"GƏLƏRSƏN - GÖRƏRSƏN" qalası

 

Şəki tarixinə ötəri bir nəzər

 

Şəki rayonu (1968-ci ilədək Nuxa) 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə rayon ləğv edilərək ərazisi Vartaşen (indiki Oğuz) rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon statusu almışdır. Rayon şimal-şərqdə Rusiyanın Dağıstan MR ilə həmsərhəddir. Şəhərin ərazisi dəniz səviyyəsindən 500-850 metr hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000-3500 metrə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.

 

Şəki Azərbaycanın tarixi şəhərlərindən və ən qədim mədəniyyət mərkəzlərindən biridir. Şəhər və rayon ərazisi tarixi abidələr və qalalarla zəngindir. Şəki Xan sarayı, Aşağı Karvansara, Yuxarı Karvansara, Kiş məbədi və s. təkcə bu diyarın deyil, bütün Şərqin ən möhtəşəm abidələrindəndir.

Vaxtilə Şəkidə məşhur sənətkarlar məhəlləsi mövcud olmuşdur. Bu sənətkarların yaratdıqları dulusçuluq, zərgərlik, şüşə və metal məmulatları, ipək parça və xam ipək məhsulları dünyanın əksər ölkələrinə və şəhərlərinə ixrac edilmişdir. Buranın əhalisi həmçinin ticarət, bağçılıq, tütünçülük və sair işlərdə məşğul olub.

Şəki haqqında ərəb, fars, türk, gürcü mənbələrində, həmçinin rus və orta əsr Avropa müəlliflərinin əsərlərində geniş məlumatlar verilir. Təkzibedilməz tarixi və arxeoloji faktlarla sübut edilmişdir ki, Şəkinin əsası eramızdan əvvəl VII əsrdə qoyulub. Azərbaycanın mərkəzi şəhərlərindən biri kimi tanınmış Şəki tarixən vilayət, knyazlıq, əmirlik və nəhayət xanlıq mərkəzi kimi mövcud olub. Bu il şəhərin əsasının qoyulmasının 2700 illiyi təntənə ilə qeyd edilib.

 

Qüdrətdən səngərli, qalalı dağlar...

 

Başı buludları dələn dağlarımız, səfalı yaylaqlarımız zaman-zaman qürur mənbəyimiz olmaqla bərabər, həm də babalarımızın isti yuvası, sığınacaq yeri, yadelli işğalçıların hücumlarına sinə gərən sipər, müdafiə istehkamlarımız olmuşlar. Ulularımız sıldırım qayalı, dərin yarğanlı belə dağlarda möhtəşəm qalalar quraraq, elin-obanın ağır günlərində bu tərlan oylaqlarında at minib, qılınc oynadıb, qalxan gəzdirib, yağı düşmənə qan udduraraq, arxa-dayaq olublar yurd yerlərimizə. Odlar yurdu Azərbaycan azadlıq uğrunda döyüşlərdə odürəkli oğullarına, qızlarına arxalandığı kimi, vüqarlı dağlarına, odlu məbədlərinə, onların etibarına da bir o qədər güvənib. Onlar da kürək-kürəyə, çiyin-çiyinə dayanaraq azman sədlər kimi gecəli-gündüzlü keşiyini çəkibdir, doğma yurdumuzun. Qala divarlarında tikilən mazqal və bürclərdən qalaya yaxınlaşmaq istəyən düşmənə daş, ox, nizə yağdırıb, od ələyiblər.

Qədim tarixi qaynaqlardan məlum olur ki, o taylı-bu taylı doğma Azərbaycanımızın elə bir guşəsi, elə bir bölgəsi olmayıb ki, orada başı göylərə ucalan möhtəşəm qalalara, bürc, qüllə, istehkamlara, onların qalıqlarına rast gəlinməsin. Əlincəqala, Çıraqqala, Bəzz qalası, Girdman qalası, Cavanşir qalası, Ərk qalası, Zərdüşt qalası, Qız qalaları, Dərbənd qalası, Abşeron qalaları, Fit qalası, Qəhqəhə qalası, Pəri qalası, Gülüstan qalası, Koroğlu qalası, Əsgəran qalası və s. Dizləri bükülməz bahadırlarımızdan yadigar qalan belə qalalardan biri də "Gələrsən-Görərsən" qalasıdır.

