İnkişafın Azərbaycan modeli: müasirləşmə və rifaha xidmət potensialı

 

Dövlət müstəqilliyinin bərpasından ötən 20 ildə Azərbaycanın iqtisadi inkişaf yolunun dəyərləndirilməsi, qısa müddət ərzində əldə olunmuş fenomenal uğurların nəzəri-metodoloji və praqmatik-real iqtisadi siyasət müstəvilərində əsaslandırılması, artıq elmi fikirdə "milli iqtisadi inkişaf modeli" kimi identifikasiya edilmiş ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının, bir neçə cəhətdən, o cümlədən, milli iqtisadi sistemimizin müasirləşmə və xalqın rifahına xidmətə yönəlik potensialı prizmasından aparıla bilər. Heydər Əliyevin inkişaf strategiyasının yüksək müasirləşmə və rifah potensialına malik olmasının ən yaxşı sübutu, həmin baza modeli əsasında Prezident İlham Əliyevin 2003-cü ildə bəyan etdiyi "Stabillikdən inkişafa doğru" tərəqqi strategiyasının ötən 8 ildə qazandığı uğurlardır.

 

Əldə olunmuş bütün uğurları bir yazı çərçivəsində ətraflı ifadə etməyin mümkünsüzlüyünü nəzərə alaraq, milli iqtisadi inkişafımızın müstəqillik illərindəki təkamülünə yalnız bir neçə mühüm iqtisadi siyasət məsələsi prizmasından baxacağıq. Hesab edirik ki, ilk belə məsələ iqtisadiyyatın böhrandan çıxarılması və özünüinkişaf potensialının bərpası üçün həlledici əhəmiyyət daşıyan investisiya qoyuluşları məsələsidir. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində baş verən siyasi-hərbi və sosial-iqtisadi kataklizmlər fonunda ölkə iqtisadiyyatı dərin tənəzzül mərhələsinə düşmüşdü. Problemi kəskinləşdirən məqamları nə qədər azaltsaq da, inkar etmək mümkün deyil ki, vəziyyət bir tərəfdən təsərrüfatçılıq mexanizminin faktiki olaraq iflici ilə şərtlənirdisə (belə ki, mülkiyyət münasibətlərində strategiya və prinsiplərin olmaması, iqtisadi qanunvericiliyin ziddiyyətliliyi və s.), digər tərəfdən daxili resursların qıtlığı şəraitində xarici sərmayəçilərin ən azı, gözləmə mövqeyində qalmaları ilə tənəzzülün dərinləşməsi davam etməkdə idi. Belə vəziyyətdə ən vacib məsələ xarici sərmayəçilərin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşuna cəlb edilməsi idi. Ulu öndərin formalaşdırdığı uğurlu neft strategiyası ilk növbədə bu baxımdan olduqca düşünülmüş və təsirli vasitə oldu.

Son iyirmi ildə Azərbaycan iqtisadiyyatının inkişaf yoluna statistik göstəricilərin dinamikasına baxmaqla yuxarıda qeyd edilən analitik ümumiləşdirmələrin nə qədər düzgün olduğunu görə bilərik. Mühüm makroiqtisadi parametr hesab edilən ümumi daxili məhsul istehsalı ötən 20 il ərzində fərqli inkişaf meyilləri və sürətinə malik olmuşdur. Məsələn, 1991-ci ilin qiymətləri ilə, müstəqilliyin ilk illərində sürətlə azalaraq 1995-ci ildə, 1991-ci ildəki istehsalın təxminən 40 faiz səviyyəsinə düşmüş, sonra isə uğurlu siyasətin təzahürü kimi 2011-ci ildə həmin ildəkinin 250 faiz çox olmuşdur.

Müstəqilliyin ilk illərində yaranmış tənəzzül, ümumi daxili məhsulun azalması iqtisadi inkişafın daxili mənbələr hesabına maliyyələşdirilməsini ciddi məhdudlaşdırmışdır. Məsələn, 1991-1994-cü illər ərzində sərəncamda qalan gəlirlərdə məcmu qənaətin payı çox kiçik olmuş, bəzi illərdə isə (1992-ci il) qənaətin həcmi mənfi qiymət almışdır. Sonrakı illərdə görülən işlərin məntiqi nəticəsi kimi sərəncamda qalan gəlirlərdə məcmu qənaətin payı sürətlə artaraq, 2006-cı ildə 50 faizi ötmüşdür. İqtisadi inkişafın mühüm keyfiyyət xarakteristikası olan bu müsbət trend son illərdə daha da güclənməkdədir.

