1918-1920-ci illərdə Ağbaba və Şörəyel nahiyələrində ermənilərin törətdikləri soyqırımı

 

1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Bakı, Gəncə və İrəvan quberniyalarında, Qars vilayətində 1000-ə yaxın yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan artıq türk-müsəlman əhalisi öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Bu yazıda ermənilərin 1918-20-ci illərdə Qars vilayətinin Şörəyel və Ağbaba nahiyələrində törətdikləri soyqırımdan bəhs edilir.

XIX əsrin əvvəllərində rus qoşunlarının Şimali Azərbaycan xanlıqlarını işğalından sonra İrəvan xanlığı ilə həmsərhəd olan Qars paşalığı Azərbaycan türklərinin ən çox sığındıqları bölgə halına gəlmişdi. 1877-78-ci illər rus-türk müharibəsi nəticəsində Qars paşalığının Rusiyanın tabeçiliyinə keçməsindən sonra müsəlmanların həmin ərazidən sıxışdırılıb çıxarılması, onların əvəzində ermənilərin və rus sektantlarının məskunlaşdırılması siyasəti yeridilsə də, Qars vilayətinin əhalisinin əksəriyyətini yenə də müsəlmanlar təşkil edirdi. Qars vilayəti Ərdahan, Qars, Qağızman və Oltu qəzalarına bölünmüşdü və 800-dən artıq yaşayış məntəqəsini əhatə edirdi. Qars qəzasına Ağbaba, Zərşad, Qars, Soğanlığ və Şörəyel nahiyələri daxil idi. Ağbaba və Şörəyel nahiyələri Arpa çayın sağ sahilində yerləşir, şərqdən Aleksandropol (Gümrü) qəzası ilə, şimaldan isə Gürcüstanla həmsərhəd idilər.

1917-ci ildə Ağbaba nahiyəsində mövcud olan 39 kənddən yalnız ikisində ermənilər, Şörəyel nahiyəsində isə 59 kənddən 24-də ermənilər və molokanlar yaşayırdılar. Ermənilər və molokanlar Şörəyeldə 1877-ci il rus işğalından sonra məskunlaşdırılmışdılar.

Həmin ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Qarsın işğaldan azad olunması şansı yaranmışdı. Lakin Şərqi Anadoludan geri çəkilən rus ordusunun silahlarına sahib olan erməni silahlı dəstələri işğal altında olan ərazilərdə müsəlmanlara qarşı kütləvi qırğınlar törədir, "Daşnaksütyün" partiyasının etnik təmizləmə siyasətini həyata keçirirdilər. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti Stepan Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Sovet hökuməti dekabrın 29-da "Türkiyə Ermənistanı haqqında" dekret qəbul etmişdi. Bu dekret Türkiyə ərazisində özlərinə dövlət yaratmaq üçün ermənilərin iştahını artırmışdı.

1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara son qoymaq üçün əks hücuma keçmişdi. Erməni qaniçənləri Andranik, Hamazasp, Dro və Njdehin silahlı qüvvələri türk qoşunlarının əks hücumuna tab gətirməyərək geri çəkildikcə, müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırıma məruz qoyurdular. Erməni qoşunları əsasən Qars-Gümrü dəmiryol xətti boyunca geri çəkilirdi. Dəmiryol xətti Şörəyel nahiyəsinin ərazisindən keçdiyi üçün həmin bölgədə yerləşən müsəlman kəndlərində kütləvi qırğınlar törədilmişdi.

Erməni silahlılarının törətdikləri qırğınların miqyası o həddə çatmışdı ki, Zaqafqaziya Seyminin müsəlman fraksiyaları aprelin 15-də Qars vilayətində yaranan ağır vəziyyəti müzakirə etmək məcburiyyətində qalmışdı. Müzakirənin protokolunda yazılır: "Qaçqın yunanlar xəbər verirlər ki, hücum edən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı fərariləri yollarda rast gəldikləri müsəlman kəndlərini tam məhv edir, hər şeyi yandırır, əhalini qılıncdan keçirir, təsvir edilməsi mümkün olmayan vəhşiliklər törədirlər. Onlar qadınları lüt-üryan edir, süngülərə keçirilmiş südəmər körpələri hərbi qənimət kimi aparan "qalib" erməni qoşunlarının keçməli olduğu böyük yolların kənarına düzürdülər". Yunanlar deyirlər: "Gərək qeyri-insani əsəblərin ola ki, bu cəhənnəm əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və uşaqların qəlbi dağlayan naləsini, köməksiz qocaların iniltilərini eşidə və dözə biləsən... Təxmini hesablamalara görə 82 kənd təsvirolunmaz dağıntılara məruz qalmışdır. Çiçəklənən Qars vilayəti kapitan Movsesyanın və general Areşovun dəstəsinin vəhşi tüğyanı sayəsində indi təəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars vilayəti törədilmiş qəddar vəhşiliklərdən, həmişəlik insanlıq sifətini itirmiş ermənilərin riyakarlığından, vəhşiliyindən və alçaqlığından xəbər verən nəhəng qəbiristanlığa çevrilib." (ARDA, f. 970, siy. 1, iş 1, v. 28-29).

