Astara: qarşıda daha böyük vəzifələr durur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il martın 13-də Astaraya tarixi səfəri, ictimaiyyət nümayəndələri ilə görüşü, dərin məzmunlu çıxışı uzun müddət yaddaşlardan silinməyəcək. Ölkə başçısının sosial obyektlərin və yeni avtomobil yolunun açılışında iştirakı sakinlərdə dərin qürur və sevinc duyğuları yaratmışdır. Prezidentin rayonun sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri onlar fəaliyyət proqramı kimi qəbul ediblər. 

 

Ölkə rəhbərinin 16 mart 2012-ci il tarixdə Astara rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı daha bir sərəncam imzalaması bölgəyə olan böyük qayğı və diqqətin bariz nümunəsidir. Sərəncamda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosial yönümlü obyektlərin inşa edilməsi, yeni yolların çəkilməsi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi xüsusi vurğulanmışdır. Bu işlərin davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat məbləğində vəsaitin ayrılması astaralıları daha məsuliyyətli olmağa, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə ciddi səy göstərməyə ruhlandırır. Bütün bunlar rüblük hesabat yığıncağında bir daha məmnuniyyətlə xatırlandı.

Rayon icra hakimiyyətinin yeni başçısı Qəzənfər Ağayev tədbiri açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə rəhbərinin qeyd etdiyi kimi, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. İnflyasiya cəmi 3,1 faiz, əhalinin pul gəlirləri isə təxminən 14 faizdir. Bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır.

Məruzədə vurğulandı ki, ölkədə gedən inkişaf prosesləri Astarada da aşkar görünür. Bu rayonun ölkə iqtisadiyyatının inkişafında layiqli yeri var. Yerli gəlirlər 557,9 min manata qarşı 749,1 min manat icra olunub, ümumi məhsul buraxılışı 23 milyon 162,3 min manata çatıb. Rayonda tikinti-abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb. Şəhərdaxili yollara asfalt döşənib, şəhərin küçələrində təmizlik, abadlıq və yenidənqurma işləri aparılıb. Şəhərin mərkəzindəki Heydər Əliyev parkı yenidən qurularaq genişləndirilib. Dekorativ ağacgül kolları əkilib. Parkda müasir işıqlandırma sistemi qurulub. Beşmərtəbəli ictimai yaşayış binasının fasadı müasir memarlıq üslubunda yeni dizaynda əsaslı təmir olunub. Burada YAP Astara rayon təşkilatı üçün ikimərtəbəli inzibati bina tikilərək istifadəyə verilib.

Astara Telekommunikasiya Qovşağının inzibati binasının əsaslı təmiri başa çatdırılıb. Sərhəd Qoşunları üçün çoxmərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində Astara Vergi Terminalı üçün inzibati binanın tikintisi aparılır.

Olimpiya İdman Kompleksi istifadəyə verilib. Rayon Mərkəzi Xəstəxanasının üçmərtəbəli binası əsaslı təmir olunaraq yenidən qurulub ən müasir tibbi avadanlıqla təchiz olunub.

Kijəbə-Ojakəran Kijəbə-Qəcimardə avtomobil yolları yenidən qurularaq asfaltlaşdırılıb. Burada meydan salınıb, hündürlüyü 25 metr olan Dövlət Bayrağı ucaldılıb, ərazidə istirahət parkı yaradılıb.

Kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarının əsaslı təmirinə başlanıb, burda yeni nasos stansiyası tikilib. Ötən rüb ərzində bir sıra nümayəndəliklərin ərazisində geniş abadlıq işləri aparılıb, daş hasarlar suvaqlanıb, yeni hasarlar çəkilib, köhnə dəmir torlar yenisi ilə əvəz edilib, kommersiya obyektlərinin fasadları estetik vəziyyətə gətirilib, "Yanar bulaq" kompleksi əsaslı təmir olunub.

Sitrus meyvələrinin, balıq məhsullarının emalı saxlanması üçün soyuducu kameraların tikintisi başa çatdırılıb.

Fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün Astarada hər cür şərait yaradılıb. Rayonda mart ayında "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda keçirilmiş konfrans maarifləndirmə işlərinin təşkilinə yaxından köməklik göstərib. Bu məqsədlə yaradılmış komissiya insan sağlamlığı üçün təhlükəli məhsulların satışına nəzarəti gücləndirilib.

Son dövrlərdə rayonda 4982 yeri açılıb, bunun da 4667-si daimi yeridir. 1382 ailə ünvanlı sosial yardım alır. Ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği 102 manat təşkil edir.

Əhalinin mavi yanacaqla təminatının daha da yaxşılaşdırılması məqsədilə 236 evə qaz xətti çəkilib, 5943 poqonometr müxtəlif diametrli qaz xətləri üzərində təmir-bərpa işləri aparılıb. Sərək, Şüvi, Siyatku kəndlərinin qazlaşdırılması üçün yeni aparıcı qaz xətləri çəkilib, Şahağacı, Bala Şahağacı kəndlərində xətlərin bərpasına hazırlıq işləri davam etdirilir.

Rayonda yaşıllıqların salınması, mühafizəsi, yeni ağac tinglərinin əkini və onlara xidmət göstərilməsi daim diqqət mərkəzindədir. Bu ilin birinci rübündə Astara-Bala Şahağacı avtomobil yolu və Olimpiya İdman Kompleksi ətrafında 6 minə yaxın ağac əkilmişdir.

Rayonun təhsil müəssisələrinin əsaslı təmiri, tikintisi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə xeyli iş görülüb. Dövlət Proqramının icrası ilə əlaqədar ucqar dağ ərazisində 180 yerlik Toradi kənd tam orta məktəbi üçün yeni bina tikilərək istifadəyə verilib. Hazırda 480 yerlik Şuvi, hər biri 360 yerlik Astara şəhər 7 saylı, Siyaku, Vaqo, hər biri 220 yerlik Suparibağ, Şağlazüzə tam orta və 180 yerlik Rudəkənar kənd ümumi orta məktəb binalarının tikintisi davam etdirilir. Astara şəhər 2 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılıb.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işi yaxşılaşıb, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Yerlərdə müntəzəm keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük maraq doğurur və razılıqla qarşılanır.

Məruzədən sonra işgüzar müzakirələr oldu. Əsas diqqət qarşıda duran mühüm vəzifələrə yönəldildi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev hər bir kəsin öz işində məsuliyyət hissini daha da gücləndirməsi zərurətini önə çəkərək əminlik ifadə etdi ki, birgə səylərlə Astaranın yenə də öncül mövqelərdə olması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması təmin ediləcək.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 8.