Vətən uğrunda döyüşüb şəhid olanlar ölmürlər, ürəklərdə yaşayırlar

 

Bir daha Əkbər xan Naxçıvanski

 

(Kəngərli) haqqında

 

Azərbaycan şairi və ictimai xadimi Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Prezident İlham Əliyev 2012-ci il aprelin 3-də sərəncam imzalamışdır. Bu tarixi sərəncam unudulmaz şairimizin həyat və yaradıcılığının daha dərindən öyrənilməsi üçün münbit şərait yaradır. Qeyd edək ki, şairənin qızı Fatmabikə (Xanbikə) general İsmayıl xan Naxçıvanskinin oğlu polkovnik Əmənulla xanın (Aman xan) həyat yoldaşı olmuşdur. Onların bu nikahdan Bəhram xan, Kamran xan, Xaqan xan, Əkbər xan, Ənvər xanım və Sənubər xanım adlı övladları olmuşdur. Əvvəlki yazılarımızda Bəhram, Kamran və Xaqan xan haqqında məlumat vermişik. Məqamındaca qeyd edək ki, Ənvər xanım Bəhmən Mirzənin oğlu Fətəli xan Qacarın, Sənubər xanım isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan İsmayıl xan Ziyadxanovun həyat yoldaşı olmuşdur. Aman xanın oğlanlarından Bəhram xanı və Əkbər xanı Xurşidbanu Natəvan Şuşada öz yanında böyütmüşdür.

Əkbər xan 1909-cu il oktyabrın 1-də nənəsi Xurşidbanu Natəvan haqqında xatirələrini yazmışdır. Həmin xatirələrin bir hissəsi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır (arxiv 6 (686), saxlama vahidi 457). Qeyd edək ki, xatirələr haqqında ilk məlumatı Bəylər Məmmədov 1983-cü ildə yazdığı "Xurşidbanu Natəvan" monoqrafiyasında vermişdir (s. 47). Filologiya elmləri doktoru Əsgər Qədimov 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Xəbərlər"ində bu xatirələrlə bağlı "Əkbər xan Naxçıvanski Xurşidbanu Natəvan və onun ailə üzvləri haqqında" adlı məqalə dərc etdirmişdir.

Əlyazmalar İnstitutunun direktor əvəzi P.Əlioğlu "525-ci qəzet"in 2012-ci il 5 may tarixli nömrəsində Əkbər xanın xatirələrini olduğu kimi çap etdirmişdir. Əkbər xanın əski əlifba ilə yazdığı bu xatirə 17 səhifədən ibarətdir. Burada şairə Xurşidbanu Natəvan haqqında maraqlı məlumatlar vardır. Amma xatirədə müəyyən dəqiqləşdirmələrə ehtiyac olduğunu nəzərə alıb onu bəzi şərhlərlə yenidən nəşr etdirməyi məqsədəuyğun sayırıq. Əkbər xanın oğlu Həbib xanın qızı siyasi elmlər doktoru Aqiyə xanım Naxçıvanlı uzun illərdir ki, babası və ulu əcdadları ilə bağlı arxiv materiallarını və fotoşəkilləri böyük zəhmətlə toplayıb biz tədqiqatçılara təqdim edir. Məqsədi isə tarixi həqiqətlərin olduğu kimi üzə çıxarılmasıdır. Xatırladaq ki, babası Əkbər xanın xatirələrini də bizə o təqdim edib. Biz də Aqiyə xanıma minnətdarlığımızı bildiririk. Xatirələrdə Əkbər xanın yazı tərzini redaktə etmədik.

Son vaxtlar oxucularımız tez-tez Əkbər xan haqqında maraqlı suallarla bizə müraciət edirlər. Bu, təbiidir. Çünki Əkbər xan ensiklopedik bilikli, vətənpərvər və qorxmaz bir şəxsiyyət olmaqla bərabər, həm də I Kalbalı xanın oğul varislərindəndir, daha doğrusu, onun kötükcəsidir. Nə qədər kədərli olsa da, Naxçıvan xanlarının yeganə oğul varislərindəndir ki, ata-baba yurdunda torpağa tapşırılıb. Oxucuların diqqətini bu böyük şəxsiyyətin tərcümeyi-halına çəkən əsas məqam onun məzarının Naxçıvan şəhər qəbiristanlığına köçürülməsi ilə bağlıdır. Bu haqda yazımızın sonunda danışacağıq.

Qeyd etmək yerinə düşər, Əkbər xan haqqında Azərbaycanda və MDB məkanında ilk yazını bu sətirlərin müəllifi 2002-ci ildə "Şərq qapısı" qəzetində çap etdirib. Həmin yazı Əkbər xanın o vaxtlar sağ olan övladlarının xatirələri əsasında yazılmışdı. Bütün kəşməkəşli və əzab-əziyyətli həyatına baxmayaraq, Əkbər xanın qızlarının bir neçəsi Naxçıvanda qalıb yaşamışdılar. Onlardan həmin illərdə sağ qalanlardan Əxtər xanım atası haqqında maraqlı məlumatlar vermişdi.

Arxivlərin qapıları üzümüzə açıldıqca tapılan yeni sənədlər də bir çox sirləri aşkara çıxardı. Yeni arxiv sənədlərini tapıb təhlil etdikdən sonra "Şərq qapısı"nda ikinci bir geniş məqalə çap olundu ki, əvvəlki səhvlərimizi düzəldək.

