Azərbaycan iqtisadi fikir tarixinin istedadlı tədqiqatçısı

 

Çağdaş Azərbaycan və Türkiyə Cümhuriyyətinin dövlət maliyyəsi, ölkəmizin qlobal iqtisadiyyata inteqrasiyası, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Turqut Ozal kimi dahi şəxsiyyətlərin iqtisadi-fəlsəfi düşüncələrinin tədqiqatçısı, orijinal dərsliklərin müəllifi iqtisad elmləri doktoru Dünyamalı Əmir oğlu Vəliyevin 70 yaşı tamam olur. Müraciət etdiyi iqtisadi problemlərdə hər zaman məhz mühüm hədəfləri seçməsi onun elmi yaradıcılığı üçün səciyyəvi cəhətdir. Alimin tədqiqatları Azərbaycan və Türkiyə iqtisadiyyatının, bütövlükdə, türk birliyinin möhkəmləndirilməsinə yönəldilmişdir. Bu əsərlər özlüyündə türk xalqlarının xoşbəxt gələcəyini qurmaq məramından qaynaqlanır.

 

Dünyamalı Vəliyev 1942-ci ildə böyük alimlər, sənətkarlar yetirən Borçalı mahalının Qasımlı kəndində anadan olmuşdur. BDU-nun İqtisad fakültəsində müvəffəqiyyətlə təhsil aldığı illərdə gələcək həyat yolunu müəyyənləşdirmiş və onun böyük potensialını görüb layiqincə dəyərləndirən müəllimlərinin xeyir-duası ilə ömrünü çətin elmi axtarışlara sərf etməyi qərara almışdır. Elmlə praktikanın vəhdətinin nə qədər vacib və səmərəli olduğunu yaxşı bilən gənc iqtisadçı bir müddət respublikanın bank sektorunda, ali məktəb sistemində çalışmışdır. 1971-ci ildə Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda "Müasir Türkiyənin dövlət borcları" adlı maraqlı dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

Nəhayət, məqsədyönlü arzu yolları 1979-cu ildə onu Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutuna gətirib çıxarmışdır. Burada baş elmi işçi, Türkiyənin tarixi və itisadiyyatı şöbəsinin müdiri və institutun elmi işlər üzrə direktor müavini kimi səmərəli fəaliyyət göstərmişdir.

Yorulmaq bilmədən çalışan, tədqiqat dairəsini genişləndirən D.Vəliyev 2010-cu ildə AMEA-nın İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi mühitə inteqrasiyasının aktual problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnmişdir. Hazırda elmi fəaliyyətini Şərqşünaslıq İnstitutunda "Şərq-Qərb" şöbəsinin müdiri vəzifəsində davam etdirir. 10 kitab və 100-dən çox elmi məqalənin müəllifidir. Onun əsərlərinin ümumi həcmi 200 çap vərəqindən çoxdur. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq (Almaniya) şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Alim xalqın müasir iqtisadi fikri baxımından diqqəti cəlb edən dəyərli əsərlər yazmışdır. "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər" , "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası" və digərlərini bu sıraya aid etmək olar.

Ötən əsrin 90-cı illərində yenicə müstəqillik yoluna çıxmış respublikamız üçün Türkiyənin dövlət maliyyəsi, ölkənin sosial-iqtisadi inkişafına onun təsirini öyrənmək mühüm əhəmiyyət kəsb edirdi. D.Vəliyev böyük bir tarixi dövr üçün qardaş ölkənin vergi sistemini, onun dəyişmə meyllərini tədqiq etməklə Azərbaycan üçün mühüm təcrübə məktəbini aşkarlamış oldu. Müstəqilliyimizdən xeyli əvvəl yazılmağa başlanmış bu əsər müəyyən mənada alimin uzaqgörənliyindən xəbər verir. Qeyd edək ki, sovet dövründə hakim ideologiya bu cür mövzulara çox həssaslıqla yanaşılmasını tələb edirdi. Sübhəsiz, qonşu kapitalist ölkələrinin inkişafı birmənalı qarşılanmırdı. Lakin, tədqiqatçı alim bu çətinliklərin öhdəsindən gələ bilmişdir. D.Vəliyevin öz tədqiqatı üçün Türkiyəni obyekt seçməsində təsadüf və zərurətin hansı nisbətdə olduğunu söyləmək çətin olsa da, üstündən 50 ilə yaxın bir dövr keçdikdən sonra bu ölkənin bizim üçün nə qədər doğma, vacib olması bir daha tarix tərəfindən sübut olunmuşdur. Tədqiqatdan məlum olur ki, Türkiyə vergi sisteminin üstünlüyü vergi qoyuluşunun ənənəvi, müasir prinsip və strukturlarından eyni zamanda istifadə edilməsindədir.

