Bakı "Eurovision" yarışmasıyla Avropaya musiqi bayramı yaşatdı

 

Bu günlər Bakı qonaqlı-qaralıdır. Yazın son isti günlərində paytaxtımızın ən gəzməli və görməli yerlərində müxtəlif dillərdə danışan və gördükləri mənzərədən böyük təəssürat hissi yaşayan əcnəbi turistləri və qonaqları görmək mümkündür. Onlar arasında elələri var ki, ilk dəfədir ki, paytaxtımıza gəlib. Bakının simvoluna çevrilmiş Qız qalası və Şirvanşahlar sarayı, İçərişəhərlə tanış olduqca, onlarda qədim və zəngin tarixə, mədəni irsə malik bu ölkə haqqında dolğun rəy formalaşır. Onlar təkcə gördükləri qonaqpərvərlikdən, xalqımızın zəngin mədəniyyətindən deyil, Azərbaycanın ev sahibliyi etdiyi və yüksək səviyyədə təşkil edilmiş "Eurovision" musiqi yarışmasından da razılıq edirlər.

 

Bakı Kristal Zalına daxil olan qonaqlar onun möhtəşəmliyini, səhnə tərtibatını bəyəndiyini bildirirlər. Həqiqətən Azərbaycan hansı nüfuzlu və beynəlxalq mədəni, idman və ya digər yönümlü tədbiri təşkil edirsə, onun ən yüksək səviyyədə, beynəlxalq standartlara uyğun olmasına çalışır. Odur ki, müxtəlif mədəniyyətləri, müxtəlif xalqların nümayəndələrini vahid bir musiqi sferasında kökləyən "Eurovision" musiqi yarışması bir növ Avropa məkanının musiqi mədəniyyətini formalaşdırır, onun inkişafına öz təsirini göstərir. Müsabiqə şərtlərinə görə hər bir ölkə müasir musiqi elementləri əsasında mahnılar təqdim etsələr də, həmin musiqilərdə ifaçının təmsil etdiyi xalqın milli musiqi çalarları da çox hallarda duyulmaqdadır. Bu hal sözsüz ki, həmin mahnını və ifanı özünəməxsus edir. "Eurovision" yarışması bununla həm də mədəniyyətlərarası inteqrasiyaya körpü salır, dili, mədəniyyəti fərqli xalqlar arasında vahid musiqi mədəniyyəti təqdim edir.

Azərbaycan musiqisevərləri, yarışma izləyiciləri əsasən ölkəmizin təmsilçisi gözəl vokal imkanlarına malik Səbinə Babayevanın ifasını və onun ingiliscə oxuduğu "When the music dies" ("Musiqi öləndə") mahnısını bəyənib sevə-sevə dinləsələr də, digər ölkə təmsilçiləri arasında da favoritlər, dinlənilən ifalar var. Bunlar arasında Türkiyə təmsilçisi Can Bonomonun "Love me back", Yunanıstan təmsilçi Eleftheria Eleftheriounun " Aphrodisiac", Malta təmsilçisi Kurt Kallejanın "This is the night" və digər ifalar var.

Nüfuzlu britaniyalı bukmeker saytlarından olan "William Hill"in açıqlamasına görə, müğənni Lorin "Eurovision-2012" müsabiqəsinin favoritləri sırasında öndədir. Builki yarışmada Rusiyanı təmsil edən udmurt nənələrdən ibarət "Buranov nənələri" ikinci, İtaliya müğənnisi Nina Zilli və Serbiya təmsilçisi Zelijko Joksimovic üçüncü yerləri bölüşürlər.

