Səhnəmizin gözəl Sarası

 

Azərbaycan klassik muğam, xalq və bəstəkar mahnıları ifaçılığı sahəsində öz dəst-xətti, özünəməxsus ifa tərzi ilə seçilən Sara xanım Qədimovanın 90 yaşı tamam olur. O, artıq 7 ildir ki, aramızda yoxdur. 2005-ci ildə dünyaya gəldiyi bahar fəslində - may ayında da dünyasını dəyişdi.

 

Sara xanımın yoxluğu minlərlə onu sevənlərin dünyasında boşluq yaratdı.O, özü ilə musiqi sevərlərin iç dünyasını, qəlbini sıyırıb apardı.

Azərbaycanda bundan sonra da çoxlu müğənnilər, xanəndələr, sənətkarlar olacaq. Lakin heç bir vaxt Sara xanım, Şövkət xanım və Xan Şuşinski kimisi olmayacaq. Bu, bəlkə indi bir o qədər də hiss olunmur. Bunu gələcək göstərəcəkdir.

Sara xanım Üzeyir Hacıbəyovun xeyir-duası ilə səhnəyə gəlib. Üzeyir bəyin tapıntısı olan Sara xanım Qurban Pirimov, Zülfü Adıgözəlov, Əhməd Bakıxanov, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustad sənətkarlardan dərs alıb. Zülfü Adıgözəlov onun ilk sənət müəllimi olub. Sonra isə Hüseyqulu Sarabskinin sinfində mugamdan dərs almışdır.1958-ci ildən 1964-cü ilədək Seyid Şuşinski və Xan Şuşinskidən muğamın sirlərini öyrənirdi.

Sara xanım Şərqdə muğam dəstgahlarını tamam-kamal ifa edən ilk qadın xanəndədir. "Şur dəstgahı", "Mahur-hindi", "Bayatı-Şiraz", "Rast", "Segah", "Xari segah" "Qatar", "Şahnaz" kimi çətin və mürəkkəb muğamları məharətlə oxumuş, Cabbarın, Seyidin, Xanın hökmranlıq etdiyi sənət meydanında öz sözünü demişdir.Bu muğamlar lentə alınaraq Dövlət Teleradio Verilişləri Şirkətinin qızıl fondunda qorunur.Bu qiymətli sənət inciləri milli mədəniyyətimizin parlaq nümunələri kimi daim yaşayacaqdır.

Bəhram Mənsurov deyirdi: "Allah Sara xanıma elə bir səs vermişdir ki, o çox asanlıqla, çətinlik çəkmədən tarın bütün pərdələrində gəzişə bilər. Onun səs diapazonu, səs götürümü çox genişdir.Əgər Sara xanım çox çətin, yüksək kaloritli "Bayatı Şiraz" mugamını oxuyursa, daha ona söz ola bilməz."

Sara xanım Əbilov adına mədəniyyət evinin özfəaliyyət kollektivinin siravi üzvündən 17 yanvar 1942-ci ildə Azərbaycan Dövlət Filarmoniyasına solist qəbul olunmuş ilk müğənnidir. O vaxt gənc Saranın 20 yaşı var idi.Burada ondan başqa 8 nəfər sənətkar solist işləyirdi: Zülfü Adıgözəlov, Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sürəyya Qaçar, Hacı Məmmədov, Nefton Qriqoryan və Allahyar cavanşirov.

Fəaliyyətə başladığı ilk günlərdən Üzeyir Hacıbəyov onu nəzarətə götürüb, ona qayğı ilə yanaşmağa başladı.Üzeyir bəy müqtədir müğənnilərə dönə-dönə tapşırırdı ki, Sara xanıma sənətdə düzgün yol göstərsinlər, düzgün istiqamət versinlər.

Üzeyir bəy 1944-cü ildə İrana qastrola gedən incəsənət işçilərinin sırasına Xan Şuşinskini, Sara Qədimovanı və Zəhra Rəhimovanı da daxil etdi.

Allah-Təala Sara xanıma hər şey vermişdi:təbii gözəllik, məlahətli səs, xeyirxah və təmiz ürək. Üzeyir bəy onu "Səhnəmizin gözəl Sarası" adlandırırdı.