Müəllifin araşdırmasına görə, Türkiyənin vergi sistemi (gömrük vergiləri) bir tərəfdən səmərəli xarici ticarəti stimullaşdırırsa, digər tərəfdən milli iqtisadiyyatın, xüsusilə də istehsalın inkişafına təkan verir, ölkənin texniki və texnoloji imkanlarının artırılmasına xidmət edir. D.Vəliyevin apardığı təhlillər göstərir ki, Türkiyədə vergilər dövlət tənzimlənməsinin yeganə vasitələri deyildir. Milli iqtisadiyyatın idarə olunması və tənzimlənməsinin bütün aspektlərinin (iqtisadi, hüquqi, maliyyə, siyasi və s.) koordinasiya mexanizmi kompleks təhlil edilməli və müəyyənləşdirilməlidir. Bu kitabla ölkəmiz Türkiyə kimi doğma, yaxın bir ölkənin təcrübəsini öyrənmək imkanı əldə etdi.

D.Vəliyevin tədqiqatçılıq fəaliyyətində həmişə bir dinamizm hiss olunur. Onun "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası" kitabı əvvəlki əsərlərinin davamı, inkişafı və ümumiləşdirilməsi baxımından önəmlidir. Kitabda respublikamızda ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsi, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin elmi konseptual əsaslara söykənən iqtisadi siyasət kursu kompleks şəkildə qloballaşma prizmasından tədqiq edilmişdir.

Azərbaycanın son 10 il ərzində daxilixarici iqtisadi siyasətinin elmi-nəzəri, praktiki təhlilindən alınan nəticə ondan ibarət olur ki, bu siyasət möhkəm təməllərə əsaslanmaqla ölkənin, xalqın, millətin fıravan gələcəyinə tuşlanmışdır. Həmçinin, bu siyasət milli, iqtisadi maraq və mənafelərə zərər gətirməyən bir siyasətdir. Müəllif sahib olduğu zəngin bilik və təcrübəyə əsaslanaraq qloballaşma dövründə dünyada gedən iqtisadi prosesləri incəliklərinə qədər təhlil edir, Azərbaycan iqtisadiyyatının bu dəyişikliklərə necə uyğunlaşdığını müəyyən etməyə çalışır, bu zaman yaranan problemləri aşkara çıxarır, onların aradan qaldırılması yolları haqqında sanballı tövsiyələrini verir. Həmin tövsiyələr yalnız kitab səhifələri arasında qalmır, yüksək idarəetmə orqanlarına təqdim olunur. Onun əldə etdiyi elmi nəticələr respublikanın rəsmi mətbuat vasitəsi olan "Xalq qəzeti"ndə mütəmadi şəkildə ictimaiyyətin diqqətinə çatdırılır.

Dünyamalı Vəliyev sübut edir ki, qloballaşma dövründə dərinləşən liberallaşma meylləri milli dövlət mənafelərini nəinki aradan qaldırmır, hətta onun qorunması həyati əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə, müəllifin özünün dediyi kimi, "iqtisadi proseslərin qlobal təbiəti ilə onların milli təsərrüfat çərçivəsində tənzimlənməsi arasında uyğunsuzluqlar artır" (səh.60). Lakin bu uyğunsuzluqlar və ziddiyyətlər mütləq bir məna kəsb etmir. Milli dövlətlərin apardıqları siyasət vasitəsilə "qızıl orta"nı tapmaq, qloballaşma proseslərindən daha çox faydalanmaq mümkün olur. Təsadüfi deyildir ki, yekun fəsildə (XI fəsil) tədqiqatın nəticələrinin milli iqtisadi təhlükəsizliyin, milli iqtisadi maraqların qorunması baxımından əhəmiyyətlilik dərəcəsi müəyyən edilir.

