HEYDƏR ƏLİYEV - milli xarakter simvolu

 

Şəxsiyyətin tarixi dəyişikliklərə təsiri, bu şəxsiyyətin miqyasını səciyyələndirir. Tarixin gedişini dəyişdirmək iqtidarında olan siyasətçilərin taleyinə isə, həmişə olduğu kimi ən ağır məsuliyyət düşür. Bu məsuliyyəti necə daşımasından, ölkəsinin tarixi inkişafı üçün hansı istiqaməti seçməsindən asılı olaraq, politoloqlar o tarixi şəxsiyyət fenomenini tarixi liderlərin üç tipindən birinə aid edirlər-konservator, islahatçı və ya inqilabçı. Tarixin min ildən bir yetişdirdiyi dahilərdən olan Heydər Əliyev şübhəsiz islahatçı lider idi. Adət -ənənəni, milli-mənəvi dəyərləri, tarixi mədəniyyəti qayğı ilə qoruyan , amma eyni zamanda ictimai düşüncənin ağrılı islahatının və dekonstruksiyasının məsuliyyətini üzərinə götürməkdən zərrə qədər çəkinməyən lider.

 

Sovet İttifaqının dağılması, dünyada bütün geosiyasi bölgünün yenidən aparılması, dünya liderliyinin yenidən müəyyənləşməsi, Cənubi Qafqazda, Orta Asiyada və Avroasiya regionlarında eyni vaxtda yeni müstəqil dövlətlərin meydana gəlməsi, dünyanın dolaşıq siyasi təbəddülatlarından baş açan yeni tip insanların üzə çıxmasını tələb edirdi. Fenomenal lider keyfiyyətlərinə, sadəcə bacarıqlı deyil, innovasiyalara genetik adaptasiya qabiliyyətinə malik insanlara ehtiyac artırdı. Ümummilli lider Heydər Əliyev yeni müstəqil Azərbaycan üçün məhz belə bir lider oldu.

Nahaq deyil ki, müasir müstəqil Azərbaycan dövlətinin yaranması da Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, nəinki bu müstəqilliyin yaranması, eyni zamanda qorunub möhkəmləndirməsi və formalaşması uğrunda qətiyyətlə mübarizə aparan, yorulmadan işləyən dövlət xadimi idi. Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi.

SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi olmuş Yuri Soloduxin onun siyasi obrazını belə xarakterizə edir: "Heydər Əliyevin keçmiş Sovetlər birliyinin siyasi və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir." Onun digər bir köməkçisi Eduard Proxorenko isə Heydər Əliyevin bir rəhbər kimi xeyirxah, diqqətli, yüksək dərəcədə alicənab insan olduğundan danışaraq deyir: "Heydər Əliyev səbəb olmadan heç kimi danlamazdı, ancaq danlamaq lazım gələndə bunu son dərəcə nəzakətlə edərdi..."

Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, böyük məsələlərin təmtaraqlı nitqlər və bəyanatlarla həll olunmadığını gözəl bilir, lakin sözü də öz dövlət quruculuğu strategiyasının qüdrətli silahına çevirməyi bacarırdı. Onun yüksək siyasi ustalığı onda idi ki, istənilən səviyyədə və ranqda olan insanı danışıqlar stolu arxasında paritet tərəfdaşa çevrilməyə məcbur edə bilirdi. Ağır çəkili siyasətçi, tarixçi və filosof, son dərəcə gözəl natiq olan Heydər Əliyevin qarşılıqlı münasibətlər qurmaqda fenomenal keyfiyyətləri kraliça II Yelezavetanın diqqətindən belə yayınmamışdı: "Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində və Azərbaycanın inkişafında xidmətləri əvəzsizdir, mən 1998-ci ildə Birləşmiş Krallığa səfəri zamanı onunla görüşümüzü yaxşı xatırlayıram."

1990-cı il 20 yanvar hadisələrini xatırlayın. Təcavüzə, işğala məruz qalan xalq necə məzlum və aciz görünürdü. Əslində Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmağın arxasında Azərbaycan xalqını məhz belə başsız və kimsəsiz qoymaq dururdu. Xalqı təmtəraqlı nitqləri, populist çıxışları ilə meydanlara çağıran cahil və naşı siyasətçilərin heç biri meydanda yoxdur.

Qaçanı da var, dost- tanışın evində gizlənəni də. Xalq biçarə vəziyyətdə güman yeri, təsəlli verəsi bir doğma səs axtarır. Sanki hər şey bitib və Azərbaycan bu yalqızlıq içində intihara hazırlaşır.

Məhz belə bir məqamda təhdid və təqiblərə baxmayaraq, xilaskarın imperiya cəlladlarını ittiham edən sərt bəyanatı Moskvada ildırım kimi çaxır. Bu xalqımızı sanki şokdan oyadır və özünə gəlməyə çağırır.

