Şuşasız ötən illərə mütləq son qoyulacaq

 

Şuşa haqqında keçmiş zamanda danışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır. Əzəli və əbədi Qarabağ torpağının qədim mədəniyyət mərkəzi, hər daşında, hər qayasında Azərbaycan xalqının ulu keçmişini yaşadan tarixi Şuşa şəhərinin işğalından 20 il keçir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar bu il aprelin 9-da imzaladığı sərəncam erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin dünyaya çatdırılması istiqamətində aparılan siyasətin məntiqi davamıdır. Sərəncamda qeyd edilir: "Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır".

Bu tarixi şəhərin işğalının 20 illiyi ilə əlaqədar respublikamızda zəruri tədbirlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Dünya birliyinə bir daha xatırladılır ki, Ermənistan hakimiyyəti hələ də öz təcavüzkar siyasətindən əl çəkmir, beynəlxalq hüququn norma və prinsiplərinə saymazlıq göstərir.

İyirmi il əvvəl-mayın 8-də Qarabağın tarixi paytaxtı Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşlərindən sonra işğal olundu. Şuşa işğal olunanda yüzlərlə dinc insana, yaşlılara, qadın və uşağa aman verilmədi. Şəhər tamamilə xarabalığa çevrildi.

Əslində, XX əsrin sonunda - 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzü başlasa da, ermənilərin Dağlıq Qarabağa olan ərazi iddialarının kökləri xeyli əvvələ gedir. Bütün XX əsr boyu ermənilər öz məkirli iddialarından bir addım belə geri çəkilməmişdilər. Ermənistanın Azərbaycana elan olunmamış müharibəsi nəticəsində Dağlıq Qarabağona bitişik yeddi rayon büsbütün işğal olunmuşdur. 20 ildən artıqdır ki, 20 faiz torpağımız Ermənistan ordusunun işğalı altındadır. İşğalçı Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamə nəinki yerinə yetirilməyib, hətta həmin sənədlərə məhəl belə qoyulmamışdır.

Qarabağ tarixi etnoqrafiq əyalət kimi əvvəlcə Azərbaycan Alban dövlətinin tərkibində olmuşdur.Sonra bütün Azərbaycanla birlikdə ərəb xilafətinin əsarəti altına düşmüşdür. Ərəb imperiyasının süqutundan sonra IX-X əsrlərdə Sacilər dövlətinin, X əsrdə Salarilər, XI-XII əsrlərdə Şəddadilər, XII-XIII əsrlərdə Atabəy-Eldəgizlər, XIII əsrin II yarısı və XIV əsrə qədər Hülakilər (Elxanilər) dövlətinin tərkibinə daxil edilmişdir.

XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycan feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yaranmışdır.XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Qarabağ ərazisində çox güclü Qarabağ xanlığı mövcud olmuşdur.XVIII əsrin ikinci yarısından Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olmuşdur.

1992-ci il may ayının 8-dən işğal altında olan Şuşanı ermənilər məhv edib dağıtdılar, xarabalığa çevirdilər, maddi- mədəniyyət abidələri talandı, muzeyləri, məscidləri "restavrasiya" adı altında erməniləşdirməyə başladılar.

Ermənilərin Qarabağda, o cümlədən Şuşada törətdiyi vandalizmi və azərbaycanlılara qarşı soyqırımı bütöv XX əsr boyu davam etmişdir.

Qarabağın və Şuşanın taleyinin ən ağır günlərinin başlanması 1 Rus-İran müharibəsi və II Rus-İran müharibəsi nəticəsində ermənilər bu əraziyə köçürüldükdən sonra başlamışdır. Şavrov "Zaqafqaziyada rus işinə təhlükə" əsərində yazırdı: "1826-1828-ci il müharibəsindən sonra, iki il ərzində 1828-1830-cu illərdə Zaqafqaziyaya 40 000 İran ermənisi, 84 600 Türkiyə ermənisi köçürülmüşdür. Türkiyədən və İrandan köçürülmüş ermənilər Yuxarı Qarabağ, Yelizavetpol, İrəvan quberniyasında və Göyçə gölü sahillərində yerləşdirildikdən sonra azərbaycanlılar qırğına, soyqırımına məruz qalmışdılar". Köçürülən ermənilərə Rusiya dövlət torpaqları hesabına 200 min desyatindən çox ərazi bağışlanılır. Tarixi sənədlərə əsasən, həmin vaxt rus ordusunun Cənubi Qafqazdakı baş komandanı, general Paskeviçin əmrilə Qarabağın bir sıra müsəlman kəndləri boşaldılır, həmin kəndlərə erməni ailələri yerləşdirilir. Çar hökuməti cənub sərhədlərində dini cəhətdən İran və Osmanlıya bağlı müsəlman əhalisi arasında dayaqlarını yaratmaq niyyəti ilə həmin ərazidə erməniləri, az sonra isə Rusiyanın içərisindən digər xristian əhalini yerləşdirməyə çalışırdı. Şavrovun fikrincə, iyirminci əsrin əvvəllərində Qafqazda yaşayan 1 milyona yaxın erməninin böyük əksəriyyəti İran və Osmanlı ərazisindən köçürülənlər idi. Məşhur rus yazıçısı, diplomat Aleksandr Qriboyedov ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı yazırdı: "Ermənilər köçürülüb müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişlər. Müsəlmanlar sıxışdırılır, onlar elə hey əsaslı olaraq narazılıq edib şikayətlənirlər. Biz müsəlmanları indiki sıxışdırmalara qatlaşmaq, bu sıxışdırmaların uzun illər sürməyəcəyinə inandırmaq, onların torpaqlarına ilk dəfə buraxılan ermənilərin bu torpaqlara həmişəlik yiyələnəcəkləri barədə nigaranlığı müsəlmanların beynindən çıxarmaq üçün onlara edilməli olan təlqinlər barədə çox düşündük".

