Ümumtürk birliyi kontekstində Azərbaycan-Türkiyə münasibətləri

 

Türkiyə Cümhuriyyətinin yaradılmasının 89-cu ildönümünə

 

Z aman-zaman çox müxtəlif səbəblər nəticəsində ayrılıb daha sonra yenidən birləşmək və daha qüdrətli bir şəkildə dünya birliyində öz layiqli yerini tutmaq üçün səy göstərən türk toplumları üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək zərurəti ilə daxil olurlar. Böyük türk dünyasını yenidən və daha möhkəm əsaslar üzərində birləşdirməyə yönələn fəaliyyətlərin meydanı gündən-günə genişlənməkdədir. Uzun bir tarixi dövr ərzində türk toplumları nə qədər etno-kulturoloji diferensiasiyalara məruz qalsalar da sonda yenə də ümumtürk mədəniyyətini formalaşdırmağa və onu türk sivilizasiyası statusunda dünya mədəniyyətinin mühüm bir tərkib hissəsinə çevirməyə nail olmuşlar. Özünəməxsus mədəniyyət və siyasət ənənələrinə malik olan türklərin minilliklərdən keçib gələn həyat yolu qürur doğuran qəhrəmanlıq səhifələri ilə zəngindir. I Dünya savaşında Türkiyənin özünü qoruyub saxlaya bilməsi və Atatürk Cümhuriyyəti dövründə onun yeni, daha müasir əsaslar üzərində möhkəmlənməsi də ümumtürk tarixinin ən şərəfli səhifələrindəndir.

 

1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən elan olunmuş Türkiyə Cümhuriyyətinin doğuluşu dünya türklüyünün tarixində həlledici rol oynadı və həmin dövrdə artıq kifayət qədər parçalanmış ümumtürk birliyinin gələcəkdə bərpası üçün yeni zəmin yaratmış oldu. Hələ o zaman Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürk türk dünyasının özünüdərk və özünütəsdiq zərurətini böyük siyasi uzaqgörənliklə belə bəyan etmişdi: "Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix, yaratdığın sivilizasiyanın məğrurluğu ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu - sənin üçün həm bir haqq, həm də bir borcdur".

Böyük Atatürkün ideyasına görə, türklər ulu keçmişinin, yaradıcı çağdaş dövrünün və bunlar üzərində təməllənən böyük gələcəyinin bütövlüyünə əsaslanan milli dəyərlərini ortaya qoymaqla, bəşər tarixində türk sivilizasiyasının varlığını bütün əzəməti ilə sübuta yetirəcəkdi. Ulu Öndər türk millətinin xoş gələcəyinə nikbin baxışlarını belə ifadə etmişdi: "Milli ideala tam bir vəhdət şəklində yürüməkdə olan türk millətinin böyük millət olduğunu bütün sivilizasiya aləmi az zamanda bir daha tanıyacaqdır. Əsla şübhəm yoxdur ki, türklüyün unudulmuş böyük sivilizasiyalı mahiyyəti və böyük sivilizasiya qabiliyyəti bundan sonrakı inkişafı ilə gələcəyin yüksək sivilizasiya üfüqündə yeni bir Günəş kimi parlayacaqdır".

Atatürkün tarixi missiyası sadəcə Türkiyə Cümhuriyyətinin yaradılması ilə məhdudlaşmadı. Bəşəriyyətin yeni dövr tarixində - XX əsrin əvvəllərində ümumtürk birliyi ideyasını ilk dəfə beynəlxalq siyasət kontekstinə gətirən də məhz Mustafa Kamal Atatürk oldu. Bütün dünya türklərinin gələcəyini düşünən ulu öndər yenicə qurulmuş türk dövlətinin qarçısında duran strateji planlarından birini məhz belə müəyyənləşdirmişdi: "Biz bu gün Sovetlər Birliyi ilə dostuq, əməkdaşıq. Amma heç zaman unuda bilmərik ki, orada bizim qan, dil, mədəniyyət qardaşlarımız yaşayır. Sovetlər Birliyi bir imperiyadır. Bütün imperiyalar kimi o da dağılacaqdır. Biz hazır olmalıyıq ki, gələcəkdə öz qardaşlarımıza kömək edə bilək".

Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə söylədiyi bu fikirləri tarix yalnız XX əsrin son onilliyində həqiqətə çevirdi. Sovet imperiyasının çökməsi ilə tarixi türk yurdlarına da azadlıq və istiqlal gəldi, daha beş türk dövləti öz müstəqilliyini bəyan etdi. Böyük Atatürkün 70 il öncə müdrik bir uzaqgörənliklə söylədiyi fikirlər türk dünyasının yeni lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" cümləsi ilə öz təsdiqini və məntiqi davamını tapdı.

Türk toplumunun müasir dünya inkişafında özünə yer alması, beynəlxalq arenada yüksəlməsi və bu mövqedən özünün vahid strategiyasını irəli sürməsi, hər bir türk dövlətinin ümumtürk mənafeyindən çıxış etməklə dünya birliyində uzlaşdırılmış siyasi xətlə çıxış etməsi konsepsiyası Heydər Əliyevin türkçülüyə dair siyasi baxışlarında öz ifadəsini tapmışdır. Heydər Əliyev Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına təbrikində söyləmişdi: "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir".

Müasir dövrdə türk milli dövlətlərinin birliyi ideyasının kökündə bu dövlətləri yaratmış türk xalqlarının etno-genetik təməli, ulu sivilizasiya qaynaqları, bütün tarix boyu davam etmiş etno-mədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu dəyərlər elə möhkəm özüldür ki, tarixin ən amansız dövrlərində belə sarsılmamış, hazırda isə öz potensialını daha inamlı və daha məqsədəyönlü şəkildə hərəkətə gətirmək iqtidarındadır.

Üçüncü minilliyin başlanğıcında türk sivilizasiyasına mənsub olan dövlətlər yalnız vahid blokda birləşməklə qloballaşma prosesində daha böyük uğurlar qazana bilər, regional və qlobal müstəvidə önəmli güc mərkəzi kimi özünü təsdiq edə bilər. Mövcud milli dövlətlərin Türk Dövlətləri Birliyi formatında vahid siyasi blokda birləşməsi Avrasiya materikinin 1/5-də - 10,5 milyon kvadratkilometrlik böyük bir ərazidə yaşayan 250 milyonluq türk toplumunun məhz ümumtürk birliyi ideyası ətrafında cəmləşməsi kimi müqəddəs bir amala xidmət edir. Beş türk respublikasının - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın müstəqillik əldə etdikdən sonra Türkiyə ilə çiyin-çiyinə verərək birgə addımlaması və yeni nəsil dünya dövlətləri sırasında özlərinə layiqli yer alması beynəlxalq münasibətlərin inkişafında qlobal əməkdaşlığın yeni imkan və perspektivlərini açan mütərəqqi bir hadisədir. Artıq heç kimə sirr deyil ki, bu gün dünyada mövcud olan türk dövlətlərinin ümumi mənafe birliyini nəzərə almadan, nə onların özlərinin, nə bütövlükdə region dövlətlərinin, nə də beynəlxalq subyektlərin qarşılıqlı əməkdaşlıq münasibətlərini istənilən səviyyəyə çatdırmaq mümkün olmaz. Məhz bu prinsipial mövqeyi beynəlxalq siyasətin reallığına çevirmək üçün türk dövlətlərinin müttəfiqliyini möhkəmləndirən bütün təşəbbüslərin dəstəklənməsi türk dövlətlərinin yürütdüyü daxili və xarici siyasətin əsas istiqamətlərindən biri olmalıdır. Bu dövlətlərdən hər birinin güclənməsi ümumən türk dünyasının qüdrətinin artması deməkdir. Siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün açılan geniş meydan ənənəvi türk təşəbbüskarlığını yeni mərhələyə yüksəldir, birgə fəaliyyətlərin daha geniş və əhatəli spektrini yaradır. Türk dövlətlərinin qarşılıqlı fəaliyyətini tənzimləmək məqsədilə son 20 ildə yaranmış dövlətlərarası qurumların öz tarixi missiyalarını layiqincə yerinə yetirmək iqtidarında olması ümumtürk birliyinin gələcəyinə inamı daha da artırır.