Əslində Heydər Əliyev bu bəyanatı ilə meydanda olduğunu və xalqının dar günündə faciə və məşəqqətlərinə biganə qalmayacağını bütün dünyaya bəyan edir. Bu sərt ittiham olmasa kim bilir, Azərbaycanın başına hələ hansı bəlalar açılacaqdı...

Xalqına daha yaxın olmaq istəyi və doğma Naxçıvandan prosesləri daha yaxından izləmək onun fəaliyyətinə yeni bir keyfiyyət verdi. Muxtar Respublikanın Ali Məclisinə sədr seçilməyi onun bütün Azərbaycanda hadisələrə təsir etmək imkanını daha da artırdı. Əslində onun varlığı və Azərbaycana qayıdışı ilə bu proses gedirdi. Çünki onun dahiliyinin və böyüklüyünün mahiyyəti də onda idi ki, hadisələri yönəltmək iqtidarında idi...

Gərgin, əzablı, qan-qadalı günlərin uzanması vətənpərvər qüvvələrdə müstəqilliyi itirmək xofu yaradanda böyük siyasət ustasına, xalqın əksər hissəsinin xilaskar kimi gördüyü millət atasına müraciət ünvanlandı. Tariximizə "91-lərin müraciəti" kimi daxil olan bu məktub bəlkə də 91-minlərin, 910-minlərin böyük sərkərdəni əslində hakimiyyətə çağırışı idi. Heydər Əliyev öz fəhmi ilə bu müraciətin arxasında 91 nəfər yox, bütöv bir xalqın durduğunu görürdü. Məhz həmin ərəfədə böyük öndərin göndərdiyi cavab məktubu bütün ölkəni silkələdi.Vəziyyətin elə də qorxulu olmadığını zənn edənlər yalnız bu məktubdan, Heydər Əliyevin şəraiti dəqiq-dürüst təhlilindən sonra dərk etdilər ki, belə getsə xalq nəinki müstəqilliyini, hətta Vətənini, keçmişini və gələcəyini itirə bilər.

Heydər Əliyev müasir müstəqil Azərbaycanın milli tarixinin yaradıcısıdır. Çünki o müstəqil milli dövlətçiliyin təməlini qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir. Bu mənada tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycan müstəqilliyi uğrunda döyüşən və onun qələbəsini təmin edən istedadlı sərkərdədir. "Azərbaycan xalqına, millətinə, torpağına sadiq olmuşam və bütün ömrüm boyu da sadiq olacağam.Həyatımın son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm." Bu sadəcə Prezident andı deyildi. Bu, illərlə bu arzuları, istəkləri qəlbinin ən dərin guşələrində gəzdirən böyük dövlət xadiminin əsgər andı idi. Hər ikisi burada birləşir və xilaskarlıq missiyasının əsas mərhələsi başlayırdı.

Özünəinam, qətiyyət, mətinlik, polad iradə, vəzifəyə sədaqət, emosiyalara ciddi nəzarət bacarığı, yüksək intizam, əla idarəçilik məharəti, fenomenal yaddaş və mübarizlik əzmi onun liderlik keyfiyyətlərini şərtləndirən əsas xüsusiyyətlərdir. Məhz bu keyfiyyətlər sayəsində Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günündən, nə qədər çətin olsa da, dövlətçilik intizamını bərpa etməyə başladı və nümayişkəranə şəkildə hərbi qüvvələrin siyasi hakimiyyətə tabe olması prinsipini bərpa etdi.

Onun strateji tərəfdaşlıq məramı ilə həyata keçirdiyi siyasi və iqtisadi əməkdaşlıq kursu təkcə MDB müstəvisində deyil, hegemon ölkələrlə də bu formatda münasibətlər qurmağa imkan verdi. O türk dünyası ilə münasibətləri nəinki qorudu, əksinə daha da genişləndirdi, qonşu Rusiya ilə əlaqələri tənzimlədi, öz ölkəsinin islam köklərini unutmadı və nəhayət Qərblə qarşılıqlı etimad çərçivəsində münasibətləri sürətlə inkişaf etdirməyə başladı.Fransanın 1995-2007- ci illərdə prezidenti olmuş Jak Şirak azərbaycanlı həmkarını belə xatırlayır: "Bu, özünəməxsus unikal ŞƏXSİYYƏT Azərbaycanı çiçəklənməyə doğru apardı. Onunla müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağla bağlı məsələnin müzakirəsi zamanı, mən onun münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi qəhrəmanlığı, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim."

