Azərbaycan - Gürcüstan: qədim qonşular, çağdaş arxadaşlar

 

Tale qardaşları

 

Gürcüstan tarix boyu təkcə yurdumuzun qərbində qonşu ölkə olmayıb, həm də ayrı-ayrı dövrlərdə vətəndaş ortaqlığı daşıdığımız dövlətlərin bir əyaləti sayılıb. Bu birgəlik, ortaqlıq hər iki məmləkəti zaman-zaman bir-birinə ayrılmaz tellərlə bağlayıb, dərindən qaynadıb-qarışdırıb. Hər iki məmləkətin ortasından axıb keçən Kür çayı, Qərbdən Şərqə gedən əsas quru marşrut - İpək yolu tarixi bağlar kimi min illərdir ki, bu iki Qafqaz ölkəsini eyni məcrada qərarlaşdırıb.

Qafqaz Albaniyası dövründə isə xristianlıq bu qonşu ölkələrin xalqlarını din qardaşları kimi yaxınlaşdırıb. Dədə Qorqud dastanında "yeddi tümən Gürcüstan" kimi tez-tez xatırlanan bu diyar dinc qonşu kimi təqdim olunub. Səfəvilər, Osmanlılar, Qacarlar zamanında Rusiya işğalı və sovet epoxasında Azərbaycan və Gürcüstan xalqları vahid coğrafi-siyasi məkanda yaşamış, eyni taleləri paylaşmış, faydalı qonşuluğu davam etdirmişlər. Orta əsrlərdən başlayaraq, Tiflisdə türk-müsəlmanların ayrıca məhəlləsi olmuş, soydaşlarımız şəhərin siyasi-mədəni həyatında fəal rol oynamışlar. XIX əsrdə və XX əsrin əvvəllərində isə Qafqazın inzibati mərəkəzinə çevrilmiş Tiflisdə soydaşlarımızın sayı və mövqeyi daha da artmış, burada çağdaş mədəniyyətimizin zəngin qaynaqlarından biri formalaşmışdır.

1846-cı ildə Rusiya imperiyası işğal etdiyi Qafqazda yeni inzibati-ərazi bölgüsünə keçəndə yaradılan Tiflis quberniyasına tarixi Azərbaycan torpağı olan Borçalı mahalı və ölkəmizin şimal-qərbindəki bəzi ərazilər də daxil edilmişdi. Çar Rusiyasının süqutundan sonra Xüsusi Zaqafqaziya Komitəsinin (9 mart 1917-ci il) və Zaqafqaziya Komissarlığının (15 noyabr 1917-ci il) idarəsi altında qalan bu torpaqlar 1918-ci ilin 26 mayında - Gürcüstanın dövlət müstəqilliyi elan olunanda və eləcə də 1921-ci ildə bu ölkə sovetləşdiriləndə vaxtilə Tiflis quberniyasına daxil edilmiş və iki qonşu respublika arasında mübahisəli torpaqlar kimi Gürcüstanın idarəçiliyində qalmışdı. 1991-ci ildə hər iki xalq dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan və Gürcüstan separatçı-etnik münaqişələrə cəlb edilmiş olsalar da Birləşmiş Millətlər Təşkilatına sovet dövründəki ərazilərlə daxil olmuşlar.

Təəssüf ki, 1991 - 1993-cü illərdə Gürcüstanda və Azərbaycanda üzdəniraq naşı siyasi qüvvələrin hakimiyyəti qəsb etməsi nəticəsində dövlət müstəqilliyini bərpa etmiş qonşu respublikalar arasında normal münasibətlərin qurulması əsassız olaraq ləngidilmişdi. Hətta Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılara "gəlmə" damğası vurularaq onlara əsassız basqılar da olmuşdu. Bu yağmaçı prosesdə xeyli sayda soydaşımız doğma yurdunu itirib Azərbaycana pənah gətirmişdi. 1992-ci ildə Gürcüstandakı sağlam siyasi qüvvələr görkəmli siyasətçi və dövlət xadimi Eduard Şevardnadzeni hakimiyyətə qaytarandan sonra ölkədə tüğyan edən dağıdıcı millətçilik dalğaları cilovlanmışdı.

