Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Bakının Qaradağ rayonu paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək sahədə uzanır. Bu, az qala, Bakı şəhərinin ərazisinin yarısı qədəridir. Qaradağ sözü gil və əhəng daşı yüksəkliklərinin yaratdığı ümumi qaramtıl mənzərə ilə bağlıdır. Böyük ehtiyatları olan neft-qaz, əhəng daşı və gil yataqlarının mövcudluğu ötən əsrin 20-30-cu illərindən Qaradağı perspektivli mədən-sənaye rayonuna çevirmişdir. Neft və qaz yataqlarının istismarı, daş karxanaları və sement istehsalı müəssisələrinin yaradılması, nəhəng qaz emalı və dərin dəniz özülləri zavodlarının, broyler fabriklərinin tikilməsi, quru, su və dəmir yolu daşımalarının artması Bakının mərkəzindən aralıda yerləşən və az məskunlaşmış bu ərazidə Lökbatan, Ələt, Qobustan, Səngəçal, Puta, Xocasən, Korgöz, Güzdək, Umbakı, Sahil kimi qəsəbələrin yaranmasına səbəb olmuşdur. Bu sıraya sonrakı onilliklərdə Müşfiqabad və Ümid qəsəbələrinin də adları əlavə olunmuşdur. Şirvan zonasının qış yataqları rayon ərazisində mövsümi yurd yerləridir.

 

Qaradağ Bakının ayrıca rayonu kimi 1923-cü ildə yaradılmış, 1937-ci ilədək Mikoyanın, 1956-cı ilədək Molotovun, 1963-1966-cı illərdə Əzizbəyovun adlarını daşımışdır. 1957-1963-cü illərdə Qaradağ rayonu adlandırılmış, 1966-cı ildən bəri yenidən bu adla tanınır. Rayonun mərkəzi 1931-ci ildə salınmış neftçilər qəsəbəsi Lökbatandır. Ərazisi 1080 kvadratmetr, əhalisi 110 min nəfərə yaxındır.

Azərbaycanın cənub, mərkəz və qərb bölgələrindən Bakıya gələnlər, bir qayda olaraq, paytaxta Qaradağ rayonu ərazisindən daxil olaraq mərkəzi hissəyədək 1 saatadək yol keçirlər. Son illərədək müsafirlər yolboyu sıralanmış könül bulandıran mənzərələrin yanından tez ötüb keçməyə çalışsalar da, ekoloji cəhətdən korlanmış əraziləri, boz-bulanıq görkəmli binaları, gölməçə və qamışlıqları, köhnəlmiş sənaye obyektlərini gen-bol seyr etməli olurdular. Bərbad vəziyyətə düşmüş yolların özü də adamın səbrini tükəndirir, sanki, darıxdırıcı səhnələrin ömrünü bir az da uzadırdı.

Təxminən 1 əsr ərzində min illər boyu bakir qalmış, karvanların, köçəri maldarların ötüb keçdiyi bu yovşanlı-yulğunlu yerlər, qara-qonur təpəciklər sürətlə mazutlu mədənlərin, gecəqondu məhəllələrin, hisli-paslı fabrik-zavodların, çala-çuxur yolların altınıda qalmışdı. Talenin hökmü ilə yağmaçı imperiya yıxılmasa, Azərbaycan dövlət müstəqilliyi qazanmasa idi, hələ kim bilir, bu vəziyyət pisləşə-pisləşə nə qədər davam edəcəkdi. Yaxın keçmişin Qaradağı məhz belə qara libaslı, qara güzəranlı olmuşdu.

Müstəqillik havası ötən 20 ildə Qaradağın üstünə his-kəsafət yağdıran o qara buludları əridib yox elədi. Qaradağın üzünə gün doğdu, köhnəlmiş, dağılmış hər şeyin yerindən həyat nəfəsli pöhrələr baş qaldırdı. Qaradağın başdan-başa tünd görkəmində işıq artdı, əlvan rənglər çoxaldı. Əvvəl yollar, kommunikasiyalar təzələndi. Sonra inkişaf və tərəqqinin yeni özülləri üzərində yüksəliş sütunları ucaldı. Təzələnmiş, yeniliyə boyanmış divarlar, damlar təravətli görkəmiylə indi evlərə, obyektlərə yeni don biçir. Hasarlar, meydanlar, bağlar, yolkənarı tərtibatlar ümumi mənzərəyə tamamlayıcı zənginlik gətirir. Ötən hər gün, hər həftə, hər ay irili-xırdalı, saysız-hesabsız yeniliklərlə müşayiət olunur. Artıq ötüb keçənlər bu mənzərələri məmnunluqla seyr edir, rayonun daxili bölümləri ilə təmasda olanlar isə rahatlıq və xoş əhvalın ağuşuna düşürlər.

