Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika

 

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, fəaliyyətini həmişə yüksək qiymətləndirirdi. Həmçinin həmin dövr tariximizi çox gözəl bilən böyük dövlət xadimi deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən qat-qat çətindir. Bunu ADR-in tarixi taleyi də dönə-dönə sübut edir. Çünki ötən əsrin sonunda, demək olar ki, eyni proseslərlə üzləşdik və daha təhlükəli vəziyyətlə qarşılaşdıq.

Əgər ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli xahişləri ilə hakimiyyətə qayıtmasaydı, yəqin ki, dövlətçiliyimizi itirəcəkdik, ölkəmiz bir neçə dövlət arasında bölünəcəkdi. Nəticədə Azərbaycanın bir dövlət kimi mövcudluğu xəyal olaraq qalacaqdı. Ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, müasir Azərbaycanı qurdu, inkişaf etdirdi, böyük dövlətlərin cərgəsinə çıxardı. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini bərpa etdi, yaşatdı, inkişaf etdirdi, sivil bir dövlət qurdu. Bu gün həmin dövlət regionda söz sahibidir, böyük və güclü dövlətlərin sırasında layiqli yerini tutur.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salanda, ilk növbədə, onun yarandığı şərait qiymətləndirilməlidir. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra noyabrın 15-də Tiflisdə Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı yaradıldı. Cənubi Qafqazın hər üç xalqı burada təmsil olunurdu. Lakin xarici gərginlik, daxildə ciddi fikir ayrılıqları komissarlığın fəaliyyətini çətinləşdirirdi. 1918-ci ilin fevralında komissarlıq fəaliyyətini dayandırdı və həmin ayın 10-da Zaqafqaziya Seymi yaradıldı. Seymdə menşevik, müsavat və daşnak fraksiyaları təmsil olunurdu. Çoxluq müsəlman partiyaları blokuna məxsus idi. İstər komissarlıqda, istərsə də seymdə xüsusən erməni fraksiyası azərbaycanlılara qarşı təxribat xarakterli iddialarla çıxış edirdilər. Cənubi Qafqazı tərk edən rus orduları da silahlarını onlara təhvil verib gedirdilər.

Zaqafqaziya Seymi öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Martın 3-də Sovet Rusiyasının Almaniya ilə Brest-Litovsk sülh müqaviləsi imzalanması ermənilərin "Türkiyə Ermənistanı" planlarını puça çıxardı. Bu müqavilə ilə Qars, Ərdəvan və Batum Osmanlı imperiyasına verilməli, rus qoşunları isə Osmanlı və sərhəd ərazilərində yerləşən erməni silahlı birləşmələrini tərksilah etməliydi. Məhz bu səbəbdən martın 14-də keçirilən Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti müqavilənin Cənubi Qafqaza aid olan hissəsinə etiraz etdi. Azərbaycan fraksiyasının bütün cəhdlərinə baxmayaraq, erməni və gürcü nümayəndələri seymin 23 mart tarixli iclasında Osmanlı dövlətinə qarşı müharibə etmək barədə qərarın qəbul edilıməsinə nail oldular. Azərbaycan tərəfi bu müharibədə iştirak etməyəcəyini bildirdi.

Həmin tarixi şəraitlə bağlı maraq doğuran ciddi bir məsələ var. Bakı Cənubi Qafqazda Zaqafqaziya Komissarlığının bundan sonra seymin səlahiyyətlərindən kənar olan yeganə şəhər idi. Buna əsas səbəb Rusiyada oktyabr çevrilişindən sonra Bakının bolşevik-daşnak qüvvələrinin əlində olması idi. Məsələn, 1917-ci il noyabrın 2-də bolşeviklər Bakıda Sovet hakimiyyətini elan etdilər. S. Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri oldu. Dekabr ayında isə bu qatı daşnak Lenin tərəfindən Cənubi Qafqazın fövqaladə komissarı təyin edildi.