Sara xanım gənc olmasına baxmayaraq, İranda yaxşı tanınır və böyük müvəfəqiyyət qazanırdı.Vaxtı ilə gözəl səsi olmuş, 14 yaşında Sara xanımla birlikdə İrana qastrola getmiş, sonralar Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuş Arif Məmmədov o günləri belə xatırlayırdı:

- Biz Mərənddə olanda qadınlar Saranı qucaqlayıb bağrına basır, "Azərbaycan maralı" bura xoş gəlibdir," - deyirdilər. Sara konsertlərdə "Kürdün gözəli", "Ay dilbər", "Qubanın ağ alması" xalq mahnılarını və Xan əmilə birlikdə "Get ay batandan sonra gəl, ay oğlan" mahnısını duet şəklində oxuyurdu. Bir gün Təbrizdə "Qatar" muğamını ifa etdi. İranın çox məşhur müğənnisi Azər İqbal Soltan çıxıb Sara xanımı təbrik etdi və dedi ki, belə zil muğamı oxumaq böyük ustalıqdır, sənə halal olsun, qızım. "Qatar" muğamı Sara xanımın şah əsəri idi. Hələ heç bir müğənni bu muğamı onun kimi füsünkar, əzəmətli oxumamışdır. Müğənni Yavər Kələntərli haqlı olaraq demişdir: "Bütün müğənnilər sussun, Sara xanım "Qatar" oxuyur". Bu deyimdə xüsusi məna var, bu deyimdə Sara xanımın ifaçılığına yüksək qiymət verilir.

Məhəmməd Rza Şah Pəhləvi Xan Şuşinski ilə birlikdə Saranı igamətgahında - Şimranda qəbul edib, onları dövlət mükafatı ilə təltif etdi. Fövzüyyə xanım onlara qiymətli hədiyyələr verdi. Şah təklif etdi ki, Sara İranda qalıb öz məktəbini yaratsın.Sara xanım isə utana-utana şaha dedi:

- Mən hələ çox gəncəm. Hələ çox öyrənməliyəm. Bundan başqa, mənim atam və anam dünyalarını erkən dəyişiblər. 6 uşaq-qardaş və bacılarım mənim himayəmdədirlər.

Şah və Fövzüyyə xanım çox kövrəldilər. İranda qastrol səfəri 3 ay çəkdi. Sara xanım hər dəfə deyirdi ki, İran səfəri mənim həyatımda böyük rol oynadı.1948-ci ilin əvvəllərində Moskvada Böyük Nizaminin 800 illiyi qeyd edilirdi. Üzeyir bəyin təklifilə Sara xanım Moskvaya getmişdi. O, böyük şairin qəzəllərilə "Şahnaz" muğamını oxumuş və festivalın diplomu ilə təltif olunmuşdu.

Sara xanım xalq və bəstəkar mahnılarının mahir ifaçısı idi. Onun ifasında 400-dən çox mahnı səslənmişdir. Şəfiqə Axundovanın, Qənbər Hüseynlinin, Andrey Babayevin demək olar ki, bütün mahnılarını ilk dəfə Sara xanım oxumuşdur.

Qənbər Hüseynli ilə yaradıcılıq əlaqələri sıx idi. Onun dünyadan vaxtsız köçməsi Sara xanımı möhkəm sarsıtmışdı. Qənbər Hüseynlinin qəbri üstündə Sara xanımın ifa etdiyi "Ay işığında" mahnısını gəncəlilər indi də xatırlayırlar.

Üzeyir Hacıbəyovun "Qara göz" və "Şəfqət bacısı" mahnılarını ilk dəfə qadın sənətkarlardan Sara xanım ifa etmişdir. "Şəfqət bacısı" mahnısını Fatma Mehrəliyeva da ifa edirdi.

Sara xanım səsinə uyğun mürəkkəb mahnılar ifa edərdi. Qənbər Hüseynlinin "Nə vaxta qaldı", Şəfiqə Axundovanın "Lirik mahnı", Ələkbər Tağıyevin "Göy göl", Cəfər Cabbarlının "Od gəlini" tamaşasına Əfrasiyab Bədəlbəylinin yazdığı "Solmazın mahnısı", Hacıbaba Həsənovun "Xatirələr", xalq mahnısı "Qara qaşın vəsməsi"və bir çox başqa mahnılarını oxumağa müğənnilər cürət etmirlər.

Cəfər Cabbarlının bütün əsərlərinə yazılmış mahnıları təkcə Sara xanım ifa etmişdir. Sara xanım olmasaydı, bəlkə də həmin mahnılardan əsər-əlamət qalmazdı.

Hər bir səs bir ümiddir-deyirlər. Sara xanımın səsi bizə ümid verirdi. Biz bu səsin, bu ifanın təranələri altında böyüyüb, boya-başa çatmışıq...

...1958-ci ildə böyük Füzulinin yubileyi keçirilirdi. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təklifilə Sara Qədimova və Əbülfət Əliyevin ifasında "Leyli və Məcnun" operası başdan-ayağa lentə yazılmış və hal-hazırda qızıl fondda saxlanılır.