Türk ordusunun şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşanın "Soykırım Yalanı: Ermeni Mezalimi, 1917-20 Arasında Erzincandan Erivana" (İstanbul, 2005) kitabında ermənilərin törətdikləri kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K.Qarabəkir Paşa yazır ki, türk qoşunlarının erməniləri Qarsda mühasirəyə almaqdan və onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yenə də ermənilər razılığı pozaraq şəhərdə qırğınlar törətmişdilər. "Aprelin 25-də axşam Qarsı geri aldıq. Şəhəri dolaşdım. Hər tərəf yanır, stansiyada yüzə qədər əsir əsgərimiz işgəncə ilə öldürülmüşdü. Qarsı Müdafiə Komandanlığı dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-yə qədər müsəlmanın cəsədini tapdıq." Müəllif daha sonra yazır ki, 1918-ci il mayın 1-də yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər.

Brest-Litovsk müqaviləsinə (3 mart 1918-ci il) əsasən Üç Sancaqda (Batum, Qars, Ərdahan) plebisit (rəy sorğusu) keçirmək qərara alınmışdı. İyunun 12-də keçirilən plebistin nəticələrinə görə, bölgələrin əhalisi, o cümlədən də Ağbaba və Şörəyel nahiyələrinin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu ifadə etmişdi. Səsvermənin nəticələrini İstanbula təqdim etmək üçün nümayəndə heyəti göndərilmişdi. Ağbaba nahiyəsini Köhnə İbiş kəndinən olan və bölgədə böyük nüfuz sahibi olan Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa təmsil etmişdi. Heyət avqustun 15-də VI Sultan Vahidəddin tərəfindən Dolmabaxça sarayında qəbul edilmişdi. Bundan sonra, bütövlükdə Qars vilayətində olduğu kimi, Ağbaba və Şörəyelin qaçqın əhalisi də tədricən öz yerlərinə qayıtmışdı.

Birinci Dünya müharibəsində məğlubiyyət nəticəsində bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, Türkiyə öz qoşunlarını 1914-cü il sərhədlərinə geri çəkməli olur. Geri çəkilən türk qoşunlarının komandanı Yaqub Şevki paşanın məsləhəti ilə türk zabitlərinin bir qismi Qars vilayətində qalıb yerli özünümüdafiə dəstələrinin təşkili və əhalinin silahlandırılması ilə məşğul olurdular.

Türk qoşunları geri çəkildikdən sonra bölgəyə nəzarət ingilis qoşunlarının əlinə keçir. Lakin ermənilər fürsətdən istifadə edib silah gücünə həmin ərazilərə sahib çıxmaq istəyirdilər.

1918-ci il oktyabrın 29-da Axıska bölgəsində Ömər Faiq Nemanzadənin başçılığı ilə Axıska Müvəqqəti Hökuməti qurulur. Noyabrın 3-də isə Naxçıvan qəzasını və İrəvan quberniyasının cənub hissəsini birləşdirən ərazidə Əmir bəy Əkbərzadənin başçılığı ilə Araz-Türk Hökuməti yaradılır. Bundan iki gün sonra Qarsda Piroğlu Fəxrəddin bəyin başçılığı ilə Qars İslam Şurası qurulur. Noyabrın 14-də Birinci Qars Konqresi keçirilir. Bölgələrin milli şuralarının rəhbərlərinin qatıldığı Konqresdə Dağ Borçalının Kəpənəkçi kəndındən olan Emin ağa (Borçalinski) hökumət funksiyasını yerinə yetirən Qars Milli İslam Şurasına sədr seçilir.

