"Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər"

 

Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda növbəti seminar-treninq keçirilmişdir.

 

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH Başçısı yanında dini məsələlər üzrə komissiyanın sədri Xalidə Bayramova məclisi açaraq bildirmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dövlət din siyasətinin həyata keçirilməsi, radikal dini qrupların zərərsizləşdirilməsi, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin və tolerant mühitin qorunub saxlanması, eləcə də Azərbaycanda dövlət - din münasibətlərini tənzimləyən qanunvericilik bazasının geniş şərhi məqsədi ilə vaxtaşırı seminar-treninqlər keçirirlər. Səbail rayonunda keçirilən növbəti seminarda müzakirə olunan məsələ ilə bağlı səlahiyyətli şəxslər, ictimaiyyət təmsilçiləri iştirak edirlər. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri, dini məsələlər üzrə komissiyanın üzvü İsrafil Kərimov rayondakı dini durum barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, hazırda rayonda 6 məscid, 1 ibadət yeri, 1 dini mədrəsə mövcuddur. Dini icmaların 6-sı müsəlman, 1-i isə xristian təriqətlidir. Onların 4-ü yenidən dövlət qeydiyyatından keçmişdir. Son 1 il ərzində RİH və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələri, həmçinin tanınmış ilahiyyatçıların iştirakı ilə rayonun ali və orta təhsil müəssisələrində Azərbaycanda dövlət - din münasibətləri, qeyri-ənənəvi dini təriqətlər və s. mövzularda "dəyirmi masalar" keçirilmişdir. Rayonda dini ayinlərin və mərasimlərin icrası üçün hər cür şərait yaradılmışdır. RİH-in köməyi ilə 2009-2010 və 2011-ci illərin hər birində 2 nəfər rayon sakini müqəddəs Həcc ziyarətinə göndərilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov "Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər" mövzusunda çıxış etmiş, uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, dini ibadət yerlərinin bərpa olunub vətəndaşların istifadəsinə verilməsi istiqamətində görülən işlərdən danışmışdır. Seminarda Azərbaycanda mövcud dini qurum, dövlət - din münasibətləri, ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dinlər və təriqətlər, onların mahiyyəti və cəmiyyətimiz üçün törətdikləri təhlükə barədə də məlumat verilmişdir.

İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli, Hacı Mirhəmid Məmmədov, Hacı Xanmirzə Bağırov, pedaqoji işçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri çıxış edərək Azərbaycanda tolerantlıq mühitinin mövcudluğundan, dini ibadət yerlərində normal şəraitin yaradılmasından, dövlət tərəfindən məscid və ibadətgahların təmirinə göstərilən diqqətdən danışmışlar. Natiqlər qeyri-ənənəvi təriqətlərin xalqımız üçün yad olan təbliğatının qarşısının alınması lüzumundan, gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün görüləsi işlərdən danışmış, orta və ali məktəblərdə mütəxəssislərin iştirakı ilə görüş və tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı bölgəsi üzrə şöbə müdiri Yalçın Abdullayev iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.

 

 

R.TAHİR

 

Xalq qəzeti.- 2012.- 18 may.- S. 8.