Azərbaycan gəncliyi müstəqil dövlətimizin dayağıdır

 

Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsi böyük tarixi hadisədir. Bu, bir daha təsdiqlədi ki, ölkəmizdə gənclərə böyük etimad göstərilir və gənclik müstəqil Azərbaycanın gələcəyidir. Bir qədər əvvəl Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresində bu birliyin yaradılması ideyası irəli sürüləndə gənclərimizin sabaha olan inamı daha da artdı. Azərbaycan gəncliyinin ölkədə gedən ictimai-siyasi proseslərdə aparıcı qüvvə kimi çıxış etməsi beynəlxalq aləmə inteqrasiya istiqamətində geniş imkanlar açır.

 

Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın XXI əsrinin qurucuları hesab edir, gəncliyi müstəqilliyimizin qarantı adlandırırdı. Azərbaycanda gənclərə etimad göstərilməsi, onların müasir düşüncə səviyyəsində yetişmələri, hərtərəfli biliyə malik olmaları üçün aparılan işlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Böyük tarixi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycanı gələcəkdə də idarə edə biləcək, yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi.

1993-cü ilin iyunundan sonra müstəqil Azərbaycanı gələcəkdə də yaşadacaq və idarə edə biləcək gənc nəslin formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Bu sahədə ciddi tədbirlər həyata keçirən ulu öndər Heydər Əliyev gənclərlə işi daha səmərəli şəkildə təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakını təmin etmək məqsədi ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə əlaqədar 1994-cü il iyulun 26-da sərəncam imzaladı. Bir müddət sonra isə "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi də gəncliyə olan inamın və etimadın nəticəsi idi. Forumun əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayaraq tədbirin keçirildiyi günü - 2 fevralı Gənclər Günü elan etdi. Hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında gəncliyin inkişafını daha da stimullaşdıran qanunvericilik bazası xeyli möhkəmləndirildi. Dövlət başçısının imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", həmçinin gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətindəki digər sənədlər bunun parlaq sübutudur.

Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ideyasının gerçəkləşdirilməsi Azərbaycan gəncliyinin beynəlxalq aləmdə növbəti uğurlarındandır. Bu tədbirin Almaniyanın Frankfurt şəhərində keçirilməsi gənclərimizin beynəlxalq aləmdə böyük uğuru kimi dəyərləndirilməlidir.

Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirakının təmin olunması qarşıya qoyulan prioritet vəzifələrdəndir.

2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm hadisə oldu. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın sədrliyi ilə gəncləri öz ətrafında birləşdirən bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atıb.

Hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli maraqlarımızın müdafiəsi, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, zəngin mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirməsi böyük əhəmiyyət kəsb edir. Gənclərimiz müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri bu barədə məhdud informasiyaya malik dövlət və siyasət adamlarına, eləcə də sadə vətəndaşlara çatdırmağa çalışırlar.

Ermənistan silahlı qüvvələrinin ölkəmizdə törətdiyi ağlasığmaz vəhşiliklər barədə dünya ictimaiyyətinə dolğun, əhatəli məlumat verilməsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rolu yüksək qiymətə layiqdir. RAGT-ın sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasının əsas məqsədi Ermənistan silahlı qüvvələrinin günahsız insanlara qarşı törətdikləri misli görünməmiş qəddarlıq, soyqırımı barədə dünya ictimaiyyətinə təkzibolunmaz faktlarla məlumat verilməsidir. Təşkilatın müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin məlumatlandırılması məqsədi ilə keçirdiyi müxtəlif tədbirlər, kampaniyalar, elmi-praktik konfranslar və digər aksiyalar öz bəhrəsini vermişdir. Artıq dünyanın əksər ölkələrində keçirilən "Xocalıya ədalət" kampaniyası Ermənistanın iç üzünü açaraq bu ölkənin terror yuvası olduğunu bütün dünyaya bəyan etdi.

Bütün bunlar barəsində rayonumuzun gənclərinin məlumatlandırılması istiqamətində əhəmiyyətli tədbirlər keçirmişik. Ötən il bu istiqamətdə 29 rayondaxili tədbirlər, 4 zona tədbiri keçirmişik və 5 respublika miqyaslı tədbirdə iştirak etmişik. Rayonumuzda Olimpiya İdman Kompleksinin, Gənclər Mərkəzinin və Şahmat məktəbinin tikilməsi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Bütün bunlar möhtərəm Prezidentimizin gənclərə göstərdiyi yüksək səviyyəli diqqət və qayğının təzahürüdür.

Rayonumuzun gəncləri onlara göstərilən etimaddan, diqqət və qayğıdan ruhlanaraq dövlət başçımızın ərtafında daha sıx birləşir, müstəqil dövlətimizin beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsində Heydər Əliyev siyasi xəttinə alternativ olmadığını bəyan edirlər. Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayından sonra rayonumuzun minlərlə gənci böyük ruh yüksəkliyi ilə bu birliyə üzv olmaq üçün müraciət edib.

Azərbaycan Prezidenti İlham Əliyev gənclərimizin son illərdəki fəaliyyətini, beynəlxalq aləmə inteqrasiyasını yüksək qiymətləndirmiş, gənclərə böyük etimad göstərdiyini ifadə edərək demişdir: "Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir".

 

 

Elçin QİYASOV,

Saatlı Rayon Gənclər və

İdman İdarəsinin rəisi

 

Xalq qəzeti.- 2012.- 18 mart.- S. 3.