İdarəçilikdəki pərakəndəliyə son qoymaq, ermənilərin və gürcülərin bölgəyə hücumlarının qarşısını almaq üçün silahlı qüvvələrin bir əldən idarə olunmasına nail olmaq məqsədilə noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Sürməlı (İqdır), Şörəyel, Axıska, Axılkələk, və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Konqresi keçirilir. Üç gün davam edən bu konqresdə Batumdan Ordubada qədər ərazidə Qars Milli İslam Şurası Hökumətinin qurulduğu elan edilir. On iki nəfərlik hökumət rəisliyinə əslən Gümrü şəhərindən olan İbrahim bəy Cahangirzadə (Cahangirov) seçilir. İ.Cahangirzadə əvvəllər rus ordusunun zabiti olmuşdu və Araz-Türk Hökumətinin hərbi naziri kimi bölgə əhalisinin silahlandırılmasına və özünümüdafiə batalyonlarının təşkil edilməsinə rəhbərlik etmişdi. Noyabrın 30-da keçirilən 2-ci Qars Konqresində həmçinin Parlament funksiyasını icra edən Mərkəz Müməssisləri Heyəti seçilir.

2-ci Qars konqresinə qədər Ağbaba və Şörəyel Milli Şuraları təşkil edilmişdi. Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa Şuranın sədri və konqresə nümayəndə seçilmişdi.

Ağbaba Milli Şurası bölgə əhalisini erməni hücumlarından qorumaq üçün yerli səfərbərlik həyata keçirmiş və Ağbaba süvari alayı təşkil edilmişdi. Belə qayda qoyulmuşdu ki, əsgər verə bilməyən ailələr bir tüfəngin pulunu və bir at, yaxud bir inək verməli idilər. Bu qaydaya əməl etməyənlər ciddi cəzalandırılmışdılar.

Geri çəkilən türk ordusunun zabiti yüzbaşı Xurşud bəy Ağbabada qalıb, könüllü dəstələrin təlimi vəzifəsini öz üzərinə götürmüşdü. Ağbaba süvari alayı ermənilərə qarşı mücadilə edəcək bir gücə sahib olmuşdu.

1919-cu il yanvarın 13-də ingilis generalı Biç Qarsa gələrək, Ermənistan hökumətinin Stepan Korqanovu Qars vilayətinin başçısı təyin etdiyini bildirmişdi. Milli Şura hökumətinin rəhbərləri ingilis generalına bəyan etmişdilər ki, bölgə əhalisinin 85%-i türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Vilson prinsiplərinə ziddir. Bundan sonra general Biç Milli Şura hökumətini tanıdığını bildirmiş və Gümrüyə qayıtmışdı.

1919-cu il yanvarın 17-18-də 131 nümayəndənin iştirak etdiyi 3-cü Qars konqresi hökumətin adını dəyişdirərək Müvakkata-i Milliyyəsi adlandırır. 18 maddədən ibarət Anayasa (Konstitusiya) qəbul olunur. Cümhuriyyətin 40 min kvadratkilometr ərazisi, 1,7 milyon nəfər (1,5 milyonu türk-müsəlman) əhalisi var idi. Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı qəbul olunmuşdu. Batumda həftədə üç dəfə çıxan "Sədayi millət" qəzeti hökumətin rəsmi orqanı idi.

Cənubi-Qərbi Qafqaz Hökuməti 1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan hərbi təlimlər keçmək üçün zabitlər, məmurlar və pul istəmişdi.

Martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti öz müstəqilliyini elan etmiş və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti (CQQC) adlandırmışdı.

Həmin dövrdə Qars vilayətində siyasi partiyalar fəaliyyət göstərmədiyindən 65 bitərəf deputatdan ibarət parlament təsis edilmişdi. Doktor Əsəd bəy Hacıyev (Əsəd bəy Oktay) parlamentin sədri seçilmişdi.

