Cəlilabad - gerçəkləşən arzu, murad...

 

... Azərbaycanı böyük, gözəl bir tabloya bənzətsək, Cəlilabad onun əlvan boyalı guşələrindən biri olmasıyla diqqət çəkər. Bu rayon müsafirlərin əyalət səyahətində bəlkə də ən süslü dayanacaq olar. Çünki baxımlı, görməli yerləri yetərincədir. Elə Heydər Əliyev seyrangahı, "Tut bağı" istirahət mərkəzi, "Dövlət bayrağı" meydanı və bu kimi digər ünvanları görmək kifayətdir ki, cəliləbadlıların doğma yurdun hüsnünə necə böyük məhəbbətlə sığal çəkdiklərinin şahidi olasan. Hələ təbiətini, dağlıq ərazilərinin özünəməxsus cazibəsini demirəm.

 

Ölkəmizin əksər bölgələrində olduğu kimi, Cəlilabad rayonunda da ildən-ilə, aydan-aya yeni-yeni uğurlara imza atılır. Dövlət müstəqilliyimizin bəhrələri burada hər addımda görünməkdədir. Regional inkişaf Dövlət Proqramı layiqincə reallaşdırılır, abadlıq tədbirləri genişlənir. Dövlətin gündəlik qayğısı sayəsində Cəlilabad sürətli tərəqqi yoluna çıxmış və əhalinin sosial məsələləri ardıcıl həllini tapmışdır.

Rayonun iqtisadiyyatında əsas yer tutan kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət ayrılır. Hər il kənd əməkçiləri tərəfindən yetərli qədər kartof, noxud, mərci, tərəvəz, günəbaxan, taxıl əkilir. Dövlət Proqramına uyğun olaraq üzümçülüyün inkişaf etdirilməsi aqrar bölmədə görüləsi işlərin əsasını təşkil edir. Hazırda mövcud olan 1530 hektar üzüm bağında becərmə və profilaktik işlərin aparılması ilə yanaşı, yeni üzümlüklər də salınır. Heyvandarlığın inkişafı və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin ilk rübün yekunlarına həsr olunmuş iclasında taxılçılıqda məhsuldarlığın aşağı olmasına diqqəti cəlb etmişdir: "Ölkə üzrə məhsuldarlıq 25 sentnerdir... Əgər biz məhsuldarlığa daha da böyük diqqət yetirsək, indi dövriyyədə olan torpaqdan iki dəfə çox məhsul götürər və beləliklə, özümüzü taxılla tam şəkildə təmin edə bilərik". Bu baxımdan Cəlilabadda da vəziyyət öyünüləsi deyil. Sahələrə keyfiyyətsiz toxum əkildiyindən və aqrotexniki qaydalara tam əməl edilmədiyindən keçən il hər hektardan cəmi 17,3 ton taxıl götürülüb. Aqrar bölməyə xidmət edən suvarma sistemləri idarəsi, aqroservis müəssisəsi, toxum müfəttişliyi, bitki mühafizə xidməti, bölgə təcrübə stansiyası və özəl toxumçuluq müəssisələri yüksək məhsuldarlığa nail olmaq üçün imkanlardan maksimum istifadə etməlidirlər.

Bizimlə görüşündə rayonda aparılan tikinti-abadlıq işlərindən danışan icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, hazırda Cəlilabad şəhərində olimpiya-idman kompleksinin, rayon baytarlıq idarəsi üçün inzibati binanın, Təklə kəndində baytarlıq məntəqəsinin və Qarakazımlıda xeyir-şər evinin tikintisi davam etdirilir. Artıq şəhərin Heydər Əliyev prospektindəki piyada yoluna tamet döşənilməsinə başlanmışdır. Ələt-Astara magistral yolunun Cəlilabad ərazisindən keçən 5 kilometrlik hissəsinə mozaik hasarların çəkilişi sona çatıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 9 mart 2012-ci il tarixli sərəncamına əsasən Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunun tikintisi məqsədilə Ehtiyat Fonddan 3 milyon manat vəsait ayrılmışdır. Bu, əhalinin böyük sevincinə səbəb olmuşdur. Çünki həmin yol çox bərbad vəziyyətdə idi. Xüsusən payız-qış aylarında dağ kəndləri ilə rayon mərkəzi arasında əlaqə kəsilir, əhalinin şəhərə gediş-gəlişi müşkülə çevrilirdi. Yolun tikintisi üçün vəsaitin ayrılması bu problemi birdəfəlik həll etmək və 14 yaşayış məntəqəsində yaşayan 24 minlik əhalinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində mühüm bir addım oldu.

