AZƏRBAYCAN - 2020: Gələcəyə baxışın elmi aspektləri barədə düşüncələr

 

Dünyada qloballaşma prosesi elə sürətlə gedir ki, baş verən dəyişikliklər də ani olur. Bu baxımdan baş verən dəyişikliklər nəticəsində uğurlar varsa da, onlar dəyərləndirilib, sabaha hazırlanmalıdır. Bu zaman dəyişikliklərin strukturu elə müəyyənləşdirilməlidir ki, onlar gələcəkdə yalnız uğur gətirsin. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2011-ci ilin sonlarında "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında sərəncam verib. Sənəddə bu mərhələlərin əsas hədəflərindən biri kimi elmdə yeni nailiyyətlərin əldə olunması vurğulanıb. Sərəncamın 3.2.1. maddəsində deyilir ki, "Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması təmin edilsin" (Bax: "Xalq qəzeti", 30 noyabr 2011-ci il).

 

Bəri başdan qeyd edək ki, ölkə Prezidentinin "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası haqqında sərəncamı vaxtında imzalanmış dövlət əhəmiyyətli sənəddir. Məsələ yalnız bunun tanınmış ekspertlər tərəfindən etiraf olunmasında deyil, həm də ondadır ki, gələcəyi proqnozlaşdırmayan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etməyən siyasət və elm uğur qazana bilməz. Diqqət yetirək ki, bu məqamda elmin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən, dövlətin inkişaf strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə qadir olmadığı bir vəziyyət də yarana bilər. Ümumiyyətlə, konsepsiya dedikdə, əsas düşüncə, ali ideya nəzərdə tutulur. Konsepsiya fəaliyyət istiqamətidir, dünyanın, təbiətin, cəmiyyətin mövcudluğuna bir baxışdır. İnkişaf konsepsiyası isə artıq konkretdir, tərəqqi üçün ünvanlı, ciddi addımlar atır. Təbii ki, hər bir hakimiyyət öz dövlətinin qüdrətli olmasını, vətəndaşlarının daha da yaxşı yaşamasını istəyir və bunun üçün həm də elmin imkanlarından faydalanmasını, dövlət- elm, dövlət-cəmiyyət, dövlət-vətəndaş qarşılıqlı münasibətlərinə yeniləşən meyarlardan baxılmasını zəruri hesab edir və strateji konsepsiyaları müəyyənləşdirir. Bir zamanlar elə düşünülürdü ki, elm dövlətə xidmət etməlidir. Məsələn, istehsal və sosial həyatın planlaşdırılmasına əsaslanan keçmiş sovet iqtisadiyyatı məhz bu istiqamətdə formalaşmışdı. Sonradansa, "okeanın o tayında" yaranan təsəvvürlərə görə, ölkədə müxalifətin, demokratiyanın olması, vətəndaşların həyatının daha da yaxşılaşdırılması fikrini ortaya çıxartdı. Fəqət, XX əsrin 80-cı illərinin sonu və 90-cı illərinin əvvəlləri elə bir dövr yaşandı ki, hər işdə planlaşdırma sistemi lazım olanlardan kəskin fərqləndi. Sonradan isə real surətdə aydın oldu ki, hər hansı bir sistemdə müxalifət güclənəndə orada hakimiyyət zəifləyir, heç kəs işləmək istəmir, hamı "idarə edir". O dövrdə Azərbaycanda isə elə hər şey itirilir, itirilirdi: dövlətçilik.., torpaqlar... mədəniyyət və sair.