Belə qurumlardan biri olan Türkdilli Ölkələrin Dövlət Başçılarının1992-ci ildən başlayaraq mütəmadi olaraq Ankarada, İstanbulda, Bişkekdə, Daşkənddə, Astanada, Bakıda, Antalyada, Naxçıvanda keçirilən Zirvə toplantıları türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində mühüm rol oynayır. Türkdilli Ölkələrin Dövlət Başçılarının 2010-cu ilin sentyabrında İstanbulda keçirilən X Zirvə toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təsis edilmişdir. Zirvə toplantısının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantılarında qəbul edilən qərarların mühüm rol oynadığını bildirərək, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini (2009-cu il, 3 oktyabr) yüksək qiymətləndirmişdir: "Biz artıq bir millət, altı dövlətik. Bu, Şuranın yaradılması ilə "Əməldə birlik" şüarı reallaşacaq. Bütün türk dövlətləri bu quruma sahiblənməlidir. Burada məqsəd bürokratik bir qurum yaratmaq deyil. Məqsəd xalqların təşəbbüskar ruhunu və potensialını hərəkətə keçirməkdir".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu Şuranın türk birliyinin möhkəmləndirilməsində rolunu yüksək dəyərləndirməklə yanaşı, onun xüsusilə iki qardaş ölkə arasındakı münasibətləri kifayət qədər irəlilədəcəyinə əminliyini bildirmişdir: "Türkiyə ilə Azərbaycan dünya üzərində bənzəri olmayan xüsusiyyətdə əlaqələri olan iki qardaş ölkədir və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu qardaşlığı taclandıran əbədi bir əsər olacaqdır".

Həmin toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkdilli xalqların öz sarsılmaz birliyini yaratmaq işində qətiyyətli olduğunu bəyan etmişdir : "...Bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir.

Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək".

Bu ilin avqust ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən toplantısında dörd türk dövləti tərəfindən ümumtürk bayrağının qəbul olunması bu möhtəşəm birliyin mənəvi əsaslarını daha da möhkəmləndirmiş oldu.

1993-cü ildən mütəmadi olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları da türk dünyasının birliyi ideyasının daha effektiv təbliğ olunmasına, bu xalqlar arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmlənməsinə əlavə stimul yaradır. Bu qurultaylarda qəbul olunmuş qərarlar türk xalqlarının problemlərinə baxışların bir-birindən fərqlənmədiyini nümayiş etdirir, qeyri-türk dövlətlərin (Rusiya, Ukrayna, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) ərazisində öz tarixi torpaqlarında kompakt halda yaşayan türk xalqlarının ana dilinin, milli-mənəvi dəyərlərinin və mədəni irsinin qorunub saxlanılmasına yardım göstərilməsini türkdilli ölkələrin hər birinin mənəvi borcu sayır.

Türk dünyasının humanitar əsaslarda birliyinin yaradılmasında TÜRKSOY-un əvəzsiz rolu vardır. TÜRKSOY yarandığı vaxtdan bu günədək türksoylu millət və dövlətlər arasında sıx dostluq əlaqələri quraraq, ortaq türk mədəniyyətini, dilini, tarixini, incəsənətini və yaşarı ənənələrini araşdıraraq ortaya çıxarmaq, davam və inkişaf etdirmək, türk dünyasının zəngin mənəvi və mədəni sərvətlərini müasir sivilizasiyanın üstün dəyərləri sırasına qoşmaq, bu yolda beynəlxalq sülhə və insan haqlarına xidmət etmək, türk dünyası xalqlarının ortaq keçmişini, tarixi irsini, dil və ədəbiyyatını, çağdaş sənət yeniliklərini ciddi elmi araşdırmalara cəlb etmək, beynəlxalq humanitar münasibətlər sistemində yeni tarazlığın qurulmasını nəzərə alaraq, bu prosesdə ümumtürk mədəniyyəti və sivilizasiyasının inkişaf tendensiyalarını rasional əsaslarda proqramlaşdırmaq məqsədlərini yüksək səviyyədə həyata keçirməkdədir.