Bolşevik-daşnak qüvvələri Bakını Cənubi Qafqazda "inqilabla əks-inqilab arasında mübarizə" meydanı elan etmişdilər. Bu zaman Bakıda S. Şaumyanın ixtiyarında böyük əksəriyyəti ermənilər olan 20 minlik qoşun var idi. O, min bəhanə ilə qırğın törətmək, azərbaycanlıları məhv etmək üçün işlər aparırdı. Amma Azərbaycanın siyasi xadimləri və ziyalıları bunların qarşısını alırdı. Bakıda müsəlmanları müdafiə edəcək qüvvə yox idi. Şaumyan isə "qızıl ordu əsgəri" adı altında qatı daşnaklardan ibarət ordunun gücünü artırırdı. Nəhayət, Şaumyan martın 15-də Bakı Sovetinin iclasında göstəriş verdi: "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir". Bununla da, müsəlman əhalinin qırğınına start verilmiş oldu. Martın 30-da isə qırğına rəhbərlik etmək, onu mütəşəkkil və qısa müddətdə həyata keçirmək üçün Bakı Soveti yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı.

Qırğın ərəfəsində yalandan öz bitərəfliyini elan etmiş "daşnaksütyun" və erməni milli şurası Bakı Sovetinin qərarını müdafiə etdilər. Martın 31-də başlanan qırğın aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Daşnak və bolşevik ordusu uşağa, qadına, qocaya fərq qoymadan ağlagəlməz vəhşiliklər törətdilər. Mart soyqırımından sonra bolşevik və erməni siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlandı. Erməni milli şurası istisna olmaqla bütün milli şuraların fəaliyyəti qadağan edildi. F. X. Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər Duması buraxıldı. 1918-ci il aprelin 25-də S. Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Erməni lideri Xatisov bu komissarlığı "erməni sovet hökuməti"adlandırdı.

Ermənilər böyük iddia ilə yaşayırdılar. Onlar Azərbaycanda böyük dövlət qurmaq istəyirdilər. Hətta Azərbaycana muxtariyyət vermək məsələsini də yaxın qoymaq istəmirdilər. Araşdırmalar göstərir ki, S. Şaumyanın Zaqafqaziya Seymindəki erməni fraksiyası ilə, Androniklə, Leninlə, xarici erməni təşkilatları ilə əlaqəsi çox sıx olub. Bu birlik yalnız Azərbaycana qarşı yönəlmişdi. Bax, belə ağır şəraitdə, Bakıdan uzaqlarda, respublika sərhədlərindən kənarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi: 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. Bir gün sonra Azərbaycan fraksiyası M. Ə .Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı. Mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu, Milli Şura çox mühüm tarixi hüquqi sənəd olan "İstiqlal Bəyannaməsi"ni qəbul etdi.

Müvəqqəti hökumətin ilk başçısı Fətəli xan Xoyski mayın 3-də radioteleqrafla xarici dövlət başçılarına Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması məlumatını çatdırdı. Cümhuriyyətin xarici siyasətdə ilk uğuru iyunun 4-də Batumda Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi imzalaması oldu. Daşnak ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərin qarşısını almaq üçün bundan sonra həmin müqavilənin 4-cü bəndinin tələblərinə uyğun olaraq Milli Şura və Xarici İşlər Nazirliyi Osmanlı dövlətindən hərbi kömək istədi. Bu köməyin qarşısını almaq üçün Şaumyan Gəncə üzərinə hücuma hazırlaşdı. Eyni zamanda, Leninin göstərişi ilə Gürcüstan hökumətinə məktubla müraciətində göstərdi ki, Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası Gürcüstanın muxtariyyətini tanıyacaq. Ancaq Gürcüstan Osmanlı qoşunlarının qarşısını ala bilmədi. Əvəzində Gürcüstan hökuməti Milli Şuraya Gürcüstan ərazisində fəaliyyətini qadağan etdi. İyunun 16-da Milli Şura Gəncəyə köçürüldü. Ancaq Gəncəyə gələn Nuru Paşa Milli Şuraya etimadsızlıq göstərdi. Odur ki, hökumət böhranı qaçılmaz oldu, Milli Şura fəaliyyətini dayandırdı və səlahiyyətlərini F. X. Xoyskinin rəhbərlik etdiyi Müvəqqəti Hökumətə verdi ki, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılsın. İki gün sonra Azərbaycan hökuməti hərbi vəziyyət elan etdi: "Yaranmış fövqaladə vəziyyətlə əlaqədar olaraq bütün Azərbaycanda hərbi vəziyyət elan edilsin. Qafqaz İslam ordusunun komandanı ilə razılıq əsasında bu fərmana uyğun tədbirlərin hazırlanması daxili işlər nazirinə həvalə edilsin".

