"Teleskopya yuxuda və həqiqətdə uçuşlar" tamaşasının premyerasından qeydlər

 

Teatrsevərlərin mayın 12-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında xalq yazıçısı Elçinin "Teleskop" tragikomediyası əsasında hazırlanmış "Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar" tamaşasının premyerasından böyük zövq aldıqları təbii ki, nəzərlərdən qaçmırdı.

 

Tamaşa başlamamışdan əvvəl əsərin müəllifi, xalq yazıçısı Elçin jurnalistlərlə görüşdü və onların suallarını cavablandırdı. Həmin cavablardan bəzilərini diqqətinizə yetiririk:

- "Teleskop" mənim son illərdə yazdığım pyeslərdəndir. İlk dəfə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş olunmuş bu əsərə Finlandiyada yaşayan həmvətənimiz Kamran Şahmərdan quruluş vermişdir. Bu gün isə bizim ikinci doğma teatrımızda bu tamaşanın rus dilində premyerası keçirilir. Bu tamaşaya isə əməkdar incəsənət xadimi İranə Tağızadə quruluş vermişdir. O, məşhur kinorejissor Tofiq Tağızadənin ailəsində dünyaya göz açmışdır. Bu, İranə Tağızadə ilə ilk işimizdir və inanıram ki, əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.Tamaşanın məşqlərində iştirak edə bilmədiyimdən ilk dəfə sizinlə birlikdə bu səhnə əsərinə baxacağam.

Əsər maraqlı mövzuyaquruluşa malik idi. Tamaşaçı elə ilk andaca psixolojidramatik hadisələrlə rastlaşdı. Maşın qəzası nəticəsində koma halına düşən insanın (kişinin) iki dünya (fani və axirət dünyaları) arasında keçirdiyi psixoloji gərginlikləri salonda az qala hər kəs özündə yaşamağa başladı. Bir az əvvəl var olan dünya ilə "göyün yeddi qatında"kı dünya arasında qalınca baş verənlərin şahidi olmaq elə də asan deyilmiş. Əslində, burada iştirakçı olmaqdan çox düşündürücü hallar ortaya çıxdı. Bəli, bu əsər adamı gərginlikdə saxlasa da, çox tərbiyəvi xarakterlər ortaya qoyur. El arasında deyərlər ki, ölənin dalınca danışmazlar, buAllaha, nə də onun bəndəsinə xoş gəlməz. Mələkləri xəbər apararo da küsgün olar. Bu tamaşada o sualın cavabı da var idi. Bu dünyadan gedənin dalınca ona görə danışmazlar ki, o, ruh olaraq hər şeyi, hər kəsi görür və hər sözü eşidir. Onun keçirdiyi duyğuları fani dünyadakılar dərhal anlamırlar, dərk etmirlər. Amma illər, əsrlər, eralar qanadında gələn inamlar gerçəklərin ifadəsidir. Hər kəs özünə hörmət edirsə, bəli, nə bu dünyada, nə də o dünyada olanın arxasınca danışmaz. Qurani Kərimin öyüdlərindəndir: qeybət eləyənin yeri cəhənnəmdir. Bax bütün bu inamlar Elçinin tamaşasında obrazların mətləblərində - aktyorların ifasında açıqlanır.

Müəllifin dediyi kimi, əsərdəki teleskop rəmzi bir məna daşıyır. Həmin teleskop hər iki dünyada mövcuddur və hər kəs də o teleskopu içində quraşdırıb, istədi-istəmədi onun "işıqlı borusu ilə" dünyaya, cəmiyyətə baxır, gördüklərinə, eşitdiklərinə heyrət edir, heyrətinə isə bu dünyada heç cavab vermir...

Bu əsərə gəlib baxanın yəqin ki, udacağı şeylər çox olacaq. Həyat həqiqətləri ilə dərk edə bilmədiyimiz dünya arasında baş verən olaylar insana çox nüansları açıqlayır. Yəni, bu əsərin təsir dairəsinə hakim olandan sonra daha geniş düşüncələrə, saf əxlaqa, ali insanlığa söykənmək istəyir.

Tamaşanın quruluşçu rəssamı Rusiyanın Sankt-Peterburq şəhərindən dəvət olunmuş Emil Kapelyuş, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Əsas rolları xalq artistləri Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, əməkdar artistlər Fuad Osmanov, Nataliya Baliyeva, aktyorlar İlkin Mehdiyev, Fərid Bəhramov, Teymur Rəhimov və başqaları canlandırmışlar.

Səhnə tərtibatı son dərəcə zövqlə, tamaşanın məzmununu açan detallarla, ornamentlərlə hazırlanmışdır.

Azərbaycan teatrının "İlyas Əfəndiyev məktəbinin" layiqli varislərindən, onun teatr ənənələrini davam etdirən Elçinin digər tamaşaları ("Ah, Paris, Paris...", "Mənim ərim dəlidir", "Salam, mən sizin dayınızam", "Mənim sevimli dəlim") kimi bu əsəri də fəlsəfi mənası ilə dəyərlidir, aktualdır.

 

 

A.ÜLVİ

 

Xalq qəzeti.- 2012.- 16 may.- S. 7.