 

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

"Gələrsən-Görərsən" qalası (Bəzi mənbələrdə "Gəl-Gör-Get qalası" kimi qeyd olunur) Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, sıldırım olduğuna görə qalaya öndən, arxadan və çay tərəfdən hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. O da maraqlıdır ki, rus yazıçısı Lev Tolstoyun məşhur "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələrin də məhz bu qalada cərəyan etdiyi bildirilir. "Gələrsən-Görərsən" qalası sındırılmış çay daşlarından inşa edilmiş və divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala hündür bürclərlə (7 metr) əhatə olunub. Şəki şəhərinin özü qala divarları ilə əhatə olunmadığından, düşmən hücumu zamanı əhali "Gələrsən-Görərsən" qalasına sığınırdı. Vaxtilə qalanın möhkəm bəndi, sıldırım dağlarla əhatələnməsi, azman bürclərə və qüllələrə malik olması təkcə şəhər əhalisinin təhlükəsizliyini qorumur, həm də özünəməxsus təbiətə malik bu yurdda namus və qeyrət rəmzi kimi qürurla dayanırdı.

Qalanı seyr etdikcə qandan-qadadan, amansız savaş və qovğalardan xəbər verən ötən çağlar gözümüz qarşısında canlanır. At dırnaqlarının şimşək kimi çaxan taqqıltısı titrədərdi bu dağları. Adama elə gəlir ki, keçmiş hadisələrin dilsiz şahidi olan bu qalanın möhkəm divarları, uca bürcləri, nəhəng qüllələri, möhtəşəm istehkamları öz əzmi ilə yenilmək, əyilmək bilməyən ərənlərdi, ana yurdun keşiyində dayanıb, onu yadellilərdən qoruyur.

Qalada əsaslı arxeoloji işlər aparılmasa da, müəyyən vaxtlarda axtarışlar nəticəsində buradan müxtəlif maddi-mədəniyyət nümunələri-bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, təsərrüfat quyuları, saxsı qab qırıqları, hovuz, inşaat materialları və s. aşkar olunub. Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib.

Qalanın müdafiə məqsədilə tikildiyini qeyd edən görkəmli maarif xadimi Rəşid bəy Əfəndiyev şəkililərin düşmən təhlükəsi zamanı "Gələrsən-Görərsən" qalasına sığındığını qeyd edir. Şəki xanlarının nəslindən olan Azərbaycan tarixçisi Kərim ağa Fateh "Şəki xanlarının müxtəsər tarixi" əsərində qalanın möhkəmliyindən bəhs edərək yazırdı: "Gələrsən-Görərsən" qalası çox hündür və möhkəm olmasına görə heç kim tərəfindən alına bilməmişdir". XIX əsrin görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov da "Gülüstani-İrəm" əsərində böyük ustalıqla tikilmiş bu qalanın möhkəm və alınmaz olduğunu qeyd etmişdir.

 

Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin

 

Qalanın neçənci əsrdə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi müəlliflər onun tarixini XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Məsələn, ərəb müəllifi İbn Ərəbşahın yazdığına görə, 28 iyul 1402-ci il tarixdə baş vermiş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur yolüstü iki istehkamı bir müddət mühasirədə saxlayıb və nəhayət, onları ələ keçirib. Bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası olub. Ehtimal etmək mümkündür ki, həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən" qalasıdır. Qalanın İbn Ərəbşah tərəfindən verilmiş təsviri də məhz "Gələrsən-Görərsən" qalasına uyğun gəlir.

Digər tarixi qaynaqlara əsaslanan tədqiqatçılar da "Gələrsən-Görərsən" qalasının hələ XVI yüzilliyin əvvəllərində müdafiə istehkamı kimi istifadə edildiyini, digərləri isə onun daha qədimdən məlum olduğunu söyləyirlər. 1524-cü ildə Şəki hakimi, yerli feodal Dərviş Məhəmməd xan Səfəvi hökmdarı I Təhmasibin Şirvana hücumu zamanı öz döyüşçü dəstələri ilə Şirvanşaha kömək edib. Məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu "Əhsən-üt-tarix" əsərində 1551-ci ildə Təhmasibin Şəkiyə hücumu zamanı Dərviş Məhəmməd xanın "Gələrsən-Görərsən" qalasında möhkəmləndiyni təsvir edib.

Bəs görəsən, qalanın adı öz mənşəyini haradan götürüb? "Gələrsən-Görərsən" adı qalaya hansı tarixi hadisələrlə əlaqədar verilib?

Tarixçilərin verdiyi məlumata görə, 1743-cü ildə Nadir şah böyük qüvvə toplayıb, təpədən dırnağa qədər silahlanmış 30 minlik nizami qoşunu ilə Şəkiyə yürüş edib. Düzənlikdə açıq savaşda onunla bacara bilməyəcəyini dərk edən Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq müqavimət göstərməyi qərara alıb. Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb etmiş, əks halda torpağını yerlə-yeksan edəcəyini, qaladakıların hamısını qılıncdan keçirəcəyini bəyan edib. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək "Gələrsən, görərsən" - deyiblər.

