Soyqırımı qurbanlarının xatirəsi anıldı

 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimləri keçirilmişdir

 

Səbail

 

Ümumrayon toplantısında bildirilmişdir ki, tarixin səhifələrini vərəqlədikcə ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarları məhz ermənilər olmuşlar. Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri məşum mart qırğınlarından 94 il ötür. 1918-ci il martın 30-31-də yaxşı silahlanmış ermənilər Bakı şəhərində və kəndlərdə əsl qətliamlar törətmişlər. 1918-ci ilin mart - aprel aylarında Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda və Azərbaycanın digər bölgələrində də eyni qəddarlıq baş vermişdir.

 

Soyqırımın ildönümü ərəfəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "Sinema-klub"da ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vahid Mustafayevin yeni çəkdiyi "Xoca" filminə ictimai baxış keçirilmişdir. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 1918-ci il hadisələri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycana qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə həqiqəti ümummilli lider Heydər Əliyev dünyaya bəyan etmişdir. 1918-ci il martın 31-də ermənilər tərəfindən həyata keçirilən soyqırımı ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan etibarən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində qeyd olunur, faciə qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

Son illərin reallığı göstərir ki, erməni şovinistlərinin imkanları getdikcə tükənməkdədir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində qüdrətli dövlət olmuş Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan siyasi nüfuzu, ölkəmizin dostlarının möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan Ordusu düşməni çıxılmaz vəziyyətə salır. Ölkə başçısının rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yalnış yanaşmaları dağıtmaqla Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Bütün bunlar ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında düşmənçilik salanların iflasına doğru aparır.

Sonda "Xoca" filmi nümayiş etdirilmiş, ictimaiyyət nümayəndələri filmi diqqətlə izləmişlər.

 

Nəsimi

 

H.Sarabski adına Mədəniyyət Evində keçirilən mərasim soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Nəsib Məhəməliyev çıxış etmişdir. O demişdir ki, mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. 1918-ci il martın 30-31-i və aprelin 1-də silahlı erməni dəstələri Bakıda dinc azərbaycanlılara hücuma keçərək qocaya, qadına, uşağa məhəl qoymadan 30 minədək insanı görünməmiş qəddarlıqla qətlə yetirmişlər. Sonrakı günlərdə qana susamış erməni vəhşiləri Şamaxı, Quba, Ağsu, Muğan və digər bölgələrdə on minlərlə azərbaycanlını öldürmüş, evləri, məscidləri, tarixi abidələri məhv etmişlər. Mart qırğınları, havadarlarının dəstəyi ilə erməni millətçiləri tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən qanlı və dəhşətil səhifələrindəndir. Bu, sərsəm "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçiliyinin və qəddar şovinizminin əsil siması idi. Xalqımıza qarşı aparılan soyqırımı və etnik təmizləmə siyasətinin iki yüz illik tarixi var və bunda məqsəd nə vasitə ilə olursa-olsun azərbaycanlıları öz əzəli torpaqlarından çıxarıb sərsəm ideyalarını reallaşdırmaqdır. Qədim Azərbaycan diyarı olan Qarabağı ələ keçirmək də bu mənfur ideyaya xidmət edir. Lakin insanlıq simasını çoxdan itirmiş erməni millətçiləri öz qara niyyətlərinə çata bilməyəcək və biz əminik ki, məkrli düşmənin tam ifşası və məğlubiyyəti gününə çox az vaxt qalıb. Natiq dedi ki, 1918-ci ildə erməni şovinistlərinin Azərbaycanda törətdikləri kütləvi qırğınlara və azərbaycanlılara qarşı iki əsrdir aparılan soyqırımı siyasətinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevinin hakimiyyətə qayıdışından sonra verilmişdir. Ulu öndərimizin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətlərinə ilk dəfə hərtərəfli hüquqi-siyasi qiymət verilən mühüm sənəddir.

Natiq Ermənistanın təcavüzkar siyasəti və xalqımıza qarşı törədilmiş soyqırımı barədə həqiqətlərin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması yönündə dövlətimizin uğurlu işlərindən və bu məsələ ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətli və prinsipial fəaliyyətindən danışmışdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihə və proqramların əhəmiyyəti vurğulanmışdır.

Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı aktyorlarının ifasında soyqırımı mövzusunda tamaşa göstərilmişdir.

 

 

R.TAHİR,

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2012.- 31 mart.- S. 6.