Ölkə Prezidenti cənab İlham Əliyev hesab edir ki, son illərin uğurlarına baxmayaraq, dövlətdə ardıcıl islahatlar vacibdir. Millətin təhlükəsizliyini təmin etmək, iqtisadiyyat, siyasət və mədəniyyətdə islahatlar aparmaq üçün, hər şeydən əvvəl, bu sahələrin idarəetmə sistemini məhz islahatlar yolu ilə dəyişdirmək zəruridir. Əgər dövlət bu gün güclü və qüvvətlidirsə, onun daim inkişafda olması üçün dövrün tələblərinə, qarşılıqlı münasibətlərin yeni tərzinə uyğun surətdə müasir biliklər müstəvisində dəyişilməlidir. Diqqəti burada bir məqama cəlb etmək istərdik ki, F. Fukuyamanın əsərlərinin nəşrindən sonra keçmiş SSRİ-də "üçüncü demokratik dalğa"nın başlandığı bir zamanda etimad, güclü dövlət və s. haqqında müxtəlif kitablar yazılır. Təbii ki, bu, çox simptomatikdir. Biz bunlara F. Fukuyamanı "ittiham etmək" üçün yox, qüvvətli və həmçinin, xalqın ənənələrini ehtiva edən, dövrün tələblərinə uyğun gələn bir dövlətə malikolma yollarını dərk etmək məqsədilə nəzər yetiririk. Güclü dövlət məfhumu bir anlayış olaraq tarix boyu dəyişir. Zaman-zaman dövlət öz vətəndaşlarını birmənalı olaraq ona xidmət etməyə məcbur etdiyi üçün, bəzən isə öz böyük nüfuzu, növbənöv silahı, pulu və s. olduğu üçün qüvvətli sayılır. Bəzən də deyilir ki, güclü dövlət böyük dövlətdir, bəzən isə bunun əksi olaraq israr edirlər ki, dövlət hər şeyə qarışmamalıdır. Buradasa belə fikir yaranır ki, Azərbaycana 2020-ci ilin yüksəkliyindən baxarkən, artıq bizim bu gün olan təsəvvürlərimizdən prinsip etibarilə fərqlənəcək bir dövlətin qüdrətini nələrin təşkil edəcəyini nəzərə almaq lazımdır. Bunun mümkün olması üçün biz bu gündən sabaha baxmalı, o zamanın necə ola biləcəyini dərk etməliyik. Təbii ki, bu nüansların müzakirəsi Azərbaycanın müasirləşməsi məsələləri ilə məşğul olanlara, o cümlədən, iqtisadçılara, hüquqşünaslara, filosoflara, politoloqlara, sosioloqlara və s. aiddir.

Bir müəllif olaraq sabahkı gün barəsində düşünüb, gələcək haqqında müxtəlif fikirləri təhlil edərək, müvafiq müzakirələrə qatılıb, bəzi nəticələrə gəlirik: ilk öncə, kimin elmi bəsirətə ehtiyacı olduğunu, kimin gələcəyi görməyə qadir olduğunu və bunun, məsələn, müdrik insanların, şair və yazıçıların və s. uzaqgörənliyindən də nə ilə fərqləndiyini aydınlaşdırmaq lazımdır. Sonrası, dünya elmində gələcəyin əsaslandırılmış modelləri, iqtisadi hesablamalar, siyasi öncəgörmələr və s. də az deyildir. Belə olan surətdə Azərbaycanda, postsovet məkanında bu proseslərin hansının və necə təsir göstərməsi, region dövlətlərinin konfiqurasiyasının necə olacağı, Yaxın Şərqin, ya da Şərqi Avropanın hansı istiqamətdə hərəkət edəcəyi və s. tam müəyyən deyildir. Nəhayət, 2020-ci ildə Azərbaycanda yaşayacaq insanların şüuruna kim və necə təsir göstərəcək, onlar bu gündən nə ilə fərqlənəcək və fərqlənəcəklərmi? Bu və digər suallar gələcək üçün proqnozların əsas istiqamətini özündə ehtiva edən sorğular bankıdır.

