Balakən: qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir

 

Əhalisi təbiətindən, təbiəti sakinlərindən saf olan bu dağlar diyarı barədə il ərzində nə qədər yazmışam, nə qədər faktları, rəqəmləri yada salmışam- bilmirəm. Bir onu bilirəm ki, Balakənə növbəti səfərim zamanı yığcam bir yazı qələmə almaq istəyirdim. Faktlarım isə çox idi.

 

Rayondakı Heydər Əliyev Mərkəzində "Sənətkarlar evi" yaradılıb. Balakən bu il respublikada ən çox qarğıdalı istehsal edən rayondur, sahibkarların yeni saldığı meyvə bağları artıq bar verir, kənd təsərrüfatının bütün sahələri üzrə məhsul istehsalında artım var, rayon icra hakimiyyətinin başçısının 31 dəfə səyyar görüş-qəbulları olub, həmin tədbirlərdə 4 min 500-ə yaxın sakin iştirak edib və sairə. Ancaq "sən saydığını say..." deyiblər. Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevlə söhbətimiz zamanı məlum oldu ki, mən haqqında söz açılmalı məqamların hamısını bilmirəmmiş. İslam müəllim öz söhbətinə rayonun əsas problemi olan bir məsələdən başladı:

- Bu il bizim üçün təkcə uğurlar ili olmadı, həm də ağır problemlər yaşadıq. Nə yaxşı ki, cənab Prezidentin və dövlətin köməyi yanımızda oldu. 7 və 18 may tarixlərində bölgədə baş vermiş zəlzələ zamanı ziyan dəymiş fərdi yaşayış evlərinin və sosial obyektlərin siyahısının dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilib. Fövqəladə Hallar Nazirliyinin bölgədə fəaliyyət göstərən müvafiq komissiyasının rəyinə əsasən, 183 ev sökülüb, 204 evə inşaat materialları daşınıb və tikinti işlərinə başlanılıb. 67 fərdi evin tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda, 300 yerlik Qarahacılı kənd tam orta və 80 yerlik Püştətala ibtidai məktəblərinin, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin tikintisi davam etdirilib. Məktəb tikintiləri yekunlaşmaq üzrədir. Gərəkli kəndindəki yaşayış evinin birinci mərtəbəsinin divar hörgü işləri aparılır. Katex 1 saylı uşaq bağçasının tikintisinə başlanması üçün sənədləşmə işləri yekunlaşmaq üzrədir. Hazırda Fövqəladə Hallar Nazirliyinin komissiyası 14 oktyabr 2012-ci ildə baş vermiş zəlzələ ilə əlaqədar əhalidən daxil olan müraciətləri araşdırır.

Məktəb tikintiləri sahəsində işlər uğurla gedir. 80 yerlik Qullar-3 və 180 yerlik Katex-zavod kənd məktəbləri üçün yeni binalarının tikintisi, Nizami adına şəhər 1 saylı tam orta məktəbinin əsaslı təmiri başa çatıb və hər üç məktəb yeni dərs ilində şagirdlərin istifadəsinə verilib. 360 yerlik Xalatala kənd tam orta məktəbinin tikintisində tamamlama işləri görülür.

Bundan başqa, 2 saylı Qullar məktəbi üçün 220, Hənifə məktəbi üçün 480, Qazma 2 saylı məktəbi üçün 360, Qaracabinə məktəbi üçün 80 və Qazbinə kənd orta məktəbi üçün 220 yerlik olmaqla, ümumilikdə, 1360 yerlik 5 yeni məktəbin tikintisinə başlanılıb. 180 yerlik Şambul kənd tam orta məktəbinin tikintisinə yaxın zamanda başlanacaqdır.

Bu il Balakəndə şəhər 1 və 3 saylı, Gərəkli kənd uşaq bağçaları, Meşəşambul kənd tam orta, Roçəhməd orta, Salban kənd ibtidai məktəbi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, Qabaqçöl xəstəxanası əsaslı təmir edilərək istifadəyə verilib.