Azərbaycan təmsilçisi Səbinə Babayevanın bəyəndiyi İngiltərə təmsilçisi Engelbert Humperdink digər yarışma təmsilçilərindən xeyli yaşa və təcrübəyə malik olsa da, öz səs imkanlarına görə üstünlüyə malikdir. İngilis müğənni ilə görüşən Səbinə Babayeva onun ifa etdiyi mahnını bəyəndiyini söyləmişdi. Britaniyalı təmsilçi "Love will set you free" mahnısı haqqında isə bu fikirdədir: " Mənim ifa etdiyim romantik mahnıya çalışdım ki, lirik üslublu ən yaxşı musiqi dəqiqələrini gətirim. Belə mahnılar uzun müddət yaşaya bilər. Bu mahnı isə mənim repertuarımda ən yaxşı ifalardan biri ola bilər." -deyə Engelbert Humperdink bildirib. Britaniyalı təmsilçinin bəyəndiyi ifalar arasında Səbinə Babayeva da var. Onun sözlərinə görə, Səbinə ilə görüş zamanı ifaçımız onda böyük təəssürat oyadıb.

"O, xarizmatik, istedadlı və təbiətcə yaxşı insandır. O, böyük vokal imkanlara malik müğənnidir."-deyə "Qremmi" mükafatçısı, 68 "qızıl " disk müəllifi Engelbert Humperdinkin bu fikirləri təmsilçimizin bacarıq və ifasına verilən yüksək qiymət hesab edilə bilər.

Bu möhtəşəm musiqi yarışmasını geniş işıqlandırmaq üçün müxtəlif ölkələrdən bir çox jurnalistlər, media nümayəndələri, çəkiliş qrupları gəlmişlər. Artıq bir neçə müddətdir, paytaxtımızla tanış olan media nümayəndələrində Bakının ev sahibliyi etdiyi "Eurovision-2012" barədə müsbət fikirləri formalaşıb.

Ukraynanın " +1" telekanalının müxbiri Tatyana Kovalenko Bakını çox bəyəndiyini deyir. Onun sözlərinə görə ölkəmizdə gördüyü qonaqpərvərlik xüsusilə onun xoşuna gəlib: "Açığı, belə gözləmirdim. Mən jurnalist kimi "Eurovision" yarışmalarında çox iştirak edirəm. Bir çox ölkələrdə olmuşam, ancaq bizi heç yerdə belə qarşılamayıblar. Hər yerdə - küçədə, oteldə, şəhərdə, Mətbuat Mərkəzində istənilən ehtiyac duyulan köməyi edirlər. Burada insanların insanlığı korlanmayıb. Azərbaycanlılar o qədər mehriban insanlardır ki, hətta bizə texnikamızı daşımağa da kömək edirlər. Bilirsiniz ki, televiziya texnikası ağır olur. İnsanlar bir-birlərinə kömək etməyə çalışır. Bu sizin xalqın özəlliyidir.

Alman jurnalisti Stefan Ball isə Bakının gözəl binaları və mehriban insanları olduğunu bildirir.

"Burada jurnalistlərin işləməsi və qalması üçün yaxşı şərait yaradılıb. Müqayisə üçün deyə bilərəm ki, Osloda keçirilən "Eurovision-2009" yarışmasında bizi idman konsert kompleksi ilə əhatə edilmiş çadırlarda yerləşdirmişdilər. Orada rahat çəkiliş aparmaq mümkün deyildi. Burada isə əksinə bizim işimiz üçün yaxşı şərait var."

Belarus müxbir Artem "Eurovision" yarışmasının yüksək səviyyədə təşkil olunması fikrindədir. "Mətbuat nümayəndələrinə hər yerdə yüksək qonaqpərvərliklə yanaşırlar. Bizi Mətbuat Mərkəzində kafedə milli yeməklərə, şirniyyatlara, çaya qonaq edirlər. Plovunuza və kababa söz ola bilməz. Bu sahədə sizə əhsən."

Norveç jurnalisti İleyn Dov Bakıya heyran olduğunu və şəhərin müasirliyini sevdiyini qeyd edib.