"Gələrsən-Görərsən" qalasında baş vermiş bu hadisə ilə bağlı başqa variantlar da vardır. Həmin variantların birində nəql olunur ki, XVIII əsrin əvvəllərində Şəki xanı Hacı Çələbi xan Nadir şahın nümayəndəsi Məlik Nəcəfin xalqı soymasına və incitməsinə imkan vermirdi. Məlik Nəcəf bu barədə Nadir şaha şikayət edir. Şah da Hacı Çələbini yanına çağırıb ona xəbərdarlıq edir. Hacı Çələbi Məlik Nəcəfə mane olmayacağı barədə şaha söz verir, lakin Şəkiyə qayıdan kimi onu öldürtdürür. Bundan qəzəblənən Nadir şah böyük bir qoşunla Şəkiyə hücum edir. Nadir şahın Hacı Çələbinin yanına gələn nümayəndəsi bildirir: "Şah buyurur ki, qoy könüllü surətdə mənə təslim olsun. Əks təqdirdə o, başını harada gizlədər". Hacı Çələbi də elçiyə belə cavab verir: "Şahınıza deyin ki, gələrsən, görərsən, mən başımı harada gizlədərəm". Deyilənə görə, elə o vaxtdan da qala "Gələrsən-görərsən" adlanır.

Digər oxşar rəvayətdə qeyd olunur ki, Nadir şahla Hacı Çələbi xanın üzbəüz duran qoşunları uzaqdan-uzağa, qışqıra-qışqıra danışa bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və şəkililərdən soruşur: "O necə qaladır ki, onu almaq olmur?". Ona belə cavab verirlər: "Gələrsən-Görərsən". Deyilənə görə, elə o vaxtdan qala belə adlanıb. Bütün bunlardan sonra Nadir şahın qoşunları hücuma başlayır. Lakin qalanın müdafiəçilərinə qarşı döyüşlərdə heç bir müvəffəqiyyət qazanmayan şah geri çəkilməyə məcbur olur. Həmin hadisələrin canlı şahidi olmuş Rusiyanın Nadir şahın yanındakı rezidenti V.Bratişşev özünün 1744-cü il 13 aprel tarixli məlumatlarında yazırdı: "Keçən günlərdə şah Şəki sınağına yaxınlaşdı və üç gün orada daynıb piyadaların iştirakı ilə böyük hücuma başladı. Lakin... müqabil tərəf müqavimət göstərdiyindən, ancaq 46 adam öldürüldü və əsir götürüldü, başqa müvəffəqiyyət qazana bilmədi. Bunun əksinə, iranlıların tələfatı daha çox idi, onların yüzdən artıq adamı öldürülmüş və bir neçəsi yaralanmışdı". Beləliklə, şəkililərin inadlı müqaviməti nəticəsində Nadir şah mühasirədən əl çəkməyə məcbur olmuşdu.

Lakin müəyyən müddət sonra Nadir şah yenidən qala üzərinə hücuma keçir. Əhali işğalçılara qarşı mübarizəyə qalxır və düşmənə ciddi müqavimət göstərir. Şahın dəliqanlı atlıları nə qədər canfəşanlıq etsələr də, qala divarlarına yaxın düşə bilmirlər. Qala divarlarına çatanların başına hər tərəfdən çay daşları yağdırır, yanar qətran tökürdülər. Qətranlı məşəllərin tüstüsündən "Gələrsən-Görərsən" qalası duman içində görünməz olmuşdu. Düşmənin nərdivan daşıyan döyüşçüləri su doldurulmuş xəndəklərdə ilişib qalırdılar.

Şəkililər azadlıq uğrunda döyüşlərində həmişə od ürəkli oğullarına arxalandıqları kimi, kişi qeyrətli sonalarına - igid qızlarına da güvəniblər. Çünki qızlar da çəpər, sipər olublar doğma el-obaya. "Aslanın erkəyi-dişisi olmaz" - deyiblər müdrüklərimiz. Şəkililər üç il aclıq və çətinliklərə məruz qalsalar da, "Gələrsən-Görərsən" qalasını təslim etməmiş, düşməni əldən salandək vuruşmuşlar. Yenə də heç bir müvəffəqiyyət qazanmayan şah ordusu kor-peşman geri dönmüşdü.

 

(ardı var)

 

 

Tofiq BABAYEV,

 

Tahir ŞAHBAZOV,

AMEA Arxeologiya və Etnoqrafiya

İnstitutunun aparıcı elmi işçiləri,

tarix üzrə fəlsəfə doktorları

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 7.