Müasir strategiyanın verdiyi impuls onu göstərir ki, hakimiyyət ölkənin gələcək inkişafı haqqında tam məsuliyyəti ilə düşünür, ziyalılar isə bu barədə çox vaxt şair və yazıçı təxəyyülü ilə, ya da adi insanlar kimi fikirləşirlər. Əslində cəmiyyətin, ailələrimizin, uşaqlarımızın gələcəyi haqqında hamımız düşünməliyik. Yaxşı, belə olan surətdə bəs nədən alimlər ölkənin gələcəyi barədə bir peşəkar, bir mütəxəssis kimi düşünmürlər? Elmə öz proqnozlaşdırılmış funksiyasını həyata keçirməyə nə mane olur? Etiraf etmək lazımdır ki, ölkədə Avropa, Yaponiya, Çin və ya Rusiya inkişaf yolu ilə gedilməsi təklifini verən çoxsaylı əsərlər nəşr edilir. Lakin heç bir əsərdə Azərbaycan üçün bu yolun uğurlu olub-olmayacağı, bu və ya digər müəllifin gəldiyi qənaətlərin isə necə yoxlanılması haqqında suala əsaslandırılmış cavab verilmir. Zənnimizcə, burada ən sadə cavab belədir: biz axı hələ bilmirik ki, fərdi anlamımız və qənaətimizin buxovlarından qurtulub, yoxlanıla biləcək nəticələrə necə gələk, gələcəyi proqnozlaşdırmaq üçün daha dolğun məlumatları nə cür əldə edək. Bəs belə olan şəraitdə alim və idarəetmə sistemi arasında münasibətlər necə qurulmalıdır? Və dərhal burada da alimlərin keçmiş bərəsində olan fikirləri haqqında da müəyyən şübhələr baş qaldırır. Çünki keçmiş haqqında biliklərin əldə olunması üçün düzgün informasiya toplamaq, təhlil etmək, nəticə çıxarmaq və onların səhihliyini yoxlamaq bacarığına malik olmaq da tələb olunur. Ümumiyyətlə, alimlər, onların tövsiyələri qənaətbəxş və etibarlıdırmı, onlar öz tövsiyələrinə görə nə dərəcədə məsuldurlar? Hesab edirəm ki, əgər elmdə, o cümlədən, ictimai elmlərdə rəqəmsal biliklərdən istifadə edilərsə, bu alimlərin əsərləri dünyada tanınan, sayılan nüfuzlu dərgilərdə dərc olunarsa və həmin əsərlərdən tədqiqatçılar faydalanarsa və digər ciddi mütəxəssislər tərəfindən də təqdir edilərsə... onlara etibar etmək olar. Qeyd edək ki, hazırda elm getdikcə daha çox "məlumatlar axını"na əsaslanan bir sahəyə çevrilir. Müasir ciddi elm, belə deyək ki, məlumatları idarə edir, onların "axınını" bir haldan başqa hala salır, yəni kökündən dəyişdirir. Bizi "məlumatlar axını" ilə daha sürəkli olaraq internet, sosial şəbəkələr və yalnız bundan sonra kütləvi informasiya vasitələri, radio, televiziya və mətbuat təmin edir. Bu kimi məlumatlara çoxsaylı rəqəmlərin cəmləşdiyi cədvəllər, informasiyalar, başqa sözlə, ölçülə bilən müxtəlif şeylər daxildir. Bəlkə də, bəzi alimlər başqa sayda məlumat kateqoriyalarını göstərə bilərlər, amma biz bunları da fərqləndiririk: müşahidə, analiz, hesablama, təcrübi eksperimental məlumatlar və internet məlumatları.

Adət etdiyimiz adi elmi "məlumatlar axını"na əsaslanan elmə çevirmək çox mürəkkəb bir işdir. Bu mənada ictimai elmi rəqəmsallaşdırmaq, rəqəmlər dilinə çevirmək bundan da çətindir, lakin bunun da zamanı artıq yetişmişdir. Səhih məlumatlara, dəqiq rəqəmlərə əsaslanmış elm, düzgün informasiyanı nəinki təfsir etməyə, hətta onu başqa cür izah etməyə, təkrarən mənalandırmağa belə imkan yaradır. Təbii ki, bu kimi rəqəmsal məlumatlar həm strukturlaşdırılmış, həm yarıstrukturlaşdırılmış və həm də strukturlaşdırılmamış olur. Nəzərə alaq ki, strukturlaşdırılmış məlumatlar daha azdır və bir qayda olaraq, ictimai elmlər əsasən strukturlaşdırılmamış məlumatlarla işləyir. Lakin burada əsas olan odur ki, rəqəmsal məlumatlar üzərində qurulmuş elm də məhz gələcəyin təhlilini, təfsirini, modelləşdirilməsini və perspektivini nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyevin müasirləşdirmə kursu ölkənin müasir bir dövlətə - iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən isə demokratik və milli adət-ənənələri hifz edən dövlətə çevrilmə strategiyasını dəqiq müəyyənləşdirir. Ölkənin nəzərə alaq ki, həm də sosiomədəni müasirləşdirilməsi kursu vardır. Bu da modernləşmənin ayrılmaz bir tərkib hissəsidir. Onun mahiyyəti cəmiyyətin mədəniyyətinin müasirləşməsindən ibarətdir. Sosiomədəni modernləşmə isə cəmiyyətə belə bir mesaj verir: dövlətin xalqın firavan yaşamasını istəməsi hələ kifayət deyildir. Xalq özü gərək daha yaxşı, bugünkü güzəranına nisbətən, keyfiyyətcə daha sivil yaşamaq istəsin. Bu yolda çox işlər görülübdür. Son 10 il ərzində Azərbaycan bir sıra inkişaf etmiş ölkələrin çox onilliklər ərzində keçdiyi yolu arxada qoyubdur. Məhz buradan aydın olur ki, inkişaf yolumuzdakı sonrakı tarixi addımları atmaq üçün, getdikcə daha çox, əsasən bundan sonra hara və necə getmək haqqında düşünmək lazımdır. Təbii ki, bu, yalnız siyasətçilərin deyil, həm də bütövlükdə ictimaiyyətçi alimlərin qarşısında duran bir vəzifədir.