Sonralar Əkbər xanla bağlı üçüncü bir yazı "Xalq qəzeti"ndə dərc olundu. Əkbər xanın uzaq sürgünlərdə yaşayan böyük qızı Xanımcan xanımın (1903, Naxçıvan - 30.05.1984, Daşkənd) qızı Ənvərin oğul nəvəsi Fərhad Nağdəliyev 2006-cı ildə Moskvada rus dilində yazdığı 432 səhifəlik bir kitabda ("Naxçıvan xanları Rusiya imperiyasında") Əkbər xanın həyatının sürgün illərindən də söhbət açıb. Bu kitabla bağlı bir məsələni də deməliyəm. Əkbər xanın 100 səhifəyə yaxın arxiv işini və Naxçıvanla bağlı fotoları Fərhada bu sətirlərin müəllifi hədiyyə edib. Əvvəlki yazdıqlarımızı və Fərhad Nağdəliyevin yazdıqlarını təkrarlamayacağıq. Biz, əsasən, Əkbər xanın həbs olunmasından və istintaq materiallarının bəziləri haqqında danışacağıq.

Əkbər xan uzun və maraqlı, həm də kədərli ömür yaşayıb. Taleyində çox sevdiyi Naxçıvan uğrunda 1905, 1918-1920-ci illərdə döyüşmək də olub. Bəlkə də, bu, onun Naxçıvanı necə sevdiyini sınamaq üçün bir alın yazısıdır?! Çoxlu suallara cavab tapmaq üçün xəyalən o illərə qayıtmağa bizə arxiv sənədləri kömək edə bilər. Dövlət Siyasi İdarəsinin 90398 nömrəli işi Əkbər xan Aman xan oğlu Naxçıvanskiyə aiddir. 1928-ci ilin avqustunda tərtib edilib. Əkbər xanın həbsi və Arxangelskdəki Solovetskə sürgün olunması haqqında Moskvaya məxfi və təcili məlumat verilib. İmzalanıb və möhürlənib. 10 noyabr 1929-cu ildə. 1928-ci ildə həbs edilən Əkbər xan haqqında sənədlərin çoxu "məxfidir" qrifi altındadır. Buradakı sənədlərdən aydın olur ki, Əkbər xan 60 yaşında, 1928-ci ilin iyun ayında Naxçıvanda həbs olunub, 4 ay Naxçıvan NKVD-sinin xüsusi təkadamlıq kamerasında saxlanılıb. Sovet hökuməti Hacı Vəli ağa Şahtaxtinskinin əzəmətli mülkünü NKVD-nin inzibati binası etmişdi. Binanın zirzəmisini dəhşətli kameralara çevirmişdilər. O bina 1972-ci ilədək qalırdı. İndiki Zaviyyə məscidinin yanındakı dayanacağın yerində yerləşirdi.

Sənədlərdən məlum olur ki, Əkbər xan həbs olunan kimi NKVD-nin rəisi Yaqubov özü istintaq aparıb. İstintaq protokollarında Əkbər xanı 1905-ci ildə, həmçinin 1918-1920-ci illərdə ermənilərə qarşı vuruşduğu üçün "xüsusi" cani kimi qeyd ediblər. Onu Naxçıvandan Bakıya aparıb səkkiz ay istintaqsız saxlayırlar, sonra istintaqa başlayırlar. Onun bildiyi məsələlər var idi və bu, bolşeviklərə hava, su kimi lazım idi. Çünki Naxçıvanın bir çox cəsur adamları qonşu xarici ölkələrdə sığınacaq tapmışdılar. Sovet hökuməti o adamlardan ehtiyat edirdi və istəyirdi ki, onların yerini müəyyənləşdirib agent terrorçuların əli ilə gizlicə aradan götürsün. Həmin ölkələrdə yaşayan Naxçıvan Kəngərlilərinin ünvanlarını Əkbər xandan öyrənmək istəyirdilər. Hətta ona 500 çervon (1922-1947-ci illərdə keçmiş SSRİ-nin pul vahidi) verib Arazdan o taya göndərmişdilər ki, xəbər gətirsin. Əkbər xan gedib əzizləri ilə görüşüb dərdləşmişdi. Qayıdanda isə Bakıya gedib Siyasi İdarəyə məlumat vermişdi ki, o, heç kimin haqqında məlumat toplaya bilməyib. Qeyd edək ki, istintaq materiallarının çoxu bu məsələyə həsr olunub. Dönə-dönə bu məsələyə qayıtdıqlarını dindirilmə protokolları da sübut edir. Dindirilmə protokolu 3 səhifədə xırda hərflərlə sıx yazılıb, mətni olduqca genişdir. Protokolun əvvəlində yazılıb: "Mən Naxçıvan Siyasi Bürosunun rəisi Yaqubov 60 yaşlı Əkbər xanı - hansı ki o, Naxçıvan xanlarının varislərindəndir - İrana getməsi ilə əlaqədar olaraq 1928-ci il fevralın 4-də dindirirəm".

Bu dindirilmə protokolunda olduqca maraqlı nüanslar vardır. Onların hamısını olduğu kimi qəzetdə dərc etmək imkan xaricindədir. Sonrakı sənədlərdən aydın olur ki, Əkbər xanı yalan məlumat verməkdə günahlandırıb Bakıda istintaqa cəlb ediblər.

