Zaqatala: görülən işlər və həyata keçirilən layihələr təqdirəlayiqdir

 

Son zamanlar Azərbaycanın müxtəlif sahələrdə özünəməxsus nümunələr yaratması beynəlxalq aləmin müzakirə mövzusuna, bizim üçün isə iftixar mənbəyinə çevrilib. Qaçqınlara, şəhid ailələrinə, son iki-üç ildə isə həm də təbii fəlakətlərdən zərər çəkən soydaşlarımıza (Kürqırağı rayonlarda daşqınların, Zaqatala-Balakən zonasında isə zəlzələnin fəsadları hədsiz dərəcədə ağır idi) dövlətin göstərdiyi qayğı və dəstək də öz miqyasına görə yeni nümunələr kimi qəbul edilir.

 

Azərbaycan dövləti həm Aranda, həm də ölkənin şimal-qərb bölgəsində təbii fəlakətdən zərər çəkmiş vətəndaşlarını bir an belə tək qoymadı. Dövlət başçısı, nazirlər və rayon rəhbərləri daim zərərdidə insanların yanında oldular. Zaqataladan hazırlamaq istədiyimiz növbəti yazının məhz bu notlar üstündə köklənməsinin əsas səbəbi rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə oldu. Mübariz müəllim danışdı ki, Prezident İlham Əliyevin təbii fəlakətdən dərhal sonra bizim yanımızda olması təkcə sakinlərin və ya bərpa-xilasetmə işləri ilə məşğul olan vəzifə sahiblərinin deyil, eləcə də rayon rəhbərlərinin vəziyyətdən çıxmağa olan inamını artırmışdı:

- Bu ilin may ayında rayonda baş vermiş dağıdıcı zəlzələdən sonra artıq 2-ci dəfə- sentyabrın 9-da Zaqatalaya gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin gedişi ilə bir daha yaxından tanış oldu, yenidən tikilmiş şəhər 2 saylı 750 şagird yerlik və Gözbarax kənd 500 şagird yerlik tam orta məktəblərin, Gözbarax kəndində yeni inşa olunan 50 yerlik uşaq bağçasının, həmçinin 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin açılışında iştirak etdi, Bəhmətli kəndində 600 şagird yerlik tam orta məktəb binasının təməlini qoydu. Zəlzələnin nəticələrinin tam aradan qaldırılması üçün öz tapşırıq və tövsiyələrini verən Prezident bu işin sürətləndirilməsinin vacibliyini dilə gətirdi.

Dövlət başçımız Nazirlər Kabinetinin sonuncu yığıncağında bu məsələyə toxunaraq demişdir: "Mən zəlzələ zonasında iki dəfə olmuşam. Zəlzələ baş verdikdə və keçən ay. Artıq işin gözəl nəticələrini gördüm. Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük-300 milyon manatdan çox vəsait ayrılmışdır. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində bu məsələni tam şəkildə həll edək."

Artıq bu günədək rayonda 2784 qəzalı ev və 19 məktəb sökülüb, 4 yeni məktəb tikilərək istifadəyə verilib, 2433 evin və 15 məktəbin tikintisi sürətlə davam etdirilir. Bu işlərlə bərabər rayonun sosial-iqtisadi inkişafı da daim diqqət mərkəzindədir.

Həmsöhbətim qeyd etdi ki, rayon icra hakimiyyəti öz işini mövcud qanunvericiliyə uyğun quraraq, gündəlik fəaliyyətində "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni əsas tutub, Prezident Administrasiyasının diqqət və qayğısı, eləcə də əməli köməkliyi sayəsində rayonun sosial-iqtisadi inkişafı sahəsində bir sıra uğurlara nail olub.

2012-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb. Məhsul buraxılışı əvvəlki illə müqayisədə sənayedə 2,1 faiz, tikintidə 22,6 dəfə, kənd təsərrüfatında 20,6 faiz, nəqliyyatda 1 faiz, rabitədə 4,7 faiz, ticarətdə 4,1 faiz çox olub, əhalinin pul gəlirləri 11 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,1 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 5,4 faiz artıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icra olunması nəticəsində hesabat dövrü ərzində rayonda 875-ı daimi olmaqla 971, 2004-cü ildən sonra isə 9989-u daimi olmaqla 14624 yeni iş yeri yaradılıb.

Rayonda sahibkarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Alkoqollu içkilərin və tütün məmulatlarının satışı üçün 18 ədəd lisenziya verilib, 11 sahibkara 4,3 hektar torpaq sahəsi satılıb, 13 sahibkarlıq obyektinin tikintisinə icazə verilib, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 20 layihə üzrə güzəştli kredit verilib. Rayonda 1 yeni qeyri-bank kredit təşkilatı fəaliyyətə başlamaqla 9 bank filialı və 3 qeyri bank kredit təşkilatları tərəfindən əhaliyə və iş adamlarına ümumilikdə 23,2 milyon manat həcmində kreditlər verilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,5 faiz çoxdur.