Dövlət başçısı, möhtərəm İlham Əliyev "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında" bir siyasi kurs kimi inkişafımızın sabahkı yolunu göstərir. Bu, biliklər cəmiyyətinə doğru yoldur. Bu, elə məhz o deməkdir ki, dövlət və cəmiyyətin gələcəyə yönəldilmiş siyasi kursunun elmi ekspertizaya, elmi biliklərə, elmi proqnozlaşdırmaya, həm də məsuliyyətlə bağlı biliklərə ehtiyacı vardır. Biz "bilik qüvvədir" deməyə alışmışıq, fəqət bizim bilik saydığımız əslində bilikdirmi?

Burada yenə sual yaranır: Nə üçün hakimiyyət və cəmiyyətin elmi ekspertizaya ehtiyacı zəruriləşir. Belə ki, ekspertizanın, bir qayda olaraq, hələ də istifadə etdiyi biliklərdən nə ilə fərqləndiyi barədə alimlərimizin araşdırmaları yoxdur. Ekspert biliyi dəqiqləşdirilmiş, sınaqdan çıxmış bilikdir və o, müxtəlif peşə nümayəndələri tərəfindən yoxlanılır. Bizim ümumi gələcəyimizə dair ekspert biliyini ayrı-ayrılıqda yox, yalnız kollektivlərdə birləşmiş iqtisadçı, politoloq, sosioloq, filosoflar və s. əldə edə bilərlər. Bu zaman iqtisadçının biliklərini politoloq sınaqdan keçirirsə, politoloq və iqtisadçının biliklərini də müvafiq idarəetmə mütəxəssisi və ya hüquqşünas yoxlayır və s. Biz hələ həmin kollektivlərin təklif etdiklərinin, heç də hər şeyin bilik olmasını demirik. Yalnız bu cür kollektivlərdə işləməyə alışmış alimlər proqnostik tədqiqatlar aparmağa hazırdır. Fəqət, bu da kifayət deyil, çünki onların gələcəklə bağlı və onun haqqındakı tövsiyə və təsəvvürləri yalnız başqa ölkə və kollektivlərdə çalışan peşəkarların deyil, həm də ağıllı, təcrübəli insanlar, "ağıllı kütlə" - "kraudsorsinq" tərəfindən sınaqdan keçirilməlidir. Bütün səviyyələrdə bu işin sadə bir prinsipi vardır - əgər məsələni həll etmək istəyirsənsə, yalnız öz əməkdaşların və məsləhətçilərinə müraciət etməklə kifayətlənmə, onların fikirlərini sınamaq üçün tanımadığın digərləri ilə də məsləhətləş. Qeyd edək ki, elmdə bu üsul çoxdan məlumdur və bu "xarici rəy" adlanır. Lakin, təəssüf ki, son zamanlar bu da "işləmir", bunun səbəblərini aydınlaşdırmaq isə bir o qədər də asan məsələ deyil.

