Neft Akademiyasında Sabit Orucovun 100 illiyi ilə bağlı konfrans keçirilmişdir

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında görkəmli alim və neftçi Sabit Atababa oğlu Orucovun anadan olmasının 100 illiyi münasibətilə konfrans keçirildi. Əvvəlcə akademiyanın professor-müəllim heyəti dünya şöhrətli neftçinin adı verilmiş "Qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı" kafedrasının 1532 saylı auditoriyasının açılışında iştirak etdilər. Auditoriyanın açılışını bildirən qırmızı lenti rektor, akademik Siyavuş Qarayev kəsdi. Burada Sabit Orucovun həyat və elmi-istehsalat fəaliyyətini əks etdirən fotostend yaradılıb, yüksək ustalıqla işlənmiş portreti asılıb, elmi əsərləri, kitabları, eyni zamanda, tanınmış neft-qaz mütəxəssislərinin onun haqqında yazdıqları məqalələr toplanıb. Auditoriya yeni mebellərlə və 5 ədəd kompyuter dəsti ilə təmin edilib.

 

Sabit Orucovun xatirəsinə həsr olunmuş konfransı giriş sözü ilə açan ADNA rektoru, akademik Siyavuş Qarayev bildirdi ki, bu il mayın 31-də Neft Akademiyasının məzunu, neft və qaz sənayesi sahəsində tanınmış alim və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Orucovun 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli alimin yubileyinin geniş tədbirlərlə qeyd olunması haqqında 20 sentyabr 2011-ci il tarixli sərəncam imzalamışdır. Yubileylə əlaqədar ADNA-da da tədbirlər planı hazırlanmış və bir sıra tədbirlər keçirilmişdir. Rektor bu cür tədbirlərin akademiyanın həyatında, xüsusən gənc nəslin təlim-tərbiyəsi işində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Yubilyar haqqında geniş məlumatla "Qaz və qazkondensat yataqlarının işlənməsi və istismarı" kafedrasının müdiri, professor Tofiq Səmədov çıxış etdi. Sabit Orucovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verən kafedra müdiri bildirdi ki, yubilyar 1912-ci il mayın 31-də Bakının Novxanı kəndində anadan olub, 1931-1936-cı illərdə o vaxtkı Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) ali təhsil alıb. Sonra istehsalata gedərək neftçi peşəsinin incəliklərini öyrənib. Suraxanı mədənlərində, "Orconikidzeneft"də, "Azərneftkombinat"da mexanikdən idarə rəisi vəzifəsinə qədər bir yol keçib. "Azneft"də baş mühəndis vəzifəsində çalışıb, Böyük Vətən müharibəsinin son dərəcə ağır illərində Azərbaycanın ən qabaqcıl neftçıxarma idarələrindən birinə başçılıq edib və gənc olmasına baxmayaraq, fövqəladə bacarıq və istedadını göstərə bilib. 1946-47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947-49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini, 1949-53-cü və 1955-57-ci illərdə SSRİ neft sənayesi nazirinin müavini, 1957-59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, nəhayət, SSRİ qaz sənayesi naziri vəzifələrində çalışıb.

Sabit Orucov Xəzər dənizindəki neft yataqlarında, xüsusilə də Neft Daşlarında yüksək həvəs və əzmkarlıqla işləmiş, SSRİ neft və qaz sənayesinin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1972-81-ci illərdə SSRİ qaz sənayesi naziri olarkən Qərbi Sibirin Tümen və Şərqi Sibirin Krasnoyarsk vilayətlərinin, Uzaq Şərqin, Türkmənistanın, Özbəkistanın, Qazaxıstanın, Ukraynanın, Komi MR-in, Başqırdıstanın və s. neft-qaz yataqlarının kəşfiyyatı və sənaye miqyaslı mənimsənilməsində böyük işlər görmüşdür. Həmin illərdə SSRİ-də qaz hasilatı və onun nəqli imkanları bir neçə dəfə artırılmışdır. Bu böyük xidmətlərinin müqabilində Sabit Orucov dəfələrlə Azərbaycan və SSRİ-nin ən yüksək mükafatları ilə mükafatlandırılmış, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş, iki dəfə Dövlət Mükafatı almış və iki dəfə Lenin ordeni ilə təltif edilmişdir.

ADNA-nın prorektoru, texnika elmləri doktoru, professor Sakit Rəsulov akademiyada Sabit Orucovun 100 illik yubileyi ilə bağlı görülmüş tədbirlər haqqında danışmış, rektor Siyavuş Qarayevin əmri ilə tələbələr üçün Sabit Orucov adına təqaüd təsis edildiyini bildirmişdir.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2012.-25 may.- S. 8.