20 fevral 1929-cu ilə aid dindirilmə protokolunda Əkbər xandan, əsasən, Cəfərqulu xan və onun oğlanları Kalbalıxan və Davud xan haqqında dönə-dönə soruşublar. Əkbər xan dediklərini təsdiqləyib və imzalayıb. Burada bir məsələ də həqiqəti üzə çıxarır. Əkbər xan deyir ki, Kalbalı xanın atası Cəfərqulu xan Makuda qızının yanında yaşayır. O, sovet hökuməti qurulandan sonra dövlətin icazəsi ilə xaricə mühacirət edib. Deməli, bəzi tədqiqatçıların yazdığı kimi, Cəfərqulu xanı Qarabağda güllələməyiblər. Sonrakı səhifələrdə Əkbər xandan tələb edirlər ki, öz avtobioqrafiyasını ətraflı yazsın. Əkbər xanın yazdıqlarından məlum olur ki, o, çox məsələlərin üstündən keçib. Ancaq burada bildirir ki, onu 1927-ci il fevral ayının 9-da həbs ediblər və 1 il 11 gün həbsdə saxlayıblar. Səbəb də gətiriblər ki, sən işlədiyin xəstəxanada "yeyinti"yə yol vermisən və sair.

21 fevral 1929-cu ilə aid protokolda ona verilən suallardan biri belədir: "Ermənilərə qarşı müsəlmanların üsyanında sizin rolunuz nədən ibarət olub, kim dururdu bu işlərin başında və xaricdə kimlərlə əlaqə saxlayırdılar?"

NKVD "ermənilərə qarşı üsyan" dedikdə naxçıvanlıların erməni general-qubernatorluğuna tabe olmamalarını nəzərdə tuturdu. Əkbər xan qeyd edir ki, general Şelkovnikovun dəstəsi naxçıvanlılarla çox kobud davranırdı. Bu haqda generala dəfələrlə deyilsə də, məhəl qoymurdu.

Əkbər xan ona verilən suallardan can qurtarmağa çalışır, üstüörtülü cavablar verir. Qohumlarının və tanışlarının heç birinin antisovet fəaliyyətinin olmadığını bildirsə də, ona inanmırdılar. Çünki onun dediklərinin əleyhinə gedən adamlar vardı. İstintaq başa çatır, Əkbər xanın Sibirə sürgün olunması qərarını ləğv edib onu 3 il müddətinə Solovetsk konslagerinə göndərirlər. Solovetskdə məhbuslar üzərində qorxunc eksperimentlər aparan laboratoriyalar yerləşirdi.

1930-cu il yanvarın 13-də kollegiya onu, cəzasını 9 fevral 1929-cu ildən hesablayaraq 5 illik konslager həbs düşərgəsinə göndərir və işi arxivə verir.

1930-cu il yanvarın 30-da Tiflisdəki Zaqafqaziya Siyasi İdarəsinə 533741 nömrəli təcili məlumat göndərilir: "Əkbər xan Naxçıvanski Aman oğlunun 90398 nömrəli işi Birləşmiş Siyasi İdarənin Kotlas şəhərindəki Şimal idarəsinə göndərilsin".

Əkbər xanın və həyat yoldaşı Aqiyə xanımın Mir Cəfər Bağırova yazdığı ərizələr də bu işdə saxlanılır. Onların hər ikisi ərizələrində qeyd edirlər ki, 12 nəfər uşaq köməksiz qalıb, yeməyə çörəkləri yoxdur. Amma bunların heç bir xeyri olmur. Siyasi İdarə Əkbər xanı hər vəchlə Naxçıvandan uzaqlaşdırmaq istəyirdi. Əlacsız qalan Əkbər xan Aqiyə xanımın halına acıyırdı. Axı tamamilə köməksiz qalan Aqiyə xanım bu böyük ailəni necə dolandıracaqdı? Əkbər xanın xəbəri yoxdu ki, pillə-pillə yuxarılara verilən məxfi məlumatlarda onu ən qatı antisovet ünsür adlandırırdılar və yazırdılar: "... İnqilab başlayanda o, Odessada kommersiya ilə məşğul olurdu. Naxçıvanda erməni-müsəlman qırğını başlayan kimi Naxçıvana qayıtdı. Günahlandırılan şəxsin (Əkbər xanın - müəllif) təşəbbüsü ilə qırğın dayandırılır, ancaq bu zaman Zəngəzur tərəfdən Andranik peyda olur və yenidən türklərlə ermənilər arasında müharibə başlayır və müqəssir də bu döyüşlərdə iştirak edir. Kazım paşanın başçılıq etdiyi türk qoşunları gəlib erməniləri tar-mar edir və sakitlik bərpa olunur. Türklər gedəndən sonra ingilislər gəlirlər Naxçıvana və müqəssir deyir: bizi ermənilərə tabe etmək istədilər, ancaq biz bununla barışa bilmədik, döyüşlərə başladıq və onları məhv etdik".

