Şəki: İnkişafın yeni mərhələsinin istiqamətləri və əsas hədəfləri

 

Bu qədim mədəniyyət mərkəzinin, dağlar diyarının, qurub-yaratmaq eşqi ilə yaşayan insanların gündən-günə gözəlləşdirdiyi məkanın hansı ilinə nəzər salsan, mütləq əlamətdar bir hadisə ilə rastlaşırsan. Çünki Şəkinin "xəmiri belə yoğrulub". Tarixin bütün dönəmlərində belə olub. İndi də belədir. Ancaq indi vəziyyət daha ürəkaçandır. Çünki indi şəkililər ölkənin hər yerində geniş vüsət almış sosial-iqtisadi inkişafa özünəməxsus töhfələr vermək üçün yeni yollar axtarır, yeni istiqamətlər müəyyənləşdirirlər. Bu məsələdə onların ən yaxın köməkçisi dövlətin inkişaf strategiyası, ən böyük dəstəyi isə dövlət başçısının qayğı və diqqətidir. 

 

Bunu Şəkidə hamı məhz bu şəkildə qiymətləndirir və etiraf edir. Ancaq etiraf hələ işin çox da böyük olmayan bir hissəsidir. Əsası odur ki, dövlətin qayğı və dəstəyinə layiqincə cavab verməyi bacarasan. Şəkiyə hər dəfə gələndə məhz bu amilin - şəkililərin dövlətdən gördüyü qayğı və dəstəyə layiqincə cavab vermək tendensiyasının şahidinə çevrilirsən.

Ötən il Şəkidən çox yazmışıq, icra olunmuş çoxsaylı layihələrdən, qazanılan böyük nailiyyətlərdən söz açmışıq. Amma deyəsən bu il mövzularımız daha çox, toxunacağımız məsələlər daha zəngin olacaq. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla söhbətimizdən sonra bu qənaətə gəldik. Elxan müəllim dedi ki, 2012-ci ildə biz sosial-iqtisadi sahədəki çoxsaylı layihələrlə yanaşı, ictimai-siyasi və elmi-kütləvi sahələrdə də böyük işlər görəcəyik: - Çünkü, 2012-ci il şəhərimizin tarixində yubileylər ili kimi qalacaqdır. Bu il biz Mirzə Fətəli Axundovun 200 illiyini, Xan Sarayının 250 illiyini, Şəki şəhər 5 saylı orta məktəbin 180 illiyini və "Şəhər Günü"nü bayram edəcəyik.

Eyni zamanda, hələ ötən ilin sentyabrında Rusiya Federasiyasının Tatarıstan Respublikasında keçirilmiş TÜRKSOY-un 4-cü toplantısında 2012-ci il üçün türk dünyasının qeyri-maddi mədəni irs paytaxtları elan edilmişdi. Tatarıstanın Elabutu və Başqırdıstanın Ufa şəhəri ilə yanaşı, Azərbaycanın Şəki şəhəri də bu il üçün türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı elan olunub. İl ərzində bu çərçivədə Şəkidə türk dünyasının müxtəlif tədbirlərinin keçirilməsi nəzərdə tutulur. İndi diqqət yetirin, bir neçə yubileytürk dünyası çərçivəsində keçirilən çoxsaylı tədbirlər. Deməli, bu il biz 2011-ci ildəkindən qat-qat çox məsuliyyətlə çalışmalı olacağıq. Üstəlik, sosial-iqtisadi sahədə planlaşdırmalı olduğumuz layihələr də ötən ildəkindən çox, qazanmalı olduğumuz nailiyyətlər də ötən ilkinə nisbətən genişmiqyaslı olmalıdır.

Elxan müəllimin verdiyi bu "ip ucundan" istifadə edərək soruşdum ki, ictimai-siyasi və elmi-mədəni sahələrdə görüləcək işlərin bəzilərinin adını çəkdiniz, bəs sosial-iqtisadi sahədə əsasən nələrin reallaşdırılmasını nəzərdə tutursunuz?