Zənnimizcə, heç kəs buna etiraz etməz ki, müasir informasiya texnologiyalarının yüksək inkişaf səviyyəsi bütün vətəndaşların olmasa da, həmin texnologiyalardan istifadə edənlərin şüurunda çox böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bütün dünyada milyonlarla, bizdə isə yüz minlərlə gənc və bir o qədər də yaşlı insan internetdəki informasiyadan faydalanma, onu müzakirə etmə, onunla paylaşma və s. imkanları əldə edib. Vətəndaşların bu haqda əvvəllər nəinki xəbərləri, hətta bunun mümkün olduğu barədə təsəvvürlərinin belə olmadıqları, müxtəlif problemləri açıq və sərbəst şəkildə müzakirə etdikləri sosial şəbəkələr yaranıbdır. Fəqət, unutmaq olmaz ki, informasiyanın açıq olması, heç də ondan düzgün bir nəticə çıxarılacağı demək deyildir. İndi internetdə az qala hər şeyin olduğunu hamı bilir, amma bütün bunları hələ tapmaq, tutuşdurmaq, düzgün qənaətə gəlməyi bacarmaq da lazımdır. Digər tərədən, şəbəkədə fəal həyat tərzi sürən şəxs, sanki artıq başqalaşmış bir insandır. Şəbəkədən kənar olanlar bununla barışmalı və sıralarının durmadan artdığı həmin adamlarla konsensus tapmalı olacaqlar. Gələcəyin necə olacağını indi bilmək mürəkkəbdir, lakin bəziləri artıq bu gün "gələcəkdə" yaşayır, bəziləri isə həmişə "keçmişdə" qalacaq. "Qrupun fokusu"nu, yəni "ağıllı kütlə" kimi gələcək haqqında informasiyanı şəbəkədə fəal olanlar təşkil edəcəklər. Məhz alimlərin köməyilə dövlət həmin biliklərdən dövlətin xeyrinə "ağıllı kütlə" prinsipinin vasitəsilə necə istifadə etməyin mümkünlüyünü öyrənməlidir. Bundan başqa, şəbəkədə sərhəd yoxdur, orada hamı sərbəst ünsiyyət saxlayır, təmasda olur. Bütün bunlar isə dövlətin, alimlərin həmin prosesə qoşulmasını nəzərdə tutur. Və bunu tədricən, addım-addım etmək lazımdır. Ölkədə elektron dövləti, açıq dövlət elementləri yaranmışdır. Burada da dövlətin özü tərəfindən çox işlər görülür. Fəqət, elmə gəldikdə, etiraf etmək lazımdır ki, ictimai elmlər bu sahədə hələ çox geri qalır. İnternetdən informasiyalar alınır, lakin şəbəkədən olan insanın malik olduğu dəyərlər yaxşı dərk edilmir.

Gələcək haqqında informasiya vardır, amma bu, heç də o demək deyildir ki, biz gələcəyin necə olacağını dəqiq öyrənə bilərik. İnformasiyanı seçib götürmək, süzgəcdən keçirmək və gələcək barəsində hər hansı bir nəticəyə gəlmək üçün müəyyən texnologiya və metodikalardan istifadə etmək, kollektivlər yaratmaq, layihələr hazırlamaq və s. vasitələr lazımdır. Biz gələcək haqqında informasiyanı, əlbəttə, şərti olaraq, iki hissəyə bölərdik. Birincisi, sosiologiya, statistika və s. verdiyi konkret informasiya, məsələn, 2020-ci ildə hasil ediləcək neftin həcmi, onun təqribi dəyəri, sosial-iqtisadi məlumatlar, ÜDM, valyuta bazarının rəqəm və indeksləridir və s. İkincisi də şüurlarda hakim mövqe tutacaq ideyalar barəsindəki informasiyalardır. İdeyaların qiyməti haqqında informasiyanı klassik elm də verə bilər, lakin bu halda da o, internetdəki informasiyaya müraciət etməlidir.

XX əsrin ikinci yarısında fəlsəfədə belə bir nəticəyə gəlindi ki, insanda müasirliyin mahiyyətini onun öz yaradıcı potensialını aşkara çıxarmaq qabiliyyəti təşkil edir. Dünyada baş verən hər şey bu ideyanı təsdiq edir. Bugünkü liderlər də bu tezisi aydın başa düşə biliblər. Təhlükə, risklərlə yanaşı insanın yaradıcı başlanğıcının meydana çıxmasına kömək edən amillər də vardır. Həmin ideyaların arasında qlobal çağırışlar, dünyanın bu və ya digər bölgəsində ictimai şüurun onlara verdiyi müxtəlif növlü cavablar da yer alır. Dünyada olan terrorçuluq, separatizm, tolerantlıq və ya bir çox başqa hallar da bu sıraya aiddir. Bu məsələlərlə xeyli sayda elmi-tədqiqat institutları məşğul olur. Bir sıra ölkələrdə informasiyanın, internet-məlumatların sosial elmlərdə istifadəsi üzrə artıq yüksək texnoloji layihələr mövcuddur, bizdə isə hələ ki, bir çoxlarının kurs, diplom və dissertasiya işlərinin "Vikipediya"dan "köçürülməsi" haqqında mübahisələr aparılır, alimlər isə internetdəki materiallardan istifadə olunmasının qarşısını almaq barəsində mübahisə edirlər. Təbii ki, mətni eyni ilə köçürmək olmaz - bu, elmi etika məsələsidir, lakin informasiyanı təhlil etmək, ona münasibət bildirmək lazımdır, bunsuz müasir elm mümkün deyildir.