Bakı isə hələ də Şaumyanın əlində idi. Azərbaycan-Osmanlı hərbi qüvvələri bolşevik-daşnak ordularının hücumunun qarşısını alıb, onları qovmağa başladılar. Artıq iyulun 20-də Bakının azad olunması üçün bu istiqamətdə hücum gücləndirildi. Şaumyan Moskvaya və İrandakı rus-kazak dəstələrinə ümid bəsləyirdi. Ancaq onlar da heç nə edə bilmədilər. Həmin dövrdə Lenin Almaniya ilə danışıqlara getdi. O, Bakı neftinin bir hissəsini onlara verməklə, Osmanlı ordusunun Bakıdan çıxarılmasına çalışırdı. Şaumyana isə belə bir tapşırıq vermişdi ki, Bakı əldən çıxarsa, iri neft müəssisələrini məhv etsin. Amma heç nə Bakı Kommunasının süqutunun qarşısını ala bilmədi.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Nuru paşanın başçılığı ilə Osmanlı qoşunları Bakıya daxil oldular. İki gün sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Hökuməti Gəncədən Bakıya köçürüldü. Azərbaycanın bütün ərazilərində öz fəaliyyətini bərpa etmək üçün təsirli tədbirlər görməyə başladı. Yaranmasından 4 aya yaxın vaxt keçməsinə baxmayaraq, əslində Xalq Cümhuriyyəti fəaliyyətini yalnız bundan sonra qura bildi. Belə ki, Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan dili dövlət dili elan edildi. İyunun 24-də üzərində aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanmış dövlət bayrağı qəbul edildi. Noyabrın 9-da bayraq göy, qırmızı və yaşıl rənglərdən ibarət, üzərində aypara və ağ səkkizguşəli ulduz əksi olan üçrəngli bayraqla əvəz edildi.

İyunun 26-da Milli Ordunun yaradılması haqqında fərman verildi. Hərbi nazirlik noyabrın 1-də yaradıldı. 1919-cu ilin yayında Xəzər Donanması təsis edildi. Avqustun 23-də Azərbaycan vətəndaşlığı haqqında fərman oldu. Milli Şuranın fəaliyyəti isə 1918-ci il noyabrın 16-da bərpa edildi. Noyabrın 20-də keçirilən iclasda "Azərbaycan parlamentinin yaradılması haqqında " Qanun qəbul etdi. Həmin qanunda hər iki cinsin seçki hüququ təsbit edildi. Bununla da, Azərbaycan demokratik dəyərlərin reallaşmasında Şərqdə birinci oldu.

Azərbaycan parlamenti 1918-ci il dekabr ayının 7-də fəaliyyətə başladı. 17 ay ərzində çox səmərəli fəaliyyət göstərdi. Bu müddətdə 130 iclas keçirdi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi təqdim olundu. Onlardan 230-a yaxını müzakirə olunub, qəbul edildi. Xalqın maarifləndirilməsinə də xüsusi diqqət verilirdi. Məhz buna görə də ilk hökumətin tərkibində Xalq Maarif Nazirliyi yaradılmışdı. Daha sonra məktəblər milliləşdirildi.Təhsilin Azərbaycan dilində aparılması məcburi sayıldı. Bu illərdə mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində də böyük inkişaf oldu.

