«Eurovision-2012» mahnı müsabiqəsi böyük təntənə ilə başa çatdı

 

Bütün dünya musiqisevərlərinin böyük maraqla izlədikləri, misilsiz beynəlxalq mədəni tədbir kimi qiymətləndirilən "Eurovision" mahnı müsabiqəsi 1956-cı ildən bugünədək hər il böyük təntənə ilə qeyd olunur. Həmin musiqi bayramının əhəmiyyətini artıran digər bir məsələ isə odur ki, ötən müddət ərzində "Eurovision"un əhatə dairəsi xeyli genişlənmişdir.

 

Bu da müsabiqənin dünya miqyaslı möhtəşəm yarışma olduğunu təsdiqləyir. Bu mənada 2011-ci ilin may ayında Düsseldorfda keçirilən növbəti "Eurovision" müsabiqəsində 43 ölkə arasında məhz Azərbaycanın qələbə qazanması ölkəmizin dünya musiqi xəzinəsinə dəyərli töhfələr bəxş etməsinin göstəricisi idi. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri də Avropanın musiqi həyatında mühüm hadisə olan "Eurovision"nun tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. "Eurovision"nu regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olmuşdur.

Düseldorfdakı möhtəşəm nailiyyətimiz Azərbaycanda böyük coşqu ilə qarşılandı. Bakı sakinləri bu qələbəni səhərə qədər küçələrdə böyük təntənə ilə bayram etdilər. Həmin gündən başlayaraq dünyanın ən gözəl şəhərlərindən biri olan, Şərq və Qərb sivilizasiyasını, tarixi varisliyi və müasirliyi özündə təcəssüm etdirən doğma paytaxtımız "Eurovision-2012" mahnı müsabiqəsini keçirməyə səylə hazırlaşmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il mayın 19-da imzaladığı "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncamla yarışmanın yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradıldı və YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin komitəyə sədr təyin olundu.

Bu il yanvarın 25-də Bakıdakı "Buta Palace"da "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıqla bağlı ilk təntənəli mərasim keçirildi. Hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, Avropa Yayımları Birliyinin (EBU), diplomatik korpusun nümayəndələrinin, xarici qonaqların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə "Eurovision-2012" müsabiqəsinin konsepsiyasının təqdimatı oldu, Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlandı. Odlar Yurdu Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin loqosunda mədəniyyətimizdə xüsusi yeri olan od, çox qədim tarixə malik musiqimizi xarakterizə edən rəqs, şəffaflıq, əmin-amanlıq və sülhpərvərliyi təcəssüm etdirən günəş, ay və ulduzlar təsvir olunmuşdu. Bu da təsadüfi deyildi. Çünki zəngin mədəniyyətimizdə xüsusi yeri olan od fəlsəfəsi bu gün də bayramlarımız, incəsənət nümunələrimiz, memarlığımızda çox aktualdır. Böyük bir coğrafiyanı əhatə edən Novruz bayramında insanlar tonqalın ətrafında bir araya gəlir, təbiətin oyanmasını, həyatın sanki yenidən başlanmasını böyük şənliklərlə qeyd edirlər.

Könlümüzə hərarət verən od Azərbaycan xalqının istiqanlı, qonaqpərvər, qayğıkeş xüsusiyyətlərində öz təcəssümünü tapır. Həyatımızın enerji mənbəyi hesab etdiyimiz alov, demək olar ki, bir-birindən çox fərqli naxışlarla mədəniyyət incilərimizdə əks etdirilmişdir. Ona görə də "Eurovision-2012" mahnı müsabiqəsi "Light your fire" (Öz məşəlini alovlandır) şüarı altında keçirildi. 2004-cü ildən etibarən "Eurovision" müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli loqosu vardır. Buna baxmayaraq, hər il ev sahibi olan ölkə həmin loqoya əlavə olaraq öz loqosunu, başqa sözlə, müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

"Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar son illərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda infrastrukturun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin, aparılan tikinti-quruculuq işlərinin sırasına daha bir möhtəşəm kompleks əlavə olundu. Bu, "Baku Crystal Hall"dır. Prezident İlham Əliyevin Bakı şəhərində müasir idman-konsert kompleksinin inşa edilməsi haqqında 2011-ci il iyulun 11-də imzaladığı sərəncama əsasən qısa zamanda ərsəyə gətirilən "Baku Crystal Hall" 25 min nəfərlik tamaşaçı yerinə malikdir. Burada 1500-dək jurnalistin izləyəcəyi müsabiqənin işıqlandırılması üçün ayrılan zalda 490 kompyuter,160 əlavə kompyuterin internetə qoşulması üçün yerlər, 30 printer qurğusu və iri monitor quraşdırılmışdır. Kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Kompleksdə gələcəkdə başqa beynəlxalq tədbirlərin keçirilməsi də mümkündür. "Baku Crystal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Bakı şəhərinə gələn "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçıları və avropalı musiqisevərlər də bu möhtəşəm mənzərə qarşısında təəccüblərini gizlətmir, yüksək zövq, müasir texnologiya və işıqlandırma sistemi vasitəsi ilə müsabiqənin keçirilməsi üçün tikilmiş komleksin Bakıya xüsusi yaraşıq verdiyini bildirirlər. Onu da deyək ki, "Baku Crystal Hall" və bu məkandakı Mətbuat Mərkəzi bu il mayın 13-də rəsmən fəaliyyətə başlamışlar. Həmin gün, həmçinin "Eurovision-2012" mahnı müsabiqəsinin iştirakçılarının "Baku Crystal Hall"da ilk məşqlərinə də start verilmişdir.