- 2012-ci ildə qarşıda duran vəzifələri müəyyənləşdirərkən həlli xüsusilə zəruri olan bəzi məsələləri daha çox önə çəkmişik. Bunlar rayonun sosial-iqtisadi inkişafının gücləndirilməsi, ərazinin infrastrukturunun yenidən qurulması üçün bir sıra mühüm layihələrin həyata keçirilməsi, sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ərazinin təbii sərvətlərindən səmərəli istifadə edilməsinə nail olunması, yol təsərrüfatı və nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi, elektrik enerjisi, istilikqaz təchizatının, rabitə xidmətinin yaxşılaşdırılması, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, meliorasiyairriqasiya sahəsində zəruri işlərin davam etdirilməsi, yeni yerlərinin açılması, quşçuluq və baramaçılıq təsərrüfatlarının yaradılması, eləcə də rayon həyatındakı digər layihələrin icra olunmasından ibarətdir. Yəni bu sahədə görəcəyimiz işlər də miqyas etibarilə bayaq sadaladığım məsələlərdən heç də geridə qalmır. Ona görə də "bu il daha məsuliyyətlə işləməliyik" - ifadəsinin altında nələrin dayandığına hər bir şəkili diqqət yetirir.

- Sizin 2011-ci ildə qazandığınız nailiyyətlər sübut edir ki, şəkililər 2012-ci ildə qarşıda duran böyük vəzifələrin öhdəsindən uğurla gələcəklər.

- 2011-ci il sözün həqiqi mənasında Şəki üçün çox böyük uğurlar ili olub. Rayonumuz üçün həmin ilin ən əlamətdar, yaddaqalan hadisəsi isə noyabrın 17-də möhtərəm Prezidentimiz İlham Əliyevin Şəkiyə səfər etməsi idi. Dövlət başçımız rayonda olarkən bir sıra sosial təyinatlı obyektlərin açılışında iştirak edib, özünün tapşırıq və tövsiyələrini verib. Prezident Şəkiyə səfəri çərçivəsində 100 çarpayılıq Mərkəzi Xəstəxananın açılışında iştirak edəndən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən bizim hər birimiz üçün iftixar mənbəyinə çevrilən fikirlər söyləmişdi: "Bu yaxınlarda Şəkinin inkişafı ilə bağlı xüsusi sərəncam verilmişdir. Bu sərəncamın çox böyük mənası vardır. Təkcə ona görə yox ki, bu sərəncam əsasında Şəkinin abadlaşmasına və tarixi binaların bərpasına 5 milyon manat vəsait ayrılmışdır. Əvvəlki dövrdə də vəsait ayrılmışdır, bundan sonra da ayrılacaqdır. Bu sərəncamın əsas mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi keçmişimizə, tarixi şəhərlərimizə daha da böyük diqqətlə yanaşmalıyıq... Elə tarixi şəhərlər var ki, onların Azərbaycan tarixində, Azərbaycan xalqının formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir".

Ötən ilin sosial-iqtisadi göstəricilərinə gəlincə isə bir neçə faktı mən söyləyim, qalanlarını özünüz öyrənəcəksiniz. Məsələn, 2011-ci ildə məhsul buraxılışı özündən əvvəlki ilə nisbətən 37,4 faiz çox olub. Adambaşına faktiki qiymətlərlə 1898 manatlıq məhsul istehsal olunub. Bu göstərici isə əvvəlki illə müqayisədə 36,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21,8 faiz artıb, il ərzində 1184 yeni yeri açılıb. Orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 11,9 faiz çox olub. Sosial-iqtisadi inkişafa bütün maliyyə mənbələri hesabına yönəldilən investisiyaların həcmi əvvəlki illə müqayisədə 2 dəfə çox olub. Əsas kapitala yönəldilən investisiyanın 88,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib və sairə.

Doğrusu, icra başçısı elə konkret faktlar və rəqəmlər söylədi ki, Şəkinin sosial-iqtisadi inkişafı barədə təsəvvür yaratmaq üçün onların qeyd edilməsi kifayət idi. İnkişafa yönəldilən investisiyanın bir il ərzində iki dəfə artması, o qədər vəsaitin 88,5 faizinin tikinti-quraşdırma işlərinə sərf edilməsi və başqa göstəricilər həqiqətən bir rayon üçün kifayət qədər uğurlu faktlardır. Ancaq hər halda bəzi başqa məqamlara da diqqət yönəltmək istədik və çoxsaylı faktlar barədə məlumat aldıq.