Az sonra 1993-cü ildə Azərbaycan xalqı da dünya miqyaslı siyasətçi, böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirməklə dağıdıcı proseslərin qarşısının alınmasına yol açmışdı. Təxminən 10 il əvvələdək öz respublikalarını məharətlə idarə etmiş, Azərbaycanla Gürcüstanın tarixi qonşuluğunu dostluq səviyyəsində möhkəmləndirmiş, bu zəmində yaranmış şəxsi dostluqularını Moskvada sovet dövlətinin rəhbərliyində təmsil olunarkən də davam etdirmiş, xalqlarının maraq- larını uca tutmuş Heydər Əliyevin və Eduard Şevardnadzenin siyasi hakimiyyətə qayıdışı hər iki xalqın başı üstündən qara buludları sovuşdurmuşdu.

Müstəqil dövlətlərinə rəhbərlik etməyə başlamış iki görkəmli liderin müstəsna səyləri ilə o illərdə Azərbaycanda və Gürcüstanda siyasi sabitlik yaradıldı, əsaslı islalahatlar başlandı. Hər iki dövlətin beynəlxalq aləmdə mövqeyi müəyyənləşməklə, öz aralarında də yeni münasibətlər sahmana salındı. Gürcüstanda sayca ikinci yerli xalq olan azərbaycanlıların, ölkəmizdə yaşayan etnik gürcülərin sivil hüquqları tanındı. Gürcüstanda yaşayan yarım milyonadək soydaşımıza "Azərbaycan diasporu" kimi baxılmasına son qoyuldu. Onların "aborigenliyi" etiraf olundu. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada bir nümunəyə çevrilmişdir". Çeparatçı-şovinist və işğalçı Ermənistandan fərqli olaraq, bir-birinə torpaq iddiaları sürməyən, bir-birinin ərazi bütövlüyünü dəstəkləyən, beynəlxalq aləmdə bir sıra məsələlərə ortaq mövqedən yanaşan Azərbaycan və Gürcüstanın hərtərəfli əməkdaşlığı Qafqaz regionunda bu iki ölkənin rolunu və nüfuzunu möhkəmləndirmişdir. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi qonşu Gürcüstanda qısqanclıqla qarşılanmır, əksinə, ona əlavə dividendlər qazandırır.

Azərbaycanda və Gürcüstanda müstəqil dövlət siyasətinin varisləri - prezidentlər İlham Əliyevin və Mixeil Saakaşvilinin qonşuluq və dostluq münasibətlərini yeni səviyyəyə qaldırmaları iki xalqın tarixində əldə olunmuş ən yaxşı dəyərləri qoruyub saxlamağa və zənginləşdirməyə real təminatlar yaratmışdır. Yeni tipli, modern düşüncəli bu iki liderin yeritdikləri siyasətin doğru-düzgünlüyü onların bu il martın 6-da Bakıda keçirilən rəsmi dostluq görüşündə bir daha təsdiq olundu: "Bu gün apardığımız danışıqlar bir daha onu göstərir ki, Gürcüstan - Azərbaycan əlaqələri yüksək səviyyədədir" (İlham Əliyev); "Azərbaycanın müstəqilliyi həm də Gürcüstanın müstəqilliyidir. Biz belə hesab edirik ki, qarşımızda duran məsələlərin, bütün problemlərin həllinə nail olmuşuq və gözəçarpan nəticələr əldə etmişik" (Mixeil Saakaşvili).

Gürcüstan - Azərbaycan qonşuluq münasibətləri, dost ölkədə yaşayan soydaşlarımızın taleyi, güzəranı, onların irili-xırdalı problemləri dövlət siyasətimizin prioriteti, ictimai rəyin daimi mövzusu kimi medianın da gündəmindədır. Gürcüstana bir həftəlik yaradıcılıq ezamiyyətimizin də hədəfi günümüzün bu marağını cavablandırmaq idi. Beləliklə, səfərimiz qədim qonşumuz, çağdaş arxadaşımız olan Gürcüstanadır.

 

Azərbaycan - Gürcüstan sadəcə, qonşular deyil...

 

Gürcüstanda "Qızıl gül" inqilabından sonra baş verən proseslər dünyanın diqqətini bu ölkəyə yönəltdi və hətta bu reallıq Qafqazın və gürcü xalqının taleyində böyük bir tarixi şans kimi dəyərləndirildi . Tibilisi hakimiyyətinin son 10 ildə yaratdığı demokratiya ölkənin bəzi dairələrində xoş qarşılanmasa da, qonşu ölkələrdə bu gün də diqqəti çəkməkdədir. Qərb dövlətləri artıq bu ölkəni "Saakaşvili demokratiyası"nın bərqərər olduğu demokratik bir cəmiyyət kimi təqdim etməkdədir. Qonşumuzda nələrin baş verdiyini görmək, təbii ki, bizim üçün də olduqca maraqlı idi.

