Dövlət Neft Fondu Azərbaycanın strateji maraqlarına xidmət edir

 

Linaburg - Maduell Şəffaflıq İndeksinə görə Azərbaycan Dövlət Neft Fondu Suveren Təbii Ehtiyatlar Fondları arasında 5-ci yeri tutmuşdur

 

1994-cü ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən milli neft strategiyasının uğurlu nəticəsi olaraq ölkədə xarici neft şirkətləri ilə birlikdə kartbohidrogen ehtiyatlarının genişmiqyaslı istismarı və nəqli həyata keçirilir. Bunun da nəticəsində ölkəmizin dünyanın enerji təminatında xüsusi çəkisi və strateji əhəmiyyəti ildən-ilə artır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının növbəti mərhələsində ölkəmizin karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən neft gəlirlərınin toplanaraq artırılması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsıni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 saylı fərmanı ilə Dövlət Neft Fondu yaradılmışdır. Ötən illər ərzində fond uğurlu inkişaf yolu keçmişdir.

 

Dövlət Neft Fondundan verilən məlumata görə, 2001-ci ildən başlayaraq 2011-ci il dekabrın sonunadək olan dövr ərzində fonda ümumilikdə 66 milyard 281,8 milyon ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Həmin vəsaitin 63 milyard 320,5 milyon dollarını və yaxud 95,5 faizini neftqaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər, 1milyard 337 milyon dollarını və yaxud 2 faizini fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər, 8 milyard 375,7 milyon ABŞ dollarını və yaxud 2,5 faizini isə digər gəlirlərdən daxilolmalar təşkil etmişdir. Yeri gəlmişkən, fəaliyyətə başlayarkən 271 milyon ABŞ dollarına bərabər olan Neft Fondunun aktivlərinin həcmi 31 dekabr 2011-ci il tarixinə 29 milyard 800 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Dövlət Neft Fondunun xərcləri 28 milyard 342,2 milyon manat (35 milyard 92,4 milyon ABŞ dolları) təşkil etmişdir. Bu vəsaitin 25 milyard 180 milyon manatını (31 milyard 300,8 milyon ABŞ dolları) və yaxud 89 faizini dövlət büdcəsinə transfert ödənişləri təşkil etmişdir. Beləliklə, bu dövr ərzində Dövlət Neft Fonduna daxil olan vəsaitin 46 faizi yığıma yönəldilmişdir.

Yaradıldığı gündən etibarən şəffaflıq Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələri və kütləvi informasiya vasitələri ilə münasibətləri fondun icraçı direktoru tərəfindən 20 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Neft Fondunun İnformasiya Siyasətinə uyğun olaraq qurulur. Bu məqsədlə rübdə bir dəfə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən fondun aktivləri, həyata keçirilən layihələr, gəlirlər və xərclər barədə dövri mətbuatda pres-relizlər yayılır. Neft Fondu gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları, MHŞT-nin tətbiqi barədə məlumatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir. Eyni zamanda, hər il beynəlxalq nüfuzlu auditorlar tərəfindən Neft Fondunun fəaliyyəti audit olunur. Bundan əlavə, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Dövlət Neft Fondunun 2008 və 2009-cu illər üzrə vəsaitinin idarə olunması və istifadəsi ilə bağlı audit yoxlaması keçirilmişdir.

Şəffaf fəaliyyətin nəticəsi olaraq Dövlət Neft Fondunun beynəlxalq müstəvidə mövqeyi daha da güclənmişdir. Təkcə onu demək kifayətdir ki, Suveren Təbii Ehtiyatlar İnstitutunun müəyyən etdiyi Linaburg-Maduell Şəffaflıq İndeksinə görə Azərbaycan Respublikasının Dövlət Neft Fondu suveren təbii ehtiyatlar fondu sırasında 5-ci yerdə qərarlaşaraq bu sırada qabaqcıl Norveç, Alyaska, Avstraliya, Yeni Zelandiyanın fondlarını qabaqlamışdır. Hazırda Dövlət Neft Fondu Suveren Fondların Beynəlxalq Forumu vasitəsilə digər suveren fondlarla sıx əməkdaşlıq edir. Xatırladaq ki, Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmış Suveren Fondların Beynəlxalq Forumu suveren fondların könüllü qrupuduronun əsas məqsədi həmin qurumların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, onların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Yeri gəlmişkən, Neft Fondu Suveren Fondların Beynəlxalq Forumunun fəal üzvüdür və davamlı olaraq onun iclaslarında iştirak edir. Təsadüfi deyil ki, Suveren Fondların Beynəlxalq Forumunun ilk görüşü 2009-cu il 8-9 oktyabr tarixlərində Azərbaycan hökuməti və Dövlət Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilmişdir. Bundan əlavə, Dövlət Neft Fondu Suveren Fondların Beynəlxalq Forumunun tərkibində fəaliyyət göstərən üç alt-komitədən birinin işinə rəhbərlik edir. Həmin komitənin bu günə qədər gördüyü ən vacib işlərdən biri 2010-2011-ci illər ərzində suveren fondlar üçün ümumi qəbul olunmuş ən yaxşı keyfiyyətləri özündə əks etdirən Santyaqo prinsiplərinin tətbiqi ilə əlaqədar sorğunun keçirilməsi və hesabatın hazırlanmasıdır. Bundan başqa, Dövlət Neft Fondu Santyaqo Prinsiplərinin tətbiqinə dair hesabatını ictimaiyyətə açıqlayan ilk suveren fondlardan biridir.

