Azərbaycanda sahibkarlığın, özəl bölmənin təşəkkülü və inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

 

Azərbaycanın iqtisadi həyatının bütün sahələrində olduğu kimi, sahibkarlığın, özəl bölmənin təşəkkülü, inkişaf etməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, yalnız dahi şəxsiyyətin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.

 

Azərbaycanda sahibkarlığın inkişafına təkan verən ilk mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransda ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək Azərbaycanda bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etdi: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin".

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən ulu öndərimiz bu istiqamətdə dövlət qayğısının artırılması üçün vacib addımlar atdı. Bununla əlaqədar 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilməsində müstəsna rol oynadı.

Sahibkarlığın inkişafında Heydər Əliyevin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Bununla bağlı ən vacib addımlardan biri kimi ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanın imzalanması qeyd edilməlidir. Həmin fərmanda əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər həyata keçirildi.

O dövrdə ulu öndərimizin rəhbərliyi ilə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədlər hazırlanmış, sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdı. Amma yeni proqramın qəbuluna kimi əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə iqtisadiyyatının inkişafında təsiri zəif xarakter daşıyırdı. Formalaşan sahibkarlıq strukturları isə on illər boyu yaradılmış intellektual potensialı əks etdirmir, həmin potensialdan səmərəli istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətə istiqamətləndirilmirdi. Halbuki ölkədə etibarlı siyasi sabitliyə nail olunması və dünyanın məşhur neft şirkətləri ilə Azərbaycanda neft hasilatı barəsində müqavilələrin bağlanması sahibkarlığın inkişafına əlverişli imkanlar açırdı. Belə bir şəraitdə sahibkarlığın inkişafını nəzərdə tutan yeni dövlət proqramının hazırlanaraq icraya yönəldilməsi böyük zərurət kəsb edən məsələyə çevrilmişdi.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənəddə də vurğulanırdı ki, kiçik və orta sahibkarlığın sürətlə formalaşması Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biridir. Azərbaycan Konstitusiyasına və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanan yeni proqramın məqsədi sahibkarlığın ardıcıl inkişafı, Azərbaycan iqtisadiyyatında onun rolunun gücləndirilməsi və tədricən dünya iqtisadiyyatına inteqrasiya olunması üçün əlverişli mühitin formalaşdırılmasından ibarət idi. Sahibkarlığın ardıcıl inkişafını təmin etmək üçün proqramda bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi, təşkilati şərtlərin, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması əsas vəzifələr kimi qarşıya qoyulurdu.

Özəl bölməni daha da inkişaf etdirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilərək, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu. Bundan öncə isə vergi münasibətlərini tənzimləyən bir sıra qanunların, məsələn, "Mədən vergisi haqqında" (1995-ci il), "Əmlak vergisi haqqında" (1995-ci il), "Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında" (1996-cı il) qanunların qəbul edilməsi, qüvvədə olan "Əlavə dəyər vergisi haqqında", "Fiziki şəxslərin gəlirlərindən vergi haqqında" və s. qanunlarda əlavə və dəyişikliklər edilməsi sahibkarlar sinfinin formalaşıb inkişaf etməsində mühüm əhəmiyyət kəsb etdi. Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı.

Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahiya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.

Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənədin uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçikorta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi.

Dahi şəxsiyyətin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət də sahibkarlığın tərəqqisinin təminində, yerli istehsalsosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerlixarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuşdur. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerlixarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca isə ölkə rəhbərinin müvafiq fərmanları ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafi Dövlət Proqramlarının əsas istiqamətlərindən biridaha əlverişli biznesinvestisiya mühitinin formalaşmasını, adamlarının fəaliyyət imkanlarının genişlənməsini, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini ehtiva edirdi. Xatırladaq ki, birinci Proqramda olduğu kimi, hazırda ikinci Dövlət Proqramında da nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir.

Cənab İlham Əliyevin ərzaq təhlükəsizliyinin yaradılması prosesində ulu öndərin siyasətini uğurla davam etdirməsi də diqqət çəkir. Xatırladım ki, ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dahi şəxsiyyət Heydər Əliyev tərəfindən dayandırılmış, iqitsadi artıma və inkişafa nail olunmuşdur.

Xatırladım ki, ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı uzun müddət elmi-tədqiqat işi aparmışam və indiyədək reallaşdırılan tədbirlər öz müsbət nəticəsini vermişdir. Onu da deyim ki, əhalinin ərzaqla etibarlı təminatı məsələsini ulu öndərimiz Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi daim diqqət mərkəzində saxlayırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkəmizdə son illər bununla əlaqədar bir sıra mühüm işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Bir neçə fakta diqqət yetirək: 2011-ci ildə ilkin mədaxil çəkisində 2458,5 min ton taxıl tədarük edilmişdir. Hər hektar üzrə məhsuldarlıq təxminən 25 sentner olmuşdur. Əkin sahələrinin həcminin artırılması, məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin yüksəlməsinə müsbət təsir göstərmişdir. Biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər bütün texnika və avadanlıqlarla təmin edilmişdir. Başqa sözlə, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb olunmuşdur. Ümumilikdə mövsüm dövründə "Aqrolizinq" SC-nin balansındakı texnika parkında 3110-dən çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə edilmişdir.

Yeri gəlmişkən, Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. Yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadəyə tam yararlıdır. Bunu laboratoriya şəraitində aparılan yoxlamalar da sübut edir.

Göründüyü kimi, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev ötən illər ərzində ulu öndərimizin sosial-iqtisadi siyasətini uğurla həyata keçirmişbu, hazırda da davam etdirilir. Bunu müvafiq dövlət proqramlarının, sərəncamların reallaşması sayəsində ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində müsbət uğurların əldə edilməsi də aydın şəkildə göstərir.

 

 

Məhərrəm ŞƏFİYEV,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 6 may.- S. 6.