Azərbaycan - Gürcüstan münasibətləri, sadəcə, qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlikdir. Bu tərəfdaşlığı bizim üçün zəruri edən amillərdən biri də bu dövlətin ərazisində 500 min nəfərədək soydaşımızın yaşamasıdır. Onlar bu ölkə ərazisində etnik azlıq hesab edilsələr də, əslində, bu mahalın tarixi sakinidirlər və bölgəyə real sahibliyi bu gün də burada yaşamaları ilə sübut edirlər. Gürcüstan həm də beynəlxalq təşkilatlarda Azərbaycanı birmənalı şəkildə dəstəkləyən müttəfiqdir. Çünki hər iki dövlət məlum dairələrin dəstəklədiyi separatizmdən əziyyət çəkir. Üstəlik, işğalçı Ermənistan hər iki ölkəyə ərazi iddialarından əl çəkmir. Azərbaycanın Qarabağ problemi olduğu kimi, Gürcüstanda da Abxaziya və Cənubi Osetiya münaqişələri var.

"Sınıq körpü"nü çox rahatlıqla keçdik. Əvvəlki nizamsızlıqdan, səliqə-səhmansızlıqdan əsər-əlamət belə yox idi. Əksinə, buradakı qayda-qanun, insanlar üçün yaradılan şərait olduqca xoş bir təəssürat yaradırdı. Amma Gürcüstan tərəfdə əvvəlcədən təyin olunmuş tədbirlərə gecikməmək üçün bu barədə tanışlığımızı qayıdanbaşa saxlamalı olduq. Gürcüstanın gömrük qapısında da çox xoş qarşılandıq. Onların azərbaycanca, amma çətinliklə və qırıq-qırıq dedikləri "xoş gəldiniz" sözləri bizdə təbii bir təbəssüm yaratdı, həm də yad yox, doğma bir məmləkətə gəldiyimizi müjdələdi.

Tbilisidə Kür sahilindəki Heydər Əliyev parkını və ulu öndərin büstünü ziyarət etdikdən sonra doğma ünvan bilib döydüyümüz ilk qapı Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi oldu. Fövqəladə və səlahiyyətli səfirimiz Azər Hüseynlə həmin gün görüşə bilməsək də, bu vaxt qazancı bizim "heykəllər və körpülər şəhəri" Tbilisi ilə sərbəst tanışlığımıza bir şans verdi. İlk görüşümüzdə Azər Hüseyn olduqca işgüzar, buradakı problemlərə həssaslıqla yanaşan, eyni zamanda, təmkinli və təcrübəli bir diplomat təəssüratı bağışladı. Gürcüstanı gəzib-dolaşdıqca, bu təəssürat dəfələrlə təsdiqini tapdı. Hələ fəaliyyətinin bir ili də tamam olmayan Azər müəllimin təqdim etdiyi həftə ərzindəki iş planı da bizi xeyli təəccübləndirdi: nəinki 8 saatlıq iş günündə, 24 saatlıq sutkada da bu işləri yekunlaşdırmaq mümkün olana "oxşamırdı": Kvemo-Kartli (Borçalı) bölgəsinin rəhbərliyi ilə görüşmək, ayrı-ayrı rəhbər işçilərin fikrlərini bilmək, Heydər Əliyev Fondunun təhsil-səhiyyə sahəsində gördüyü işlərlə, ARDNŞ-in və "Akkord"un layihələri ilə tanışlıq, Tbilisidəki doğma ünvanlara baş çəkmək, bu ölkədə yaşayan soydaşlarımızın uğurlarını və problemlərini öz dillərindən eşitmək...

Bunlar səfirin bizə təqdim etdiyi planın az bir hissəsə idi. Vaxt azlığını dilimizə gətirməsək də siyahıya bir məsələni də əlavə etməyi xahiş etdik: Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ilə görüşmək.