Mən 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasını heç bir vaxt unuda bilmirəm. Mən də Dağlıq Qarabağın bədii özfəaliyyət kollektivinin üzvü kimi dekadada iştirak edirdim.

Elə gətirdi ki, ustad xanəndə Sara xanım Qədimova Leyla Bədəlbəyli və Firəngiz Əhmədova ilə birlikdə "Moskva" mehmanxanasında bir otaqda qalırdılar. Mən də onlar olan otağın qarşısındakı zada qalırdım. İyun ayının 3-də gecə saat 4 olardı. Birdən qapı döyüldü. Sara xanım qapını açanda dekadanın bədii rəhbəri Şəmsi Bədəlbəylinin yanında İmam Mustafayevi gördü və özünü tamamilə itirdi, rəng verib rəng aldı. İ.Mustafayev narahat halda dedi:

- Sara xanım, sən Xan Şuşinski və Şövkət xanımla birlikdə bu gün dekadanın bağlanışında "Qarabağ şikəstəsi" oxumalısan. Şəmsi deyir ki, sən bu təklifə etiraz edirsən. Mən məcbur olub özüm gəldim. Axı hamımız ambisiyalarımızı, narazılıqlarımızı bir kənara qoyub, dövlət üçün, millət üçün çalışmalıyıq. Sənin barəndə düzgün mövqe tutulmadığını bilirəm.

Sara xanım heç bir söz demədi. İmam Mustafayev ona buraxılış vəsiqəsini uzadıb, "Bu gün saat 10-da Böyük Teatrda məşqdə olmalısan", - dedi.

Sonra öyrəndim ki, o dövrdəki mədəniyyət naziri, Sara xanıma "badalaq" vurmaq istəyən yaxın bir rəfiqəsinin sözü ilə Sara xanımın adını "Qarabağ şikəstəsi"ni oxuyacaq müğənnilərin sırasından pozub, onun yerinə Rübabə Muradovanı yazıblar. İmam Mustafayev yekun konsertin məşqinə baxarkən trionun tərkibində Sara xanımın olmadığını görüb çox əsəbləşmişdi. Və demişdi ki, "Qarabağ şikəstəsi"ni Sara xanımdan yaxşı ifa edən ikinci müğənni yoxdur. Onu nə üçün yekun konsertinə buraxmırsınız? Bundan sonra İmam müəllim özü işə qarışmalı olmuşdu.

Sara xanım "Qarabağ şikəstəsi"ni keçən əsrin 40-cı illərindən oxuyurdu. Hələ heç bir qadın müğənni Sara xanıma qədər bu şikəstəyə müraciət etməmişdi. Bütün Azərbaycan bilirdi ki, "Qarabağ şikəstəsi" Sara xanımın ifasında necə gözəl səslənir.

Dekadanın bağlanışına bu şikəstə də daxil edilmişdi. Lakin Rübabə Muradovanın səs ahəngi bu şikəstəyə uyğun gəlmirdi. Musiqinin ritmi, ahəngi, tamlığı pozulurdu, yaxşı uğur qazanılmırdı.

Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Xan Şuşinski, Hacı Məmmədov və Səid Rüstəmov dönə-dönə tələb edirdilər ki, Sara xanım uzun illər "Qarabağ şikəstəsi" ni oxuduğu üçün Rübabənin əvəzinə Sara xanım trionun tərkibində oxumalıdır.

Sara xanım çox zabitəli, prinsipial, sözündən dönməyən adam idi. Nə qədər təkid edirdilər "yox" deyib dayanırdı. Deyirdi ki, "Əgər mən sizə lazım idimsə əvvəlcədən məni trionun tərkibinə daxil edəydiniz.

İmam Mustafayevin tapşırığından sonra Sara xanım səhər saat 10-da məşq üçün səhnəyə çıxanda, bütün orkestr ayağa qalxıb onu alqışladı və Sara xanımın iştirakı ilə füsunkar bir ifa alındı. Sara xanım sağlığında hər dəfə həmin lent yazısına baxanda İmam Mustafayevi xatırlayır və onun ruhuna min rəhmət oxuyurdu.