1930-cu il aprelin 8-də Əkbər xan Kotlasa yola salınır. 1934-cü il fevralın 9-da Əkbər xanın həbsdən azad olma vaxtı çatsa da, onu Şimal diyarına yaşamağa göndərirlər və şərt qoyurlar ki, Uralın 12 məntəqəsində icazəsi olmadan yaşaya bilməz, həmçinin vətəninə qayıtmağa icazəsi yoxdur.

On il, yəni 1944-cü ilədək Əkbər xan uzaq şimalda Paxomov soyadı ilə yaşayır. Əkbər xan sürgündəki tanışı öləndən sonra onun sənədlərini götürmüşdü və istifadə edirdi. 1944-cü ildən sonra Əkbər xan Orta Asiyaya sürgün edilən qızı Xanımcanı tapır və 1953-cü ilə qədər onun yanında yaşayır. 1953-cü ildə Naxçıvana qayıtmaq ümidilə Bakıya gəlir. Amma ona Naxçıvana getməyə icazə vermirlər. Əkbər xan Oğuzda, gözdənuzaq yerdə yaşayan kiçik oğlu Həbib xanın yanına gedir və bir müddət orada qalır. Həbib xan deyirdi ki, atam Naxçıvansız qala bilmirdi və hər cür maneələri aşaraq çox sevdiyi Naxçıvana getdi.

Əkbər xan Naxçıvana qayıdanda gördüklərinə inana bilmədi. Onlara məxsus nə varsa, dağıtmışdılar. Şəhərdəki mülkündə peşə-texniki məktəbini yerləşdirmişdilər. Əmisi qızı və həyat yoldaşı Aqiyə xanım 1938-ci ildə vəfat etmişdi. Sahibsiz qalan balaları olmazın əzablar yaşamışdılar. Oğlu Seymur təqiblərdən qaçıb Aşqabada getmişdi. Digər oğlu İzzət 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, 1941-ci ildə Kiyev ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.

Əkbər xan ömrünün son illərini Qaraçuq kəndində, qızı Reyhanat xanımın yanında yaşamışdır. Kürəkəni Bəhlul müəllim Naxçıvanın tanınmış pedaqoqlarından idi. Əkbər xan qızı Reyhanatın evində 1961-ci ildə 93 yaşında vəfat etmişdir. 1970-ci ildə Araz dəryaçası tikiləndə doğmaları onun məzarını Bulqan kəndindəki qəbiristanlığa köçürmüşlər. Əkbər xanın nəvəsi Hüseyn Mövsümovun xahişi ilə Əkbər xanın nəşi 2011-ci ildə Naxçıvan qəbiristanlığına köçürülməklə doğmalarının yanında rahatlıq tapmışdır.

Qəribə bir tale, ancaq çox mənalı ömür yaşamış Əkbər xan haqqında bildiklərimiz, yazmadıqlarımız çoxdur. Naxçıvanın keçmiş partiya işçilərindən olan Yunis Qasımovun dediyinə görə, o, Vilayət Partiya Komitəsində işləyərkən Əkbər xanı dəvət edirmişlər ki, Naxçıvan şəhərinin planı ilə onları ətraflı məlumatlandırsın. Əkbər xan 1910-1913-cü illərdə Naxçıvan şəhərinin başçısı olmuşdu.

Beləcə, azacıq da olsa, Əkbər xanın həyatının bəzi məqamlarından söhbət aça bildik. O, Naxçıvanın ən çətin günlərində -1918-1920-ci illərdə Makuda yaşayan qohumlarının köməyi ilə naxçıvanlılara silah-sursat daşıyırmış. Hətta bu yolda ana nənəsi Xurşidbanu Natəvandan və ata babası general İsmayıl xandan ona qalan qızılları belə xərcləyirmiş. Sovet hökumətindən gizlətsə də, mahir döyüşçüymüş. Babaları general İsmayıl xan və knyaz, general Xasay xan Usmiyev kimi! Siyasi İdarənin qəddar işgəncələrindən qorxmayaraq dediyi sözlər onu yüzilliklərdə yaşadacaqdır. Əkbər xanın mənsub olduğu nəslin Kəngərli süvariləri Naxçıvanı ürəkdən sevirdilər və onun uğrunda döyüşürdülər. Həmin igid döyüşçülərin estafeti bu gün qüdrətli ordumuzun, cəsur əsgərlərimizin əlindədir. Ordumuz bütün xain əlləri kəsməyə qadirdir! Vətən uğrunda döyüşüb şəhid olanlar ölmürlər, ürəklərdə yaşayırlar. Onlardan biri də Əkbər xan Naxçıvanskidir.

Əkbər xan Naxçıvanskinin Xurşidbanu Natəvan haqqında xatirələri

Mənim uşaqlığım ana nənəm Natəvanın yanında keçmişdir. Onun görkəmini, sadəliyini, mülayim xasiyyətini bu gün də lap yaxşı xatırlayıram.