Təqribən 20 dəqiqəlik görüzümüzdə öyrəndik ki, Azər müəllim bundan əvvəl də müxtəlif xarici ölkə səfirliklərində çalışıb. Gürcüstana təyinatdan əvvəl Yaponiyada fövqəladə və səlahiyyətli səfir olub. Bu qısa tanışlıq fonunda Azər müəllim qürurla bildirdi:

- Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda ildə orta hesabla 60 milyard dollara yaxın ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə görə də Azərbaycan regionun ən öndə gedən ölkəsidir. Qafqazın ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana məxsusdur. Bütün enerji qaynaqları üzrə ən zəngin ölkə də bizik. Azərbaycanın 30-50 ilə çatacaq neft , 120 ilə çatacaq təbii qaz ehtiyatı var.

Ölkəmizin yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, 100 il ərzində böyük vəsait edir ki, bu da təkcə xalqımızın deyil, Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan öz təbii resurslarının istifadə edilməsi taktikasını müəyyən edərkən təkcə xalqımızın maraqlarını düşünməyib, bu sərvətlərdən dost və qonşuların da sivil istifadəsinə qapılarını açıb. Azərbaycan və Gürcüstan münasibətlərinə gəldikdə isə bütün dar məqamlarda bu iki xalq bir-birilərinə əl tutub. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin sayına görə kiçik hesab olunsa da, geostrateji cəhətdən olduqca əhəmiyyətlidir. Bu gün Gürcüstan iqtisadiyyatının xeyli dərəcədə Azərbaycandan asılı olması heç kimə sirr deyil. Azərbaycan - Türkiyə təbii müttəfiqliyinin Gürcüstana böyük fayda verməsi də faktdır. Azərbaycanla Gürcüstan Avropanı Asiya ilə birləşdirən körpünün qoşa dirəyidir.

Səfir Azərbaycan - Gürcüstan münasibətləri barədə qənaətlərini belə yekunlaşdırdı:

-Digər tərəfdən bu gün Gürcüstan müstəqil olmasa, bizim də problemlərimiz artar, suverenliyimizə təhlükə meydana çıxar. Gürcüstanın müstəqil Azərbacana verə biləcəyi geosiyasi dəstəyi dəyərləndirməyə çalışsaq, bu ölkənin Azərbaycanın təbii ehtiyatlarının - neftinin, qazının və digər məhsullarının Avropa bazarlarına çıxarılmasını, Şərqlə Qərbi birləşdirən iri layihələrinin həyata keçirilməsini təmin edən məkan olduğunu görərik. Eyni zamanda, iki ölkənin ticarət dövriyyəsində Azərbaycanın payının çoxluğu onu göstərir ki, Gürcüstan bazarı Azərbaycan üçün perspektivli satış bazarlarından, investisiya məkanlarından biridir.

 

Borçalı ellərində

 

Səhəri gün səfirliyin əməkdaşı İlqar müəllimlə səfərə çıxdıq, Kvemo-Kartli bölgəsinin Rustavi şəhərində yerləşən mərkəzi binasında qubernator müavini Hüseyn Yusifovla görüşürük. Azərbaycan-gürcü əlaqələrindən danışmaqla söhbətə körpu salan qubernator müavini bildirdi:

- XX əsrin əvvəllərində sovet qoşunları Azərbaycanı işğal etdikdən və Azərbaycan müstəqilliyini itirdikdən az sonra Gürcüstan da müstəqilliyini itirmişdi. SSRİ dağıldıqdan sonra Bakıda baş verən hadisələr sonradan Gürcüstanda da təkrarlanmışdı. Bu hadisələr göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə bağlıdır. Bizim tarixlərimiz, demək olar ki, bir-birinə hopub. Biz yaxşı bilirik ki, Azərbaycan Respublikasının dövlət rəsmiləri, vətəndaşları öz xalqının inkişafı barədə düşündüyü kimi, bu reallıqlara sadiq qalaraq Gürcüstanın taleyini də unutmurlar. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlıların, ümumilikdə Gürcüstan vətəndaşlarının firavan həyatının təmin olunmasında maraqlıdır.

Azərbaycan və Gürcüstanın dostluğunu dünyaya nümunə ola biləcək dostluq kimi dəyərləndirmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu münasibətlərin perspektivlərini də aydın görürdü və bu istiqamətdə ciddi addımlar atırdı. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq sayəsində biz inkişafımızın yeni yüksək mərhələsinə nail olacağıq. Buradakı soydaşlarımızın öz milli kimliyini yaşatması üçün bir sıra layihələr həyata keçirilir. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərəncamı ilə Novruz bayramı Gürcüstanda da dövlət bayramı elan edilib. Prezident, demək olar ki, bütün Novruz şənliklərinə qatılır. Eyni zamanda, ana dilli məktəblərimizdə azərbaycanlı şagirdlərin milli ruhda tərbiyəsi üçün onlarla tez-tez görüşlər keçiririk, müxtəlif tədbirlər təşkil edirik. Tariximizin qanlı səhifələri, şərəfli keçmişimiz, Xocalı faciəsi, 20 Yanvar, 28 May və digər günlərlə bağlı tədbirlərimizdə həmişə gürcü ictimaiyyətinin iştirakı təmin edilir.

