Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin böyük siyasi - diplomatik zəfəri

 

Azərbaycanın həyata keçirdiyi xarici siyasətdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına xüsusi önəm verilməsi ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirmiş, bu istiqamətdə uğurlar bir-birini əvəz etmişdir. Ölkəmiz 20 illik müstəqillik tarixində beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış və əlaqələrini daha da genişləndirmişdir. Azərbaycan dünyada və bölgədə öz maraqlarına uyğun şəkildə tarazlı, neytral, qarşıduran bloklara qoşulmamaq siyasəti yürüdür.

 

Azərbaycan bu ilin may ayından BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, ölkəmizin müstəqillik və dövlətçilik tarixinin çox böyük siyasi - diplomatik zəfəri, xarici siyasət sahəsində yaddaqalan tarixi qələbəsidir. Bu zəfər hər bir azərbaycanlını qürurlandırdı, sabaha olan inamını, dövlət başçısına olan etimadını daha da möhkəmləndirdi. Müstəqilliyimizin 20 illik tarixində qazanılan bu parlaq qələbə yaddaşlara əbədi həkk olundu. Artıq hər bir soydaşımızda Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran istənilən taleyüklü məsələləri həll etməyə qadir olması barədə tam əminlik yaranmışdır. Təsadüfi deyildir ki, möhtərəm Prezidentimizin siyasi fəaliyyəti beynəlxalq miqyasda da yüksək qiymətləndirilir . Məsələn, Ukrayna Ali Radasının AŞPA-dakı nümayəndə heyətinin sabiq sədri Anatoli Raxanski deyir: "İlham Əliyev kimi çox az prezident tapılar ki, ali dövlət vəzifəsi Avropa qitəsində böyük razılıqla qarşılansın. İlham Əliyevi Avropada ən tanınmış prezidentlərdən biri sayırlar. O, həm də gözəl diplomat, danışıqlarda çox mahir ustadır".

Hazırda dünyanın nüfuzlu beynəlxalq qurumları ölkəmizdə həyata keçirilən daxili və xarici siyasəti yüksək qiymətləndirir, bu sahədə qazanılan uğurları strategiyamızın məntiqi nəticəsi hesab edirlər. BMT-nin Baş katibi Pan Qi Munun ölkəmiz haqqında söylədiyi fikirləri diqqətə çatdırmaqla dediklərimi əsaslandırmaq istərdim. O demişdir: "BMT Azərbaycanın bütün əhalisi üçün çiçəklənən və demokratik gələcək naminə apardığı quruculuq cəhdlərini dəstəkləyir. Azərbaycan sivilizasiyalar alyansının aktiv iştirakçısına çevrilib". ABŞ Konqresinin üzvü Cerri Konnoli Azərbaycanda baş verən siyasi hadisələri, dünya birliyində ölkəmizin reytinqinin getdikcə artmasını məmnunluqla qeyd edərək deyib: "Azərbaycan dəstəklədiyi dəyərlərə görə yüksək diqqətə layiq ölkədir və "ərəb baharı"ndan çıxan dövlətlər üçün model ola bilər".

Müstəqilliyimizin bərpa olunmasından keçən iyirmi il ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlarını təsdiqləyən çoxlu faktlar var. Azərbaycanın yerləşmiş olduğu region hər cəhətdən - istər geosiyasi, istərsə də strateji baxımdan böyük önəm kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Bu da Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.

İyirmi illik müstəqillik tarixi ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda, regional liderə çevrilmiş, dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmuşdur. Qazanılan uğurlar ölkəmizə olan marağı getdikcə artırmış və Azərbaycan xarici əlaqələrinin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bunun da nəticəsində müstəqil dövlətimiz beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir.

İki tərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli səfərlər, beynəlxalq konfrans və dünya forumlarında iştirak ölkəmizin gündəlik diplomatik həyatının ayrılmaz hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, xarici siyasətimiz bütün istiqamətlərdə uğurludur, biz işimizi məhz bu istiqamətdə davam etdirəcəyik və xarici siyasət sahəsində daha fəal olmalıyıq. Milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyümüzün bərpasına istiqamətlənmiş düzgün xarici siyasət strategiyası, Azərbaycanı BMT Təhlükəsizlik Şurasının üzvü, hətta bu quruma sədrlik etmək səviyyəsinə qədər yüksəltdi.

Dünyanın 155 dövləti Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə səs verdi, etimad göstərdi. Bu fakt ölkəmizin dünya birliyində böyük nüfuz sahibi olmasının bariz nümunəsidir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və qurumun Təhlükəsizlik Şurasına sədrlik etməsi Azərbaycanın dünya birliyinin layiqli üzvü olmasının daha bir sübutudur. Azərbaycan BMT Təhlükəsizlik Şurasında öz sədrlik missiyasını ləyaqətlə yerinə yetirir. Ölkəmizin sədrliyi ilə keçirilən ilk iclasda Sudan və Cənubi Sudandan hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul olunub. Təhlükəsizlik Şurası tərəfləri razılaşdırılmamış məsələlərlə bağlı danışıqları başa çatdırmağa çağırıb, əks təqdirdə BMT bu ölkələrlə bağlı müvafiq tədbirlər görəcək.