Natəvan çox ucaboylu deyildi, gözləri ala idi, çox gözəl siması var idi. O, çox sadə idi. Eşitdiyimə görə, Natəvanın birinci əri Xasay xan Usmiyef (Usmiyev-müəllif) ilə evlənmək əhvalatı belə olmuşdu. Deyirlər ki, o zaman Xasay xanın Dağıstanda böyük nüfuzu var idi. Odur ki, Şamil tutulduqdan sonra üsyanı bu davam etdirmişdi. Buna görə də rus çarı Xasay xanı Dağıstandan uzaqlaşdırmaq məqsədilə onu Şuşaya göndərmişdi. Burada isə padşahın əli ilə Xasay xan Natəvan ilə evlənmiş və yerli olmuşdu. Bu zaman Xasay xan, hətta Natəvanın özü də jandarm nəzarəti altında idi. Belə deyirlər ki, bu vaxt Xasay xan Dağıstanla əlaqəsini kəsməmişdi. Onun Dağıstandan gələn iki ləzgi ilə görüşməsi haqqında xəbər vermişdilər. Padşah onu Voronejə çağırtdırır. Voronejə gələn Xasay xana mehmanxanada iki otaqlı bir yer verirlər. Lakin padşahın burada olmadığını bilib, bunun hiylə olduğunu duyunca mehmanxanada otağına girib özünü öldürür. Bu xəbər yayılır. Padşah bu qanı yatırmaq məqsədilə dayımla anama 12 kənd bağışlayır. Bu haqda yazılan kağızı sonralar Gəncədə gördüm.

Natəvana bu iş çox təsir etdi. (Xurşidbanu Natəvan əri Xasay xan Usmiyevin vəfatından sarsılmış və bu münasibətlə:

 

Yenə ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.

 

- qəzəlini yazmışdır. "Mənim bərbad olan könlüm" deməklə o, ikinci əri olan Seyiddən narazı idi. Natəvanı bəylər incitdikləri üçün naçar qalıb Seyidə ərə getmişdi. Mənim atam Aman xan Naxçıvani Şuşaya gəlib Natəvanın qızı Xanbikəni alır. Bu əhvalat üstündə bu vaxt Qarabağ bəyləri arasında ziddiyyət düşür. Ancaq dayım Aman xanla dost olduğu üçün bu iş bir qədər yatırılır.

Mən böyük qardaşım Bəhram xanla bir qədər Şuşada qaldıqdan sonra Natəvan bizi İrəvana oxumağa göndərdi. Biz orada Lunyatin miravoy sudyanın evində qalırdıq. Nənəm bir kənddən gələn mədaxili qardaşım ilə mənə, həm də Lunyatinə verirdi. 15-16 yaşında biz məktəbi qurtardıq. Biz gəldikdən sonra Natəvan Tiflisə köçdü. Getməyində məqsəd o idi ki, Natəvanın ikinci əri Seyiddən olan uşaqları bizə verilən 15 kəndə şərik deyildilər. Nənəm Tiflisdə bir ilə qədər yaşadı. O, namestnikin yanına gedərdi. Ancaq padşah onun ikinci ərindən olan uşaqlarını bu kəndlərə şərik etmədi. Kəndlər Xanbikə ilə Mehdiquluya verildi. Natəvan Tiflisdə Salayekidə (Solalakidə- müəllif) (Qocayev küçəsinə dönən yerdə) doktor Malinin evinin yanında, qonşuluqda qalırdı. Sonra Natəvan Şuşaya qayıtdı. Atam bizim ailəni götürüb Naxçıvana apardı. Atam Aman xanın Naxçıvanda məxsusi mülkü var idi. Şəhərin meyvə bağları, habelə Qıvraq kəndi, Xok kəndinin yarı hissəsi atamın idi. O, həmin zamanda polkovnik idi və rus-türk (1877) müharibəsində iştirak etmişdi. Bəyazid qalasında gedən vuruşmalarda yaralanmış və orada da sağalmışdır. Atam təxminən 80-ci illərin əvvəllərində Naxçıvanda vəfat etmiş və orada İmamzadədə dəfn edilmişdir (Naxçıvan xanlarının məqbərəsi İmamzadəyə bitişikdir. Ona görə də Aman xan İmamzadədə yox, məqbərədə babalarının yanında dəfn edilib. XX əsrin 60-cı illərində məqbərədə olan məzarlar dağıdılmışdır. Amma məqbərə - salon indiyədək qalmaqdadır - müəllif).

Nənəmin Şuşa həyatı olduqca sadə keçirdi. Onun həkimi Atabəyov idi (Xurşidbanu Natəvanın bir neçə həkimi olmuşdur. Onlardan Mir Möhsün Nəvvab və Mirzə Sadığı da göstərmək olar - müəllif). Xan qızı ona bir at bağışlamışdı. O, həmin atı minib gəzərdi. Bir gün gəlib dedi ki, xan qızı, qanınız azalıb. Siz gərək çaxır içəsiniz. Xan qızı Gülməhəmmədə 500 manat qızıl pul verdi, at verdi, Nəcəfül-əşrəfə göndərdi və dedi ki, müctəhiddən məsləhət edəsən ki, şərab içmək olar, ya yox. Onun kiçik bir padnosu, içində də iki stəkanı var idi. Xan qızı bir elə şair idi, amma mövhumatı gözlərdi. Çaxırı içəndən sonra aftafa-ləyəndə ağzını suya çəkərdi. Nənəmin Süleyman adlı nökəri var idi, çaxırı o hazırlayar, evində qalan Züleyxa adlı qız isə çaxırı ona verərdi. Nənəm öz xidmətçisi Züleyxanı uşaqlarından ayırmazdı. Sonralar o Züleyxanı Turşsu yolunda, Qala qapısı yanında bir süd satan oğlana ərə verdi. Öz qızı kimi ona cehiz verib, gözəl toy etməyi mənim bugünkü kimi xatirimdədir.

