik etməsi "OMON"un ağır məğlubiyyəti, haqqın, ədalətin qələbəsi ilə başa çatdı. Ən başlıcası isə Azərbaycanda dövlət başçısının siyasi meydandan qaçmaq tendensiyasına birdəfəlik son qoyuldu. Əli silah tutan kiminsə dövləti zorla devirmək cəhdləri kimi iyrənc və qanunsuz yol tutması halları tarixin arxivinə atıldı. Xalq Heydər Əliyevin siyasi kursunu dəstəkləməklə Azərbaycanın işıqlı sabahına zəmin yaratdı, milli dövlətçiliyimizə qəsd etmək istəyənlərə öz yerini göstərdi. Ən nəhayət, 1995-ci ilin mart hadisələri sübut etdi ki, gənc müstəqil Azərbaycan dövləti qüdrətlidir, bu dövlətin bədxahları isə qaragüruhçuluqdan o tərəfə gedə bilməyən, cılız düşüncəli insanlardır. Dövlət çevrilişi cəhdlərində istifadə olunmuş adamların özləri də çox sonralar başa düşdülər ki, onlar aldadılmış və öz xalqına, dövlətinə qarşı cinayətlərə sövq edilmişdilər. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dövlətə qarşı törədilən cinayətlərdə iştirak etmiş insanlara münasibətdə humanizm prinsiplərini əsas tutaraq Azərbaycan dövlətinin mövqeyini daha da möhkəmləndirdilər.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 16 mart.- S. 5.