Bu il Heydər Əliyev meydanının abadlaşdırılması işləri davam etdirilib. Prospektin yol qovşaqlarında və hasarlarda dekorativ üzlənmə işləri aparılıb, səkilərə üzlük daş döşənib, sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulubdur. H.Əliyev prospekti 48, M.Əsədov 1, Aydın Məmmədov 4, Ə. Ansuxski 1, Nizami 5 ünvanında yerləşən çoxmənzilli yaşayış evlərinin əsaslı təmiri başa çatdırılıb, Nizami 5 və Səttar Gözəlov 26 ünvanlarında yerləşən çoxmənzilli binalarda əsaslı təmir işləri davam edir.

Ölkə Prezidenti İlham Əliyevin 28 mart 2012-ci il tarixli "Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına əsasən tikilməsi nəzərdə tutulan Balakən-Qazma-Darvazbinə avtomobil yolunun tikintisi davam edir. Yol boyunca 305 ədəd elektrik dayağı dəyişdirilib, 8 kilometr uzunluğunda elektrik naqilləri "SİP" kabellə əvəz olunubdur. Yol kənarlarında 9,5 kilometr məsafədə abadlıq işləri aparılıb, yağış sularının axması üçün 3 kilometr uzunluğunda arx çəkilibdir. Hazırda avtomobil yolunda 11 kilometr çınqıl örtük, 4,4 asfalt örtük tikilib və iş davam edir. Bununla yanaşı, şəhərdə 1 əyləncə mərkəzinin və 2 yeni şadlıq evinin, "Balakən-1" su-elektrik stansiyasının, rayon mədəniyyət evinin tikintisi davam edir.

"Aqrolizinq" ASC-nin Balakən rayon Aqroservis filialının inzibati binasının tikintisinə başlanılıb. Rayon Təhsil Şöbəsinin, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış binasının və YAP rayon təşkilatının yeni inzibati binasının, Heydər Əliyev prospektində "Şəhər seyrəngahı"nın tikintisi üçün torpaqayırma sənədləri hazırlanıb, layihələndirmə işləri aparılır. Cari ilin sonunadək həmin obyektlərin tikintisinə də başlanacaqdır.

Yerli bələdiyyələrin vəsaiti hesabına Püştətala, Hənifə, Meşəşambul, Mahamalar, Qaysa, Qullar, İtitala, Kortala və Tülü kəndlərində 8 kilometr uzunluğunda kəndarası yollara asfalt tökülüb, 57 kilometr uzunluğunda yollar qum çınqıl materialı ilə təmir olunubdur. 37,2 kilometr uzunluğunda su kanalları və arxlar qazılıb, 1,3 kilometr uzunluğunda yeni su xətti çəkilibdir. 4 su keçidi dəyişdirilib, 2 su keçidi təmir olunub. Kortala kəndində çay sahilində 4890 kubmetr val vurulubdur. Ötən dövrdə İsaxlıgirmə kəndində - Mazımçay üzərində uzunluğu 50 metr olan körpünün tikintisi başa çatıb və əhalinin istifadəsinə verilibdir.

Rayon rəhbəri qeyd etdi ki, rayonun əkin sahələrinin 11071 hektarında payızlıq və yazlıq bitkilər əkilibdir. Qeyd olunmalıdır ki, 2012-ci ilin iqlim şəraiti yazlıq bitkilərin optimal müddətdə əkilməsinə və əkin sahələrinin artırılmasına imkan verirdi. Bununla yanaşı, rayon rəhbərliyi tərəfindən əkin sahələrinin artırılması istiqamətində həyata keçiririlən tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin və toxuma olan tələbatın müəyyən edilməsi, bu tələbatın ödənilməsi üçün "Balacans" MMC və "Azəryemsənaye" MMC ilə birgə işlərin görülməsi, kəndlərdə fermerlərlə görüşlərin keçirməsi, təsərrüfat işlərinin gedişi ilə sahələrdə tanışlıq, gündəlik operativ nəzarətin həyata keçirilməsi, gübrə təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər özünün müsbət nəticəsini verib, əkin sahələrinin 20 faiz artırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi mümkün olub. Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlara göstərilən dəstəkdən maksimum istifadə etməyə çalışıb, əvvəlki ilin səviyyəsindən 21,3 faiz artıq sahədə kənd təsərrüfatı bitkilərinin əkilməsini təmin ediblər.