Rayonda illik istehsal gücü 500 ton olan quş əti və gücü 5 ton olan müxtəlif fındıq məmulatları istehsalı müəssisələrində, 1000 tonluq soyuducu anbarında, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə 4 ədəd müxtəlif gücdə beton zavodlarında tikinti işləri başa çatdırılıb, müasir standartlara uyğun xırman, qaraj və 300 tonluq taxıl anbarının tikintisi aparılır. Yeni çörək zavodunun, kiçik su elektirik stansiyasının tikintisi üçün torpaqayırma işlərinə və tutumu 10000 ton olan taxıl anbarının tikintisi üçün sənədləşmə işlərinə başlanılıb.

Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əmək haqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq 2012-ci il iyunun 1-dən indiyədək sovet dövrünün əmanətçilərindən 8776 ədəd ərizə qəbul olunub, 7837 nəfər əmanətçiyə 4 milyon manat məbləğində fərdi birdəfəlik ödəmələr həyata keçirilib.

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində rayonda təkcə bu ilin geridə qalan aylarında kənd təsərrüfatı məhsullarının istehsalı 13,2 milyon manat artaraq 77,3 milyon manata çatıb.

Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədi ilə 613 ədəd texnikadan istifadə edilib, "Aqrolizinq" ASC-nin rayon filialında olan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası vasitəsi ilə cari ilin 9 ayında 1058,5 hektar sahədə aqrotexniki işlər yerinə yetirilib, lizinq yolu ilə fermerlərə 2 ədəd kənd təsərrüfatı texnikası və 5 ədəd aqreqat satılıb.

Respublika Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamının icrası olaraq buğda istehsalçılarına 7808 hektar sahənin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə 312 min 309 manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına 24332 hektar əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə 973309 manat subsidiya hesablanaraq verilib. Təsərrüfatlara güzəştli qaydada 641,8 ton azot gübrəsi satılıb.

Rayonda ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır. Bu il Zaqatalada 42 hektar sahədə mədəni meşə əkini aparılıb, yaşayış məntəqələrində 73190 ədəd ağac əkilib. Amma yol kənarlarında əkilmiş ağaclara qulluq lazımi səviyyədə deyildir.

Torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri və əhatəsinin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə edilməsinə diqqət artırılıb. "Azərbaycan MeliorasiyaSu Təsərrüfatı" ASC tərəfindən 25 ədəd subartezian quyusu təmir edilib, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilib. Bu il 227 min kubmetr həcmində suvarma kanalları lildən təmizlənib, 28 ədəd hidrotexniki qurğu təmir edilib və əlavə 3 ədəd hidrotexniki qurğu tikilib.

Bundan başqa, rayon ərazisində 860,6 min kubmetr həcmində cay yataqları təmizlənib, 6061 kubmetr həcmində daş-beton bəndləri təmir edilib. 560 metr uzunluğunda daş beton bəndin tikintisi aparılıb, 670 kubmetr həcmində qabion bəndlər quraşdırılıb. Bu işlər davam etdirilir.

Rayonda həyata keçirilən tikinti-quruculuq işləri də icra başçısının daimi diqqət mərkəzindədir. Mübariz müəllim qeyd etdi ki, Danaçı kəndində inşa edilmiş idman zalında və Zaqatala şəhərində Heydər Əliyev Fondu hesabına inşa edilən 50 yerlik uşaq bağçasında tikinti işləri başa çatdırılıb. Yevlax-Balakən dəmir yolunun 151-ci mənzilində Göyəm dayanacağının, Statistika və Baytarlıq idarələrinin inzibati binalarının, daxili imkanlar hesabına F.Əmirov küçəsində inşa edilmiş ictimai "Xeyr-şər" evinin, Qımır və Maqov kəndlərində tibb məntəqələrinin tikintisi başa çatdırılaraq sakinlərin ixtiyarına verilib. Tala çayının sağ sahilində 100 metr uzunluğunda daş beton bəndin və şəhər 1 saylı tam orta məktəbi üçün idman zalında tikinti işləri yekunlaşdırılıb. Sabunçu kənd 80 şagird yerlik ümumi orta məktəb binasında son tamamlama işləri aparılır.

Yeni inzibati binaların tikintisi uğurla davam edir. Rayon Hərbi Prokurorluğunun, Polis şöbəsinin və Qaz İstismar Sahəsinin yeni inzibati binalarının, Zaqatala şəhərində yeni 500 nömrə tutumluq elektron ATS binasının, C.Cabbarlı küçəsi 1 və 3 saylı binaların həyətlərində ictimai "Xeyr-şər" evinin, Suvagil və Göyəm kəndində sahə baytarlıq məntəqələrinin tikintisi işləri sürətlə davam etdirilir.

