Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına misilsiz töhfələr vermiş böyük dövlət xadimidir

 

Azərbaycan tarixində görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Respublikamızın inkişafı, bütün dünyada tanınması ümummilli liderimizin adı ilə bağlıdır. Bunun təsdiqi kimi dahi şəxsiyyətin ömür yoluna, xalqımızın xoşbəxtliyi naminə gördüyü işlərə qısaca nəzər salaq. Belə ki, vaxtilə keçmiş SSRİ-nin ucqar əyalətlərindən sayılan Azərbaycanın müstəqil dövlətə çevrilməsi ilk növbədə məhz Heydər Əliyevin uzun illər boyu apardığı gərgin fəaliyyətin nəticəsidir. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda 250-dən çox sənaye obyekti tikilib istifadəyə verilmiş, əsas fondların 85 faizi təzələnərək həcmi 2-3 dəfə artırılmışdı. Cəmi 15 il ərzində respublikada miqyas etibarilə bütün əvvəlki tarixi boyu yaradılmış potensialla müqayisə oluna biləcək güclü sənaye potensialı yaradılmışdı.

 

Neft-mədən avadanlığı istehsalı, elektrik mühərrikləri, elektrik qaynaq avadanlığı, məişət kondisionerləri, soyuducular, pambıq ipliyi, ipək üçün xammal kimi mühüm sənaye məhsullarının istehsalına görə müttəfiq respublikalar arasında Azərbaycan ön cərgələrdə dururdu. Azərbaycana müasir texnologiya axını başlamışdı. Ötən əsrin 70-ci illərinin nəhəng sənaye obyektlərindən olan Bakıdakı Elektrik-Cihazqayırma, Məişət kondisionerləri, Radio, Elektrik Hesablama, Sumqayıtdakı Kompressorlar, Gəncədəki Billur zavodları və digər nəhəng müəssisələr məhz qabaqcıl texnologiyalar əsasında qurulub yaradılmışdı.

Sürətli iqtisadi inkişaf nəticəsində 1969-cu illə müqayisədə 1981-ci ildə respublikamızda kənd təsərrüfatı məhsulları, o cümlədən, pambıq (1 milyon ton), üzüm (2,1 milyon ton), taxıl (1,15 milyon ton) istehsalı ən azı 5 dəfə artmışdı. Bu məhsullardan respublikamıza gələn vəsait hesabına o dövrdə rayon və kənd yerlərində abadlıq işləri aparılır, əhali öz şəxsi təsərrüfatını genişləndirməklə güzəranını yaxşılaşdırır, yeni yaşayış evləri tikir, avtomobil və digər zəruri məişət avadanlıqları almaq imkanı əldə edirdi.

Bakının iri yaşayış massivlərinin çox hissəsi Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə salınmışdır. Təkcə 10 il ərzində Azərbaycanda 22 milyon kvadratmetr həcmində yaşayış sahəsi tikilmiş, insanlar kütləvi şəkildə yeni mənzillərlə təmin olunmuşdu.

Az vaxt içərisində Azərbaycanda 11 yeni elektrik stansiyası istifadəyə verilmişdi. Azərbaycanın qazlaşdırılması prosesi də daim nəzarətdə saxlanılırdı. Bunun nəticəsində ötən əsrin 80-ci illərində 65 şəhər və rayon mərkəzi, 45 qəsəbə, 2 mindən çox kənd, 800 sənaye müəssisəsi, 13 mindən artıq kommunal-məişət və sosial obyektlər təbii qazla təmin olunmuşdu. Bu göstərici əhali təbəqəsinin qazla təmin edilmə miqyasına görə, RSFSR də daxil olmaqla bütün müttəfiq respublikalar arasında ən üstünü idi.

Bu məqamda onu da xatırlatmaq yerinə düşər ki, 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasına baxmayaraq, xalqımız əsl müstəqilliyin bəhrəsini Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gördü. Çünki məhz ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkə xaosdan, vətəndaş müharibəsi, separatizm bəlasından, hakimiyyət böhranından, bir sözlə, dövlətçiliyini tamamilə itirmək təhlükəsindən qurtuldu, cəmiyyətdə stabil həyat ritmi bərqərar oldu.

Tarix üçün çox qısa zaman sayılan 20 ildə müstəqil dövlətimizin keçdiyi yol heç də həmişə hamar olmamışdır. Müstəqilliyin ilk illərində o vaxtkı iqtidarın səriştəsizliyi üzündən ölkə iqtisadiyyatı xeyli geriləmiş, inflyasiyanın səviyyəsi 1800 faizə çatmışdı, xarici ticarət dövriyyəsinin həcmi minimum həddə idi. Müəssisələrin böyük əksəriyyəti işləmirdi, yaxud öz gücünün 15-20 faizi həcmində fəaliyyət göstərirdi. Ölkədə çörək və yanacaq qıtlığını aradan qaldırmaq mümkün olmurdu... İctimai-siyasi vəziyyət daha ağır idi. Hakimiyyəti idarə etməkdə heç bir səriştəsi olmayan naşı adamlar ağlagəlməz addımları ilə cəmiyyəti iflic vəziyyətinə salmışdılar.

Beləliklə, 1993-cü ilin iyununda ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlandı. Erməni işğalının qarşısının alınması istiqamətində mühüm addımlar atıldı, atəşkəs əldə olundu. Azərbaycanda ordu quruculuğu yönündə ardıcıl tədbirlər həyata keçirildi. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider dahiyanə uzaqgörənliklə yeni neft strategiyasının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etdi. Dünyanın aparıcı ölkələrinin 11 transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə, onu enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirdi. Neft yataqlarının işlənməsindən əldə olunan vəsaitləri səmərəli idarə etmək, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəltmək məqsədilə 1999-cu ildə ulu öndər Dövlət Neft Fondunun yaradılması barədə fərman imzaladı.