XartumDjuba 48 saat ərzində bu tələblərin yerinə yetirilməsi ilə bağlı Afrika İttifaqı Komissiyasının sədrini və BMT Təhlükəsizlik Şurasının sədrini məlumatlandırmışdır. Təhlükəsizlik Şurasının qətnaməsində silahlı qüvvələri öz sərhədlərinin hüdudlarına çəkmək, digər dövlətə qarşı çıxış edən üsyançı qruplaşmalara dəstəyi dayandırmaq, düşmənçilik təbliğatına son qoymaq kimi tələblər də yer almışdır.

Hər iki ölkə bu qətnamə qəbul olunduqdan sonra danışıqları bərpa etməli və həllini tapmayan bütün problemlər, o cümlədən neft məsələsi üzrə dialoq 3 ay ərzində başa çatmalıdır. Böyük qürur hissi ilə qeyd etməliyik ki, Nyu - Yorkda Prezident İlham Əliyevin adından Azərbaycanın BMT - yə üzv qəbul olunmasının 20 - ci ildönümü və 2012 - 2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul da təşkil edilmişdir. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti ölkəmizin son iyirmi ildə qazandığı nailiyyətlərdən söhbət açaraq demişdir: "İyirmi il ərzində baş verən dəyişikliklər göstərdi ki, Azərbaycan böyük uğurlar əldə edib. Biz siyasi sistemdə böyük dəyişikliklərə nail olduqköklü siyasi islahatlar həyata keçirdik. Bu gün Azərbaycan bütün siyasi azadlıqları - mətbuat azadlığını, ifadə azadlığını, azad interneti, dini azadlığı təmin edən müasir, demokratik və açıq ölkədir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Biz bundan qürur hissi duyuruq. Bu, bizim keçmişdən qalan irsimizdir. Siyasi sistemdən asılı olmayaraq, həyatımızın bütün dövrlərində Azərbaycan dinlərin və xalqların qovuşduğu, bir ailə kimi yaşadığı məkan olub. Biz çox fərəhlənirik ki, həmin iyirmi il ərzində biz keçmişimizin bu mühüm irsini nəinki qoruyub saxlamağa, o cümlədən əməkdaşlıq, qardaşlıq və tərəfdaşlıq ruhunu gücləndirməyə nail olduq". Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, hər ölkəyə nəsib olmayan, lakin hər bir ölkə vətəndaşının öz xalqı və dövləti üçün arzuladığı tarixi hadisədir.

BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevi ölkəmizin Təhlükəsizlik Şurasına sədrlik etməsi münasibətilə təbrik etdi və dövlətimizin başçısının bu iclasa sədrliyini alqışladığını bildirdi. Bəli, bütün bunlar Azərbaycanın xarici siyasət sahəsində qazandığı tarixi nailiyyətdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişlərin olacağı nikbinlik yaradır.

Məlum olduğu kimi, xarici siyasətimizin ən önəmli vəzifəsi Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalrı çərçivəsində həllinə nail olmaqdır. Bu problemin həllinə bəzi dövlətlərin ikili standartla yanaşması Azərbaycanı ciddi narahat edir. Prezident İlham Əliyev münaqişənin nizamlanmasına münasibətini açıqlayaraq qətiyyətlə bəyan edib ki, "Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir!".

Azərbaycan Prezidenti yüksək tribunadan bir daha Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini diqqətə çatdırdı və bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik göstərdiyini bəyan etdi. Dövlətimizin başçısı demişdir: "Artıq 20 ildir ki, Ermənistanın təcavüzündən və torpaqlarımızın işğalından əziyyət çəkirik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi hələ də işğal altındadır. BMT-nin Təhlükəsizlik Şurası məsələ ilə bağlı 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, onlar hələ də icra olunmayıb. Ermənistan onlara məhəl qoymur. Həmin qətnamələrdə erməni silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə əsas təhlükədir. Bu, regionda böyük ədalətsizlikdir və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Azərbaycan BMT-yə 20 il öncə suverenbütöv ölkə kimi daxil oldu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. O, hər zaman Azərbaycanın tarixi hissəsi olub. O, hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. Əlbəttə ki, biz ərazi bütövlüyümüzün bərpasını, qaçqın və məcburi köçkünlərimizin doğma yerlərinə qayıtmasını istəyirik".

Artıq Azərbaycan dünya birliyində özünə layiqli yer tutmuş dövlətlərdəndir. Böyük müvəffəqiyyətlə həyata keçirilən daxilixarici siyasət hazırda dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edib. Avropanın böyük mədəni tədbirinin - "Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi mühüm tarixi hadisə kimi dəyərləndirilir. Azərbaycan ciddi beynəlxalq tədbirlərin keçirilməsinə qadir olduğunu dəfələrlə sübut edib. Biz dəfələrlə bunun şahidi olmuşuq.Bu, ölkəmizdə həyata keçirilən strategiyanın möhkəm təməllər üzərində qurulmasının nəticəsidir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 18 may.- S. 1;2.