80 il əvvəl Lökbatanda fontan vurmuş 45 saylı neft quyusunun istismarı ilə bağlı salınmış qamış, taxta evlərin yerində indi Bakının mərkəzi küçələrini və parklarını xatırladan bir gözəllik qərarlaşıb. Qəsəbə başdan-başa yenidən qurulur, paytaxtın abad, yaraşıqlı peykinə çevrilir. Fəhlə qəsəbələri kimi salınmış digər yaşayış məntəqələri də inkişaf və yeniləşmənin müxtəlif çalarlarını əks etdirir.

Ümummilli lider Heydər Əliyevin zəkasından qaynaqlanmış əsaslı islahatlar, onun bilavasitə həyat verdiyi "Əsrin müqaviləsi", "Böyük İpək Yolu", "Bakı-Tbilisi-Ceyhan" kimi beynəlxalq layihələr Qaradağ rayonunun lokal mövcudluğunu magistral rels üzərinə qaldırmışdı. Ulu öndərin sadiq köməkçisi, yeni tipli siyasətçi İlham Əliyevin 1995-2000-ci illərdə Qaradağdan seçilmiş millət vəkili kimi onun problemlərinin həllini sürətləndirməsi, dövlət başçısı olduğu 8 ildən artıq bir dövrdə isə rayonun inkişafını yüksək perspektivlərə yönəltməsi ciddi dəyişikliklərə səbəb olmuş, miqyaslı quruculuğa meydan açmışdır.

Ötən ilin əvvəlində rayon ictimaiyyəti ilə növbəti görüşə gəlmiş Prezident İlham Əliyev bütün bunlardan fərəhlə söz açaraq demişdi: "Qaradağ rayonuna mənim həmişə xüsusi münasibətim, xüsusi diqqətim olub. Mənim, demək olar ki, siyasi fəaliyyətim bu rayonda başlayıb. Birinci dəfə 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu böyük etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağın inkişafı üçün öz köməyimi göstərim".

Həmin görüşdə ölkə rəhbəri bildirmişdir ki, Sumqayıtdan sonra ikinci böyük sənaye mərkəzi Qaradağda yaradılacaq. Burada böyük neft-kimya kompleksinin yaradılması nəzərdə tutulur. Prezident sənaye sahəsində atılan böyük addımlarla yanaşı, qısa müddətdə aparılan geniş abadlıq işlərini də yüksək qiymətləndirmişdi. Dövlət başçısı il ərzində daha 4 dəfə rayon ərazisində olmuş, yeni obyektlərin açılışlarında iştirak etmişdir.

Qaradağ rayonu bu gün, həqiqətən, sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" rayonda uğurla həyata keçirilməkdədir. Qaradağın bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.

Ötən il əvvəlki ildəkindən 2,6 faiz çox - 487 milyon 355,8 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu ilin birinci rübündə sənayedə artım keçən ilin müvafiq dövründəkindən 33,9 faiz yüksəkdir. Ümumi illik sənaye istehsalının 38,4 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Qaradağ neftçiləri 2011-ci ildə 450,3 min ton neft, 383,7 milyon kubmetr qaz hasil etmişlər. Bu ilin ilk rübündə həmin rəqəmlər müvafiq olaraq 94,6 min ton neftə, 85,1 milyon kubmetr qaza bərabərdir. Sement istehsalı keçən il 1,2 milyon ton, ilin 3 ayında 251,3 min ton olmuşdur. Ötən il karxanalarda 108,7 min ton mişar daşı kəsilmişdir.

2011-ci ildə rayonda 205,1 milyon manatlıq investisiyadan istifadə olunmuş, bunun 88,8 milyon manatı tikinti-quruculuq işlərinə sərf edilmişdir. Bu ilin birinci rübündə isə 25,9 milyon manatlıq əsaslı kapitalın 10,9 milyon manatı tikinti-abadlıq tədbirlərinə yönəldilmişdir. Adamların gəlirləri ilbəil artır, ümumi güzəran yüksəlir. Keçən il orta aylıq əmək haqqı 12,9 faiz artaraq 616,3 manata çatmışdır. Sənayedə çalışanlar üzrə bu artım ilin əvvəlindən 16,1 faiz, aylıq qazanc 794,6 manat olmuşdur.

Ötən il 20 sahibkarlıq subyektinə 1,5 milyon manat güzəştli kreditlər verilmişdir. İl ərzində Putada "Xəzər Boru" şirkətinin istehsal bazası metanol zavodu, Səngəçalda "AAC" MMC-nin qazobeton blokları "As kompani" MMC-nin əhəng istehsalı müəssisələri işə salınmışdır. 2011-ci ildə 1787, bu ilin ilk rübündə 412 yeni yeri açılmaqla, 2004-cü ildən bəri rayonda 8321 daimi yeri yaradılmışdır. Yeni dəniz limanının, gəmiqayırma zavodunun işə salınması sement zavodunun yenidən qurulması ilə yüzlərlə yeni yerinin açılacağı gözlənilir.