21 noyabr 2008-ci ildə İstanbul şəhərinin "Dolmabaxça Sarayı"nda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə Türkdilli ölkələrin Parlament Assossiasiyası - TÜRKPA təsis olunmuşdur. TÜRKPA-nın əsas məqsədləri - parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsini təmin etmək, tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılmasına nail olmaq, türkdilli ölkələr arasında qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu əməkdaşlığın tərəqqisinə kömək göstərmək, tərəfdaş ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin uyğunlaşdırılması üzrə tövsiyələr vermək, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələri dərinləşdirməkdən ibarətdir.

Türk dünyasının birliyi ideyası, türk milli dövlətlərinin vahid siyasi və mədəni mövqedən çıxış etmə strategiyası bu gün Azərbaycanda, Türkiyədə və digər qardaş türk respublikalarında həm siyasi hakimiyyət, həm də ictimai-humanitar səviyyələrdə aktuallaşmaqdadır. Təbii ki, müstəqil dövlətçilik təcrübəsi olan, Azərbaycan Respublikasında və Türkiyə Cümhuriyyətində həmin ideya və konsepsiya daha möhkəm təməllərə və özünügerçəkləşdirmə potensialına malikdir. Bu siyasət Azərbaycanda və Türkiyədə müasir dünyanın reallıqlarına uyğun olaraq öz ölçüsündə, ardıcıl və sistemli şəkildə aparılmaqdadır. Hazırda bir çox iqtisadi, siyasi, mədəni layihələrin həyata keçirilməsi yalnız bu iki dövlətin ardıcıl birgə səyləri nəticəsində mümkün olur. Ümumiyyətlə, türk dünyasının bütövlüyü, onun özünü vahid geosiyasi məkanda və platformada dərk etməsi, buradakı proseslərə birgə təsir imkanlarına malik olması Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən, bu səviyyənin daim yüksəldilməsindən və daha kəsərli hala gətirilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Atatürk və Heydər Əliyev Türkiyə ilə Azərbaycanı birləşdirən və bununla da ümumtürk birliyinə yol açan möhtəşəm bir körpünün hər iki tərəfdən ən sarsılmaz dayaqları kimi görünür. Məhz bu təməl üzərində hal-hazırda Azərbaycan-Türkiyə münasibətlərinin yeni, ən sıx müttəfiqlik mərhələsi yaşanılır. Məhz bu münasibətlər zəminində son iyirmi ildə müstəqilləşmiş digər türk dövlətləri ilə əlaqələrin yeni modelləri və bu əlaqələrin intensivləşməsi gündən-günə zəruriləşir, bütün türk dövlətlərinin qarşılıqlı əlaqələr sisteminin əsas strateji istiqamətləri müəyyən edilir. Xüsusilə son on ildə Azərbaycan və Türkiyə Respublikalarının regional və qlobal siyasi arenada güclənməsi və onların arasındakı müttəfiqliyin ümumtürk və region dövlətləri üçün örnəyə çevrilməsi türk dünyasının bütünləşmə prosesinə ideya stimulu verməkdədir. Türkiyə və Azərbaycanın səsinə digər qardaş türk respublikalarından səs verildikcə, dünya türk dövlətlərinin birliyi öz sarsılmaz mövqeyini daha əsaslı şəkildə nümayiş etdirə biləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Türkiyə-Azərbaycan əlaqələri XXI əsrdə" forumunun iştirakçılarına, Amerika Türk Assosiasiyaları Assambleyasının XXIV qurultayına ünvanladığı məktublarda və digər tədbirlərdə söylədiyi nitqlərində Atatürkün böyük siyasi uzaqgörənliyini yüksək qiymətləndirmiş, türk dünyasının bütövlüyü ideyasını gerçəkləşdirmək, onu vahid, real gücə çevirmək istiqamətində Türkiyə-Azərbaycan münasibətlərini bütün sahələrdə inkişaf etdirməyin vacib və həlledici olduğunu bildirmişdir: "Mustafa Kamal Atatürk təkcə Türkiyə haqqında deyil, bütün türk dünyası haqqında düşünmüşdür. O cümlədən, Azərbaycanda yaşanan olaylar da onu hər zaman narahat edirdi, düşündürürdü və azərbaycanlı qardaşlarına olan məhəbbəti, hörməti, sevgisi bizim hamımıza bəllidir... Ölkələrimiz arasında bütün sahələrdə uğurlu əməkdaşlıq, işbirliyi mövcuddur. Siyasi, iqtisadi, hərbi, mədəni - bütün sahələrdə münasibətlərimiz inkişaf edir və bu bizi çox sevindirir. Bu gün Türkiyə və Azərbaycanda dünyanın ən böyük layihəsi - Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilir. Bu layihə bizi daha da sıx bağlayacaq, daha da sıx birləşdirəcəkdir. Regional əməkdaşlıq üçün gözəl şərait yaradacaqdır. Ümumiyyətlə, regionda bundan sonra gedən proseslərə böyük təsir göstərəcəkdir. Bizim gücümüz birliyimizdədir. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başlayandan sonra biz hər zaman Türkiyənin dəstəyini hiss etmişik və ümummilli liderimiz Heydər Əliyevin həmişə kəlamını yadda saxlayırıq: Biz bir millət, iki dövlətik. Türkiyə harada, Azərbaycan orada, Azərbaycan harada, Türkiyə orada olmalıdır. Əminəm ki, bundan sonra da belə olacaqdır".