O dövrdə ən ciddi problem isə erməni təcavüzləri idi. Himayədarlarına arxalanan erməni quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə soxulur, qırğınlar törədirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunandan bir gün sonra-mayın 29-da Milli Şura erməni nümayəndələrinin müraciətini müzakirəyə çıxardı və onların xeyrinə qərar qəbul etdi. Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getdi ki, yaradacaqları dövlətə paytaxt etsinlər. Şərt belə idi ki, bundan sonra ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından əl çəkəcəklər. Ancaq gözlənildiyinin tam əksi oldu.

Ermənilər Zəngəzura, Naxçıvana, Dağlıq Qarabağa iddialarını daha da kəskin qoyurdulıar. Güclərini səfərbər edib hücumlar təşkil edirdilər. Bu işdə ən böyük ümidləri Andronikin ordusuna idi. 1918-ci ilin yayında Andronikin quldur dəstəsi Zəngəzura hücuma keçdi. Onlar görünməmiş vəhşiliklər edir, insanları diri-diri yandırır, kəndləri külə çevirirdilər. Həmin ilin sonuna kimi daşnaklar Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini yandırıb məhv etdi, insanları qılıncdan keçirdi, süngülərlə öldürdülər.

Azərbaycan höküməti təcili Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrov Paşa Sultanov general-qubernator təyin edildi. O, 1919-cu ilin fevralında Şuşaya gəldi. Qardaşı Sultan bəylə təcili təsirli tədbirlər gördü. Nəticədə Andronikin Şuşaya üç hücumu dəf edildi. Yayda erməni Milli Şurası Şuşada silahlı toqquşmaya nail oldu. Sultanov qardaşları erməni şura üzvlərini Azərbaycandan çıxardılar. Andronik qoşununun tör-töküntüləri ilə qaçmalı oldu.

Azərbaycan Xalq Cümhuriyyəti belə ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, getdikcə dirçəlir, dövlətçiliyini möhkəmləndirirdi. Amma bolşevik istilası hər şeyə son qoydu. Bu istila o zaman oldu ki, artıq Azərbaycan dünya birliyinin üzvünə çevrilmişdi. 1920-ci ilin aprelində Bakıda 20-dən çox dövlətin nümayəndəliyi var idi.

Aprelin 22-də Leninin razılığı ilə daşnak qoşunları Xankəndi, Qazax və Gəncə istiqamətində hücuma keçdilər. Ayın 27-də isə Volqa-Xəzər donanması Yalama yaxınlığına yetişdi, əməliyyat üçün əmr aldı. Bu zaman artıq XI ordu Azərbaycan sərhədlərini keçib, sürətlə Bakıya doğru irəliləyirdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan ordusunun məğlubiyyəti ilə nəticələndi.

Azərbaycan hökümətini aldadırdılar. Deyirdilər ki, guya XI ordu Azərbaycandan keçib Anadoluya gedir, Türkyəyə kömək edəcək. Hökumət üzvləri bu güc qarşısında tab gətirməyərək yalana inandı.

XI ordu ilə Bakıya daxil oldu, Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoydu. Azərbaycan yenidən işğal edildi.

1991-ci ildə müstəqilliyimizi qazananda yenə eyni tarixi şəraiti yaşayırdıq. 1993-cü ilin yayı yenidən parçalanma və işğal ərəfəsindəydik. Ümummilli liderimiz Heydər Əliyev xilaskar kimi gəldi, hadisələrin axarını dəyişdi, dövlətçiliyi qorudu, qüdrətli Azərbaycan dövlətini yaratdı.

 

 

Əfqan ƏLİYEV,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi Məhkəmə

Ekspertizası Mərkəzinin

aparıcı eksperti

 

Xalq qəzeti.- 2012.- 26 may.- S. 8.