Bu il Balakəndə 3762 hektar sahədən qarğıdalı yığılıb, 22577 ton məhsul əldə edilib. Hektardan 60 sentner dən qarğıdalı götürülüb ki, bu da əvvəlki ildən 19,7 sentner çoxdur.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 min ton qarğıdalı artıq istehsal olunubdur. Görülmüş işlər nəticəsində Balakən rayonu respublikanın ən çox qarğıdalı istehsal edən rayonuna çevrilib.

İcra başçısı qeyd etdi ki, rayonda meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Sahibkarlar tərəfindən salınan meyvə bağları artıq məhsul verməyə başlamışdır. Bağlara aqrotexniki xidmət göstərilməsi davam etdirilir və bağçılığın inkişaf etdirilməsi üçün əlavə tədbirlər görülür. Rayonda istehsalçıların qarğıdalı toxumuna olan tələbatının ödənilməsi üçün Talalar kəndində bir fiziki şəxs tərəfindən toxumçuluq təsərrüfatının yaradılması təmin edilibdir.

Bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, bitkiçilik və heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunubdur. Hesabat dövründə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə istehsalçılara kreditlərin verilməsi istiqamətində iş yaxşı təşkil olunub, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 11 sahibkara 121600 manat, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində isə 550 nəfərə 330 min manat kredit verilib.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması nəticəsində heyvandarlıqda istifadə olunan mineral və vitaminlərlə zəngin yem məhsullarının istehsalının artırılmasına imkan yaranıb. "Azəryemsənaye" MMC-də 9 ayda 1200 ton qüvvəli yem istehsal olunub və fermerlərə satılıb. Müəssisə tərəfindən dövlət hesabına xaricdən 214 baş malın gətirilməsi təmin edilib. Katex kəndində yaradılmış ətlik fermada heyvandarlığın inkişaf etdirilməsi üçün müvafiq işlər görülüb. Müəssisənin şəhər ərazisində ət və ət məhsullarının satışı üzrə firma mağazası istifadəyə verilib, burada ət və ət məhsullarının bazar qiymətlərindən aşağı qiymətə satışı təşkil edilibdir.

Balakəndən söz açarkən sel-daşqın təhlükəsinə qarşı həyata keçirilən tədbirləri yada salmamaq olmur. Bu il Katex, İnter və Mazım çaylarında 470 metr uzunluğunda daş-beton bənd tikilib, Balakənçay sisteminin daş-beton bəndlərində isə 490 kubmetr həcmində cari təmir işləri aparılıbdır. Mazımçayın Meşəşambul kəndi ərazisində 200 metr məsafədə qabion bənd qurularaq çayın sahili bərkidilib. Çay yataqlarında 387 kubmetr həcmində tənzimləmə tədbirləri həyata keçiriib, Arılıqbinə, Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərinə məxsus əkin sahələrinin və yaşayış ərazisinin mühafizəsi üçün 30 kilometr uzunluğunda suvarma və qurutma kanalları təmizlənib.

İlin geridə qalan aylarında 4527 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 9836 nəfərə çatdırılıb. 565 abonentin mənzilinə qaz sayğacı quraşdırılıb. Poşbinə, Mazımqaray, Arılıqbinə, Meşəşambul, Qaysa, Şərif, Sarıbulaq, Xalatala, Salban yaşayış məntəqələrinə qaz xətlərinin çəkilməsi davam etdirilib. Qazlaşdırma başa çatdırılmış Talalar, Qazma və Qazbinə kəndlərinə qış mövsümü başlayanadək qaz veriləcək.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədiylə şəhərin Qafqaz, Füzuli, Ə.Əfəndiyev küçələrində ümumilikdə 3500 metr, Mahamalar kəndində 1000 metr məsafədə su xətləri dəyişdirilib. Gülüzanbinə, Şərif, Sarıbulaq, Gərəkli və Şambul kəndlərində 5 artezian quyusu qazılıb, Katex və Tülü kəndlərində 2 artezian quyusunun qazılmasına başlanılıb, Xalatala, Qullar, Kortala və Yeni Şərif kəndlərində isə artezian quyularının qazılması nəzərdə tutulub. İstismar olunan və yararsız vəziyyətə düşmüş 4 subartezian və 2 artezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib.