Əziz Əzizov xatırlatdı ki, dövlət başçısının tapşırığına əsasən keçən il rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı yolunun 19 kilometri asfaltlaşdırılmış və yolun 6 kilometrinə çınqıl tökülmüşdür. Tikinti işləri davam etdirilir. Möhtərəm Prezidentimizin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, "vaxt gəlib çatıb ki, biz kənd yollarını da abadlaşdıraq".

Dövlət Proqramına əsasən, Cəlilabad şəhərində sukanalizasiya sistemləri yenidən qurulmalıdır. Bu məqsədlə ilk addımlar atılmış, mütəxəssislər şəhərin relyefi ilə tanış olmuştexniki şərtləri hazırlamışlar. Yaxın günlərdə bu mühüm tədbirin həyata keçirilməsinə başlanılacaq.

Yaz mövsümü ilə əlaqədar rayonun yaşayış məntəqələrində, həmçinin Ələt-Astara magistral yolunun kənarında 15 mindən çox ağac əkilmişdir və yaşıllıqlara qulluq daimi xarakter daşımaqdadır.

Birinci rübdə Cəlilabadın hüquqifiziki şəxslərinə 5 milyon 624 min manat məbləğində kreditlər verilmişdir. Əsasən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar tərəfindən götürülən həmin kreditlər yeni istehsal sahələrinin yaradılmasına, bitkiçiliyin və heyvandarlığın inkişafına yönəldilmişdir. Məhsul bolluğu olarsa, həyat da gözəlləşər, maddi-imkanlar artarbir çox problemlər həllini tapar.

Əhalinin işıq və təbii qazla təminatı üzrə müəyyən işlər görülüb. Amma fasiləsiz təchizata mane olan amillər də qalır. Rayon paylayıcı elektrik şəbəkəsinin balansında olan transformatorların 70 faizi istismar müddətini çoxdan başa vurmuşdur. Kənd ərazilərindəki elektrik hava xətlərinin əksər hissəsi yararsızdır. Keçən əsrin 70-80-ci illərində çəkilən yeraltı qaz borularının 70 faizindən çoxu çürüdüyünə ğörə qazın 35-40 faizi itkiyə gedir.

Yeni məktəblərin tikintisi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi rayon rəhbərliyinin diqqət mərkəzindədir. Hazırda Cəlilabad şəhər 2 saylı tam orta məktəbi üçün 640, 6 saylı ümumi orta məktəbi üçün 180 və Sabirabad kənd 1 saylı tam orta məktəbi üçün 480 yerlik binalar tikilir. Yaxın günlərdə Soltankənd, Həziabad və Zəhmətabad kəndlərində də yeni məktəblərin tikintisinə başlanacaq. İndi əsas məqsəd təhsilin keyfiyyətcə yeni məzmun daşımasına, pedaqoji kollektivlərin faydalı əmsalının yüksəldilməsinə yönəldilmşidir. Rayonda tibbi xidmətin səviyyəsi müəyyən qədər yüksəlmişdir. Bununla yanaşı, səhiyyə sahəsinin də çətinlikləri var. Məsələn, tibb məntəqələrinin çoxu uyğunlaşdırılmış binalarda yerləşir.

Rayonda görüşdüyümüz adamlar çalışdıqları sahələrin uğurları və cari qayğıları barədə məlumat verdilər. Bütün səylərin ilin qalan aylarında qarşıda duran vəzifələrin layiqincə həyata keçirilməsinə yönəldiləcəyi vurğulandı.

İnanırıq ki, abadlıq-quruculuq sahəsində böyük uğurların qazanıldığı Cəlilabadda bundan sonra da təşəbbüskarlıq, əzmkarlıq örnəkləri işlərə əsaslı stimul verəcək. Kənd yaşayış məntəqələrində abadlaşdırma daha da sürətlənəcək. Bizrayona növbəti səfərlərimizdə bir-birindən fərəhli yeniliklərin şahidi olacaq və həvəslə qəzet səhifələrində işıqlandıracağıq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 17 may.- S. 6.