Dönüşdən qurtuluşa

 

Azərbaycan Mətbuat Şurasında jurnalist-hüquqşünas Fəxrəddin Ağamirzəyevin ümummilli lider Heydər Əliyevin həyatının Naxçıvan dövrünə işıq salan "Dönüşdən qurtuluşa" kitabının təqdimat mərasimi keçirildi.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki, "Dönüşdən qurtuluşa" kitabının əsas materialı F.Ağamirzəyevin 1990-cı ildə ümummilli lider Heydər Əliyevdən Naxçıvanda götürdüyü və Saatlı rayonunun "Dönüş" qəzetində dərc etdirdiyi müsahibədir. Həmin müsahibədə Heydər Əliyevin həyat və fəaliyyətinin ən çətin, oxucular üçün indiyədək məlum olmayan məqamları açıqlanıb, Azərbaycanın yaxın keçmişi, indisi və gələcək taleyi ilə bağlı dahi siyasətçinin fikirləri öyrənilib. O vaxt "Dönüş" qəzetində şöbə müdiri işləyən jurnalistin bu müsahibəsi Heydər Əliyevin Moskvadan Vətənə dönüşündən sonra kommunist mətbuatında ona yaradılan ilk və son çıxış imkanı olmuşdu. Bu yazıya görə həmkarımız o vaxt cəzalandırılmış, jurnalistikadan uzaqlaşdırılmışdı. Fəxrəddin Ağamirzəyev müsahibənin hazırlandığı dövrün xüsusiyyətləri barədə məlumat verdi. Heydər Əliyevlə Naxçıvandakı görüşünü xatırlayan jurnalist-hüquqşünas müsahibinin Azərbaycan tarixində misilsiz rol oynayan şəxsiyyət olduğundan fəxr duyduğunu vurğuladı: "Biz Heydər Əliyevin müasirləri onunla birgə keçən günləri, hadisələri həyatımızın ayrılmaz hissəsi sayır, onunla bir dövrdə yaşadığımızla fəxr edirik. Bu tarix hər birimizin taleyini əhatə etdiyindən hər kəsin söyləməyə sözü var". F.Ağamirzəyev müsahibənin bir yaddaş toplusu kimi kitab şəklində ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli bildirdi ki, həmin vaxt ümummilli lider Heydər Əliyevlə görüşmək və ondan müsahibə götürərək qəzetdə vermək fədakarlıq tələb edirdi. Bu mənada Fəxrəddin Ağamirzəyevin necə cəsarətli iş gördüyünü təsəvvürə gətirmək çətin deyil. Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müəllifin Heydər Əliyev barədə həqiqətləri ortaya qoymaq, o günlərin ən vacib, bu gün də aktuallığını saxlayan suallarına tarixi cavablar axtarmaq istəyini jurnalistikada hadisə, Vətənə, torpağa xidmət nümunəsi kimi dəyərləndirdi.

"Dönüşdən qurtuluşa" kitabına görkəmli naşir Əjdər Xanbabayevin siyasi qətli ilə bağlı Heydər Əliyevin istintaqa verdiyi geniş izahat, Sov. İKP üzvlüyündən çıxmaq barədə bəyanatı da daxil edilib. Bu məqamlara diqqət yetirən mərhum Əjdər Xanbabayevin qızı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinin müəllimi Afət Xanbabayeva ağır şəraitdə Fəxrəddin Ağamirzəyevin aldığı və yayımladığı müsahibəni əsl vətəndaşlıq nümunəsi kimi qiymətləndirdi. Heydər Əliyevi səfərlərdə müşayiət etmiş jurnalist Səyyad Ağbabalı qeyd etdi ki, nadir zəkası, polad iradəsi və əzmi ilə bəşəriyyəti heyrətləndirən bənzərsiz siyasətçinin xalqı qarşısındakı xidmətlərindən çoxsaylı kitablar yazılıb, yazılır və yazılacaq. Bu kitab isə böyük insanla ağır günlərdə müsahib olan jurnalistin çağdaş oxucuya hesabatıdır.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirdi ki, Fəxrəddin Ağamirzəyev "Dönüş" qəzetinin 3 nömrəsində Heydər Əliyevlə müsahibəni verməklə gərgin bir vaxtda mühüm missiya yerinə yetirmiş, Naxçıvan və Heydər Əliyev ətrafında informasiya blokadasının yarılmasında ilk addım atmışdı. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini Cavanşir Cahangirov tələbəlik yoldaşı Fəxrəddin Ağamirzəyevin 22 il əvvəkli əməyinin bu gün tarixi məzmun daşıdığını vurğulayaraq, bu barədə ayrıca kitabın hazırlanmasını da gərəkli addım kimi dəyərləndirdi.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin təmsilçisi Mətləb Səfərli ümumilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyət dövrü ilə bağlı təqdimatı keçirilən nəşrin əhəmiyyətinə toxundu, kitabı jurnalistlərin ulu öndərin doğum gününə dəyərli töhfəsi kimi dəyərləndirdi.

"Xalq qəzeti"nin əməkdaşı Namiq Əliyev kitabın mətninin ingilis və rus dillərində də hazırlandığını söyləyib əlavə etdi ki, Gürcüstana səfəri çərçivəsində onun bir nüsxəsini ölkənin eks-prezidenti Eduard Şevarnadzeyə təqdim etmişdi. Onun köməkçisi dünən zəng edərək "Dönüşdən qurtuluşa"nın sabiq dövlət başçısında böyük təəssürat yaratdığı barədə məlumat verib, təşəkkürünü çatdırıb. Bu, bir daha onu təsdiqləyir ki, kitab faktların zənginliyi, o dövrün xüsusiyyətlərinə aydınlıq gətirilməsi nöqteyi-nəzərdən mühüm səciyyə daşıyır, yaxın-uzaqlarda böyük maraqla qarşılanacaq.

"Dönüşdən qurtuluşa" kitabının redaktoru, əməkdar jurnalist Tahir Aydınoğlu nəşrin ümummilli lider Heydər Əliyevin həyatının iki taleyüklü dövrü arasındakı zaman kəsiyindən soraq verdiyini söylədi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün məhsulu kimi dəyərləndirdi.

"Dönüşdən qurtuluşa" kitabı "Adiloğlu" nəşriyyatında çapdan çıxıb.

 

 

Xalq qəzeti.- 2012.- 11 may.- S. 14.