Cəlilabad: bugünü dünənindən gözəl...

 

Bakının 210 kilometrliyində yerləşən Cəlilabadın şəhər atributları ilə zəngin mənzərələri var. "Qurtuluş" adlanan birinci küçədən sağa dönüb Heydər Əliyev prospektinə çıxandan sonra görünənlər könülaçan təsir bağışlayır. Cəlilabadın ölkəmizin sürətlə tərəqqi edən rayonlarından biri olması qənaəti güclənir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin buraya son səfəri zamanı söylədikləri ötəri bir baxışda da təsdiqini tapır: "Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir".

Dağlı-aranlı böyük ərazisi ilə öyünə bilən Cəlilabadda adam istər-istəməz ürəkdolusu nəfəs alır. Genişlik özü gen-bolluq ovqatı yaradır. Səliqə-sahman göz oxşayır. 200-ə qədər kəndi əhatə edən, 200 min nəfər əhalisi olan rayonda sosial-iqtisadi inkişafın mühüm əlamətləri hər addımda nəzərə çarpır. Son illərdə regionların inkişafı üzrə Dövlət Proqramına əsasən həyata keçirilən tədbirlər nəticəsində rayonun siması tamamilə dəyişmiş, gözəlləşmişdir. Cəlilabadlılar bu yay bölgəyə növbəti dəfə səfər edən dövlətimizin başçısı İlham Əliyevin görülən işləri təqdir etməsindən, çoxsaylı açılış mərasimlərində iştirakından qürur duymaqdadırlar.

Bütün bunlar barəsində ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağında ətraflı danışılmış və qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir.

Heydər Əliyev prospekti günbəgün abadlaşır. Burada səkilərə 12 min kvadratmetr tamet döşənib. Yaşayış binalarının fasadları ağlayla üzlənib, dam örtükləri, qapı və pəncərələri əsaslı təmir edilib. C.Məmmədquluzadə parkı başdan-başa yenidən qurulub. Alar, Qarazəncir və Göytəpədə yollar boyunca işıqlandırma sistemi qurulub. Əsas magistralın keçdiyi "Qurtuluş" prospektində ağlay və mozaik daşlarla 5 kilometr yeni hasar çəkilib. Ümumiyyətlə, 9 ayda Cəlilabadın küçələrinə 38700 kvadratmetr asfalt vurulub, 7800 kvadratmetr çınqıl döşənib.

Cəlilabadın mərkəzində ucaldılmış Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi baş küçənin yaraşıqlı binalardan ibarət ansamblına gözəl uyuşur. Ərazisi 1200 kvadratmetrdir. Mərkəzin ilk mərtəbəsində ümummilli liderin və cənab İlham Əliyevin Cəlilabada tarixi səfərlərini əks etdirən fotoguşələr böyük məhəbbətlə hazırlanıb.

Mərkəzin obrazlı şəkildə "Cənub palitrası" adlandırılan təsviri incəsənət studiyasında rayon gənclərinin rəsmləri və çeşidli əl işləri nümayiş etdirilir. Digər dərnəklər, kurslar zövq və istedad sahibi olan gənclərin yaradıcılıq imkanlarını genişləndirmək məqsədi daşıyır.

Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkı abadlıq-quruculuq işlərinin gözəl örnəyi sayılmağa layiq ecazkar bir guşədir. Bu parkda sanki şəhər gülümsəyir. Düz altmış il öncə salınmış parkı bir zaman sevimli xalq şairimiz Səməd Vurğun da vəsf edib. Bu il parkda əsaslı yenidənqurma tədbirləri görülüb. Ön tərəfində 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. Sakinlərin, o cümlədən veteranların mənalı istirahəti üçün parkda hər cür şərait yaradılıb. Yenidənqurma tədbirlərində müasirlik başlıca meyar götürülüb. İdman qurğularında həndbol, voleybol, basketbol və digər növlərlə məşğul olmaq mümkündür. Parkda çoxlu sayda dekorativ ağac, daş, gül və digər landşaft kompozisiyalarından ibarət guşələr göz-könül oxşayır.

Bu il Cəlilabadda 2000 tonluq soyuducu kamera, loqistik gübrə anbarı, həmçinin dəyirman, anbar kompleksi tikilib. İndi eyni həcmli daha bir soyuducu kamera inşa olunur. Rayonda 131,2 min ton taxıl, 82,7 min ton kartof, 9,2 min ton üzüm, xeyli meyvə, tərəvəz, günəbaxan və bostan məhsulu yığılıb. Üzümçülük genişləndirilir. Dövlət Proqramına müvafiq olaraq 1500 hektar üzümlük salınıb. İlin əvvəlindən 11,2 min ton ət, 58,1 min ton süd, 21,3 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəkindən artıqdır. Rayonda quş əti istehsalı da artıb.