Əhalinin obyektlərin enerjidaşıyıcılarla kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Su təchizatı sahəsində məqsədyönlü işlər görülür. Yaxın 2 ildə məhəllədaxili yollarda 2 milyon kvadratmetr sahə asfaltlaşdırılacaq. Son 1 ildə 62,7 min kvadratmetr dam örtüyü təzələnmişdir. Yaşayış yerlərində idman qurğularının, istirahət guşələrinin sayı artır. Bakı - Ələt yolunun kənarları bədii tərtibat vasitələri ilə abadlaşdırılır. Ötən il yeni yaşıllıqlar salınmış, 14760 ağac bəzək kolları əkilmişdir. Gölməçələr digər çirkab mənbələri ardıcıl ləğv edilməkdədir.

15663 nəfər qaçqın məcburi köçkünün ehtiyacları daimi nəzarətdədir. Onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün tədbirlər davam etdirilir.

Dövlət proqramı müxtəlif layihələrin köməyi ilə qəza vəziyyətində olan məktəblər yeniləri ilə əvəz olunur, əlavə sinif otaqları, yeni məktəblər tikilir, uşaq bağçaları təmir olunur. Yaxın 2 ildə Qobustanda 800, Lökbatanda 960 yerlik yeni məktəblər, digər qəsəbələrdə 55 əlavə sinif otaqları, Putada, Qızıldaşda, Ələtdə, Müşfiqabadda 120 yerlik uşaq bağçaları tikiləcək. 10 məktəb uşaq bağçası təmir ediləcək.

Lökbatan qəsəbəsində doğum evi əsaslı təmir olunmuş, 240 çarpayılıq yeni xəstəxana kompleksi tikilmişdir. Digər qəsəbələrdə yeni səhiyyə obyektləri tikilir, mövcud tibb ocaqları təmir edilir. Keçən il Qobustan tarix qoruğunda müasir muzey kompleksi istifadəyə verilmişdir. Mədəni-maarif müəssisələrində təmir-abadlıq işləri görülür.

Bütün bu işlərin mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin respublikanın mərkəzi qurumları yerli kollektivlərlə əlbir, səmərəli, təşəbbüskar fəaliyyəti dayanır. Yaşayış yerlərində, ayrı-ayrı kollektivlərdə RİH-in keçirdiyi görüş qəbullarda adamların qaldırdığı məsələlər diqqətlə öyrənilir. Bir sıra problemlər yerindəcə həll edilir, vaxt tələb edən məsələlər nəzarətə götürülür. Bütün bunlar rayon sakinlərinin dövlət qurumlarına inam etimadını yüksəldir, mənəvi-siyasi mühiti sağlamlaşdırır.

Bir vaxtlar Bakının mərkəzinə gəlib-gedən yolların bərbadlığı, ictimai nəqliyyatın pis işləməsi Qaradağ rayonunu paytaxtın ucqar, uzaq bir ərazisi kimi tanıdırdı. Mərkəzə gələn magistral yolların yenidən qurulması, yeni yol qovşaqları yaradılması, daxili yolların abadlaşdırılması Qaradağla bağlı zaman və məkan anlayışlarını ciddi surətdə dəyişdirmişdir. İndi Qaradağ rayonu abadlıq və ümumi görünüş baxımından paytaxt standartlarına yaxınlaşdığı kimi, yollardakı sürət və rahatlıq da nisbi uzaqlığı aradan qaldırmışdır.

Beləcə Bakının respublikanın əsas bölgələrinə uzanan rayonu Qaradağ qara rəngli anlayışları və görüntüləri xatirələrdə qoyaraq, günlərin əlvan naxışlarını sürətlə çoxaltmaqdadır. İndi bu yerlərdə təkcə insan əlləri ilə yaradılanlar deyil, kasıb təbiətin özü də dəyişir, zövq oxşayır. Tezliklə Qaradağ müasir sənaye poliqonu kimi deyil, həm də Xəzərsahili istirahət və turizm zonası kimi də perspektivlərini genişləndirəcək. O zaman bir vaxtlar bu ərazidən tez ötüb keçmək istəyənlər mərkəzə çatmağa tələsməyəcəklər. Paytaxtın mərkəzi rayonlarından Qaradağa üz tutanların axını da güclənəcək. Qaradağın bugünkü sosial-iqtisadi inkişafının yönü və sürəti məhz belə bir qənaət yaradır.

 

 

Tahir AYDINOĞLU

 

(Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin keçirdiyi birgə jurualist yazıları müsabiqəsinə təqdim edilir.)

 

 

Xalq qəzeti.- 2012.- 4 may.- S. 6.