Müəllifin tədqiqat işləri həm zəngin ədəbiyyat mənbələrindən istifadəyə, həm də faktoloji cəhətinə (konkret faktlara istinada) görə diqqəti xüsusilə cəlb edir. Hər bir fikir və mülahizə dünya miqyaslı iqtisadçıların, siyasətçilərin əsərlərindən gətirilmiş istinadlarla tamamlanır, onların doğru-düzgünlüyü sübuta yetirilir. Beləliklə, müəllif cəsarətlə öz fikirlərini irəli sürür.

Alimin dərslik yaradıcılığı sahəsindəki xidmətləri də xüsusi qeyd olunmalıdır. İnzibati amirlik sisteminin tam əksi olan bazar münasibətlərinə keçilməsi iqtisadi təhsil sistemini yeni dövrün tələblərinə uyğunlaşdırmağı, iqtisadiyyat üzrə tamamilə yeni dərsliklər hazırlamağı tələb edirdi. Bu sahədə də o, çox işlər görmüşdür. Respublikamızda ilk dəfə olaraq yazılmış üç dərslik - "Beynəlxalq iqtisadiyyat" (Bakı, Azərbaycan Universitetinin nəşriyyatı, 2000, 328 səh.), "Beynəlxalq maliyyə" (Bakı, Azərbaycan Universitetinin nəşriyyatı, 2000, 328 səh., M.Rəhimovla birgə), "Vergi hüququ" (Bakı, 2003, 482 səh., Y. Balakişiyev və başqaları ilə birlikdə) onun böyük səyləri və rəhbərliyi ilə hazırlanmışdır.

Respublikamızda müstəqillik əldə edildikdən sonra iqtisadi biliklərin həmin sahələrində açıq-aşkar çatışmazlıq hiss edilirdi. Gənc respublikanın iqtisadi maarifçilik sahəsində əhəmiyyətli rol oynayan həmin dərsliklərə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən qrif verilmişdirali təhsil sistemində geniş istifadə edilir. Kitablardan biri - "Beynəlxalq iqtisadiyyat" daha da təkmilləşdirilərək 2012-ci ildə yenidən nəşr edilmişdir.

İqtisadçı alimin ömür yolunu izlədikdə onun bütün əsərlərinin böyük zəhmət sayəsində ərsəyə gəldiyinin şahidi oluruq. 1971-ci ildə namizədlik, 2010-ci ildə yəni, 40 il sonra doktorluq dissertasiyalarını müdafiə etməsi, bu tarix kəsiyində çap etdirdiyi çoxsaylı kitab və məqalələr ondan xəbər verir ki, tədqiqatçılıq, əsil yaradıcılıq işi zaman tələb edir. Burada hansısa sürətləndirici bir halın olması, "möcüzənin baş verməsi" mümkün deyildir. D.Vəliyevin dövrün iqtisadi problemlərinə baxışında ciddi bir obyektivlik müşahidə olunur. O, belə hesab edir ki, problem deyilməlidir və təkcə bununla da alimin işi bitmiş sayılmamalıdır, problemin həlli üçün dərin araşdırmalar aparılmalıdır.

D.Vəliyev təkcə elmi araşdırmalarla və dərslik yazmaqla kifayətlənmir. O bir neçə jurnalın, o cümlədən "İpək yolu", "Turizm və qonaqpərvərlik" jurnallarının redaktorudur, mütəmadi olaraq beynəlxalq və ümumrespublika konfransları təşkil edirxarici simpoziumlarda iştirak edir.

