İnfrastruktur layihələrinin reallaşdırılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirir

 

Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da islahatçı ölkə kimi yerini tutmuşdur. Bu, onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da dinamik inkişafın davam etdirilməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.

 

Yuxarıda deyilən bütün fikirlər Dövlət Statistika Komitəsinin bu ilin doqquz ayı ilə bağlı yaydığı məlumatda da öz əksini tapmışdır. Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin.

Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin".

Bu ilin doqquz ayında qeydə alınan makroiqtisadi göstəricilər respublikamızda inkişaf strategiyasının uğurla həyata keçirildiyini təsdiqləyir. Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, ötən illərdə olduğu kimi, bu ilin sözügedən dövründə də Azərbaycan iqtisadiyyatı üçün davamlı inkişaf mərhələsi kimi yadda qaldı. Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,1 faiz, yaxud müqayisəli qiymətlərlə 435,1 milyon manat artaraq 39,8 milyard manata çatmışdır. ÜDM-in 67,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 51,3 faizi sənayedə, 9,8 faizi inşaat kompleksində, 6,1 faizi kənd təsərrüfatında yaradılmışdır. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,3 faiz artmış, neft sektorunda isə 6,9 faiz azalmışdır.

Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı sahibkarlara güzəştli kreditlər ayrılır. Fərəhli haldır ki, ilin birinci altı ayı ərzində də qeyri-neft sektorunda ciddi artım müşahidə olundu. Bu sferada baş verən 11,3 faizlik artım dünyada nadir hallarda rast gəlinən mühüm iqtisadi hadisədir.

Sosial-iqtisadi uğurlardan danışarkən təbii ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na toxunmamaq qeyri mümkündür. Bu ilin birinci yarısında bu Dövlət Proqramı həm uğurla icra edildi, həm də onun icrası qarşıya qoyulan bütün hədəflərə artıqlaması ilə çatmaqla yekunlaşdı. Bütövlükdə proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Gələn ilin sonuna qədər dövlət proqramının icra müddəti başa çatacaq. Artıq 2014-2023-cü illəri əhatə edəcək yeni dövlət proqramı hazırlanır. Prezident İlham Əliyev bu barədə demişdir: "Növbəti onillik proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir".

İlin əvvəlindən inşaat kompleksində 9,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 60,3 faizi və ya 5,9 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin yanvar-sentyabr aylarına nisbətən əsas kapitala yönəldilən investisiyanın həcmi 27,4 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin miqdarı isə 27,3 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 79,4 faizini daxili investisiyalar təşkil edərək 32,1 faiz artmışdır. Vəsaitlərin 74 faizi qeyri-neft bölməsinin inkişafına sərf edilmiş və 31,2 faiz artmışdır.

Kompleksdə aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Doqquz ay ərzində ümumi sahəsi 1,2 milyon kvadratmetr yaşayış evləri, 24 min 972 şagird yerlik ümumtəhsil məktəbləri, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi, növbədə 831 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, Bakı şəhərində Metal konstruksiyalar zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences", "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tədris kompleksi, "8 KM" Stadionu, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex", Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları və digər obyektlər istifadəyə verilmişdir.

Ölkəmiz üçün dəmir yollarının strateji əhəmiyyətini, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan "Tarixi İpək Yolu" marşrutu üzərində dəmir yolunun xüsusi yerini nəzərə alaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işləri aparılmaqdadır. Dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir. Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulmuş, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınmışdır.

Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkələk-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkələk və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sayəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.

Avtomobil daşımalarında vacib amillərdən biri də müasir tələblərə cavab verən avtomobil yolları infrastrukturunun mövcudluğudur. Bu sahədə ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması məqsədilə irimiqyaslı yol layihələri həyata keçirilir, yeni yollar çəkilir, körpülər tikilir. 2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 11 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir. Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır.

Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir. Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilmişdir. Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir. Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı piyada keçidi istismara verilmişdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaratmışdır. Hazırda Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır.

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla və keyfiyyətcə yeni mərhələdə davam etdirilməsinin məntiqi nəticəsidir. Məhz ulu öndərin müəyyənləşdirdiyi inkişaf konsepsiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevirmiş, regionda liderlik mövqeyini təmin etmişdir. Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi siyasətdə də Heydər Əliyevin kursuna sadiqdir. Çünki bu kurs inkişaf etmiş cəmiyyətlərin qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, maliyyə sabitliyinin və iqtisadi artımın qorunub saxlanmasına, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 1.