Doğrudan da, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən keçən 20 il ərzində türk dövlətlərinin ortaq mənafeyi baxımından əhəmiyyət kəsb edən bütün beynəlxalq məsələlərdə hər iki dövlət eyni prinsipial mövqedən çıxış etmək qüdrətini dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın neft-qaz məhsullarının məhz Türkiyə vasitəsilə Avropa bazarlarına çıxarılması üçün Türkiyə maraqları naminə Azərbaycanın məruz qaldığı təzyiq və təhdidlərə fədakarlıqla sinə gərməsi ümumtürk birliyi istiqamətində aparılan strateji siyasətin tərkib hissəsi kimi çox cəsarətli addımlardan biri olmuşdur. Eləcə də Türkiyənin Azərbaycan ərazilərinin işğalına cavab olaraq bütün təzyiqlərə baxmayaraq Ermənistanla sərhədlərini artıq 20 il ərzində qapalı saxlaması, Azərbaycan-Ermənistan münaqişəsinin həllinə yalnız və yalnız Azərbaycanın maraqları baxımından yanaşması "sözdə birlik, əməldə birlik" prinsipinə sadiqliyin bariz nümunəsidir. Qlobal siyasi arenada güc mərkəzləri sayılan dövlətlər də artıq başa düşürlər ki, bu gün dünyada mövcud olan türk dövlətlərinin ümumi mənafe birliyini nəzərə almadan, nə onların özlərinin, nə bütövlükdə region dövlətlərinin, nə də beynəlxalq subyektlərin qarşılıqlı əməkdaşlıq münasibətlərini tənzimləmək mümkün olmayacaq. Artıq belə bir hal Qarabağ məsələsinə yanaşmada Azərbaycanın mənafeyinə uyğun şəkildə qardaş Türkiyənin beynəlxalq siyasət masasına qoyduğu prinsipial mövqe ilə öz təsdiqini tapmışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2012-ci ilin may ayından isə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi ümumən türk dünyasının böyük nailiyyəti, onun problemlərinə beynəlxalq diqqətin yönəldilməsi baxımından optimal imkan kimi qiymətləndirilə bilər.