Müstəqillik illərində Azərbaycan iqtisadiyyatında baş verən ən mühüm dəyişkliklərdən biri iri özəl bölmənin formalaşdırılmasdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasət nəticəsində özəl bölmənin payı son illərdə 85 faizə yaxınlaşmaqdadır. Başqa sözlə liberal iqtisadi münasibətlərin mühüm əlaməti olan, dövlətin bilavasitə iqtisadi fəaliyyətdə iştirakı payının minimumlaşdırılması faktiki olaraq təmin edilmişdir. Ötən 20 ildə iqtisadi inkişafımızın uğurlarının əldə olunmasında investisiya qoyuluşlarının intensivləşməsi mühüm rol oynamışdır. Məlum olduğu kimi dərin tənəzzül mərhələsində olan iqtisadiyyata investisiya yatırımlarının cəlbi olduqca problematik məsələdir. Lakin, 90-cı illərin ortalarında milli iqtisadiyyatımızın dərin böhran şəraitində olmasına baxmayaraq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu cəsarətli neft strategiyasının irəli sürülməsi və sonralar uğurla reallaşdırılması, xarici investisiyanın cəlbi üçün əlverişli imkanlar yaratmış və milli iqtisadiyyatın inkişafının maliyyələşdirilməsi mümkün olmuşdur. Nəticədə, son illərdə mili iqtisadiyyata investisiya qoyuluşları əhəmiyyətli dərəcədə artmışdır. Mahiyyət etibarı ilə müstəqillik illərində investisiya qoyuluşlarının əksər hissəsi neft sektorunun payına düşmüş və məntiqi hesab edilir. Neft sektoru bütövlükdə Azərbaycanın iqtisadi intibahının əsasını təşkil edir. Lakin eyni zamanda son illərdə neft sektorunun uğurlarının iqtisadiyyatın digər sahələrinə ötürülməsi istiqamətində mühüm tədbirlərin görülməsi, hökumətin tarazlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş fəaliyyətinin mühüm hədəflərindən birinə çevirilmişdir..

Azərbaycan Respublikasında həyata keçirilən sistemli və çoxşaxəli iqtisadi islahatnlar nəticəsində ölkədə makroiqtisadi sabitliyin bərqərar olunması iqtisadiynyantın dinamik inkişafına təkan verməklə yanaşı ölkə və regional (iqtisadi rayonlar) səviyyədə əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırılnmansına gətirib çıxarmışdır.

"İqtisadi inkişafın Azərbaycan modeli"nin nəticəsində ölkəmizin regionları sosial-iqtisadi inkişaf baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Regionlarda sahibkarlığın sürətli inkişafı əmək ehtiyatlarının, təbii və iqtisadi potensialın istehsal dövriyyəsinə cəlb edilməsi və ondan səmərəli istifadə edilməsi ölkə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına gətirmişdir. Belə ki, 2003-cü ilə nisbətən 2010-cu ildə iqtisadi regionlar üzrə məhsul buraxılışının həcmi 3,8 dəfə, sənaye məhsulunun həcmi 2,8 dəfə, kənd təsərrüfatının həcmi 2,6 dəfə, ticarətin həcmi 5,7 dəfə, əsas kapitala investisiyaların həcmi 13,2 dəfə, tikinti-quraşdırma işlərinə çəkilən xərclər 13,2 dəfə artmışdır. Qeyd edək ki, regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə olunması öz nəticəsini adambaşına düşən sənaye, tikinti, kənd təsərrüfatı məhsulları istehsalında da göstərmişdir. Həmçinin qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafı təmin edilmiş, bu sahələrdə məşğulluğun səviyyəsi yüksəlmiş və əhalinin güzəranı daha da yaxşılaşmışdır.