Bu gün müstəqil Azərbaycanın simvoluna çevrilən Heydər Əliyev, haqlı olaraq dünya tarixinin də nəhəng siyasətçilərindən biri sayılır. Buna görə o ilk növbədə özünün diplomatik istedadına borcludur. Hakimiyyətə qayıdışından sonra o, özünün siyasi tərcümeyi-halına bütöv bir yeni regional diplomatiya strategiyası da əlavə etdi. O, çox vaxtında nəqliyyat dəhlizi məsələsini aktuallaşdıraraq, Azərbaycana Şərqi və Qərbi birləşdirən ölkə statusu qazandırdı və respublikanı regional geosiyasi oyunçu formatına saldı. Azərbaycan ona özünün unikal siyasi və geostrateji formatına görə seçilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi - Ərzurum qaz kəməri, nəhayət Böyük İpək yolunun yeni interpretasiyası olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinə görə minnətdar olmalıdır. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları, hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyir: "BTC - nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi." Həqiqətdə isə dünyanın enerji xəritəsini BTC yox, onun yaradıcısı Azərbaycanın dahi oğlu Heydər Əliyev dəyişdi.

Heydər Əliyev prezidentlik postunu milli birlik simvolu hesab edir və sovetlər birliyindən sonra ölkədə meydana gələn separatizmin qarşısını almaq üçün əhali arasında hələ də oturuşmayan "azərbaycançılıq xarakteri"nin formalaşmasına çalışırdı: "İndi Azərbaycan üçün bir amal, bir məqsəd var- Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünü, müdafiəsini təmin etmək. Kimin əlindən nə gəlirsə, bu amal, bu məqsəd naminə etməlidir...

... Hamımız üçün bir böyük məfhum var-Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir."

Heydər Əliyevin xalqı həmrəyliyə çağırışı həm də onların yeni, müstəqil dövlət quruculuğundan kənarda qalmamağa bir çağırış idi. Bu çağırışlar zamanı o çox ustalıqla öz şəxsi populyarlığından və xarizmasından istifadə edirdi. Çünki xalq ona heç kimə inanmadığı kimi inanırdı. Xalq qəti əmin idi ki, Azərbaycanı düşdüyü ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər.

Heydər Əliyev hakimiyyətə ölkəsinə və xalqına xidmət etmək üçün bir vasitə kimi baxırdı. Hakimiyyət və böyük nüfuz heç zaman onun gözlərini qamaşdırmamışdı. Bəzən adama elə gəlirdi ki, bu insan üçün böyük bir politoloji tədqiqat mərkəzi işləyir. Həqiqətdə isə bu mərkəz onun özü, onun aydın zəkası və dərin təfəkkürü idi. Vaxtı ilə SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər Əliyevin katibliyinin rəis müavini olmuş Vladimir Uxov çox-çox sonralar deyirdi: "Heydər Əliyev şəxsiyyətinin miqyası çoxdan Azərbaycanın hüdudlarından kənara adlayıb və geniş beynəlxalq aləmdə özünün intellektual və insani ölçüləri ilə xatırlanır... Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olanda mənə də uzun müddət bu böyük şəxsiyyətlə işləmək nəsib olub və mən həmişə, həyatının məqsədi və mənası yaratmaq olan bu parlaq şəxsiyyətin cazibəsində olmuşam."

Hakimiyyətə qayıdışından və Prezidentliyə başladığı ilk gündən, dövlət başçısı kimi xarici ölkələrə çoxsaylı səfərləri ölkəni müstəqil dövlət olaraq dünyaya tanıtmaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını dağıtmaq və bu müstəqil dövlətin hansı istiqamətdə inkişaf edəcəyini beynəlxalq ictimaiyyətə bəyan etmək idi. O bunu, hətta rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının da əsas vəzifəsi olduğunu açıqlayaraq deyirdi: "Yeni qurduğumuz partiya bütün partiyalardan fərqlənməli, demokratik əsaslarla yaranmalıdır. Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, demokratiyanı inkişaf etdirmək, siyasi plüralizmə tamamilə geniş şərait yaratmaq, insanların bütün hüquqlarının qorunmasını təmin etmək, Vətənimizdə yeni bir cəmiyyət yaratmaq yolu ilə gedən bir partiyanın yaranması zəruridir..."

Heydər Əliyev hakimiyyət məsuliyyətini üzərinə götürdüyü ilk gündən yüksək səviyyəli peşəkarları və intelektualları ətrafına topladı. Çünki onlar hakimiyyət orqanlarının təkcə icraçıları deyildilər və yeni formalaşan müstəqil dövlətin quruculuq prosesinə öz töhfələrini verməli idilər. Bu seçimi o rəhbəri olduğu Yeni Azərbaycan Partiyası qarşısında da əsas prinsip kimi qoymuşdu. Hakimiyyətinin ilk illərində YAP-ın rəhbər orqanlarının nümayəndələri ilə görüşlərin birində deyirdi: "Bizim partiya yüksək intellektə, biliyə malik olan insanların partiyası olmalıdır. Biz bunu nəzərə alaraq istərdik ki, partiyanın təşkilatları, onun əsas orqanları ziyalılardan, alimlərdən, yüksək biliyə, mütəxəssis keyfiyyətlərinə malik olan adamlardan təşkil edilsin." Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev daim yeni ideyaları və fikirləri eşitməyə və onları öz təfəkküründən keçirib qəbul etməyə hazır bir insan idi.

