"Şahdəniz" yatağının tammiqyaslı işlənməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunu daha da artıracaq

 

Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş "Şahdəniz" yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair saziş imzalanmasından 16 ilə yaxın vaxt ötür. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir. Xatırladaq ki, birinci mərhələdə "Şahdəniz" yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, "Şahdəniz" qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.

 

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz"də quraşdırılmış unikal platformadan altı ilə yaxındır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Bu isə Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyini getdigcə möhkəmləndirir. Göründüyü kimi, ölkəmiz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da Azərbaycanı ən potensial qaz təchizatçısı hesab edirlər.

"Şahdəniz" layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. Ötən il səhmdarlar tərəfindən "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 190,7 milyon dollar, əsaslı məsrəflərinə isə 674,9 milyon dollar sərf olunmuşdur.

İl ərzində "Şahdəniz" yatağındakı dörd öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. 2011-ci ildə "Şahdəniz" yatağından gün ərzində 18,3 milyon kubmetr qaz və 38 min 300 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki illərə nisbətən çoxdur. İl ərzində yataqdan 6,67 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat çıxarılmışdır. Bütövlükdə isə 2006-cı ilin sonlarından - "Şahdəniz" yatağında hasilata başlanıldığı vaxtdan 2012-ci ilin əvvəlinədək yataqdan 29 milyard 902 milyon kubmetrdən artıq təbii qaz və 8 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır. "Şahdəniz" yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı davam etdirilir. Belə ki, ötən ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra platformadan qazma əməliyyatları davam etdirilmiş, may ayında SDA - 06 hasilat quyusu istismara daxil edilmişdir. Bundan sonra isə platformadakı qazma qurğusunda və iki hasilat quyusunda lazımi texniki tədbirlər həyata keçirilmişdir. Cari ilin dördüncü rübündə isə daha bir hasilat quyusunun qazıntısına başlanılacaq. Həmin quyunun isə 2013-cü ilin ikinci rübündə istismara verilməsi nəzərdə tutulur. Bununla yanaşı, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər də uğurla həyata keçirilir. Belə ki, ötən ilin mart ayında "İstiqlal" qazma qurğusu vasitəsilə SDX-06 qiymətləndirmə quyusunun qazıntısı tamamlandıqdan sonra yataqda daha bir analoji quyunun qazıntısına start verilmişdir. Növbəti qiymətləndirmə quyusunun qazıntısı isə 2012-ci ilin üçüncü rübündə başa çatdırılacaq. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın həcmi 9 milyard kubmetr qaz və 18,2 milyon barrel kondensat təşkil edəcək.

"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri "Şahdəniz" yatağından gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəltməyə imkan verir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. 2011-ci il ərzində kəmərlə ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən 12,5 milyon kubmetr təşkil etmişdir. Yeri gəlmişkən, ötən il Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 8,8 milyon dollar vəsait xərclənmişdir.

"Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Xatırladaq ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsini nəzərdə tutan bu mərhələ Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını artırmağa imkan yaratmaqla yanaşı, Azərbaycanın köhnə qitənin enerji təhlükəsizliyinin təminatındakı rolunu bir qədər də yüksəldəcək. Göründüyü kimi, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.

Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən 25 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.

Avropanın "mavi yanacağa" tələbatının ilbəil artdığı bir şəraitdə "Şahdəniz" qazının alıcılarının sırası da getdikcə genişlənir. Bu da qazı Avropa bazarına çatdıracaq marşrutun seçilməsi ilə bağlı ciddi danışıqlara, gərgin müzakirələrə səbəb olur. 2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addım idi. Bu addım, eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Elə həmin addımın nəticəsi olaraq 2011-ci il oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında bir sıra sazişlər imzalandı. Xatırladaq ki, bu sazişlər Türkiyənin Azərbaycandan qaz almasını və qazın qardaş ölkənin ərazisindən Avropaya tranzitini nəzərdə tutur. Eyni zamanda, həmin sazişlərin imzalanması "Şahdəniz" layihəsinə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan yaradır.

Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir. Yeri gəlmişkən, 2010-cu ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Şahdəniz" layihəsinin digər tərəfdaşları hasilatın pay bölgüsü sazişinin müddətinin 2031-ci ildən 2036-cı ilədək uzadılması barədə razılığa gələrək müvafiq sənəd imzalamışlar. Bu razılaşma sənədi öz növbəsində "Şahdəniz" layihəsinin uzun müddətli qaz satışı sazişlərini təmin etməyə imkan yaradır. Eyni zamanda, bu iki sənəd layihə tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan işləri uğurla başa çatdırmaq yolunda mühüm irəliləyiş kimi qiymətləndirilməlidir.

Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. Ötən müddətdə adıçəkilən layihələri reallaşdırmaq məqsədilə lazımi mühəndis-layihə və qiymətləndirmə işləri aparılmışdır. Məlumat üçün bildiririk ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, eyni sayda qazma qurğusundan qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri üçün kompressorların yerləşdirilməsi məqsədilə Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan əlavə, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də Türkiyəyə, Gürcüstana və Avropaya planlaşdırılmış qaz satışı da sözügedən konsepsiyaya daxil olan müddəalardandır. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.

"Şahdəniz" layihəsinin tammiqyaslı işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın ixrac marşrutu da xüsusi maraq doğuran məsələlərdəndir. Məlumat üçün bildiririk ki, qazın ixrac marşrutu Azərbaycan və Gürcüstan ərazilərində, demək olar ki, mövcud Cənubi Qafqaz boru kəməri ilə eyni olacaq. Qazın Türkiyə ərazisindən Avropa bazarlarına nəqli isə, yeni sazişlərə əsasən, ya bu ölkənin BOTAŞ şirkətinin mövcud daşınma şəbəkəsi, ya da Trans-Anadolu boru kəməri adlandırılan yeni boru kəməri infrastrukturu vasitəsilə mümkün olacaq. Hazırda "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazı Türkiyədən Avropaya çatdıracaq ixrac variantları qiymətləndirilir. Artıq həmin variantların dəyərləndirilməsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur. Bu variantlara isə İtaliyaya yönəlik İGİ Poseidon, TAP (Trans-Adriatik) və Mərkəzi Avropaya yönəlik Nabucco layihələri daxildir. Bundan əlavə, hazırda "Şahdəniz" konsorsiumunun üzvləri tərəfindən təkilf olunmuş daha bir variant da (Cənub Şərqi Avropa boru kəməri) nəzərdən keçirilir. "Şahdəniz" qazının ixracı üzrə yaradılmış qiymətləndirmə qrupuna ARDNŞ-in rəhbərliyi ilə bp, Statoyl və Total şirkətləri daxildir. Xatırladaq ki, qazın ixracı qrupu bir qədər əvvəl "Şahdəniz" konsorsiumuna danışıqları İtaliyaya və Mərkəzi Avropaya yönəlik boru kəmərləri variantları istiqamətində aparmağı tövsiyə etmişdi. Bu yaxınlarda isə qrup Trans-Adriatik boru kəməri layihəsi ilə ekskluziv danışıqların aparılması qənaətinə gəlmişdir. Mərkəzi Avropaya yönəlik boru kəməri marşrutunun seçilməsi ilə bağlı isə hələlik heç bir konkret qərar verilməyib. 2012-ci il ərzində bu proses dəqiqləşdirildikdən sonra "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsi layihəsinin yekun investisiya qərarından əvvəl Avropaya boru kəməri marşrutunun son seçim qərarı veriləcək. Həmin qərarın isə 2013-cü ildə qəbul ediləcəyi gözlənilir.

2012-ci il aprel ayının 17-də ümumi məbləği 25 milyard dollar təşkil edən "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində ilkin mühəndis- layihələndirmə işlərinə başlamağa dair yekun qərar təsdiqlənmişdir. Bu, Azərbaycanı dünyanın potensial qaz ixracatçısına çevirmiş "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi istiqamətində son dərəcə mühüm bir addım olmuşdur.

"Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi layihəsi isə öz növbəsində Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir. Təsadüfi deyil ki, ölkəmizin regionda əsas qaz təchizatçısı kimi mühüm rol oynadığını bildirən Prezident İlham Əliyev demişdir: "Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaqdır".

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 3 may.- S. 1;4.