Dünya miqyaslı mədəni tədbir ərəfəsində Bakının simasını tamamilə dəyişərək onun gözəlliyinə gözəllik qatan Dənizkənarı Milli Parkın yeni tikilən hissəsinin açılışı oldu. Bakının əvəzsiz incilərindən olan Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, paytaxtın tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişmişdir. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan keçmədi. Şəhərsalma, istirahət və turizm infrastrukturu, gözəlləşən paytaxtımızın ekoloji təhlükəsizliyi Dənizkənarı Milli Parkla bağlı strategiyanın həyata keçirilməsi üçün daha böyük imkanlar açmış, parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsində tikinti-quruculuq işlərinin aparılmasından sonra şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar xarici qonaqlarımız üçün xoş sürpriz olmuşdur. Bulvarda uzunluğu 450 metr olan estakada dənizin içərilərinə doğru daha 100 metr uzadılmışdır. Gələcəkdə isə bulvarın uzunluğu 25 kilometrə çatdırılaraq, Zığ və Şıx çimərliklərini birləşdirərək böyük bir istirahət zonasına çevriləcəkdir. Bulvarda taksi katerlər vasitəsilə Xəzərdə yerləşən adalara səyahət etmək də mümkün olacaqdır. Onu da deyək ki, ötən aylarda "London taksiləri", miniavtobuslar və avtobuslar, o cümlədən "Eurovision-2012" mahnı müsabiqəsinə gələn turistlərin Bakı turunun təşkili üçün 3 məxsusi avtobus paytaxtımıza gətirilmiş, Bakıdakı 50-dən çox yüksək səviyyəli otellərdə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır.

Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-dən 25-dək hər gün Qoşa qala qapısı meydanında ənənəvi "Meydan bazarı" təşkil olundu. Bununla yanaşı, ziyarətçilər müsabiqə günlərində həm "Meydan bazarı"nda, həm də bütövlükdə İçərişəhər ərazisində "İçərişəhərin tarixi tipajları"nı görə və onlarla canlı ünsiyyət qura bildilər. Bu gün də qədim şəhərə müxtəlif istiqamətlərdən daxil olan turistlərə pulsuz olaraq İçərişəhərin xəritəsi paylanılır. Həmçinin, hər girişdə məlumat mərkəzi yerləşdirilmişdir. Bu məlumat mərkəzlərində otel rezervasiyası, tur, bələdçi sifariş etmək, restoranlar və digər ictimai-iaşə obyektləri haqqında geniş məlumat əldə etmək mümkündür. Beş dildə - Azərbaycan, rus, ingilis, fransız, alman dillərində məlumatlar yerləşdirilmiş audiobələdçini alan turist artıq heç kimin köməyi olmadan tarixi tikililər, görməli yerlərlə sərbəst tanış ola bilir. Xüsusi olaraq "Eurovision-2012" üçün həyata keçirilən "Ask me" ("Məndən soruş") layihəsi çərçivəsində Bakıda yaşayan avropalılar xarici turistlərə ölkəmiz haqqında könüllü olaraq bilgilər verirdilər.

Yarışma ərəfəsində Avropa Yayımları Birliyinin müəllif hüququ və Azərbaycanın "Eurovision" üzrə milli yayımçısı olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin təşkilatçılığı ilə "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi proqramı dərc olundu. Proqramda bu möhtəşəm tədbirin iştirakçılarının və qonaqlarının yarışmanın keçiriləcəyi məkanla, şounun incəlikləri ilə tanış olmaları baxımından ən dəyərli məlumatlar yer almışdır. Azərbaycan və ingilis dillərində olan bu proqram ənənəvi tərtibat və Bakı şousunun özəlliyindən qaynaqlanan əlavələri əhatə edir. Üz qabığında şounun "Öz məşəlini alovlandır!" şüarı və loqosunun əks olunduğu yüksək səviyyədə, nəfis tərtib olunmuş proqram Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışma iştirakçıları və qonaqlarına təbriki ilə açılır. "Eurovision" mahnı müsabiqəsinin iştirakçılarını və qonaqlarını ürəkdən salamlayan ölkənin birinci xanımı yarışmanın musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırmışdır. "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri bildirmişdir ki, müsabiqəyə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır.