"Kristal Zal" möhtəşəmdir. Mən keçən il Düsseldorfda olan yarışmada iştirak etmişdim. Orada yarışma həyəcanı ancaq şəhərin müəyyən hissəsində görünürdü. Ancaq Bakıda isə bu həyəcanı və sevinci hər yerdə duymaq mümkündür. Ümid edirəm ki, "Eurovision" ölkənizin bundan sonra daha da inkişafına, çiçəklənməsinə böyük töhfə verəcək. Azərbaycan mənim yaddaşımda dərin və gözəl iz buraxdı. Əminəm ki, digər ölkə iştirakçıları da sizin ölkəniz barədə müsbət təəssüratda olacaqlar.

"Moskva axşamları" qəzetinin müxbiri Ramazan Ramazanov Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" yarışmasının onda çox gözəl duyğular oyatdığını bildirdi. Qeyd etdi ki, son illər Bakı inanılmaz dərəcədə dəyişib, müasirləşib və gözəlləşib. "Mən 10 il bundan qabaq Bakıda "Şərq-Qərb kinofestivalı çərçivəsində Bakıya gəlmişdim. Biz onda "Azərbaycan" mehmanxanasında axşamladıq, indi isə onun yerinə "Hilton" oteli ucalır. İndiki şəhəri o Bakı ilə müqayisə etmək olmaz. Çünki onlar arasında yerlə göy qədər fərq var. Bir çox həmkərlarım bu fikirdədir ki, Bakıda keçirilən "Eurovision-2012" müsabiqə tarixində keçirilmiş ən yaxşı yarışdır. Düzdür, Rusiya da yarışmanı yüksək səviyyədə təşkil etmişdi, ancaq Azərbaycan Şərq ölkəsidir və özünəməxsus gözəlliklərə malikdir. Qonaqpərvərliyiniz sizin xalqı digərlərindən seçən müsbət xüsusiyyətlərdəndir. Bir sözlə, siz öz məqsədinizə çatdınız. Əgər bir insan nəyisə ürəkdən və səmimiyyətlə edirsə, o uzun müddət yaddaşlarda qalır."

Fransız jurnalist Patrik Stroun da ölkəmizin sahiblik etdiyi yarışmanın səviyyəsindən xeyli məmnun olduğunu dedi. "Eurovision-2012" ən yaxşı yarışlardan oldu. Burada hər yerdə bayram əhval ruhiyyəsi var. Xəzərin sahilində qısa müddətə tikilmiş Bakı Kristal Zalı çox heyrətamizdir. Bu qısa vaxtda belə möhtəşəm bir iş ərsəyə gətirmək möcüzədir. Bu gözəlliyə laqeyd qalmaq mümkün deyil."

İtaliyalı jurnalist Stefano Pordjiani Bakının gözəlliyinə və təmizliyinə heyran olduğunu bildirdi. " Biz italyanlar da temperamentli xalqıq. Ancaq siz başqa cürsüz. Öz təəssüratlarımı və yaşantılarımı sözlə ifadə etməyə çətinlik çəkirəm. Jurnalistlərə bu cür müsbət münasibət mən heç yerdə görməmişəm."

Göründüyü kimi, müxtəlif ölkə nümayəndələrinin, media işçilərinin ölkəmiz, yarışın təşkil səviyyəsi və onlar üçün yaradılan şərait barədə fikirləri Azərbaycanın "Eurovision" musiqi yarışmasına hansı dərəcədə hazırlaşdığının göstəricisidir. Başda Avropa olmaqla, bütün dünyanın musiqi bayramı kimi qəbul etdiyi "Eurovision" müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin Avroasiya mədəniyyətinin mərkəzlərindən biri olmasından irəli gəlir və hər bir vətəndaş üçün qürurverici hadisədir. Əlli yeddinci "Eurovision" musiqi yarışmasının Azərbaycanın adıyla bağlı olması, bunun bir tarixi hadisəyə çevrilməsi gənc və müstəqil dövlətimizin son 20 ildə qazandığı ən mühüm nailiyyətlərindən biridir.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2012.- 27 may.- S. 8.