Azərbaycanın son illərdə iqtisadi inkişafının mühüm xüsusiyyətlərindən biri, iqtisadiyyatın qeyri-neft sektorunun prioritetli inkişaf hədəflərinin müəyyənnləşdirilnməsidir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı siyasiiqtisadi strategiya bu sahədə də öz bəhrəsini verdi. Prezident İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirmək" konsepsiyasının realizasiyası olaraq, ölkəmizdə maddi resurslar intellektual kapital, ideyainnovasiya resursları ilə əvəz olunmaqdadır. Bu istiqamətdə milli xüsusiyyətlər və dünya təcrübəsi nəzərə alınmaqla qeyri-neft iqtisadiyyatının gücləndirilməsinə böyük diqqət yetirilir. Bu məqsədlə ölkəmizdə iqtisadiyyatın modernləşdirilməsi üçün: innovasiyalı inkişafın təmin edilməsi; bazar institutlarının sürətli inkişafı və rəqabətin təmin edilməsi; müasir texnologiyalardan istifadə etməklə emal sənayesinin rəqabət qabiliyyətliliyinin artırılması, milli iqtisadiyyatın diversifikasiyası və biliklər iqtisadiyyatına keçidin təmin edilməsi; müasir iqtisadi tələblərə uyğun kadr hazırlığının genişləndirilməsi, insan kapitalının yeni keyfiyyətinə nail olunması və iqtisadi artımın yeni mənbələrinin yaradılması işininin davam etdirilməsi kimi beş əsas prioritet müəyyən edilmişdir. Bu prioritetlərin təsdiqi kimi, Prezident İlham Əliyev Davos Ümümdünya İqtisadi Forumunda ABŞ-ın (22.01.2012) CNBC televiziya kanalına verdiyi müsahibəsində ölkə iqtisadiyyatının modernləşdirilməsi siyasəti ilə əlaqədar bildirmişdir ki, "...strategiyamızın əsas uğurları iqtisadiyyatın diversifikasiyası və modernləşdirilməsi, enerji asılılığının azaldılması, dayanıqlı iqtisadi inkişafın təmin olunması, prioritet təşkil edən informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır".

Ölkədə İKT sahəsində çoxsaylı dövlət proqramlarının tətbiqi və bu sahəyə dövlət dəstəyinin daha da artması nəticəsində İKT sektorunda əhəmiyyətli dəyişikliklər olmuşdur. İKT üzrə əsas göstəricilərin təhlilindən aydın olur ki, 2003-2010-cu illər ərzində ölkədə İKT sektorunda məhsul və xidmətlər buraxılışı beş dəfədən çox artmaqla, orta illik artım sürəti 28 faiz olmuşdur. Azərbaycan keçən beş ildə əksər infrastruktur göstəricilərə görə MDB ölkələrindən yüksəkdə olmuşdur. Ümumilikdə ölkədə İKT-nin inkişaf indeksi 2.58-dən 4.89-a çatmışdır.

İnternetə çıxışı olan ev təsərrüfatlarının ümumi ev təsərrüfatlarında payı son ilin rəqəmlərinə əsasən ən yüksək inkişaf etmiş ölkələrdə 70-85 faiz arasındadır. Şərqi Avropa ölkələrinin əksəriyyətində bu rəqəm 55-70 faizdir. MDB ölkələri içərisində bu göstəriciyə görə Azərbaycan Rusiyanı belə qabaqlayaraq 45,1 faiz ən yüksəkdədir. Ölkəmizdə yüksək texnoloji tutumlu iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək üçün regional əhəmiyyətli bir neçə layihə reallaşdırılmaqdadır. Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının əsas məqsədinə müvafiq olaraq, respublikada kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq kosmik bazara çıxışını təmin edəcəkdir. Artıq 2013-cü ildə birinci, 2014-cü ildə isə ikinci süni peykin orbitə çıxarılması planlaşdırılır. İkinci irihəcmli layihə ölkəmizdə "regional innovasiya zonası" adlı texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı və ixracını təmin edən genişmiqyaslı xüsusi iqtisadi zonanın yaradılmasıdır. Diqqəti cəlb edən daha bir layihə Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasıdır. Bu magistral İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu-Qərbi Avropanı və Sakit okean hövzəsini birləşdirərək magistral üzərində yerləşən təxminən 20 ölkəni əhatə edəcəkdir.