Sara xanım bütün hökumət tədbirlərində çıxış edərdi. Türkiyənin baş naziri Süleyman Dəmirəl 1967-ci ildə Bakıya gələrkən onun şərəfinə verilən ziyafətdə "Qara tellər", "Ay dilbər" , "Türk mahnısı" , "Aişə" və "Şahnaz" muğamını oxumuşdur. Həmin tədbirdə Əbülfət Əliyev, Şövkət Ələkbərova, Xan Şuşinski də iştirak edirdilər. Sara xanımın ifaçılıq sənəti Süleyman Dəmirəli məftun etmişdir. Bundan 29 il sonra Süleyman Dəmirəl Prezident kimi Bakıya gələrkən bu illər ərzində Sara xanımın səsinin onun qulağından getmədiyini dilə gətirdi və onu şəxsi qonağı kimi Türkiyəyə dəvət etdi.

Sara xanım 1996-cı ilin noyabr ayında Türkiyədə oldu, Süleyman Dəmirəllə görüşdü və 700 kilometr uzaqda yerləşən Bursa şəhərinə gedib, böyük türk sənətçisi Zəki Mürenin məzarını ziyarət etdi.

Yeri gəlmişkən, keçən əsrin 50-ci və 60-cı illərində SSRİ qapalı bir dövlət olduğu üçün xarici ölkələrə qastrola getmək müşkül məsələ idi. Lakin Rəşid Behbudovdan sonra Sara xanım Qədimova xarici ölkələrə qastrola ən çox gedən ikinci müğənni idi. O, 22 xarici ölkədə konsert vermişdir. Rəşid Behbudov kimi çılğın və tələbkar bir sənətkar Sara xanımla birlikdə qastrolda olmaqdan zövq alırdı. O deyirdi ki, Sara xanım böyük-kiçik yeri bilən, özünü gözə soxmayan, mənəm-mənəmliyi, şəxsi iddiası olmayan böyük bir müğənnidir.

Sara xanımın 1960-cı ildə Misirdə 10 günlük qastrolları başladı. O, burada bəstəkar Fərid Əl-Ətraşla tanış oldu. Fərid özünün yazdığı "Xəyalımın nuru" mahnısını Sara xanıma öyrətdi. Böyük müğənni dəfələrlə bu mahnını oxumalı oldu.

Sara xanım məşhur ərəb mügənnisi Um-Gülsümü həmişə xatırlayırdı. Bu böyük mügənninin gözləri kor oldu. Belə bir ağır vəziyyətdə onun qolundan yapışıb, Sara xanımın Qahirədə verdiyi konsertə gətirdilər. Sara xanım "Xəyalımın nuru" mahnısını oxuyarkən Um- Gülsüm özünü saxlaya bilməyib, acı göz yaşları axıtmışdır.

Sara xanım İranın, Efiopiyanın və İndoneziyanın dövlət mükafatları ilə təltif olunmuşdur. Efiopiyanın şahı II Hayl Selasye Sara xanımın şərəfinə ziyafət vermişdir.

1963-cü ildə Sara xanımın İndoneziya qastrolları 3 ay davam etdi.İlk qadın kosmonavt Valentina Tereşkovada burada idi. Sovet mütəxəssislərinin tikdikləri 100 min nəfərlik stadionda Sara xanım Prezident Sukarnonun ən çox sevdiyi "Sili" mahnısını ifa etdi. 100 min nəfərlik tamaşaçı ayaga qalxıb bu mahnını Sara xanımla birlikdə oxumağa başladı. Prezident Sukarno evində Sara xanıma və Valentina Tereşkovaya qonaqlıq verdi və Sara xanımı qiymətli hədiyyələrlə mükafatlandırdı.Sara xanım həmin hədiyyələrdən birini - yaşıl rəngli çox qiymətli səhnə geyimini sənət rəfiqəsi Şövkət xanıma bağışladı.

O vaxt SSRİ mədəniyyət naziri Furtseva Azərbaycan SSR Mədəniyyət Nazirliyinə yazırdı "Sara Qədimova İndoneziyada böyük müvəffəqiyyət qazandı. Kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının iştirakı ilə tikilib istifadə verilmiş 100 minlik stadionda Sara xanım Prezident Sukarnonun sevdiyi İndoneziya mahnısını böyük məharətlə oxumuşdur. 100 minlik publika həmin mahnını Sara xanımla birlikdə ifa etmişdir.

Rəşid Behbudovdan sonra Sara xanım ən çox xarici ölkə xalqlarının mahnılarını ifa edən sənətkar idi.

Onun çox yaxşı hafizəsi, yaddaşı var idi. Xarici ölkə xalqlarının mahnılarını çox ustalıqla ifa edirdi. Sara xanım həm də Füzulinin, Seyid Əzimin, Vahidin, Müşfiqin, cavidin 500-dən çox qəzəlini bilirdi...

 

 

Çingiz FƏRƏCOV,

Sara Qədimovanın tədqiqatçısı

 

Xalq qəzeti.- 2012.- 23 may.- S. 5.