"Bizim Çingiz!"

 

Sənət aləmində onu tanımayan yoxdur. Ölkəmizin mədəni həyatında baş verən əksər tədbirlərdə, xüsusən də xalqımız tərəfindən böyük rəğbətlə qarşılanan və sevilən muğam televiziya müsabiqələrində, beynəlxalq muğam festivallarında onu tez-tez görmək olur. Respublikanın bir çox populyar xanəndə və musiqi ifaçıları ilə dostluq və yaradıcılıq əlaqələri var. Hamı onun xətrini çox istəyir. Muğam sənətindən, qəzəl dünyasından hali bir insandır. Deyilənə görə, vaxtilə onun da gözəl səsi olub. Lakin ona ən çox populyarlıq gətirən, sənət aləmində sevdirən ağır təbiəti, bir də sevdiyi peşəsinə ürəkdən bağlılığı, zəhmətsevərliyidir.

 

Muğamı sevmək, başa düşmək məsələnin yalnız bir tərəfidir. Lakin onu qorumaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq, gördüyü işdən aldığı zövqü heç nəyə dəyişməmək kimi yüksək keyfiyyətlər yalnız sənət fədailərinə məxsus amillərdir. Ömrünün 39 ilini milli musiqimizin təbliğinə həsr etmiş sənət fədailərindən biri də, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti "Musiqi və əyləncəli proqramlar" redaksiyasının böyük redaktoru, əməkdar incəsənət xadimi Çingiz Qurban oğlu Abbasovdur. Sənət aləmində o daha çox "bizim Çingiz" kimi tanınır. Bu cür münasibət ilk növbədə onların Çingizin özünə və sənətinə olan sonsuz hörmət və doğmalıqdan irəli gəlir. Bu da səbəbsiz deyil. Bəlkə də çoxları bilmir ki, xalq artistləri Xan Şuşinski, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Sara Qədimova, Rübabə Muradova, İslam Rzayev, Arif Babayev və digər korifey ifaçılarla birgə neçə-neçə gözdən-könüldən uzaq düşmüş, az qala unudulmaqda olan sənətkarlar haqqında ekran-efirdə gedən silsilə verilişlər, neçə gənc istedadın ilk ekran çıxışı da Çingiz Abbasovun adı ilə bağlıdır. Çox vaxt belə fədakar insanların əməyi arxa planda qalır. Diqqəti çəkən ilk növbədə musiqi ifaçısı olur. Yaxşı ki, yaradıcılığında daim axtarışlar aparan, radio -televiziyanın qızıl fondunda qorunub saxlanan hər bir lent yazısının tarixini az qala əzbərdən bilən Çingiz Abbasov kimi televiziya işçiləri, sənət fədailəri az da olsa var.

Respublikanın xalq artisti Habil Əliyev verilişlərin birində kamança ilə bağlı öz fikirlərini açıqlarkən: - "Kamança məni xalqa tanıtdı, sevdirdi, məşhur etdi. Lakin mən də kamançaya borclu qalmadım. Kamançanı bir daha xalqa sevdirdim. Onu dünyaya tanıtdım" - demişdi. Bu baxımdan Çingiz Abbasov da öz fədakar əməyi ilə muğam və xalq musiqi ifaçılarına borclu qalmadı. Bu gün Musiqi və əyləncəli proqramlar redaksiyasının ərsəyə gətirdiyi, xalq tərəfindən sevilən musiqi proqramlarında Çingiz Abbasovun da xidmətləri var.

1950-ci il yanvar ayının 24-də Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açan Çingiz erkən yaşlarından musiqiyə həvəs göstərmişdir. Atası Qurban kişi rayonda sayılıb-seçilən ağsaqqallardan olub. İncəsənətə, muğam və xalq havalarımıza xüsusi rəğbəti vardı. Respublikanın bir çox tanınmış incəsənət ustaları-xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Niyaməddin Musayev, Zaur Rzayev və digər ustad xanəndə və musiqi ifaçılarımız Qurban kişinin qonağı olmuş, onunla dostluq etmişlər. Bəlkə elə bu səbəbdən də, Çingiz muğam sənətinə, milli musiqiyə daha çox maraq göstərmiş, ömrünü əbədi olaraq incəsənətə, ulu muğam sənətinin təbliğinə həsr etmişdir.

Onun bu fədakar əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Televiziyası və Radiosunun inkişafındakı xidimətlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı il noyabrın 4-də Çingiz Qurban oğlu Abbasov "Tərəqqi" medalına, 2011-ci il noyabrın 10-da isə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülür. "Heç kəs dahi, məşhur olmaq üçün doğulmur. Lakin dahiləri sevmək, onları tanıdıb təbliğ etmək hər kəsin mənəvi borcudur",- deyən Çingiz Abbasov bu yüksək etimada görə dövlət başçımıza öz minnətdarlığını bildirərək milli musiqimizin təbliğində bundan sonra da əlindən gələni əsirgəməyəcəyini əmin etdi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 11.