Bundan başqa, gürcü rəsmiləri də toplantılarımıza yüksək səviyyədə qatılırlar. Bu işlərin son 1 ildə çox böyük uğurla davam etdirilməsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, o cümlədən səfir Azər Hüseynin işgüzarlığı və diqqəti ilə də bağlıdır. Heydər Əliyev Fondunun, Azərbaycan - Gürcüstan parlamentlərarası dostluq qrupunun bölgədə apardığı işlər ilbəil artmaqda və daha geniş miqyas almaqdadır. Qrupun rəhbəri, millət vəkili Qənirə Paşayevanın bir ayağı daim bölgəmizdədir.

Gürcüstan tranzit dövlət olmaqla yanaşı, 500 min soydaşımızın da yaşadığı məmləkətdir. Onlar həmişə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetiriblər. Gürcüstanın ən çətin günlərində etnik azlıqlardan yalnız azərbaycanlılar dövlətçiliyi dəstəkləyiblər. Bu ölkənin tarixində dramatik və şərəfli səhifələr çoxdur. Ermənilər Azərbaycan kimi Gürcüstana da daim xəyanət ediblər. 1918-ci ildə gürcü-erməni müharibəsində soydaşlarımız erməniləri geri oturdublar. Nəhayət, son tariximiz göz önündədir. Abxaziya və Şimali Osetiya müharibəsində də soydaşlarımız gürcü dövlətçiliyini dəstəklədi və gürcü qardaşlarımızla bir yerdə vuruşdular.

Hüseyn müəllim çox vacib bir mövzudan - din məsələsindən danışarkən qeyd etdi ki, Gürcüstan müsəlmanlarının problemlərinin həll olunması üçün ayrıca bir idarənin yaradılması vacib idi. İndiyə qədər buradakı müsəlmanların hansısa dini problemi ortaya çıxanda müxtəlif fikirlər yaranırdı. Bəziləri Azərbaycana, İrana, yaxud Türkiyəyə müraciət etməyin vacibliyini deyirdi. Nəticədə isə heç bir problem həll olunmurdu. Ona görə də Gürcüstan azərbaycanlıları öz dini idarəmizi yaratmaq və problemlərə yiyə duracaq bir şəxsi dini rəhbər seçmək qərarına gəldilər. Marneulidən deputat Azər Süleymanov, Gürcüstan ombudsmanının Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi, kənd təsərrüfatı nazirinin müşaviri Emil Ocaqquliyev və mən bu idarənin təsisçiləri olduq.

Gürcüstanda müsəlmanlar təkcə azərbaycanlılardan ibarət deyil. Burada islam dininə etiqad edən acarlar, çeçenlər, ləzgilər də yaşayırlar. Müxtəlif millətlərdən ibarət müsəlmanların Gürcüstan Dini Şurasının yaradılmasına qərar verildi. Həmin şurada məscidlərin axundları və imamları toplaşdı, yerli müsəlmanların öz şeyxinin olması qərara alındı. Bu həm də vətəndaşı olduğumuz Gürcüstan dövlətinin qanunlarına hörmətimizin təzahürü oldu.

Bu gün Gürcüstanda təhsilin inkişafına da önəm verilir. Təhsil sahəsində əvvəlki problemimiz hamıya məlumdur, bunu heç kim inkar etmir. Ən böyük problem isə soydaşlarımızın orta məktəbi bitirəndən sonra təhsillərini davam etdirə bilməmələri idi. Faktiki olaraq onların ali məktəblərə qəbul olmalarının qarşısı alınmışdı. Çünki Gürcüstanın təhsil qanununda göstərilirdi ki, bütün imtahanlar gürcü dilində verilməlidir. Müxtəlif səbəblərdən soydaşlarımız kəndlərdə gürcü dilini öyrənə bilmirdilər. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə "Ali təhsil haqqında" qanuna dəyişiklik edildi. İndi ali məktəbə qəbul soydaşlarımız üçün Azərbaycan dilində keçirilir. Universitetlərdə onlara kvotalar ayrılıb. Soydaşlarımız bir il gürcü dili kursu keçir, daha sonra isə bakalavr dərəcəsi üzrə təhsillərini davam etdirirlər. Bu, olduqca lazımi düzəliş idi. Hesab edirəm ki, məzunlarımız bu şansdan faydalanmalıdır. Qanundakı bu dəyişiklik 10 il müddətində müəyyənləşdirilib. Bundan istifadə edib buradakı kadr boşluğunu doldurmaq lazımdır.