Müsabiqə iştirakçılarının və Bakıya gələn turistlərin verdiyi açıqlamalar isə göstərir ki, tədbirlə bağlı aparılan hazırlıqlar, Bakının möhtəşəm gözəlliyi, xalqımızın qonaqpərvərliyi onlarda dərin təəssüratlar yaratmışdır. Məsələn, 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilən ilk "Eurovision" mahnı müsabiqəsində "Refrain" mahnısını ifa edərək qələbə qazanan Lis Assia Azərbaycanın tədbirə yüksək səviyyədə hazırlaşdığını bildirmişdir. Lis Asia Bakını fantastik şəhər adlandıraraq demişdir: "Biz bütün günü Bakını gəzmişik. Bakı fantastik şəhərdir. Düşünürdüm ki, Bakı kiçik bir şəhərdir, lakin gəlib buranı görəndə heyrətə gəldim. Azərbaycanın şirniyyatlarını çox bəyəndim. "Baku Crystal Hall" da çox xoşuma gəldi. Burada insanlar çox mülayim və qonaqpərvərdir".

İslandiyadan olan iştirakçı Qreta Salome demişdir ki, Azərbaycana ilk səfərim olsa da mən bu şəhəri və insanlarını çox sevdim. İslandiyalı müğənni azərbaycanlıların çox qonaqpərvər və mehriban olduqlarını diqqətə çatdırmışdır. O, Bakının gözəl küçələri və yaraşıqlı binaları ilə diqqət çəkdiyini demişdir. "Adından göründüyü kimi, Azərbaycan "Odlar yurdu"dur - deyə vurğulayan Qreta Salome müsabiqənin yüksək səviyyədə təşkil edildiyini xüsusi qeyd etmişdir. O, "Eurovision-2012" mahnı müsabiqəsinin istər təşkilatçılıq, istər də zal və səhnə baxımından indiyədək gördüklərinin arasında ən gözəl bir məkan olduğunu diqqətə çatdırmışdır. Montoneqro təmsilçisi Rambo Amadeus demişdir: "Baku Crystal Hall"un çox böyük səhnəsi vardır . Bu, "Eurovision" yarışmasının keçirilməsi üçün tam uyğun bir səhnədir. Bundan əlavə, zalın dəniz kənarında yerləşməsi də bu yerin böyük üstünlüyüdür". İsveçrəni təmsil edən İvan və Qabriel qardaşları da öz təəssüratlarını paylaşarkən demişlər: "Bakı çox gözəl və möhtəşəm şəhərdir. Xüsusilə "Baku Crystal Hall"u qeyd etmək istərdik. Zal istər akustikası, istərsə də səs və işıq effekti ilə seçilir".

57-ci "Eurovision" musiqi yarışmasının Bakıda keçirilməsi Azərbaycanın qalibiyyət bayramı kimi dəyərləndirilir. Gənc dövlət olmasına baxmayaraq, Azərbaycan bütün Avropaya, dünyaya sübut etdi ki, digər əhəmiyyətli beynəlxalq tədbirlər kimi, "Eurovision" musiqi müsabiqəsinə də ev sahibliyi edərək onun yüksək səviyyədə keçirilməsini təmin edə bilər. Yarışmanın Bakıda uğurla başa çatması ölkəmizin artıq beynəlxalq arenada nüfuzu, mədəniyyətin və sivilizasiyaların beşiyi olması, mötəbər yarış və konfransların yüksək səviyyədə keçirilməsi və təşkilatçılıq qabiliyyətinin olması təcrübəsi ilə də sıx bağlıdır. Bu da bir faktdır ki, əldə olunan nəticələr "Eurovision" mahnı müsabiqəsinin rəhbərliyi, Avropa Yayımları Birliyi (EBU) və ümumiyyətlə, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Şouların keçiriləcəyi "Baku Crystal Hall", burada KİV-lər üçün təşkil edilmiş Mətbuat Mərkəzi, müsabiqənin "EuroClub", "EuroVillage" məkanları, yarışmanın rəsmi Fanklubunun fəaliyyəti əvvəldən möhtəşəm tədbirin yüksək səviyyədə keçiriləcəyini söyləməyə əsas verirdi. Son günlər Avropanın, dünyanın nəzərlərinin Bakıya yönəlməsi, "Eurovision-2012" mahnı müsabiqəsini 300 milyondan çox insanın izləməsi isə belə deməyə əsas verir ki, Bakı bu ay Avropa mədəniyyətinin, musiqisinin paytaxtına çevrildi.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.-27 may.- S. 7.