İllin doqquz ayının yekunlarına həsr olunmuş ümumrayon toplantısında qeyd olundu ki, sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Bu il şəhərin İmam Şamil küçəsində yeni şadlıq sarayının açılışı olub.

Rayonda ümumi sahəsi 3583,6 kvadratmetr olan 38 fərdi yaşayış evi tikilərək istifadəyə verilib, 1,4 milyon manat, o cümlədən daxili imkanlar hesabına 144 min manat həcmində abadlıq, bərpa və quruculuq işləri görülüb. Şəhərin H.Əliyev prospektinin, Dədə Qorqud meydanının və 28 may küçəsinin tarixi görkəminin qaytarılması və yenidənqurma işlərinə başlanılıb, yaşayış evlərinin və ictimai binaların fasadlarının daşla üzlənməsi işləri aparılıb. Dədə Qorqud meydanında və ətrafindakı ərazidə yenidənqurma işləri başa çatdırılıb, meydanda yeni işıqlandırma sistemi, fəvvarələr, Dədə Qorqudun monumenti quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb.

Rayonda 299 fərdi mənzilə və 9 müəssisəyə yeni qaz xətləri çəkilib, əhali abonentlərin sayı 10687-ə, qeyri-əhali abonentlərin sayı isə 109-a çatdırılıb.Ümumilikdə 165.14 kvadratmetr uzunluğunda müxtəlif diametrli qaz xətləri, o cümlədən Çökək, Göyəm, Dardoqqaz, Sumaylı və Yolayrıc kəndlərinin qaz təchizatının yaxşılaşdırılması üçün Maqov Qaz Paylayıcı Stansiyasından 2 kilometr uzunluğunda orta təzyiqli qaz xətti çəkilib.

Əhalinin enerji təminatı sahəsində də müəyyən işlər görülüb. Belə ki, 258 ədəd yararsız dayaq yeni dayaqlarla əvəz edilib, 15,5 kilometr müxtəlif gərginlikli elektrik hava xətləri əsaslı təmir edilib və hazırda bu işlər davam etdirilir.

"Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası olaraq şəhərdəxali su və kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işləri davam etdirilib, 89731 metr kanalizasiya və 71240 metr su xətti çəkilib, 4918 ədəd müxtəlif ölçülü kürəbəndlər quraşdırılıb.

Gözbarax kəndinin yeni yaşayış massivinə 2 kilometr, Suvagil kəndinə 0,5 kilometr uzunluğunda su xətti çəkilib, Zəyəm kəndində magistral su xəttinin 500 metrlik hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunub. Danaçı kəndində artezian quyusu qazılıb, 200 kubmetrlik su anbarı və 7600 metr müxtəlif dimetrli borularla su şəbəkəsi quraşdırılıb. Kəndin su şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir.

Bütün sahələrdə olduğu kimi rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də müəyyən nailiyyətlər əldə olunub.

Rayonun xarici əlaqələri də formalaşmaqdadır. 2012-ci ilin iyun ayında Zaqatala və Niderlandın Osterveyk şəhərləri arasında dostluq əlaqələrinin qurulması və həmin şəhərdə İkinci Dünya müharibəsi zamanı Niderlandda müqavimət hərəkatının rəhbərlərindən olan, bu ölkənin ən yüksək- "Kraliça cəngavəri" fəxri adına layiq görülmüş, Niderlandın Milli Qəhrəmanı, həmyerlimiz, əslən Zaqatalanın Muğanlı kəndindən olan, əfsanəvi "Medo" kimi tanınan Məmməd Məmmədovun abidəsinin təntənəli açılış mərasimində iştirak etmək üçün nümayəndə heyəti Niderland Krallığında səfərdə olmuş, səfər zamanı Zaqatala və Niderlandın Osterveyk şəhərləri arasında "Dostluq Bəyannaməsi" imzalanmışdır.

Mübariz Əhmədzadə sonda qeyd etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrından etibarən həyata keçirdiyi irimiqyaslı tədbirlər və çoxsaylı dövlət proqramları nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxıb, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayan ölkəyə çevrilib, demokratik dəyərlərin geniş surətdə tətbiq olunduğu ünvan, insan hüquq və azadlıqlarının Avropa səviyyəsində qorunduğu məkan kimi bütün dünyanın diqqətini cəlb etməyə başlayıb. Gənc dövlətimizin 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Prezident İlham Əliyevin xarici siyasətinin nə qədər düzgün olduğunun bariz nümunəsidir.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 6.