ŞUŞA: Tarixi, siyasi, iqtisadi, strateji və mədəni əhəmiyyətə malik şəhər.

 

(əvvəli qəzetin 8 may 2012-ci il tarixli sayında)

 

1903-cü ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza" jurnalının 43-cü səhifəsində göstərirdi ki, "Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar". Bundan əlavə, "Qafqaz" qəzetinin icmalçısı 24 may 1868-ci il tarixli şərhində göstərirdi: "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir. Beləliklə şəhərdə 25 min əhali yaşadığını cəsarətlə söyləmək olar".

 

Bu illərdə Qafqazın siyasi-inzibati mərkəzi olan Tiflisdə əhalinin sayı 60776-ya, Yelizavetpolda (Gəncə) 36485-ə, Şamaxıda 29525-ə, Bakıda isə 14897-ə çatırdı. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov, "Kavkazski sbornik" kitabının II cild 457-ci səhifəsində yazırdı: "Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür". 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə ("Andlı öhdəlik") görə Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildikdən sonra, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı və 1840-cı il islahatı ilə "Qarabağ əyaləti" yerində yaradılmış və Kaspi ( Xəzər) vilayətinə daxil edilən "Şuşa qəzası" 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etmişdir. 1917-ci ildə Şuşa qəzası Müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil olmuşdu. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə həyata keçirildi. DQMV-nin Azərbaycanın tərkibində yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu. DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozulmuşdu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında nə şəhər, nə də rayon olmuşdur. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir və Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı, Xankəndi və Əskəran rayonu bütünlüklə Şuşa qəzasından alındı. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnaq, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndinə verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əskəran rayonu yaradılmışdır. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan "Stepanakert"ə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı: Şuşanı respublikanın digər rayonları ilə birləşdirən rabitə xətləri Xankəndi qovşağından idarə olunurdu; Yevlax-Laçın qaz kəməri buradan keçirdi. Ağdam-Şuşa magistral avtomobil yolu Əskəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salınmışdı. Bununla yanaşı, sovet dövründə SSRİ-nin digər respublikalarında yaşayan ermənilərin DQMV-da qeydiyyata götürülməsi ilə erməni əhalisinin sayı süni surətdə artırılmışdı. Bütün bunların planlı şəkildə edilməsi və sonralar nə ilə nəticələnəcəyi 1988-ci ildən sonra bizə bəlli oldu. Beləliklə, on illərlə bundan qabaq DQMV-ın Azərbaycandan ayrılması üçün məqsədyönlü hazırlıq görülür, separatçılıq hərəkatının bünövrəsi qoyulurdu. 1987-ci il noyabrın 18-də A.Aqanbekyan Parisdə çıxış edərək yaxın gələcəkdə Qarabağın Ermənistana veriləcəyinə əmin olduğunu bildirdi. Bu çıxış, 1988-ci ilin əvvəllərində Xankəndində başlanan mitinqlər üçün siqnal rolunu oynadı. Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər. XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. Belə ki, 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əskəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşın karvanının ermənilər tərəfindən atəşə tutulması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı və noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi və şəhər blokada vəziyyətinə düşdü. Nəticədə, Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxartdı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə ki, bu dovrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laşın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Eyni zamanda, Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti hücum Şuşaya olacaq. Martın sonu-aprelin əvvələrindən başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən "qrad", "kristal" tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulduqdan sonra ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər. Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər. Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılmış, məbədgah və məscidlər təhqirlərə məruz qalmış, çoxlu sayda nadir əlyazma nümunələri məhv edilmişdir. Artıq 20 ildir ki, təcavüzkar Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi uzatmağa çalışır. Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab Prezident İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Dövlət başçısı İlham Əliyev bu gün danışıqlar masası üzərində bütün işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması və məcburi köçkünlərin öz doğma ev-eşiklərinə qayıdışı məsələlərinin mövcudluğunu bildirmişdir. Bununla yanaşı, Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən Azərbaycan Prezidenti İlham Əliyev nə bu gün, nə on il, nə də yüz il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını vurğulamışdır. Dövlət başçısı cənab İlham Əliyev bəyan etmişdir: "Dağlıq Qarabağın azərbaycanlı əhalisi oraya, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası beynəlxalq münasibətlər

və xarici siyasət kafedrasının dosenti,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 13.