«Kulturologiya tarixi»

 

Azərbaycan kulturoloji fikrinin inkişafında, zənginləşməsində kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tural Əfəndiyevin yenicə işıq üzü görmüş "Kulturologiya tarixi" dərsliyi elmi-nəzəri, təcrübi dəyərə malikdir. Dərslikdə min illərlə bəşəriyyət tərəfindən toplanılan, qorunan, zənginləşdirilən, gələcək nəsillərə ötürülən maddi-mənəvi sərvətlərin, dəyərlərin mənimsənilməsi, öyrənilməsi problemləri müqayisəli kulturoloji baxımından sistemləşdirilmişdir.

 

Ən başlıcası isə "Kulturologiya tarixi" nə bir elm kimi yüksək dəyər verilmiş, onun predmeti, obyekti, məqsəd və vəzifələri, digər elmlərlə qarşılıqlı əlaqədə inkişafı elmi cəhətdən təhlil olunmuşdur. Artıq bu gün İlqar Hüseynov və Tural Əfəndiyev kimi alimlərin zəhmətləri nəticəsində kulturologiya elmləri sisteminə "Kulturologiya tarixi" daxil olmuşdur.

Giriş hissədə kulturologiya tarixinin bəşər mədəniyyəti xüsusiyyətlərinin və inkişaf qanunlarının öyrənilib mənimsənilməsinə istiqamətlənməsindən bəhs edilir. "Kulturologiya elmi və onun tarixi kökləri" bölməsində elmin qədim kulturoloji dəyərlərdən qaynaqlandığı ayrı-ayrı mənbələrə istinadəm müəlliflər tərəfindən təsdiqlənmişdir. Burada kulturologiya tarixiliklə sıx əlaqələndirilir və onun müasirliyinin məzmun və mahiyyətinin özəyinin məhz qədim mifoloji əfsanələr, xalqların əski dünyagörüşləri, düşüncə tərzləri, arzu, istəkləri, yaradıcılıqlarından bəhrələndiyi öz təsdiqini tapır.

Tanınmış alimlər Timuçin Əfəndiyev, Nizaməddin Şəmsizadə, Ağayar Şükürov, Ramiz Ağayev, Kamal Abdulla, Əjdər Ağayev, Maqsud Fərhadoğlu və digərlərinin kulturologiya ilə bağlı dəyərli fikirlərindən nümunələr verilmiş, Homer, Firdovsi, Nizami, Füzuli, Nəvai, Şekspir, Molyer, Höte, Rembrandt, L.Tolstoy, N.Hikmət, M.F.Axundov, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, Ü.Hacıyev, S.Bəhlulzadə kimi dahi mütəfəkkirlərin bəşəriyyət üçün böyük bir mənəvi irs toplusu yaratdıqları ayrı-ayrı nümunələrdə öz əksini tapmışdır.

Kulturologiyanın tarixi kökləri maddi və mənəvi mənbələr, yazılı qaynaqlar halında cəmləşərək dünyəvi kontekstdə mədəni sərvətlər toplusu kimi tarix və mədəniyyətimizin bəşəri müstəvidə kulturoloji baxımından öyrənməyə, dərk etməyə zəmin yaradır. Bu nöqteyi-nəzərdən dünya, ölkə və yerli əhəmiyyətə malik yazılı qaynaqlar, insanları qədim tarixi hadisələr burulğanında dərindən düşündürən qaya təsvirləri, sümük və gil lövhələr və sair məhz bu gün bəşəri kulturoloji dəyərlər sırasındadır.

Müəlliflər insanın kulturoloji qarşılıqlı əlaqələrini, insanla mədəniyyətin biri-birilərinə təsirlərinin mexanizmini elmi faktların gücündən bacarıqla istifadə müstəvisində vermişlər. Eyni zamanda dərslikdə insanın kimliyi, yeri, məqsədinin cəmiyyətdə borcu və vəzifələrinin nədən ibarət olmasını Şərq xalqları qaynaqları, dünya kulturologiyasının elmi-nəzəri fikirləri əsasında ardıcıllıqla izah edərək qədimdən bu günədək "insan meydanı"nı çox maraqlı şəkildə təsvir etmişlər. Nəhayət, müəlliflər çox haqlı olaraq göstərilər ki, "...insan mədəni inkişafın həm başlanğıcı, həm də nəticəsi, onun fəaliyyətinin həm məqsədi, həm də vasitəsidir. Hər cür mədəniyyət öz vəzifələrini boşluqda deyil, real mövcud olan obyektlərə münasibətdə həyata keçirir.

Yeni il bayramı, novruz adət və ənənələrinin tarixi-kulturoloji kökləri mahiyyəti maraq doğuran elmi faktlarla əsaslandırılmışdır. Yeni il bayramının çox qədim tarixə malikliyi və dünya xalqları tərəfindən müxtəlif vaxtlarda qarşılanması göstərilmişdir. İslamçılığın Azərbaycanda kulturoloji aspektlərindən bəhs edən müəlliflər VII əsrdən etibarən İslam dininin cəmiyyətdə kulturoloji fikrin inkişafında və mənəvi - əxlaqi dəyərlərin formalaşmasında mühüm sosial funksiyaları yerinə yetirməyə başlamasını xüsusilə açıqlamışlar. Dərslikdə həmçinin qədim sivilizasiyaların coğrafi cəhətlərinin də böyük əhəmiyyəti qeyd edilmişdir: "Bu, Afrika, Mərkəzi Asiya, Şimali və Cənubi Amerika sivilizasiyalarıdır".

"Heydər Əliyev və Azərbaycan mədəniyyəti" bölməsində ulu öndərin həm birinci, həm də ikinci dəfə Azərbaycandakı hakimiyyəti dövrlərində milli mədəniyyətimizin davamlı inkişafının müstəsna yer tutmasından bəhs edilmişdir. Haqlı olaraq qeyd edilmişdir ki, ulu öndərin layiqli davamçısı, Azərbaycanın dünyada yüksək mövqeyə qalxması istiqamətində böyük əməyi olan Prezidentimiz möhtərəm İlham Əliyev həyat və fəaliyyətilə öz nəslinin şərəfli varisi olduğunu artıq sübut etmişdir.

Kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Tural Əfəndiyev tərəfindən hazırlanan bu çox aktual dərslik elmi məzmunu, nəzəri və əməli sanbalı, zəngin tarixi-mədəni faktları, mənbələrə istinadı və digər vacib üstünlüklərinə görə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, çoxsaylı tələbə kontingenti, alim-tədqiqatçılar və geniş oxucu kütləsinin sevimli kitabına çevriləcəkdir.

 

 

Sabir ƏMİRXANOV,

pedaqoji elmlər namizədi,

dosent

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 10.