Neft Fondunun valyuta vəsaitlərinin idarə olunması iki əsas normativ sənəd əsasında həyata keçirilir. Bunlar "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" və "Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Siyasəti"dir. Fondun investisiya siyasətinə əsasən, investisiya portfelinin 95 faizi ABŞ dolları, avro və İngiltərə funt sterlinqi, qalan 5 faizi isə digər valyutalarda ifadə olunmuş (denominasiya edilmiş) aktivlərdə yerləşdirilir. Neft Fondunun investisiya fəaliyyətini tənzimləyən İnvestisiya Qaydalarına uyğun olaraq, fondda saxlanılan vəsaitlərin bir hissəsi səriştəli xarici menecerlər tərəfindən idarə olunur. 31 dekabr 2011-ci il tarixinə xarici menecerlərin idarəetməsində olan vəsaitin ümumi miqdarı təqribən 267 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da göstərilən tarixə fondun ümumi aktivlərinin 0,9 faizini təşkil edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu dövlət proqramlarının və layihələrin icrasına da mühüm töhfələr verir. 2001-ci ildən ötən dövr ərzində Dövlət Neft Fondu tərəfindən qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həlli tədbirlərinin, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihələri, "Azərbaycan İnvestisiya Şirkəti"nin nizamnamə kapitalının formalaşdırılması kimi tədbir və layihələr bu baxımdan diqqəti cəlb edir. 2002-ci ildən 2007-ci il fevralın 1-dək olan dövr ərzində Dövlət Neft Fondu tərəfindən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə 298 milyon manat vəsait yönəldilmişdir.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 2006-cı ildə şirkətin nizamnamə kapitalının formalaşdırılmasına Neft Fondundan 90 milyon manat vəsait ayrılmışdır. Xatırladaq ki, Dövlət Neft Fondunun vəsaiti hesabına formalaşdırılmış həmin şirkətin investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir. Bundan əlavə, 2007-ci ildən Dövlət Neft Fondu tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ümumilikdə 222,4 milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Trans-AvropaTrans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə AvropaAsiyaya çıxarılmasını təmin etmək və bununla da, region ölkələrinin tranzit potensialının artırılmasıdır.

Bakı şəhərinin su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi layihəsi mühüm əhəmiyyət kəsb edir. 2006-cı ildən Neft Fondu tərəfindən həmin layihənin maliyyələşdirilməsinə ümumilikdə 779,6 milyon manat vəsait ayrılmışdır. 2010-cu ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə su kəməri istifadəyə verilmişdir. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su mənbələrini istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində suyun nəql olunması və əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasıdır. 2011-ci ildə layihənin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi başa çatmışdır.

Dövlət Neft Fondu tərəfindən, eyni zamanda, bir çox dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası və maliyyələşdirilməsi təmin edilmişdir. Belə ki, fond tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2011-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı" çərçivəsində "Məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi" və Bakı, Sumqayıt, eləcə də digər şəhər və rayonlarda məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdıqları obyektlərdə kommunal infrastrukturun yaxşılaşdırılması ilə bağlı bəndlərində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi həyata keçirilmişdir. 2001-ci ildən etibarən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə ümumilikdə 857,8 milyon manat vəsait yönəldilmişdir. Bu tədbirlər çərçivəsində 18 313 ailə (81,8 min nəfər) üçün fərdi evlərdən ibarət 59 qəsəbə, hündürmərtəbəli binalarbir çox sosial-infrastruktur obyektləri tikilmişdir. 2007-ci ildə Sabirabad rayonunda son çadır düşərgəsi ləğv edilmişdir.