Nənəmin qapısı hamının üzünə açıq olurdu. Amma Seyidi evinə qoymazdı. "Məclisi-üns" həftədə, ya ayda olardı. Burada iştirak edənlərdən yadımda qalanları İskəndər bəy Rüstəmbəyov (qonşumuz idi), Növrəs, Fatı xan (Fatma xanım kök, üzündə xal olan bir qadın idi), Əbdüssəməd bəy (çox yaxşı adam idi) (Əbdüssəməd bəy şair Məhəmməd bəy Aşiqlə I Ehsan xanın qızı Sonabəyim xanımın oğludur. O, ana tərəfdən Əkbər xanla qohumdur - müəllif). Qarabağda şair çox idi. Vəfa çox qəribə şair idi, farsca bir poeması da var idi. "Məclisi-üns"də Natəvan şeir deyərdi, məclis arəstə olardı. Natəvan həmişə nöqsanları göstərər və deyərdi ki, çalışın fars dili qatmayın, axı biz fars deyilik. Özü də həmişə məclisdə başı açıq, üzü açıq oturardı. O, "Tükəzbanlar"dan deyildi. Danışanda da ucadan danışardı. Elə bil natiq idi.

Eşitmişəm ki, bir dəfə Aşıq Pəri Şuşaya onun yanına gəlibmiş. Hər bir şair haradan gəlsəydi, əvvəl nənəmin yanına gələrdi. "Məclisi-üns"ün fəal üzvlərindən Əbdüssəməd bəy Cavanşirof (Cavanşirov - müəllif) Natəvanla qohum idi. Onun şeirlərindən yadımda qalan bunlardır:

 

Ey könlümün müfariqətin qan edən gülüm,

Hicran bir mülkünü viran edən gülüm.

Asan edərdim özgələrin müşkülün özüm,

Öz müşkülüm düşübdü, yox asan edən, gülüm.

Yəqub tək verib mənə beytül-həzən məqam,

Yusif tək öz məkanını zindan edən gülüm.

 

Şair Mirzə Rəhim Fəna nənəmin katibi idi. Həmişə onun yanında olardı. Yadımdadır, Mirzə Rəhim bir qız istəyirdi. Qız da getdi bir ayrı ərə. Fəna bu münasibətlə bu şeiri yazdı:

 

Ey dostlar, Fənanı qoyun barı ağlasın, Çünki əğyara yar olub yarı, ağlasın.

Natəvanın anasında şairlik təbi var idi. Mənim hafizəmdə ondan bu fərd qalmışdır:

 

Yarəb, üşşaqı nə üçün yaratdın, Eşq oduna yandırıb-yaxdın... Yarım gecə gəldi, gecə getdi, Heç bilmədim cavan ömrüm necə gəldi, necə getdi.

Dayım Vəfa bir qəribə şair idi. Yadımdadır ki, Bəhmən Mirzənin oğlu Şahrzaya (Vəfanın qızı Ağabikənin əri) padşah Anna nişanı (söhbət II dərəcəli Müqəddəs Anna ordenindən gedir- müəllif) göndərmişdi. Bu münasibətlə o, Vəfanı da Şuşadan qonaqlığa çağırmışdı. Vəfa buradakı qonaqlıqda söz istəyir və deyir:

 

Aya, fəxr konəd sineye-to zan taze nişan Ya taze nişan fəxr konəd sineye-to.

(Tərcüməsi:

Görəsən sənin sinən təzə nişanla fəxr edir, Yoxsa təzə nişan sənin sinənlə fəxr edir - P.Ə.).

Vəfanın bu fərdindən sonra məclis pozulmuşdur. Ondan hamı çəkinirdi. Çünki knyaz məşhur duelçi idi. Onun duel tapançaları ölüncəyə qədər evində qalırdı...

Vəfa Tiflisdə namestnik Dondukofun (canişin Dondukov- müəllif) yanında, sonra isə Şeremetyevin yanında adyutant olmuşdu. Dayım gözəl oğlan idi. Ala gözləri, sarı bığları, uca boyu var idi. Onun üzü əsl ləzgi üzü idi (Knyaz Xasay xanın ləzgi yox, kumık türkü olduğunu təsdiqləyən sənədlər vardır-müəllif). Dondukov və Şeremetyevin arvadları dayıma çox hörmət edərlərmiş. Hətta deyilənə görə, knyaz gəlməsəymiş, onların arvadları çörək yeməzlərmiş. Buna görə də sonralar Şeremetyev knyazı duelə çağırır. Qocur yolunda Vəfa onu öldürür. Ümumiyyətlə, Tiflisdə bütün gürcü knyazlarının hamısı dayımdan qorxurdu.