Təhsil sahəsində əsas problemlərdən biri də məktəblərin təmiri ilə bağlıdır. Bu sahədə Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Məktəblərin bədii ədəbiyyatla təminatı da bu sıraya daxildir. Heydər Əliyev Fondunun bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Fond bu vaxtadək xeyli sayda bədii ədəbiyyat göndərib. Tiflisdəki 73 nömrəli Mirzə Fətəli Axundov adına Azərbaycan məktəbini Heydər Əliyev Fondu təmir etdirib. Dmanisi, Marneuli, Qardabani və digər rayonlarda da məktəblərin təmirinə başlanılıb. Gürcüstanda 77 azərbaycandilli məktəbin direktoru Jvaniya adına Dövlət İdarəçilik Məktəbində gürcü dili kurslarını yüksək nəticələrlə bitirmişlər.

 

Qardaş köməyi

 

Hüseyn Yusifovdan öyrəndik ki, Gürcüstanda 45-ə qədər Azərbaycan şirkəti fəaliyyət göstərir. İqtisadi sahədə ARDNŞ-nin Gürcüstandakı Nümayəndəliyinin və "SOCAR Energy Georgia" MMC-nin fəaliyyət sferası olduqca genişdir. Bircə fakta diqqət yetirmək bəs edər ki, bu şirkət Gürcüstanda ən böyuk vergi ödəyicisidir. Bir az əvvəl ARDNŞ-nin Gürcüstanda həyata keçirdiyi investisiya proqramının davamı olaraq "SOCAR" brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqələrinin açılışı olub."SOCAR Georgia Petroleum" MMC tərəfindən inşa edilmiş yeni YDM-lər Mestia, Kaxetiya, Dedopliçkaro rayonlarında, Qomi, Çalengixa rayonunun Cvari məntəqələrində, Poti şəhərində və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə verilib. Bununla da Gürcüstan ərazisində "SOCAR" yanacaqdoldurma məntəqələrinin sayı 88-ə çatıb. Şirkətdə 660-dan çox işçi var ki, onun da 150 nəfərə qədəri azərbaycanlılardır.

Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın son 3 il ərzində Gürcüstanda əhəmiyyətli layihələr icra edən törəmə müəssisəsi "Akkord Georgia" da böyük layihələrə imza atmaqdadır. Şirkət bu ilin əvvəlində Kutaisi şəhəri yaxınlığında daha bir infrastruktur layihəsinin icrasına start verib. Beynəlxalq Şərq-Qərb yolu layihəsi çərçivəsində 17,3 kilometrlik beton örtüklü Kutaisi dolama yolunun tikintisi Yaponiyanın JICA bankı tərəfindən maliyyələşdirilir. "Padeco Co. LTD" şirkəti tərəfindən hazırlanan layihənin icrasında "Akkord Georgia" subpodratçı kimi iştirak edir.Tender dəyəri 55 milyon avrodan artıq olan I kateqoriya yol Böyük İpək Yolu layihəsi üzrə Türkiyə - Gürcüstan - Azərbaycan və əksinə istiqamətdə yük avtomobillərinin Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin edəcəkdir.

Bu il fevralın 17-də Gürcüstan Prezidenti Mixeil Saakaşviliinin iştirakı ilə yolun tikintisinə start verilib. Təməlqoyma mərasimində çıxış edən Gürcüstan Prezidenti Mixeil Saakaşvili "İpək yolu" layihəsi üzrə tikintisinə başlanmış yolun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Sonra M.Saakaşvili "Akkord Georgia" şirkətinin tikintiyə cəlb etdiyi yeni texnikanı, yolun birinci kilometrində torpaq işlərinin gedişini nəzərdən keçirib.

 

(ardı var)

 

 

Namiq QƏDİMOĞLU,

 

Tahir AYDINOĞLU,

Tbilisi – Bakı

 

Xalq qəzeti.- 2012.- 30 may.- S. 12.