Azərbaycanın yeni inkişaf mərhələsində əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması hesab edilir. Prezident İlham Əliyevin düzgün qiymətləndirmələrinə görə müasir dünyada intellektualtexnoloji tərəqqiyə yalnız bir ölkənin gücü ilə nail olmaq olmaz. Buna görə də, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq bütün resursları aktivləşdirmək lazımdır.

Dinamik inkişaf edən Azərbaycanda texnoparkın yaradılması ideyası çox vacib və aktualdır. Yeri gəlmişkən hesab edirik ki, dövlətin innovasiya siyasətində ali məktəblərin xüsusi rolu var: "innovasiya universitetləri" öz fəaliyyətlərində tədris və tədqiqat işlərindən əlavə sahibkarlıq fəaliyyətlərində də tərəf kimi iştirak etməklə ölkənin iqtisadi inkişafında öz töhfəsini vermək potensialına malikdirlər. İnnovativ universitet anlamı biliklərin transferiinteqrasiyasi kimi yeni vəzifənin həyata keçirilməsini tələb edir. Məsələn, Dövlət İqtisad Universiteti bazasında bilik transferi sahəsində təhsil, tədqiqat və innovasiya elementlərini inkişaf etdirmək və onların vəhdətini təmin etməklə, insan ehtiyatları, istedadların inkişafı və elmi tədqiqatlara investisiya yatırmaq, habelə qlobal iqtisadiyyatın tələb etdiyi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması mərkəzi formalaşdırmaq mümkündür.

Müstəqillik illərində Azərbaycanda dövlətin iqtisadi siyasətinin mühüm hədəflərindən biri sosial siyasət məqsədləri olmuşdur. Ulu öndər Heydər Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayırdı. Sosial siyasətin bilavasitə əhalinin həyat şəraitində əks olunduğunu nəzərə alaraq, hökumət iqtisadi inkişafın bütün mərhələlərində real imkanlara əsaslanan, təsirli sosial siyasət aparmışdır. Belə yanaşmanın əsasını "Dövlətimizin siyasəti - iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir" -deyən ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Lakin eyni zamanda bu sahədə əldə olunmuş nailiyyətlərlə kifayətlənməyərək, yeni inkişaf mərhələsində dövlətimizin iqtisadi qüdrətinin artmasına rəğmən ölkə Prezidenti möhtərəm İlham Əliyev bir daha bəyan etmişdir ki, "Azərbaycan iqtidarının siyasəti sosialyönümlüdür. Bizim siyasətimizin mərkəzində vətəndaş dayanır. Bütün iqtisadi uğurlar bizə imkan verir ki, sosial sahədə daha da ciddi addımlar ataq." Hökumətin sosial siyasətinin ən ümumiləşdirici göstəricisi dövlət büdcəsindən sosial-mədəni tədbirlərə ayrılan vəsaitlərin həcminin hər il artması hesab edilə bilər. Məsələn, son 10 ildə bu göstərici 10 dəfədən çox artaraq 2011-ci ildə rekord həddə -3,5 milyard manata çatmışdır.

Müstəqillik əldə etdiyimiz 20 il müddətində sosial inkişafın təmin edilməsi istiqamətində 100-dən çox qanun və dövlət proqramları qəbul edilmiş, genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə sosial müdafiə sisteminin, səhiyyə, təhsil, elm və mədəniyyət, bədən tərbiyəsi və idman sahələrinin, informasiyakommunikasiya texnologiyalarının, KİV-nin inkişafı, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli və digər dövlət əhəmiyyətli sənədlər qəbul edilmişdir.

Dövlət büdcəsindən sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 1991-ci ildəki 21,8 milyon manatdan, 2011-ci ildə 3,4 milyard manatadək artırılmışdır (təxminən 155 dəfə çox). Bu vəsaitlərin strukturunda sosial sferanın ayrı-ayrı istiqamətləri üzrə də əhəmiyyətli artımlar müşahidə edilmişdir.