Dayım Mehdiqulu xan Tiflisdə təxminən keçən əsrin 90-cı illərində vəfat etmişdir. Dayımın cənazəsini Tiflisdən götürmək üçün nənəm, mən və başqa qohumlar oraya getmişdik. Cənazəni Tiflisdən Yevlağa kimi qatarla, Yevlaxdan Ağdamacan isə faytonla gətirdilər. Dayımın cənazəsi Ağdamda İmarət qəbiristanlığında dəfn edildi. Dayımın qızı Ağabikə də gözəl, lətif, amma mərd bir qız idi. Ağabikənin əri şahzadə Əkbər Mirzə Ağabikə tərəfindən vurulmuşdu. Şahzadə çox qorxaq adam olmuşdu. Ağabikə qapı ağzında o yekəlikdə canavarı gülləynən vurmuşdu. Bu vaxt tez Tiflisə knyaza teleqram vururlar. Knyaz gəlir. Məsələnin üstünü örtmək üçün deyirlər ki, Ağabikənin guya dəliliyi varmış. Düzdür şahzadə Əkbər Mirzə də sonra sağaldı. Amma o, sonralar Ağabikədən yaman qorxardı.

Dayım Vəfa çox şahmat həvəskarı idi. Eşitdiyimə görə, fil sümüyündən olan şahmat dayıma Natəvandan qalmışdı. Dayımın İvan adında olan denşiki tez-tez şahmat fiqurlarını silib-təmizlərdi. Vəfanın özü isə bir-bir fiqurlara tamaşa edərdi.

Yaxşı yadımdadır, bir dəfə biz Natəvan ilə faytonda Ağcabədiyə gəldik. Oradan Yığımbərə gedəcəkdik. Xan qızı Gaur (Govur - müəllif) arxını çıxartdırıb təmir elətdirdi. Sonralar hökumət orada tikinti işləri aparırdı (Gaur arxı ərəblər vaxtından qalma idi. Ərəblər bizə "gaur" dedikləri üçün "Gaur arx" arxın adı kimi qalmışdı).

Natəvan Şuşadan başqa, qışda Ağdama gələr, Kəblə Əli Əkbərin nəzarət etdiyi imarətə düşərdi. Kəblə Əli Əkbər əkinçi idi. Kəblə Əli Əkbər və ailəsi Natəvana çox hörmət edərdilər. Kəblə Əli Əkbərin oğlu Mustafa bəy xan qızının işlərini - Natəvanın təsərrüfat işlərini idarə edərdi. O, Bərdədə Dəli Bəhram ilə (Bəhram Bərdədə varlı mülkədarlardan idi) Natəvanın üstündə vuruşur. Onlar pristavın evində qonaqmışlar. Pristav ilə işi olan Mustafa bəy eşikdə çubuq çəkirmiş. Eşidir ki, Bəhram bəy (Bəhram bəy bir az dəli idi) xan qızı haqqında içki məclisində danışır. Bu söhbət ona çox acıq gəlir. Bəhram bəyi çağırtdırıb deyir ki, qoca arvaddır, sözün var, get özü ilə danış. Bunun üstündə Mustafa bəy ilə Bəhram - hər ikisi bir-birini vurub öldürür.

Natəvan həmişə qəlyan çəkərdi. Onun gümüş başlı yaxşı Şiraz qəlyanı var idi. Qəlyançısı Şükür adlı cavan oğlan idi. Şükürün yaxşı səsi var idi. Natəvan ona muğamatı öyrədərdi. Natəvan özü yaxşı musiqi həvəskarı idi. Qəlyan çəkə-çəkə Şükürdən soruşardı ki, filan qəzəli oxu. Şükür oxuyardı, Natəvan isə onun qələtini düzəldərdi. Natəvan Şükürü yaxşı bir xanəndə etmişdi.

Nənəm, həmçinin çox qəribə bir rəssam idi. Karandaş ilə gözəl şəkil çəkər, sonra rənglərdi. Şəklin dalında isə məzmununa uyğun şeir də yazardı. Məsələn, o, qərənfil şəklinin ardında bu şeiri yazmışdı:

 

Səni kimlər sevər bica, qərənfil,

Səni bir Natəvan çəkmiş gedir.

 

Natəvan mənə gözəl bir kitab - özünün əlyazmasını bağışlamışdı. Üstü bəzəkli, güllü, tikməli idi. Ancaq kitab kiçik qardaşım Xaqan xanın əlinə keçdi. Sonradan kitab kimdə qaldı, məlum olmadı (Xaqan xan sovet hökuməti qurulandan sonra İranın Maku şəhərinə getməyə məcbur olmuş, orada ulu babaları I Kalbalı xanın qız nəvəsi sərdar Mürtəzaqulu xanın sarayında bir müddət yaşamalı olmuşdur. Həmin kitab sərdarın həyat yoldaşı Analı xanıma bağışlanıb. Analı xanım irəvanlı Pənah xan Makinskinin qızıdır. Qeyd edək ki, yazıçı Hüseyn Şərif 1944-cü ildə Makuda olarkən Analı xanım Natəvanın həmin əlyazmalarından bir neçəsini yazıçıya bağışlayıb. Hüseyn Şərif də bunları "Azərbaycan gəncləri" qəzetində çap etdirib. Bütün bu məlumatları bizə Makuda olarkən Analı xanımın qohumları danışdı. Hazırda Natəvanın Analı xanımda saxlanılan digər əlyazmaları da axtarılır - müəllif).

Natəvanın axır vaxtlarında qonşusu İskəndər bəy onun yanına gələr, ona qulluq edərdi. Kiçik oğlu Mir Cabbar Natəvana baxmazmış. İskəndər bəy bundan təsirlənib deyərdi:

 

Yaman günə qalıb indi bu binəva, necə gör, Cəfayi-cövri-sitəm dərdə mübtəla, necə gör.