Naxçıvan və Qarabağın mənsubiyyəti məsələsində olduğu kimi, Cənub-Qərbi Qafqaza münasibətdə də ingilislər ikili oyun oynayırdılar. Ermənistan daxili işlər naziri və hökumətin başçısı A.Xatisov aprelin 6-da Tiflisdə general Tomsonla görüşmüş, Qars vilayətinin, Şərur-Dərələyəzin və Naxçıvan qəzalarının və Sürməli qəzasının Ermənistanın idarəçiliyinə verilməsi məsələsini müzakirə etmişdilər. Həmin görüşdə Qars Milli Şurasının məsələsi ciddi müzakirə olunmuşdu. Tomson bildirmişdi ki, 10 gündən sonra general Mil gələcək və türklərə qarşı Ermənistanda və Qafqazda tədbirlər görüləcək.

Xatisov Tiflisdən qayıtdıqdan sonra Tomson Tiflisdən Ermənistan hökumətinin sədrinə göndərdiyi məktubda bildirirdi ki, aprelin sonunadək erməni qaçqınları Qarsa və Naxçıvana qayıtdıqdan sonra ingilis qoşunları Qarsdan və Naxçıvandan geri çağırılacaq, ingilis missiyası isə qalacaq. O, general Devinin hazırda Qarsda olduğunu bildirmiş, mayın 1-dək hər bir rayonda erməni administrasiyası təşkil edilməsi üçün lazımi miqdarda erməni qoşunlarının olmasını tövsiyə etmişdi. Tomson erməni qoşunlarının Qarsa çatmasınadək ingilislərin Qars Milli Şurasının öhdəsindən gələcəyini, bunun üçün iki zirehli qatarın böyük köməyi olacağını bildirirdi.

Gürcülər də üzdə ingilislər kimi ikili oyun oynayırdılar. Xatisov Tiflisdə olarkən aprelin 8-də Gürcüstanınn daxili işlər naziri N. Ramişvili ilə də görüşür. Tomsonun da iştirak etdiyi həmin görüşdə erməni əsgərləri üçün 3000 komplekt verilməsi, Qarsın və Naxçıvanın işğalı üçün paravozların və lazımi vasitələrin verilməsi, Denikinin yanına nümayəndələrin göndərilməsi razılaşdırılmşdı. Həmin vaxt Ermənistanla Gürcüstanın maraqlarının tamamilə üst-üstə düşdüyü nəzərə çarpır. Həmin görüşdə həmçinin Qarsın və Naxçıvanın tutulması planı müzakirə edilir. Ermənistanın hərbi naziri Araratovun Qarsın tutulması ilə bağlı Stepan Korqanova verdiyi xəritə üzərində plan müzakirə edilir.

Aprelin 9-da Xatisovun Bellə görüşündən sonra o, Qarsa gedir və ingilis komandanlığının Qarsın işğalı barədə təlimatını polkovnik Deviyə çatdırır. Bell Qarsdan Xatisova teleqram göndərir ki, hərbi nazirliyin nümayəndələri və general qubernator Qarsa getsinlər. Qars vilayətinin Ermənistanın tabeçiliyinə verilməsi üçün ingilis dəmiryol batalyonunun 2 rotası və stansiyanın mühafizəsi üçün hindlilərdən (indus) ibarət rota artıq göndərilmişdi. Həmin vaxt Qars vilayətində 3000 əsgər var idi.

Aprelin 12-də ingilislər ermənilərin arzusunu yerinə yetirərək Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament binasını mühasirəyə almış, 30 nəfər parlament üzvünü və hökumət nümayəndəsini həbs etmiş, baş nazir İbrahim bəy Cahangirov başda olmaqla 11 nəfəri Malta adasına sürgün etmək üçün Batuma göndərmişdilər. Bundan sonra CQQC-nin 12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirdilər. Ağbaba Milli Şurası yenə də Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağanın sədrliyi ilə öz işini davam etdirir.

Şörəyelin kəndlərinin böyük əksəriyyəti erməni qoşunları tərəfindən işğal edildiyi üçün Şörəyel Milli Şurası öz işini davam etdirə bilməmişdi. Milli Şuranın sədri Əsədulla İskəndərbəyov (Ağüzüm) Şörəyel faciəsinin miqyasını dünyaya çatdırmaq üçün Tiflisə getmiş, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin vasitəsilə müttəfiq dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətlər etmiş, Tiflisdə dərc olunan qəzetlər vasitəsi ilə ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətini nəzərinə çatdırmağa çalışmışdı. Qars vilayətində törədilən erməni vəhşiliklərinin miqyasını xarici dövlətlərin nəzərinə çatdırmaq, qaçqınların problemlərini yüngülləşdirmək üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə " Qarslılar Həmyerlilər Cəmiyyəti" yaradılmışdı. Noyabr ayında Tiflisdə dərc olunan "Obnovlenie" qəzetində Qars vilayətində ermənilərin törətdikləri vəhşiliklər haqqında silsilə məqalələr dərc edilmişdi.