Məsələn, 1991-2010-cu illər ərzində dövlət büdcəsindən elmin maliyyələşməsinə ayrılan vəsaitlərin həcmi 1,1 milyon manatdan 108,7 milyon manatadək, təhsilin maliyyələşməsinə 11,3 milyon manatdan 1180,8 milyon manata, səhiyyə sahəsində isə 4,3 milyon manatdan 429,2 milyon manatadək artmışdır. 2011-ci ildə isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə büdcə xərclərinin 11 faizi qədər və ya 1,8 milyard manat vəsait sərf edilmişdir.

Bu illər ərzində əhalinin sosial müdafiəsi və sosial təminatı məsələlərinə də daha böyük diqqət yetirilmişbu sahədə əsaslı islahatlar həyata keçirilmişdir.

Son illər respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi, əmək bazarının inkişafı, işsizliyin səviyyəsinin azaldılması, yeni yerlərinin açılması istiqamətlərində tədbirlər həyata kecirilir. Ümumilikdə, 1991-2010-cu illər ərzində respublikamızda iqtisadi məşğul əhalinin sayı 16 faiz artmışdır. 2010-cu ildə işsizliyin səviyyəsi 5,6 faiz olmuşdur. 2003-2011-ci illər ərzində 70 faizdən çoxu daimi olmaqla, 1 milyondan çox yeni yeri açılmışdır.

Aztəminatlı əhali təbəqəsinin maddi vəziyyətinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin nəticəsi olaraq ölkəmizdə yoxsulluq səviyyəsi 5,3 dəfə azalaraq, yoxsulluq həddində yaşayan insanların xüsusi çəkisi 2001-ci ildə 49 faizdən 2011-ci ildə isə 7,6 faizə düşmüşdür. Nəzərə almaq vacibdir ki, bu nəticələr yoxsulluq həddinin 4,1 dəfə artaraq, 24 manatdan, 2011-ci ildə 106,9 manata yüksəlməsi fonunda baş vermişdir. Ünvanlı yardım mexanizminin tətbiq olunması nəticəsində 2006-2011-cu illər ərzində ünvanlı sosial yardım alan ailələrin sayı 48705-dən 120581-ə çatdırılmış, ailə üzvlərinin sayı isə 218673 nəfərdən 552514 nəfərə yüksəlmişdir. Bir ailəyə düşən ÜSY-nin məbləği isə 44 manatdan 110 manatadək artırılmışdır. Ehtiyac meyarının həddinin orta illik məbləği 30 manatdan 65 manata çatdırılmış, onun respublka üzrə yaşayış minimumunda payı 51 faizdən 75 faizədək yüksəlmişdir.

Dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən birinison 15 ildə məcburi köçkünlərin sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil etmişdir. Ümummilli ilder Heydər Əliyev bu sahəyə xüsusi diqqət yetirirdi. Hazırda isə məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə ayrılan vəsaitlərin həcmi 3 dəfədən çox artmışdır.

İqtisadi inkişafımızın uğurları beynəlxalq səviyyədə, dünya ölkələri sırasında da mövqeyimizin möhkəmlənməsində mühüm rol oynamışdır. Bu uğurlar, beynəlxalq təşkilatların, analitik mərkəzlərin və tanınmış ekspertlərin, Azərbaycanın iqtisadi inkişaf yoluna və dövlətimizin çağdaş iqtisadi siyasətinə verdikləri yüksək qiymətlərdə öz əksini tapır və ölkəmizin çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanan reytinqlərdəki mövqeyində müşahidə olunur. Məsələn, 2005-2011-ci illərdə Azərbaycanın "Qlobal rəqabət qabiliyyətlilik hesabatı"nda mövqeyində çox kəskin irəliləyiş baş verib. Azərbaycan 2008-ci ildəki 69-cu yerdən 2009-cu ildə 133 ölkə arasında 51-ci yerə və MDB ölkələri arasında 1-ci yerə yüksəldi. Ölkəmiz qlobal rəqabətqabiliyyətliliyinə görə Braziliya, Macarıstan, Meksika, Türkiyə, Rumıniya, Bolqarsatan və Yunanıstan kimi ölkələri geridə qoyub. 2011-ci ildə ölkəmiz əvvəlki ilə nisbətən iki pillə irəliləyib və 142 ölkə arasında 55-ci yerdə qərarlaşıb. Qlobal rəqabətqabiliyyətliliyi qiymətləndirmək üçün istifadə olunan indikatorlardan xüsusilə "Büdcə balansı", "Milli əmanət norması " və "Dövlət borcu" kimi göstəricilər üzrə ölkəmizin mövqeyi yüksəkdir.