 

Xatirimdədir ki, Natəvan "Ölürəm" qəzəlini yazdıqdan sonra İskəndər bəy ona demişdi:

 

Xudadan istərəm, ey can, hələ sən ölməyəsən,

Be həqqi-şahi-Xorasan, hələ sən ölməyəsən,

 

* * *

 

Sənə ölüm yaraşmaz, qoy filan ölsün...

("Filan" sözü Natəvanın əri Seyidə aiddir).

Birinin Seyid ilə arası yox idi. Əri Seyid qaradinməz, bisavad və mövhumatçı idi. Mən Natəvanı dəstəmaz alıb namaz qılan görmədim.

Natəvanın Şuşa bulağını çıxartdırmasını da mən yaxşı xatırlayıram. Bulaq gələndən sonra Natəvan hamam tikdirdi. Bulaq məsələsi çox böyük hadisə olmuşdu. Bulaq da bulaq... O gün camaat hamısı tökülüb gəlmişdi. Molla Şükür də oraya gəlib çıxdı. Dedi ki, bu qəribə ehsandır. Behiştlikdir (Şuşada bu vaxt iki molla var idi. Bunlardan biri sünni, digəri şiə idi. Natəvan bunların heç birinin işinə qarışmaz, hər ikisinə hörmət edərdi).

Natəvan rəiyyət üçün gördüyü bu tədbirlərdən başqa ilan vuranları, qudurmuş it tutanları da müalicə edərdi. Bu işdə Natəvanın bir köməkçisi də var idi. Onun adı Əmiraslan idi. Bu müalicə üsullarını ona Natəvan özü öyrətmişdi. Qudurmuş it tutanların müalicəsi üçün xımı gülü otu üzərində gəzən üstü qırmızı və qara xallı xırda cücüləri (parəbizən) taxta kağız üzərinə sancıb qurudar, Əmiraslan onları həvəngdəstədə döyüb toz halında hazırlayar, müalicə üçün qədərini isə Natəvan özü müəyyənləşdirərdi. Gündə iki dəfə xəstələrə dərmanı Natəvan özü verərdi. O, xəstələri yedirib-içirdib on gün saxladıqdan sonra buraxardı. Qudurmuş it tutan xəstələri Natəvan sonra üzbəüz oturdub, onların qəfildən üzlərinə vurarmış. O deyərdi ki, əgər onlar diksinsələr, demək sağalıblar. Bir gün mən nənəmdən soruşdum ki:

-Ay nənə, yenə sən onları vurursan?

O, məni başa saldı ki, əgər onlar diksinməsə, müalicələrini davam etdirmək lazımdır.

Natəvan ilan vuranların müalicəsi ilə də məşğul olurdu. Pazəhr daşının sürtülməsi ilə alınan su ilə ilan vuran adamı müalicə edərdi. Natəvanın xüsusi buzxanası var idi. Burada onun həmişə ehtiyatda buzu olardı. Xəstəsi olan hər bir kəsə buz lazım olarkən, Natəvan onlara buz verərdi. Bir adam da olsun onun yanından naümid qayıtmazdı. Cümə günləri isə elə bil onun qəbul günləri idi. O, ehtiyacı olanlara hər cür kömək edərdi. Buna görə də rəiyyət həmişə onun hörmətini əziz tutardı.

Natəvanın yanına Şəkər mama (Qarabağda bibiyə mama deyirlər- müəllif) adlı göy tumanlı bir qadın gələrdi. O, olduqca xoş söhbət edərdi. Natəvan onun söhbətlərinə qulaq asardı. Şəkər mama da Natəvanın hesabına yaşayardı.

Natəvan öz oğlunun tərbiyəsi ilə də məxsusi məşğul olmuş, ona fars dilini öyrətmişdi. Rus dilini də mükəmməl bilən Vəfa Tiflisdə olarkən həmişə farsca şeirlər yazıb Şuşaya göndərərdi. O, çox alim adam idi. Vəfa bir tərəfdən islam dinini müdafiə edər, növhələr yazardı. Məsələn, o, köynək zikri yazıb baş çapanlara vermişdi ki, bu zikr belədir:

 

Yaran, gəlin bu gün əhdə vəfa edək,

Şahi-dini üçün canlar nisar edək.

Dini-Məhəmmədi xar-zəlil olub,

Dini-Məhəmmədə canlar nisar edək.

 

İkinci tərəfdən isə Vəfa gözəlliyi, həyatı, həyatdan zövq almağı tərənnüm edən şeirlər yazardı.

Vəfa ildə bir dəfə Tiflisdən Şuşaya gələrdi. Hər gün Tiflisdən ona məktub gələrdi. Bir gün kağız gəlmədi. Bahar fəsli idi. Məktubun gəlməməyi münasibətilə Vəfa bu şeiri yazdı:

 

Gül gəldi-gəlmədi xəbər ol gülüzardan, Yox hasilim bu fəsildə baği-bahardan. Düşvardır kim, kağız ilə şərhi-hal edəm, Çoxdur şikayətim ona bu ruzigardan.

 

 

Musa QULİYEV,

AMEA Naxçıvan Bölməsi Tarix,

Etnoqrafiya və Arxeologiya

İnstitutunun elmi işçisi

 

Xalq qəzeti.- 2012.- 19 may.- S. 6.