D.Vəliyev həm alim, həm də bir insan kimi fəal həyat mövqeyi tutmuşdur. Millətsevərlik və vətənpərvərlik onun həyatının mənasıdır. O, əsərlərində, elmi məclislərdəki çıxışlarında peşəkar iqtisadçı kimi düşüncələrini ortaya qoymaqla bərabər, vətənpərvərliyi, Azərbaycanın mədəniyyət və incəsənətini təbliğ edir, erməni terrorizmi və cinayətlərinin mahiyyətini açır. Alimin çoxşaxəli yaradıcı həyatının bu istiqamətləri üzrə "Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada" (1994), "Borçalının söz xəzinəsi"(2003), "Karyera: şəxsi müvəffəqiyyətin strategiyası"(2005) adlı kitabları da nəşr olunmuşdur. 2011-ci ildə çap edilmiş "Yüksəliş yolları" gənclərə ünvanlanmışdır. Hələ 1991-ci ildə D.Vəliyev ünlü türk professoru Utkan Qocatürkün "Atatürk" kitabını Azərbaycan dilinə çevirərək qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə ərməğan etmişdir. Müəllif kitaba yazdığı ön sözdə atatürkçülüyün, kamalizmin mahiyyətini açıqlamış, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkmiş, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş yer vermişdir. Bu kitabın çevrilməsi zamanı o, həmçinin doğma dilimizin saflaşması və zənginləşməsinə də xidmət etmişdir. Oxucular 20-21 il öncə məhz həmin kitab vasitəsilə dilimizin ənginliklərini daha dərindən hiss etmiş, nə qədər unudulmuş, yaxud az işlənən, yerini yabançı ifadələrə vermiş təmiz türk söz dünyasına baş vurmaq imkanı qazanmışlar. "Millət vəkili", "çağdaşlaşma", "dəstəkləmək", "bölgə", "varyeməz", "yön" və s. bu kimi sözləri misal çəkmək olar.

Dünyamalı müəllim xaraktercə rahat bir insandır. Bu dünyada tələsmədən və ləngimədən yaşamağı, aza qane olmağı, insanın özü ilə olmasını, hisslə deyil, ağılla davranmağı əsas tutur. Onunla bir kollektivdə işləmək, yol yoldaşı olmaq, işbirliyi qurmaq, əməkdaşlıq etmək adamda ancaq müsbət enerji yaradır. Dünyamalı müəllim bir iman adamı, mənəviyyat daşıyıcısıdır. Ailə başçısı, elmi işçi, müəllim kimi böyüklük, ağsaqqallıq, rəhbərlik etməyi bacaran insandır. O, həm də bir dövlət adamıdır. Türkçülüyün böyük carçısı və tədqiqatçısıdır, bütün varlığı ilə torpağına, millətinə, elinə bağlıdır.

İnsan intellektual, etik, hüquqi, mədəni davranışlara nail olmaqla inkişaf edir. Belə deyim var: elm beyni, sənət ürəyi, din isə ruhu qidalandırır. Ətrafındakı insanların Dünyamalı müəllimə böyük hörmətlə yanaşmasının səbəbi də onun elm, sənət və dinlə özünü daim zənginləşdirməsidir. D,Vəliyev zəhmətə alışan, həyatın mənasını bunda görən adamdır.

Peyğəmbərimiz insan ömrünün mənasını belə dəyərləndirmişdir: "İnsanların ən xeyirlisi ömrü uzun, əməlləri gözəl olandır". Bu gün Dünyamalı müəllim böyük həvəslə, şövqlə tədqiqatlar aparır, "Azərbaycan iqtisadiyyatı" haqqında yeni dərslik üzərində çalışır, elmə gələn gənclərdən xeyirxahlığını, köməyini əsirgəmir. Bir sözlə, xoş niyyətli bir insan, işıqlı şəxsiyyət olan Dünyamalı Vəliyev çox mənalı və örnək ola biləcək bir ömür sürür.

 

 

Asəf NADİROV,

akademik Xosrov KƏRİMOV,

BDU-nun dünya iqtisadiyyatı

kafedrasının dosenti

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 7.