Məhz belə bir prinsipial mövqeyi beynəlxalq siyasətin reallığına çevirmək üçün həm siyasi, həm də iqtisadi müstəvidə türk dövlətlərinin müttəfiqliyini möhkəmləndirən bütün təşəbbüslərin dəstəklənməsi olduqca vacibdir. Azərbaycanın geosiyasi mövqeyi və yenə də Türkiyə ilə məqsəd və məram birliyi bütün türk dövlətlərinin iqtisadi maraqlarının uzlaşdırılması üçün real imkanlar yaradır. Belə ki, Azərbaycan Avropanı Asiya ilə birləşdirən ən böyük türk dövləti olan Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirən, Xəzər-Qafqaz regionunu geosiyasi, iqtisadi və geosivilizasiya baxımdan bütövləşdirən bir dövlətdir. Azərbaycan qardaş ölkələrə sərmayə qoyan, Transxəzər layihələrini həyata keçirən və beləliklə də, türk dünyasının iqtisadi, siyasi və mədəni coğrafiyasını praktiki olaraq birləşdirən "həyat yoluna" çevrilməkdədir. Müasir türk dövlətləri məhz təbii ehtiyatlarla zəngin olan Xəzər hövzəsi üzərindən beynəlxalq iqtisadi əlaqələrin böyük meydanına çıxırlar. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri bölgənin yeni enerji xəritəsini yaradır. Neft məhsulları bu yollar və dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən (Qazaxıstan və Türkmənistandan) onun qərb sahillərinə, Azərbaycan ərazisindən keçməklə Türkiyəyə, oradan da Avropaya nəql edilir, dünya bazarlarına çıxarılır. Tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu yalnız Türkiyəni Azərbaycanla deyil, həm də Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Avropanı Orta Asiya ilə birləşdirəcək bir beynəlxalq marşrut olacaqdır.

Türkiyə-Azərbaycan münasibətləri təkcə iqtisadi maraqlar üzərində qurulmayıb hər iki ölkənin vətəndaşlarının ortaq tarixi-mədəni irsini və ortaq mənəvi dəyərlərini özündə əks etdirən ümumtürk birliyini təcəssüm etdirir. Bu birliyin sadəcə deklarativ xarakter daşımayıb real addımlarla möhkəmləndirilməsi digər türk dövlətlərini də türk dünyası ilə qarşılıqlı əlaqələrini fəallaşdırmağa və qloballaşma dövrünün türk dünyası qarşısında qoyduğu möhtəşəm bir çağırışı daha dərindən dərk etməyə sövq edir. Bu çağırış isə bütün türk toplumlarının vahid türk bayrağı altında birləşərək planetar miqyasda güc və söz sahibinə çevrilməsindən ibarətdir.

Müasir dünyada baş verən proseslərin ümumi tendensiyası da göstərir ki, beynəlxalq sistemi təşkil edən dövlətlərin qlobal siyasi, iqtisadi, mədəni məkanda, geniş əməkdaşlıq şərtləri daxilində strukturlaşması onların "sivilizasiya doğmalığını", milli-tarixi inkişaf ənənələrini ciddi şəkildə özündə ehtiva edən praqmatik layihələr əsasında mümkündür. Ona görə də türk milli dövlətləri artıq əsası qoyulmuş vahid siyasət və mədəniyyət platforması ilə hərəkət edərək, bu strateji istiqamətdə öz maraq və mənafelərini uzlaşdırmağı bacarmalı və özlərinin koordinasiya olunmuş strategiyasını dünya inkişafının aparıcı tendensiyalarından birinə çevirməlidir. Nəzərə alınmalıdır ki, türk dünyasının bütövlüyü həm də hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, öz milli mədəniyyətini inkişaf etdirməsinin başlıca şərtidir. Bu dövlətlərdən hər birinin güclənməsi isə öz növbəsində ümumtürk dünyasının qüdrətinin artması deməkdir. Türk milli mədəniyyətlərinin harmoniyası - onların hər birinin özünəməxsusluğunu yaşatması ilə bərabər təbii şəkildə ümumtürk mədəniyyətinə qovuşması ilə mümkündür. Bu baxımdan Türkiyənin qloballaşan dünyaya etnik baxımdan Roma sivilizasiyasının tarixi varisi kimi uğurla formalaşan Avropa Birliyi çərçivəsində deyil, məhz dünya türklüyünün tarixi-mədəni və etnik kök birliyini - sivilizasiya doğmalığını özündə ehtiva edən Türk Dövlətləri Birliyi formatında, qardaş türk dövlətləri ilə birgə inteqrasiyası daha məqsədəuyğun, daha faydalı və daha perspektivli görünür. Əslində bu yolun alternativi də yoxdur. Çünki Böyük Atatürkün dediyi kimi, "sivilizasiya mərhələsində layiq olduğu yerə yürümək və ora yüksəlmək - türkün həm haqqı, həm də borcudur".

Böyük türk dünyasına bu şərəfli borcu ləyaqətlə yerinə yetirməsi və öz haqqına qovuşması arzusu ilə,

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 1 noyabr.- S. 5.