İngilislərin CQQC-ni süquta yetirməsindən dərhal sonra Ermənistan ordusunun 1-ci və 4-cü piyada polkları general Osipyansın komandanlığı altında, daşnak hökumətinin Qars valisi təyin etdiyi Stepan Korqanovla birlikdə respublikanın sərhdələrinə daxil olurlar. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətinə başlayır və qəza təşkilatlarını qurmaq üçün öz nümayəndələrini bölgələrə göndərir.

Bu zaman Qarsda Məşədi Səməd ağanın başçılığı ilə Korqanovun hakimiyyətini qəbul edən yeni oyuncaq Müsəlman Milli Şurası qurulur. Həmin şuranın üzvləri Qarsın nahiyələrini gəzərək yerli əhali arasında təbliğat aparırlar ki, silahları təhvil versinlər və Ermənistan hakimiyyətini tanısınlar.

Qubernator Stepan Korqanov CQQC hökumətinin üzvlərinin Malta adasına sürgün edilmələrindən xeyli müddət sonra da vilayətin bütün ərazisində idarəçiliyi öz əlinə ala bilməmişdi. Yerli müsəlman əhali onun təyin etdiyi nahiyə rəislərini yaxına buraxmır, erməni idarəçiliyini tanımaq istəmirdilər. Çünki ermənilər verdikləri vədlərə əməl etmir, əhalisi tərksilah olunan bölgə kəndlərini əhalisini müsəlmanlardan təmizləyir və onların mal-mülkünə sahib çıxırdılar.

1919-cu il oktyabrın 1-də qubernator S.Korqanov Ermənistan hökumətinin sədrinə ünvanladığı "Tam məxfi" qrifli məktubunda Ağbaba, Şörəyel, Zərşad bölgələrinin əhalisinin tamamilə "tatarlardan" (yəni azərbaycanlılardan-N.M.) ibarət olduğunu yazır və kütlənin arasında böyük həmrəyliyin mövcud olması səbəbindən bölgəni özünə tabe etdirməyin asan olmadığını qeyd edir. Korqanov Milli Şuranın keçmiş üzvü Məhəmməd Hacı Abbas oğlunun erməni idarəçiliyinə tabe olmamasından şikayətlənir. O, Məhəmməd Hacı Abbas oğluna yüksək vəzifə təklif etdiyini, lakin onun həmin təklifi bəyənmədiyini, könlündən həmin dağların hakimi olmağı keçirdiyini yazır. Korqanov həmin bölgələrdə şiələrlə sünnilərin qarışıq yaşadığını, Məhəmməd Hacı Abbas oğlunun şiə olduğu halda, sünnilərin də üzərində hakim olduğunu qeyd edir. "Parçala, hökm sür!" siyasəti yeritdiyini qeyd edən qubernator, məzhəb çatışması salmaq yolu ilə Məhəmməd Hacı Abbas oğlunu zəiflətmək yolunu tutduğunu, bunun üçün sünni əhalisi olan Dələver kəndinin imkanlı sahibkarı İsrafil Hacı Rüstəm oğlundan istifadə etdiyini yazır. O, sentyabrın 30-da ilk toqquşmanın baş tutduğunu və məzhəb çatışmasında hər iki tərəfdən 14 nəfərin öldüyünü və yaralandığını şadyanalıqla Ermənistan hökumətinə xəbər verir. (Vestnik Arxivov Armenii. №2 (106), Erevan, 2005, s. 25-26).

Şörəyel nahiyəsinin Ağbabaya bitişik kəndləri də Kərbalayi Məhəmməd ağanın döyüşçülərinin nəzarəti altında idi. Zərşad nahiyəsində də güclü özünümüdafiə dəstələri mövcud idi. Erməni hərbi hissələri bu nahiyələrdəki güclərlə üzbəüz döyüşlərdən ehtiyat edirdi. Ona görə də bu nahiyələri hər tərəfdən mühasirəyə alaraq onların xarici aləmlə əlaqələrini kəsmək istəyirdi. Erməni hərbi birlikləri bu nahiyələrin üzərinə 4 tərəfdən - Qars, Gümrü, Ərdahan və Gölə nahiyəsi tərəfdən hücuma hazırlaşırdı.1920-ci il yanvarın 28-də polkovnik Mazmanovun komandanlığı altında erməni hərbi hissəsi Çıldır nahiyəsinin Ərdahan istiqamətindəki kəndləri ələ keçirmişdi.