Eyni zamanda, Dövlət Neft Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş "Samur-Abşeron Suvarma Sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının tikintisinin davam etdirilməsi" ilə bağlı tədbirlərin maliyyələşdirilməsi həyata keçirilmişdir. 2006-cı ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 695,5 milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. 2008-ci ildən etibarən Dövlət Neft Fondu tərəfindən, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi də təmin edilir. 2008-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 34,8 milyon manat vəsait ayrılmışdır. 2012-ci il 1 yanvar tarixinə bu proqram vasitəsilə xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı 1028-ə çatmışdır. Məlum olduğu kimi, 2003-cü ildən etibarən Dövlət Neft Fondunun vəsaitinin böyük hissəsi dövlət büdcəsinə transfert edilir. 2003-2011-ci illər ərzində fonddan dövlət büdcəsinə edilmiş transfertlərin ümumi məbləği 25 milyard 180 milyon manat təşkil etmişdir. Bu il Neft Fondundan dövlət büdcəsinə transfertin payı 60 faizə çatmışdır.

Neft Fondunun fəaliyyətində şəffaflığın təmin edilməsi məsələlərinə daim xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü sayəsində Azərbaycanın qoşulduğu beynəlxalq əhəmiyyətli "Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq" Təşəbbüsünün (MHŞT) həyata keçirilməsi istiqamətindəki əldə etdiyi nailiyyətlər və real nəticələr digər ölkələr üçün nümunəyə çevrilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılmış MHŞT üzrə komissiya tərəfindən ölkə hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə hesabatlar və beynəlxalq auditor şirkətinin bu hesabatlara dair verdikləri rəylər ictimaiyyətə mütəmadi olaraq açıqlanır və Azərbaycan bu tədbirin həyata keçirilməsində lider ölkədir. 31 dekabr 2011-ci il tarixinə komissiya tərəfindən 14 hesabatbu hesabatlara dair audit şirkətlərinin rəyləri açıqlanmışdır. MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı artıq 31-ə bərabərdir. Bütün bunların nəticəsidir ki, Neft Fondu həyata keçirdiyi şəffaf fəaliyyəti nəticəsində beynəlxalq birlikdə etibarlı tərəfdaş kimi yüksək nüfuz əldə etmişdir. Ötən müddətdə fəaliyyəti dünyanın bir çox nüfuzlu qurumları tərəfindən yüksək qiymətləndirilmiş Azərbaycan Respublikası Dövlət Neft Fonduna mükafatlar təqdim edilmişdir. Belə ki, 2007-ci il iyunun 26-29-da BMT-nin Vyanadakı qərargahında "Hökumətə inamın bərpası" mövzusunda keçirilmiş 7-ci Qlobal Forum çərçivəsində BMT-nin Dövlət Qulluğu mükafatlarının təqdimetmə mərasimində Dövlət Neft Fonduna "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə mükafat təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, dövlət idarəçiliyi sahəsində ən nüfuzlu mükafat hesab olunan "BMT-nin Dövlət Qulluğu Mükafatı" dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafına verdiyi töhfənin və əldə etdikləri uğurların qiymətləndirilməsi məqsədilə BMT tərəfindən 2003-cü ildə təsis olunmuşdur. Dövlət Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülən birinci dövlət qurumu olmuşdur.

Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə qoşulan Azərbaycan bu sahədə bir sıra uğurlara imza atan ilk ölkə kimi tanınmışdır. 2009-cu ilin fevralında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş MHŞT üzrə 4-cü beynəlxalq konfransda Azərbaycanda mədən hasilatı ilə məşğul olan şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, Azərbaycanın MHŞT-yə qoşulan ölkələr tərəfindən bu təşəbbüsün prinsip və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusu təsdiq edilmişdir. Bununla da, Azərbaycan MHŞT-ni tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv satusunu almış ilk ölkə olmuşdur. Bununla yanaşı, 2009-cu ildə Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Güclü, qüdrətli Azərbaycan quruculuğu davam edir. Qlobal proqramlar, irimiqyaslı layihələr, dövlət proqramları ən ümdə məqsədə - Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artmasına xidmət edir. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdən birini tutur. Dövlət Neft Fondunun vəsaitinin artması isə Azərbaycanın maliyyə potensialının və bütünlüklə ölkənin iqtisadi qüdrətinin artması deməkdir. Qarşıdakı perspektivlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, iqtisadiyyat sürətlə inkişaf edəcək, xalqımızın, o cümlədən gələcək nəsillərin maddi rifah halı daha da yaxşılaşacaqdır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 30 mart.- S. 4.