Dünyanın əksər ölkələrini əhatə edən bizneslə məşğul olma şəraiti indeksində Azərbaycan 2011-ci ilin hesabatında 183 ölkə arasında 54 - yerdə qərarlaşmışdı. Eyni zamanda ölkəmiz, 2009-cu ildə, qeydə alınan bir ildə ən böyük yüksəlişə nail olaraq, sahibkarlıq fəaliyyətinin əlverişliliyi baxımından dünya reytinqində 97-ci yerdən 33-cü yerə layiq görülmüşdür. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsinin sözlərinə görə hökumətin cəmləşmiş səyləri sayəsində Azərbaycan misli görünməmiş nəticə əldə etmişdir. Səmərəli tənzimləmə sistemini tətbiq etməklə ölkə yeni müəssisələrin yaradılmasını və formal sektorun genişlənməsini təşviq edir ki, bu da ölkənin qeyri-neft iqtisadiyyatında özəl sektorun aparıcı rol oynadığı artımı təmin etmək potensialını gücləndirir. Ölkəmiz, "İnsan potensialının inkişafı indeksi" sıralamalarında da son illər kəskin irəliləyiş nümayiş etdirir. Belə ki, 2010-cu ilin hesabatında Azərbaycan əvvəlki ilə nisbətən birdən-birə 19 (!) pillə irəliləmişdir. Bu nəticə Azərbaycanın insan potensialının inkişaf səviyyəsinin orta olduğu ölkələrdən insan potensialının inkişaf səviyyəsinin yüksək olduğu ölkələr sırasına keçməsinə imkan verdi.

2011-ci ildə Rusiyada FBK Strateji Təhlil Departamenti beynəlxalq təcrübədə geniş istifadə olunan yeddi beynəlxalq reytinqin nəticələri əsasında 101 ölkə üçün müəyyənləşdirilmiş "Tərəqqi reytinqləri" hesablamışdır. Reytinq sıralaması hər bir ölkə üçün göstərilən reytinqlərdə 5 il ərzində müsbət və ya mənfi tərəfə neçə pillə dəyişiklik baş verməsi əsasında qurulur. Azərbaycan bu reytinqdə tərəqqi indeksi 59 olmaqla 14-cü pillədə qərarlaşır. Yəni 5 il ərzində ölkəmiz göstərilən yeddi reytinqdə ümumilikdə 59 pillə irəliləmişdir. Bu inteqral reytinq bir daha Azərbaycanda həyata keçirilən islahatların, ulu öndər Heydər Əliyev siyasi xəttinin düzgün istiqamətdə və effektiv aparıldığının göstəricisidir. Müqayisə üçün qeyd edək ki, bədnam qonşularımız Ermənistan bu illər ərzində reytinqlərdə ümumilikdə 88 pillə geriləyərək 101 ölkə arasında 95 -ci yerdə qərarlaşıb.

Beləliklə, yuxarıda qeyd olunanlar sübut edir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. Azərbaycan iqtisadiyyatı davamlı və dayanıqlı inkişaf sürətinə malik olmaqla yanaşı, çox böyük müasirləşmə və sosial rifaha xidmət potensialına malikdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxilixarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev kimi intellektual səviyyəli, dünya şöhrətli siyasi xadim tərəfindən uğurla davam etdirilməsi müstəqil dövlətimizin adını daha uca zirvələrə yüksəldəcək.

 

 

Şəmsəddin HACIYEV,

Milli Məclisin komitə sədri,

Azərbaycan Dövlət İqtisad

Universitetinin rektoru

 

Xalq qəzeti.- 2012.- 12 may.- S. 7.