Öyrəndik ki, əvvəlki illərdə olduğu kimi ötən ilrayonda kənd təsərrüfatının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Ölkənin ən iri taxılçılıq rayonlarından olan Şəkidə respublikada istehsal olunan taxılın 10-15 faizi qədər taxıl yığılır. Təkcə ötən il Şəkidə taxıl istehsalı 100 min ton artırılıb. Taxıl əkilən sahələrin sel sularından mühafizə edilməsi üçün Küngüt, Daşağıl, Zəyzid, ŞinKiş çaylarında 954 min kubmetr həcmində təmizləmə işləri görülüb. Rayonda ekoloji mühitin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılıb. İl ərzində 84 min 910 ağac əkilib, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 110 hektar ərazidə meşə əkinləri aparılıb.

Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Şurada rayonda həyata keçiriləcək bütün tikinti, təmir və yenidənqurma işlərinin layihələri müzakirə edilirkollegial şəkildə təsdiq olunur. Məhz həmin şuranın qərarı əsasında Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkında, Axundovun büstünün ətrafında, böyük ədibin ev muzeyində abadlıq və yenidənqurma işləri aparılıb, əsas prospektdəki bir sıra binaların dam örtükləri və fasadları əvvəlki görünüşündə bərpa olunub. Heydər Əliyev və Məmməd Əmin Rəsulzadə prospektlərində yol kənarı məhəllə divarlarının daş və kərpiclə üzlənməsi işləri aparılıb, həyətlərə giriş darvazaları qədim memarlıq üslubunda əsaslı surətdə bərpa olunub. Salman Mümtaz küçəsində və Oğuz şossesindəki yolayrıcı dairələrin yenidən qurulması başa çatdırılıb, Oğuz şossesində körpü quraşdırılıb, bu əraziyə çəkilmiş yola asfalt döşənib. Şəhərin əsas küçələrində müasir işıqlandırma sistemi quraşdırılıb. Yeni yaşıllıq zolaqlarının, kiçik parkların salınması diqqət mərkəzində saxlanılıb.

Şəhər icra hakimiyyəti ilə Arxitektura və Şəhərsalma Komitəsi birlikdə Şəki şəhərinin Baş Planını hazırlayıb. Həmin plana əsasən, şəhərin qərbə doğru genişləndirilməsi, perspektivdə Oxud, İnçə, Kiş, Qoxmuq kəndlərinin də şəhər ərazisinə daxil olması nəzərdə tutulur. Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının, Şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın inşa edilməsi planın əsas tərkib hissələrindəndir. Prezident İlham Əliyev Şəkidə olarkən demişdir: "Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub. Şəkinin inkişafı ilə bağlı əsas istiqamətlər müəyyən edilmişdir. Qısa müddət ərzində böyük layihələrin master-planı hazırlanmışdır və mənə təqdim edilmişdir. İndi planın icrası başlanmalıdır".

Beləliklə, Şəki sözün həqiqi mənasında öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Əhaliyə göstərilən kommunal xidmətlərinin səviyyəsinin məhz inkişafın bu mərhələsi ilə uzlaşdırılması istiqamətində xüsusi tədbirlər həyata keçirilir. Rayon sakinlərinə elektrik enerjisi, təbii qaz, içməli suistilik verilməsinin yaxşılaşdırılması məsələləri icra hakimiyyətinin daimi diqqət mərkəzindədir. Rayon təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi ilə yanaşı təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində də lazım olan bütün addımlar atılır. Məhz bunun nəticəsidir ki, ötən il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş 1265 nəfər şəkili məzundan 513 nəfəri tələbə adını qazanıb. Pis göstərici deyil.

Ötən il rayonun səhiyyə və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində nəzərəçarpacaq göstəricilər əldə olunub. Bu işin 2012-ci ildə daha geniş miqyas alacağı barədə yuxarıda qeyd etmişik.

... Sonda qeyd etmək istədiyimiz əsas məqam ondan ibarətdir ki, bu gün Şəkinin inkişafda olmayan, tərəqqi etməyən bir ünvanı varsa, o da bu yurdun qədim qalaları, tarixi abidələridir. Onlar isə öz sözlərini çoxdan deyiblər. İndi şəkili bələdçilər minlərlə, on minlərlə turistə məhz həmin tarixi abidələr barədə söz deyirlər.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 18 mart.- S. 7.