Şuşanın, bütövlükdə Qarabağın işğalı xalqımıza, millətimizə qarşı yönəldilmiş ağır bir zərbə oldu. Bu gün Qarabağın, Şuşanın tarixi ilə bağlı erməni yalanları, erməni saxtakarlığı dünyanı çaşqın bir vəziyyətə salıb. Ermənistanın XX əsrin sonunda Azərbaycana təcavüzünə qədər və ondan sonra da erməni müəllifləri tərəfindən yazılmış saxta məlumatlı kitablar bu gün də yazılmaqdadır. Belə əsərlərdən biri 1988-ci ildə on doqquz müəllif tərəfindən Yerevanda çapdan çıxmış "Dağlıq Qarabağ-tarixi arayış" kitabıdır. Bu kitabda Şuşanın əsasının ermənilər tərəfindən qoyulması, "köçərilər"in (Pənah xanİbrahim xan nəzərdə tutulur) həmin ermənilərə kömək etməsi "erməni ziyalıları" tərəfindən uydurulub. Əsl həqiqətdə isə Qarabağın, Şuşanın tarixini Qarabağ tarixçilərindən Mirzə Camal Cavanşir, Mirzə Yusif Qarabaği, Həsən Əlizadə öz əsərlərində göstəridiyi kimi, Şuşa şəhərinin əsasını Pənahəli xan qoymuşdur. Əvvəl şəhər "Pənahabad", "Qala", "Şəhri-Şişə", "Şişə" və sonda isə Şuşa adlandırılmışdır.

A.A. Bakıxanovın "Gülüstani- İrəm " əsərində Şuşa şəhərinin yaranması haqqında söylədiyi fikirlər daha dəqiqdir. Bakıxanova görə, Pənahəli xan hakimiyyətini tam bərpa etdikdən sonra Bayat, Şahbulaq qalalarının əsasını qoymuş, əzəmətli qala olan Şuşa qalasını isə təmir etdirmişdir. Qərbi Avropa səyyahları XIX əsrdə Şuşaya səyahətləri zamanı A.A. Bakıxanovun fikirlərini bir daha təsdiq etmişlər. Məşhur "Səyahətnamə" əsərinin müəllifi Ceym Morye göstərmişdir ki, Şuşada olan maddi-mədəniyyət abidələri burada eramızdan əvvəl yaşayışın olduğunu bir daha sübut edir. Bundan başqa ingilis səyyahı Robert Burter, fransa səyyahı Jak de Morqan bir daha Şuşanın qədim şəhər olması, Avropa şəhərlərindəki kimi daş binaları, daş döşəmələri, Roma hamamlarını xatırladan daş hamam qalıqları vardır.

Sonrakı dövrlərdə - XX əsrin sonunda Zori Balayanın Şuşa ilə bağlı sayıqlaması da ortaya çıxmışdır. O yazırdı ki, XIX əsrdə Qarabağda, o cümlədən Şuşada əhalinin 98 faizini, hətta 1913-cü ildə 96 faizini ermənilər təşkil etmişdir. 19 müəllif tərəfindən uydurulan "Dağlıq Qarabağ tarixi arayış" kitabında, həm də ermənilərin muzdla tutaraq onlar üçün kitab yazan Piter Ford Şuşa şəhərini erməni şəhəri adlandırır, azərbaycanlıların guya Qarabağa 1921 - ci ildən sonra köçərək məskunlaşdıqlarını iddia edir.