31 yanvar 1920-ci ildə Ağbaba Milli Şurasının Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinə göndərdiyi müraciətində deyilirdi ki, Qars vilayətinin Ərdahan qəzasında erməni əsgəri qüvvələri islamlar üzərinə hücum edərək şiddətli surətdə hərb açmış, Ağbaba, Zərşad və Şörəyel nahiyələrini mühasirə altına almışlar. Milli Şura "İslamların əhvalı qayət pərişan və təhlükəli olduğundan tez bir zamanda müavinətinizi istirham edəriz." - yazaraq yardım istəyirdi.

Fevralın 7-də Ağbaba nahiyəsinin kəndləri Qazançı kəndi istiqamətindən erməni artilleriyasının bombardmanına məruz qalır. Qaranamaz kəndində 6 qadın, 17 uşaq, 4 kişi öldürülür, 2 nəfər yaralanır. Balıqlı kəndinə atılan mərmilərnəticəsində 4 nəfər öldürülmüş, 2 nəfər yaralanmışdı.

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbəlayi Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən vəsiqənin surəti saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər təcili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezam olunurlar ki, qaçqınlara yardım edilməsi məsələsini Himayəçilik Nazirliyi ilə müzakirə etsinlər. Sənəddə həmçinin dövlət orqanlarının nümayəndələrindən xahiş edilirdi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneçilik törədilməsin.

Qars vilayətində fəaliyyət göstərən milli şuralara yardım üçün Azərbaycan hökuməti Himayəçilik Nazirliyinin əməkdaşı İsmayıl Nəzərəliyevi kifayət qədər maddi vəsaitlə bölgəyə ezam etmişdi.1915-1917-ci illərdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin əməkdaş kimi Qars vilayətində müharibədən zərər çəkən soydaşlarımıza yardım göstərilməsində fəal iştirak edən Nəzərəliyev bölgəni yaxşı tanıyırdı İsmayıl Nəzərəliyev Azərbaycan hökumətinə göndərdiyi raportunda Ermənistan silahlı qüvvələrinin erməni hökumətini tanımayan Şörəyel, Ağbaba, Çıldır və Zərşad nahiyələrində törətdikləri qırğınların miqyası ətraflı şərh edilmişdir. Hesabatda göstərilir ki, yuxarıda adları çəkilən nahiyələrin nümayəndələrinin yardım üçün fevralın 10-da Bakıya getmələrindən sonra Osipyansın komandanlığı altında erməni silahlı qruplaşmaları Zərşad nahiyəsinin "işini bitirmiş", sonra isə Şörəyelin kəndlərinin üzərinə hücuma keçmişlər.

Ermənilər fevralın 14-15-də qarlı-boranlı günlərdə Şörəyelin Şahnalar, Qaraxan, Möküz, Aslanxana, Kinəy, İlanlı, Ağüzüm kəndlərinin sakinlərini qətlə yetirmiş, evlərini talan etmişdilər. Talanlarda erməni qadınları da iştirak edirlərmiş. Ermənilərin silahları təhvil vermək tələbini Şörəyelin yalnız Sedidli və Dilan kəndləri rədd etmişdilər. Fevralın 26-da ermənilər bu iki kəndi də bombalamışdılar. Daha sonra erməni quldurları silahlarını təhvil verən və Ermənistan hökumətini tanıdığını bəyan edən kəndləri bombalamağa başlamışdılar. Kiçik Qımılı, Böyük Qımılı, Molla Musa, Vartanlı, Bacıoğlu, Oxçoğlu, Məmmədabad, Aralıq, Qarakilsə kəndləri top atəşinə tutulmuşdu. Min nəfər əhalisi olan Aralıq kəndindən təkcə 11 nəfər qaçıb canını qurtara bilmişdi. Qarakilsə kəndindən sağ qurtulan 260 nəfəri əsir olaraq Gümrüyə aparmışdılar. Daha sonra Nəzərəliyev yazır ki, ermənilər martın ilk günlərində əvvəlcədən xəbərdar edilmədən Güllübulaq kəndini qəfildən bombalamağa başlamışlar. Kəndin sakinləri xeyli çox qurban verdikdən sonra malını, mülkünü buraxaraq canlarını götürüb qaçmışlar. İ.Nəzərəliyev həmin dövrdə Şörəyelin 28 kəndinin erməni vəhşiliyinin qurbanı olduğunu yazır.