Qırx beş kəndi əhatə edən Cəlilabad-Yardımlı yolunun üçdə-biri hazırdır. On dörd yaşayış məntəqəsini birləşdirən 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunun tikintisi üçün 3 milyon manat ayrılıb. Bu yolun çəkilişi başa çatıb. İyirmi bir kəndin sakinlərinin rahatlığına xidmət edəcək Qarazəncir-Qarakazımlı-Bayxanlı yolu üçün isə bu yaxınlarda 2 milyon manat ayrılıb. Hazırda orada torpaqbərkitmə və çınqıldöşəmə işləri aparılır. Beləliklə, böyük qayğı nəticəsində 80 kəndi əhatə edəcək 96 kilometrlik kəndarası yollar yüksək səviyyədə qaydaya salınmaqdadır. Ayrı-ayrı kəndlərə qaz kəmərləri çəkilir, məktəblərin tikintisi davam edir. Su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də artıq reallaşdırılır. Layihənin mühüm tərkib hissəsi olan təmizləyici qurğunun inşası davam edir. Bayraq Meydanı Cəlilabadın ən uca nöqtəsində - 50 metrlik yüksəklikdə qərar tutub. Buradakı bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Əzəmətlə dalğalanan ay-ulduzlu ipəyin-qumaşın arasında sanki küləklər də sehirlənir. Qəndillər bəzəkli nur ağaclarını xatırladır. Həndəvərdəki çox gözəl Gənclər Parkı iki hektarlıq ərazini tutur, başdan-başa yenidən qurulub.

Möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulub, uşaqlar üçün maraqlı attraksionlar quraşdırılıb. Yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanıb, minədək yeni dekorativ ağac və gül kolları əkilib. Müasir işıqlandırma sistemi axşamlar ətrafı çıraqbana döndərir. Bir sözlə, bu park da cəlilabadlıların sevimli istirahət məkanına çevrilib. Zirvə, bayraq, şəhərin panoramı unudulmaz təsir bağışlayır.

"İdman ili"ndə, Londonda Yay Olimpiya Oyunlarının keçirildiyi günlərdə Cəlilabadda Olimpiya İdman Kompleksinin açılışı sakinlər, xüsusən də gənclər üçün əsl bayram olub. Ələt-Astara magistral yolunun kənarında əzəmətlə boy göstərən kompleksin ərazisi 5 hektardır. Qapalı idman salonunda 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və digər növlər üzrə yarışlara baxa bilər. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılıb ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqət çəkir. Burada iş otaqları və idman zalları yerləşir. Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə edilib. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. Ümumilikdə idmanın 17 növü üzrə müxtəlif avadanlıq quraşdırılıb. Şahmat otağında divar lövhəsi vasitəsilə gənclərə qədim zəka oyununun incəlikləri tədris ediləcək. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Cəlilabada ötən səfərlərindən biri zamanı burada ayrıca Şahmat Məktəbi də istifadəyə verilmişdir.

Kompleksin beşzolaqlı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Uzunluğu 25, eni 12,5 metrdir. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2-1,8 metrdir. Digər sahələr də zövqlə yaradılıb.

Cəlilabadlılar Prezident İlham Əliyevin rayona səfəri zamanı Olimpiya İdman Kompleksində ictimaiyyət nümayəndələri ilə görüşünü iftixarla xatırlayırlar. Kompleksin açılışından sevinc duyduğunu söyləyən dövlət başçısının fikirləri hər kəsi hədsiz ruhlandırmışdır: "Bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir... Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür".

Azərbaycan Prezidenti Cəlilabada əvvəlki səfərlərində Müalicə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirakını xatırlamış, Heydər Əliyev Seyrəngahının möhtəşəm bir mərkəzə çevrildiyini, parkların yenidən qurulmasını, Gənclər evi, Quşçuluq fabriki, taxıl anbarı, məktəb tikintisi, üzümlüklərin bərpası və sair sevindirici işləri nəzərə çatdırmışdır. Yolların əsaslı təmir olunmasına, su-kanalizasiya sisteminin yaradılmasına, qazlaşdırmanın sürətini artırmaq zərurətinə diqqəti cəlb edən dövlət başçısı insanları narahat edən məsələlərin ard-arda həlli üçün səylərin artırılacağını söyləmişdir.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bizimlə söhbətində dövlət başçısının Cəlilabada diqqətini böyük etimad adlandırdı. Bundan sonra da abadlıq və inkişaf üçün, əhalinin rifahı naminə hər vasitə ilə çalışacaqlarını bildirdi.

Səfərdən iki gün sonra Prezidentin Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, regional inkişaf Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırması qayğı və diqqətin daha bir təzahürüdür.

Cəlilabadın bugünü dünənindən gözəldir. Sabahı bugünündən də gözəl olacaq. Rayonu gəlib görsəniz, sizdə də belə bir qənaət yaranacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 2 noyabr.- S. 6.