Ermənistanın Azərbaycan torpaqlarına olan ərazi iddiasını həyata keçirmək üçün xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbisiböyük rol oynamışdır. İkinci Dünya müharibəsi bitdikdən sonra Moskvaya, İ.Stalinin adına bir məktub ünvanlanır. Müəllif əslən Şuşalı olan Amerika milyonçusu idi. Məktubda deyilir: "Müharibədən sonra sovet ərazisində geniş bərpa və quruculuq işlərinə ehtiyac olduğu üçün mən var-dövlətimi qədim erməni torpağı olan Şuşanın yenidən qurulub çiçəklənməsinə sərf etmək istəyirəm. Bu işləri təmannasız görməkdə yalnız bir təvəqqəm var: Şuşanın adı mənim qızımın şərəfinə Şuşan adlandırılsın." Məktub Moskvadan Xankəndinə göndərilir. O vaxt vilayət partiya komitəsində işləyən İdris Məhərrəmov Amerika müəllifinin məktubu ilə tanış olduqdan sonra ziyalıları toplayır və müzakirələrdən sonra qərar qəbul edilir: "Kapitalist ölkəsindən hər hansı bir yardıma ehtiyac yoxdur. Biz öz daxili qüvvəmizlə doğma şəhərimizi bərpa edəcəyik."

Bu gün dünya erməni saxtakarlığı ilə üz-üzə dayanıb. Ermənistan öz qonşu dövlətlərinə qarşı ərazi iddiaları davam etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrinə səpələnmiş ermənilər özgə torpaqlarını özünüküləşdirmək üçün dəridən - qabıqdan çıxırlar. İlkin olaraq belə bir erməni iddiası Amerikadan başlayıb. Ermənilərin ən çox məskunlaşdıqları Kaliforniya ştatında Los - Ancelesdə kiçik bir dağın üstündə böyük hərflərlə "Kiçik Ermənistan " sözləri yazılmış bir plakat asılmışdır. Buradan belə bir nəticə çıxarmaq olar ki, ermənilərin səpələndikləri dövlətlərin, xüsusi ilə böyük dövlətlərin taleyini çox da uzaqda olmayan millətçilik, ərazi iddiaları ilə bağlı böyük faciələr gözləyir.

Şuşa Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunana qədər tarixi təhqiqat obyekti olmamışdır. Vilayət yaradılandan sonra mərkəz Şuşa şəhərindən alınaraq Xankəndinə verilmişdir. Bundan sonra Şuşaya olan ögey münasibət davam etmiş, şəhərsalma, tikinti-quruculuq, şəhərin genişləndirilməsi ilə bağlı lahiyələr uzun illər arxivdə yatıb qalmışdır.

Qarabağın mədəniyyət mərkəzi olan Şuşanın inkişafı ilə bağlı böyük layihələrin həyata keçirilməsində Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərlik etdikdən sonra başlayır. Hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyən zaman Heydər Əliyev Şuşaya olan ögey münasibətə etirazını bildirdi.Ancaq bu işləri həyata keçirmək onun səlahiyyətində deyildi. 1967-ci ildə Xankəndində baş vermiş hadisə ilə bağlı Qarabağa gedən Heydər Əliyev Qarabağdakı vəziyyətlə tanış olduqdan sonra Şuşaya getmişdir. O, Şuşanı gəzdikdən sonra böyük Azərbaycan şairi Molla Pənah Vaqifin məzarını ziyarət etmək istəmişdi. Lakin məzar tapılmamışdı. Heydər Əliyev yerindəcə göstəriş verərək məzarın tapılmasını tələb etmişdir.Qısa müddət ərzində məzar tapılmış və Heydər Əliyev məzarı ziyarət edən zaman onun tamamilə uçub dağıldığını və getdikcə məzarın itdiyini görür. Sonralar ulu öndər çıxışlarının birində deyir ki, bu məzar Vaqifə layiq deyil.

Heydər Əliyev Dağlıq QarabağŞuşa ilə bağlı ideyalarını 70-ci illərdən sonra həyata keçirməyə başladı. Bakı-Xankəndi dəmir yolunu çəkdirdi. Vaqifin məzarı üstündə 1980-1881-ci illərdə abidə, türbə tikildi. Ümummilli lider bu münasibətlə Azərbaycanın rəhbər ziyalılarının Dağlıq Qarabağa daim diqqət yetirməsini, vilayətə tez-tez səfərlərə çıxmasını tövsiyə edirdi. Heydər Əliyev Dağlıq Qarabağı və Şuşanı daim diqqət mərkəzində saxlamışdır. Vaqif poeziya evi, mədəniyyət işçiləri üçün yaradıcılıq evlərinin açılmasını təşkil etmişdir. Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeylərinin qorunmasını tapşırmışdı. 1982-ci ildə şairə Xurşudbanu Natəvana abidə qoydurmuşdur. Dağlıq Qarabağ və ətraf rayonları nəzərə alaraq Heydər Əliyev Xankəndi Pedaqoji İnstitutunu açmışdır. Mütəxəssis kadrların Qarabağda işlə təmin olunmasını daim diqqətdə saxlamışdı.

Dağlıq Qarabağa olan böyük diqqətin, münasibətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşbu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi xəttinə, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə inanır. Düşmən işğalı altında olan torpaqlarımız əsası yalnız ulu öndər tərəfindən qoyulmuş strategiya sayəsində azad ediləcək.

 

 

Havva MƏMMƏDOVA,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının dosenti

 

Xalq qəzeti.- 2012.- 16 may.- S. 6.