O dövlət quruculuğu prosesində xalqın ziyalı təbəqəsinin üzərinə də böyük məsuliyyət və vəzifələr düşdüyünü deyir və onlardan öz üzərlərinə düşən vəzifələrə vətəndaşlıq mövqeyindən yanaşmağı tələb edirdi.

Heydər Əliyev ən ağır günlərdə belə xalqı müstəqil Azərbaycanın gələcəyinə inanmağa, öz qüvvələrinə inanmağa çağırır və onları ruhdan düşməyə qoymurdu. Əslində bu dahi şəxsiyyətə baxmağın özü kifayət idi ki, sən daha böyük enerji ilə işləməyə və yaşamağa başlayasan. Çünki Heydər Əliyev Prezident kimi cəmiyyətə ünvanlanan konservativ respublikaçılıqla fərdin müstəqilliyinə yönələn müasir iqtisadi ideyaları əlaqələndirə bilən "praqmatik siyasi xadim" idi.

Görkəmli fransız filosofu Qustav Lebon yazır: "Siyasətdə həqiqi böyük insanlar o adamlardır ki, keçmişin hazırladığı və doğurduğu zərurətləri, hadisələri öncədən görür və yol göstərirlər. Onların göstərdikləri yolla getmək lazımdır. Bəlkə də heç kim bu yolu görmür, ancaq evolyusiyanın qaçılmaz şəraiti, bu nəhəng dahilərin talelərini müvəqqəti idarə etdiyi xalqları tezliklə bu istiqamətə yönəltməli idi. Onlar da böyük ixtiraçılar kimidirlər, uzun zəhmətin verdiyi nəticələri sintez edirlər. İxtiraçılar sivilizasiyanın inkişafında mühüm rol oynayırlar, ancaq xalqların siyasi tarixində heç bir xüsusi rolları yoxdur."

Heydər Əliyevin sanki dəqiq düşünülmüş və qeyri-adi müstəqillik konsepsiyası mövcud idi və o məqsədyönlü şəkildə bunu həyatda reallaşdırırdı. Onun prezidentliyinin yüz günü üçün də, bir ili, hətta beş ili üçün də konkret yazılıb nümayiş etdirilən platforması, proqramı yox idi. Amma müşahidələr, siyasi fəaliyyətinin təhlili insanda elə təsəvvür yaradır ki, sanki bu dahi hər şeyi konkret bir layihə üzrə həyata keçirir.

Onun Prezidentlik dövrünü mərhələlərə ayırmaq fikrimizcə qətiyyən doğru olmazdı, çünki onun idarəçiliyində nəyin birinci nəyin ikinci olması düşüncəsi yox idi. Onun üçün ən qiymətli vaxt, zaman idi. O, hər şeydən əvvəl bu zamanın Azərbaycanın xeyrinə işləməsini istəyirdi. Ona görə də o ilk növbədə cəmiyyətin sağlam qüvvələrini birləşdirib müharibəni dayandırmağı, ölkənin daxili sabitliyini bərpa etməyi, Azərbaycan iqtisadiyyatını iflasdan xilas edib yeni inkişaf mərhələsinə çıxarmağı özü üçün prioritet vəzifə seçmişdi. Bunun yolları da onun üçün tam aydın idi.

Klassik filosoflardan biri yazır ki, "Siyasət dünyasında daimi heç nə olmadığı kimi, heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq üçün daimi qaydalar var. Siyasətdə başlıcası adekvat metod və vasitələr axtarıb tapmaqdır." Heydər Əliyev bu metod və vasitələri tapmaqda çətinlik çəkmirdi. Onun fitri siyasi istedadı ən çətin məqamda belə ona uğur gətirən qızıl qaydaya çevrilmişdi. Hansı rəhbər vəzifədə çalışmasından asılı olmayaraq, Heydər Əliyevdə bir daxili əzəmət var idi ki, bu da onun məqsədyönlü və enerjili idarəçiliyini təmin edirdi.

Bütün bunlardan sonra biz azərbaycanlılar fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev təkcə müstəqil Azərbaycanı bir dövlət kimi dünyada tanıtmadı, həm də bizim milli xarakter simvolumuza çevrildi.

 

 

Arzuman MURADLI,

iqtisadiyyat üzrə fəlsəfə

doktoru, politoloq

 

Xalq qəzeti.- 2012.- 12 may.- S. 9.