Kazım Qarabəkir Paşa Türkiyə ordusunun Şərq cəbhəsi qərargahına 1920-ci il noyabrın 2-də göndərdiyi raportunda Korqanovun dövründə erməni komandanlarından Baratov və Mazmanovun əsgərlərinin top və pulemyotlarla Şörəyelin kəndlərində törətdikləri ğırğınlar barəsində yazırdı ki, Anidə 40, Tencarda 30, Daynalıqda 60, Qaraxanlıda 150, Qaradaşda 70, Ərginədə 40, Gülviranda 50, İncədərədə 30, Kəpənəkdə 80, Surlucada 100, Aslanlıda 40, Şahnalarda 220, Ağüzümdə 70, Qaraxanda 200, Şahnalarda 30, Söyüdlüdə18, Aralıqda 300, Keçiddə 30, Qarakilisədə 35, Hacıpiridə 30, Molla Musada 100, Kiçik Qımılıda 60, Bacoğlunda 50, Ağbulaqda 30, Vartanlıda 100, Qaraməmməddə 20, Oxçoğluda 150, Kiçik Qızıldaşda 20, Güllübulaqda 300, Böyük Qızıldaşda 100, Məmmədabadda 20, Cəbəcidə 150, Çaxmaqda 30, Mağaracıqda 100 evi viran qoymuş, əmlaklarını qarət etmiş, əhalisinin bir qismini qətl etmişlər.

Şörəyel faciəsini öz gözləri ilə görən Aşıq Qəhrəman həmin tükürpədici səhnəni belə təsvir etmişdi:

Məscid, mərək yanan insanla dolmuş,

Həpsi itə, qurda, quşa yem olmuş,

Neçə ocaq sönmüş, bir adı qalmış,

Sahibsiz vətənlər, insan qalmamış.

İrəvan quberniyası ərazisində qurulan daşnak hökumətinin törətdiyi qırğınlardan birtəhər qaçıb qurtulan azərbaycanlılar Qars vilayətinin 92 kəndində özlərinə sığınacaq tapmışdılar. Bu bədbəxt insanlar bir daha Qars vilayətində qırğınlara məruz qalmışdılar.

Ağbaba və Şörəyel özünümüdafiə dəstələrinin komandanı Kərbəlayi Məhəmməd ağanın çox gərgin məqamda bölgədən ayrılması vəziyyəti daha da ağırlaşdırmış, ermənilərin fəal hərəkətə keçməsinə təkan vermişdi. Onun Bakıya getməsini Məşədi Səmədin başçılığı ilə Qarsda təşkil edilən oyuncaq Milli Şura fərarilik kimi qələmə vermiş, yerlərə nümayəndələr göndərərək əhalin tərksilah olmağa və Korqanovun hakimiyyətini tanımağa çağırmışdı. Hətta Ermənistan hökumətinin Azərbaycan hökumətinə Şörəyel, Ağbaba və Zərşad nahiyələrində törədilən qırğınlarla bağlı göndərdiyi notasına Qarsdakı oyuncaq Milli Şuraya istinadən cavab olaraq bildirilirdi ki, bölgələrdən Bakıya gedən nümayəndələrin ermənilərin törətdikləri qırğınlar barədə söylədiklərinə və qəzetlərə verdikləri müsahibələrə inanmasınlar.

Kərbəlayi Məhəmməd ağa Bakıya getdiyi müddətdə milli Şuranın sədrliyi onun kiçik qardaşı, döyüşlərdə qəhrəmanlığı ad qazanan, adı ilə ermənilərin canına vahimə salan Mahmud ağaya həvalə edilmişdi. Lakin Mahmud ağanın siyasi səriştəsi az idi.

 

(ardı var)

 

Nazim MUSTAFA,

 

AMEA Tarix İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2012.- 31 mart.- S. 5.