Rayonda elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə Püştətala və Məlikzadə yaşayış məntəqələrində 2 transformator məntəqəsi quraşdırılıb, 21 transformator əsaslı, 47 transformator cari təmir edilibdir. Yüksək və aşağı gərginlikli elektrik hava xətlərində 226 yeni dəmir beton dayaq basdırılıb, 38 ədəd 0,4 kilovotluq, 3 ədəd 10 kilovotluq ayırıcı quraşdırılıb.

Əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində görülən tədbirlər çərçivəsində Qazma kəndində 256 nömrə tutumlu elektron stansiya quraşdırılıb, 2100 metr məsafəyə fiber-optik kabel çəkilib. Yeni Şərif və Katex kənd EATS-da müvafiq olaraq 48 portluq və 82 portluq "DESLAM" avadanlıqları quraşdırılıb, ümumiyyətlə, rayonda telefonlaşma davam edib. Katexkombinat yaşayış məntəqəsinə 5700 metr məsafədə optik kabel çəkilib, oradakı 128 nömrə tutumlu elektron stansiya montaj olunaraq istismara verilib. Rayonda yüksək sürətli internet istifadəçilərinin sayı 1148 nəfərə çatdırılıb, 146 nəfərə telefon çəkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Ötən dövrdə sosial cəhətdən ən az müdafiə olunan vətəndaşlara dövlət tərəfindən verilən ünvanlı sosial yardım proqramının uğurla icra olunması üçün zəruri tədbirlər görülüb, ünvanlı sosial yardımın təyin olunmasında şəffaflıq və ədalətlilik təmin olunub, şikayətlərin sayı əhəmiyyətli dərəcədə azalıbdır. 2012-ci ilə 1095 ailəyə ünvanlı sosial yardım ödənilib. Hər ailəyə ödənilən orta aylıq yardım 110 manat təşkil edib. 3164 nəfərə sosial müavinət, 261 nəfərə təqaüd ödənilib.

Bu il Balakəndə təhsil sahəsi də diqqət mərkəzində olub. Ümumtəhsil məktəblərinin şagirdlərinin müxtəlif tədbir, yarış və müsabiqələrdə iştirakı təmin edilib, fənn olimpiadalarının respublika turunda iştirak edən 15 nəfər şagirddən 2 nəfəri III yeri, 3 nəfəri isə IV yeri tutub.

2012-ci ildə ali məktəblərə qəbul üçün sənəd vermiş 406 nəfərdən 192 nəfəri tələbə adını qazanıb ki, bu da 2011-cu ilin göstəricisindən 3 nəfər çoxdur. Ali məktəblərə qəbul zamanı 16 nəfər 500-dən yuxarı, 3 nəfər isə 600-dan yuxarı bal toplayıb. Məzunlardan 2 nəfəri təhsildə qazandıqları uğurlara görə qızıl medala layiq görülüb, 1 tələbəyə isə Prezident təqaüdü təyin olunub.

2012-ci ilin 9 ayı ərzində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə 60 ədəd kompüter alınıb, onların sayı 530-a çatdırılıb, 17 məktəb və rayon təhsil şöbəsi surətli internet şəbəkəsinə qoşulub.

Heydər Əliyev Mərkəzində əlamətdar və tarixi günlər, şair və yazıçıların yubileyləri, sərgilər təşkil edilib, dəyirmi masa, konfrans, disput, görüş və kitab müzakirələri keçirilib. İlin əvvəlindən Heydər Əliyev Mərkəzinə gələnlərin sayı 4110 nəfər olub, 36 yeni eksponat əldə edilərək buradakı eksponatların sayı 783-ə çatdırılıb. Heydər Əliyev Mərkəzində "Sənətkarlar evi" yaradıb, burada rəsm, foto-studiya, rəqs, toxuculuq, gənc dizaynerlər, kulinariya məktəbi və başqa dərnəklər fəaliyyətə başlayıb.

... Bax belə, nə qədər yığcam yazmaq istəsək də, yenə də geniş bir yazı alındı. İlin sonuna az qalır. 2012-ci ilin yekunu çoxsaylı faktlarla zəngin olacaq. Dağların görkəmi də, təbiətin rəngi də ilin başa çatmasını göstərir. Cəmi iki aydan sonra Balakən haqqında çox geniş söz açacağıq.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 5.