Burada yalnız fənlərarası tədqiqatların, məlumatların işlənməsi və istifadə edilməsinin deyil, həm də multifənli araşdırma məlumatlarının, internet-arxivlərin tərtib olunması və s. lazım olduğu barədə fikirləşmək vaxtı çatmışdır. Söhbət ondan gedir ki, yalnız müasir bilik istehsalının strukturunun yeni qarşılıqlı əlaqələrinin dəyişməsi baş vermir, həm də elmi idrakın yeni paradiqmaları, yeni modelləri meydana çıxa bilər. Buna görə də, bizcə, Azərbaycan-2020 haqqında gələcək düşüncələrin stimullaşdırılması Azərbaycan alimlərinin müxtəlif istiqamətli layihələr hazırlamasını da nəzərdə tutur. Məsələn, gələcək haqqında elm necə olmalıdır? O, necə təşkil edilməlidir? Elm və idarəetmə sistemi arasında effektiv əlaqələr necə olmalıdır? Müxtəlif ölkələrin alimləri arasında qarşılıqlı əlaqələr necə olmalıdır və s. Yekunda qeyd etmək istərdik ki, bəzi tədqiqatçıların fikrincə, gələcək haqqındakı elmlərdə fəlsəfə, tarix və s. üçün yer yoxdur. Əlbəttə, bu yanaşma düzgün deyildir. Klassik, keyfiyyətli fəlsəfə, etika, humanitar elmlər daim lazımdır. Fəqət, onlar riyaziyyat, riyazi məntiqlə getdikcə daha çox əlaqələndirilmiş olmalıdır. Müxtəlif elmlərin qovuşuğunda araşdırmalar aparmaq üçün "köhnə" elmlə "yeni məlumatlar"ın sintezinə nail olmaq lazımdır. Məhz bu baxımdan da dünya elmində getdikcə humanitar informatika, riyazi humanitaristika və s. bu kimi anlayışlar daha çox işlədilir. Bu anlamlar isə humanitar-ictimai elmlərin əlavəsi deyil, yeni biliklər, o cümlədən, proqnostik ictimai-humanitar bilik əldə etməyin bir üsuludur.

Dövrümüzün görkəmli filosofu, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "bu gün respublikanın elmi dairələrində modernləşmə planlarının həyata keçirilməsinin konseptual layihələri fəal müzakirə olunur, müasir Azərbaycan cəmiyyətinin reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında baş verən dəyişikliklərin dinamikası nəzərə alınmaqla transformasiya prosesləri tədqiq edilir". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı bu sərəncam da cəmiyyəti, elmi, elm adamını innovasiyalı müasirləşməyə istiqamətləndirir. Buradakı konkret vəzifə və məqsədlərin elm nümayəndələri tərəfindən də müəyyənləşməsi günümüzün aktuallığıdır. Müasirləşmə prosesində elm və elm insanları həm də öz fəaliyyətini gələcəyə yönəldərək praktiki tədqiqatlar və araşdırmalar üzərində qurmalıdırlar. Müxtəlif sahələr üzrə alimlərdən ibarət qruplar yaradılmalı, onlar da bir-birilə koordinasiyalı şəkildə işləməlidirlər. Bu proses məhz əlaqələndirici müstəvidə getməli, daim yeni keyfiyyət və kəmiyyətli məzmunla zənginləşməlidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, belə dəyişiklik "inqilabla olmur, təkamül yolu ilə tədricən gedir".

 

İlham MƏMMƏDZADƏ,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun direktoru,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 18 may.- S. 3.