Aqrar sektorda radikal islahatlara başlanıldı. Kolxoz və sovxozların ləğvi, onlara məxsus torpağın, mal-qaranın və əmlakın təmənnasız olaraq kəndlilərə paylanması ilə ölkənin kənd təsərrüfatı müasir bazar prinsipləri əsasında yenidən formalaşdırıldı və aqrar sektorda ciddi struktur dəyişikliklər baş verdi. Heydər Əliyevin müəlliflik etdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı və onu torpağın əsl sahibinə çevirdi. Ən başlıcası, bu islahatlar əhalinin ərzağa olan tələbatının əsasən öz daxili imkanları hesabına ödəməsini mümkün etdi.

1993-2003-cü illər ən yeni Azərbaycan tarixinə bazar iqtisadiyyatının vacib seqmentlərindən olan dövlət mülkiyyətinin özəlləşdirilməsi, infrastrukturun yenilənməsi, tranzit imkanlarından səmərəli istifadə üçün Şərq, Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi, sahibkarlığın inkişafı naminə zəruri tədbirlərin görülməsi, əhalinin güzəranını yaxşılaşdırmaq məqsədilə sosial sahədə mövcud problemlərin kompleks həlli, habelə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin sürətli inkişafı dövrü kimi daxil olmuşdur.

Burada ulu öndərin sahibkarlığın inkişafına göstərdiyi diqqət barədə bir qədər ətraflı bəhs etmək istərdim. O dövrdə özəl sektorun tərəqqisi istiqamətində atılan mühüm addımlardan biri bu sahədə hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəaların əksini tapmasıdır. 1994-cü ilin sentyabr ayında ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri idi. Sözügedən sahədə qabaqcıl Qərb təcrübəsinin Azərbaycanda tətbiqi üçün hər bir şəraitin yaradılacağını diqqətə çatdıran ümummilli lider xarici investorları ölkəmizə sərmayə qoymağa çağırdı. Azərbaycana gələn və gələcək xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider Heydər Əliyev sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını konfransda bəyan edərək dedi: "İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var".

İqtisadiyyatın yüksəlişində mühüm rol oynayan sahibkarlığın təşəkkülü istiqamətində görülən işlər tezliklə öz nəticələrini göstərməyə başlamışdır. Burada özəl bölmənin inkişafına mühüm təsir göstərən 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Həmin proqramlar sahibkarlığın inkişafını, dövlət tərəfindən özəl sektor subyektlərinə hərtərəfli dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət nəzarət sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər həyata keçrilmişdir. 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" ölkə Prezidenti tərəfindən verilən fərman iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz xarakterli yoxlamaların sayının azaldılmasına gətirib çıxadı. "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar da ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə mükəmməl hüquqi bazanın formalaşmasını təmin etmişdir. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzlərinin yaradılması ilə dövlətin sözügedən iqtisadi subyektlərə dəstəyi yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.

O dövrdə sözügedən sahəyə dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi də ulu öndərin diqqət mərkəzində olmuşdur. Bu məqsədlə dahi şəxsiyyət 1999-cu il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", 2002-ci il sentyabrın 28-də "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" tarixi əhəmiyyətə malik olan sənədlər bu qəbildəndir. Həmin fərmanlarda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan problemlər tam təsvir olunur, onların aradan qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi isə sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşımışdır. Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılması da sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuşdur.

Ulu öndər sahibkarların üzləşdiyi çətinlik və problemləri bilavasitə onların öz dilindən eşitməyə, iş adamları ilə mütəmadi görüşlər keçirilməsinə də hər zaman böyük önəm vermişdir. 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, həmin il mayın 14-də isə xarici sahibkarlarla ümummilli liderin görüşü, sahibkarların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratması özəl sektorun tərəqqisi templərini daha yüksək səviyyəyə çatdıran şəraitin formalaşması ilə nəticələnmişdir. Bundan başqa, ictimai münasibətlər sistemində sahibkarlar zümrəsinin rolunu nəzərə alan ulu öndər dövlət-sahibkar münasibətlərini inkişaf etdirmək üçün institusional qurum olan Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasını yaratmışdır.

Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iştisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmışdır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Elmin son nailiyyətlərinə, texnika və texnologiyanın fasiləsiz yeniləşməsinə, innovasiya menecmentinin və marketinqinin tətbiqinə, sahibkarların innovasiya və risk qabiliyyətlərinin tam reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə, əsl iqtisadi yarış imkanlarını verən mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin və xidmətlərin təklifinin sabit artımına yenə dövlət tərəfindən müvafiq şərait yaradılmışdır.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılmış, dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir. Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 83 faizindən çoxdur. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 36,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olmuşdur.

Düşünülmüş düzgün siyasətin nəticəsidir ki, 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranı, demək olar ki, Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan bu böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur. İndi də davam etməkdə olan qlobal iqtisadi böhran şəraitində 2011-ci ilin nəticələrinə görə, ölkəmizin qeyri-neft sektorunda yüksək göstərici - 9,4 faiz artım əldə edilmişdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır".

Başa vurmaqda olduğumuz mərhələ sosialyönümlü büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri aparılmış, çoxsaylı körpülər və yollar, minlərlə məktəb, idman-sağlamlıq kompleksləri, xəstəxana-müalicə ocaqları, sosial-mədəniyyət müəssisələri, turizm-istirahət mərkəzləri tikilib istifadəyə verilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada multikulturalizm və etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Ötən ilin sonlarında 155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir neçə ay əvvəl isə Meksikada "Böyük iyirmiliyin" sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük siyasi-diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

 

 

Elşad ABBASOV,

"Embawood" şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2012.- 11 may.- S. 11.